Jurnalistlərin sosial durumları nə vəziyyətdədir?
Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2014-cü ildə sosial durumlarının öyrənilməsi üzrə araşdırmalarını başa çatdırıb.
"Xeberinfo.com": Məlumata görə, JuHİ sədri Müşfiq Ələsgərli bununla əlaqədar yaydığı məlumatda bildirib ki, təşkilatın keçirdiyi sorğuya ictimai rəyə təsir imkanları və stabil dövriliyi ilə seçilən 25 ümumrespublika yayımlı qəzet, 5 informasiya agentliyi, 5 xəbər portalı, həmçinin 10 həftəlik qəzet (7 regional, 3 ümumrespublika yayımlı), 5 televiziya (3 regional, 2 ümumrespublika yayımlı) redaksiyalarının əməkdaşları cəlb edilib (ümumilikdə 50 redaksiya əhatə olunub).
M.Ələsgərli bildirib ki, sorğu iştirakçıları çalışdıqları redaksiyalarda aylıq gəlirlərinin miqdarı, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sosial və tibbi sığortaya cəlb edilmələri, həmçinin, onları daha çox qayğılandıran problemlər barədə sualları cavablandırıblar. Sorğu üzrə aşağıdakı nəticələr alınıb:
1. Gündəlik nəşr edilən qəzetlərdə, informasiya agentliklərində və ümumrespublika yayımlı telekanallarda:
- İşçilərlə fərdi əmək müqavilələrinin bağlanmasında irəliləyiş var: sorğuya cəlb edilən 97 faiz redaksiyalarda fərdi əmək müqavilələri bağlanıb. Bu, ötən illə müqayisədə 2 faiz irəliləyiş deməkdir. Amma müqavilələrin redaksiyaların bütün əməkdaşlarına şamil edilməməsi problemi ötən illərdə olduğu kimi qalır. Orta hesabla, əksər redaksiyada ən yaxşı halda əməkdaşlardan yalnız 60 faizi ilə fərdi əmək müqavilələri bağlanır, təqribən 40 faizə qədər əməkdaş əmək münasibətləri rəsmiləşdirilmədən, şifahi sövdələşmə ilə çalışdırılırlar. 2014-cü il fevralın 3-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Əmək Məcəlləsinə müvafiq dəyişiklik edilməklə əmək münasibətlərinin rəsmiləşdirilməsinin elektron informasiya sistemi müstəvisinə keçirilməsi isə bu sahədə son illərin ən uğurlu addımlarından biri kimi qeyd edilə bilər. Əmək Məcəlləsinə edilən bu dəyişiklik imkan verəcək ki, işçi çalışdığı müəssisənin onun əmək hüquqlarını nə dərəcədə təmin etməsi barədə məlumatı elektron informasiya sistemindən əldə edə bilsin, öz əmək hüquqlarını müdafiə edə bilsin.
- Əmək müqavilələrinin simvolik xarakterli olması problemi 2014-cü ildə də aktuallığını qoruyur, əksər redaksiyalarda əmək müqavilələri əmək haqqı və digər məsələlərlə bağlı reallığı əks etdirmir;
- Tibbi sığortanın tətbiq edilməsi təcrübəsi isə yoxdur və ya minimum səviyyədədir, 2 redaksiyada kampaniya formalı tibbi müayinələr tətbiq edilib.
2. Jurnalistlərin aylıq gəlirlərində ötən illərlə müqaisədə əhəmiyyətli artım müşahidə edilib:
a) Ümumrespublika yayımlı telekanallarda, informasiya agentliklərində, gündəlik qəzetlərdə və populyar xəbər portallarında çalışan jurnalistlərin aylıq gəlirləri 500-600 manat civarında olub (sorğu iştirakçılarının 93 faizi). Bu kateqoriya üzrə sorğu iştirakçılarının az qismi (2 faiz) 350-450 manat, qalanları isə (5 faiz) 700-800 manat və daha yuxarı həddə aylıq gəlir əldə etdiklərini bildiriblər. Məlumat üçün qeyd edək ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz artım deməkdir.
b) Ümumrespublika yayımlı həftəlik qəzetlərdə çalışan jurnalistlərin aylıq gəlirlərində ötən illərlə müqayisədə artım simvolik olub. Bu kateqoriya üzrə redaksiyalarda çalışan jurnalistlərin orta aylıq gəlirləri 250-350 manat arasında dəyişir.
Regionlarda:
a) Regional qəzetlərdə çalışan jurnalistlərin orta aylıq gəlirləri 150-250 manatla ifadə olunur.
b) Regional televiziyalarda çalışan jurnalistlərin və mərkəzi TV-lərin regional təmsilçilərinin aylıq gəlirləri isə 250-400 manat aralığında dəyişir.
Məlumat üçün qeyd edək ki, 2014-cü ildə Azərbaycanda yaşayış minimumu 125 manat müəyyən edilmişdi.
3) Sorğu iştirakçıları 2014-cü ildə jurnalistlərin sosial durumlarına müsbət təsir edən amillər barədə də fikirlərini bildiriblər:
a) Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi fərdi jurnalist yazılarının müsabiqələri vasitəsilə çoxsaylı jurnalistlərin mükafatlandırılmaları jurnalistlərin sosial durumlarına müsbət təsir göstərən amillər sırasında qeyd edilib. Məlumat üçün bildirək ki, 2014-ci ildə təqribən 336 nəfər jurnalist KİVDF-nin təşkil etdiyi müsabiqələrin qalibi olaraq əlavə maddi gəlir əldə ediblər.
b) Uğurlu faktlar sırasında media sferasında iş yerlərinin artımı və ya mövcud iş yerlərinin qorunub saxlanılması da göstərilib. 2011-2012-ci illərdən başlayan bu tendensiya 2014-cü ildə də davam edib.
c) Azərbaycan Respublikası Prezidentinin il ərzində imzaladı əfv sərəncamlarında jurnalistlərə də yer verilməsi media təmsilçilərinin rəğbətini qazanan amillər sırasında qeyd edilir.
4) Sorğu iştirakçıları onları daha çox qayğılandıran problemlərlə bağlı fikirlərini də açıqlayıblar. Bu sırada ən çox qabardılan məsələlər:
- Tibbi sığortanın tətbiq edilməməsi;
- İnformasiya mənbələrinə çıxışın qənaətbəxş olmaması, rəsmi qurumların mətbuat xidmətlərinin heç də hamısının peşəkar fəaliyyət göstərməməsi;
- Müəllif hüquqlarının qorunması ilə bağlı problemlər;
- Peşəkarlığın artırılması ilə bağlı təlimlərin sayının yetərincə olmaması.
- Bu kateqoriya üzrə jurnalistlərin diqqət ayırdıqları məqamlar sırasında 2014-cü ildə “Ayna-Zerkalo” qəzetinin, “Mediaforum” xəbər saytının, “Azadlıq” Radiosunun Bakı ofisinin fəaliyyətinin dayandırılması da var.
Modern.az