2017-ci il təhsildə YENİLİKLƏR İLİ kimi yadda qalacaq
2017-ci il Azərbaycanda bir çox sahələr kimi təhsil sahəsi üçün də yeniliklərlə dolu bir il kimi yadda qalacaq
Yenixeber.org: Cari il ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarının sayı artırıldı. 2017-2018-ci tədris ilində 5 yaşlıların 65 faizi məktəbəhazırlıq qruplarına cəlb olundu.
2017-2018-ci dərs ili üçün Bakı şəhərində birinci sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirildi.
Bu il Bakı və Sumqayıt şəhərlərindəki orta məktəblərdə “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində yaradılan “Sağlam təhsil” siniflərinin də sayı artırıldı. Hazırda Bakı və Sumqayıt şəhərlərində yerləşən 38 orta təhsil müəssisəsində 168 “Sağlam təhsil” sinfi fəaliyyət göstərir, 3748 şagird bu layihədə iştirak edir.
2017-ci ildə ilk dəfə olaraq, ölkəmizdə daha az məsrəflə başa gələn, qısa müddət ərzində istənilən relyefdə quraşdırıla bilən, asan daşınan, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırıldığı modul tipli məktəblər fəaliyyətə başladı. Modul tipli məktəblər Balakən, Sabirabad, Şəki, Quba, Qusar, Neftçala, Kürdəmir, Ağdaş, İsmayıllı, Tovuz, Göygöl, Tərtər, Göyçay və digər rayonlarda inşa olundu. Bu günədək 73 modul tipli məktəbin inşası başa çatdı, 27 məktəbdə isə bu sahədə iş davam etdirilir.
Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində 24 ildən sonra bu il ilk dəfə olaraq məktəb zəngi çalındı.
2017-ci ilin ən mühüm hadisələrindən biri də müəllimlərin əməkhaqları ilə bağlı oldu. Belə ki, 2017-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan 38 minə yaxın müəllimin maaşı artırıldı. Bu artım 2016-cı ilin noyabr-dekabr aylarında ölkənin 26 şəhər və rayonunda diaqnostik qiymətləndirilmədən keçən müəllimlərə şamil olundu.
Cari ilin əsas yeniliklərindən biri də ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarının ödənişli olması, başqa sözlə, imtahanda iştirak etmək üçün abituriyentlər tərəfindən xidmət haqqının ödənilməsi ilə bağlı qərarın verilməsi oldu. Bu qərara əsasən, orta ixtisas təhsili müəssisələrinə və ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanlarda ilk dəfə iştirak üçün müraciət etmiş ümumi təhsil müəssisələrini bitirən Azərbaycan vətəndaşlarının imtahanlarda iştirakı üçün tələb edilən məbləğ dövlət büdcəsi hesabına ödənilir. Abituriyent ikinci dəfə imtahan verdikdə isə ödəniş öz vəsaiti hesabına olur.
Tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tarifləri Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli müvafiq qərarları ilə təsdiq edilən qaydalara uyğun 9 qrup üzrə təsnifatlaşdırılmaqla, imtahanın növündən asılı olaraq 10-100 manat arasında müəyyənləşdirildi.
2017-ci ildə ali məktəblərdə “SABAH” qruplarının ilk məzunlarının buraxılış mərasimi keçirildi.
Bu il “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar” daha da təkmilləşdirildi. 2017-ci ildə də tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi elektron sənəd qəbulu əsasında həyata keçirildi. Transfer.edu.az portalı vasitəsilə 1191 nəfər tələbə köçürüldü.
Hərbi xidmətdən möhlət hüququ verilməsi ilə əlaqədar 2017-ci ildə magistraturaya qəbul olan oğlanların sayı ötən illə müqayisədə 74 faiz artdı. 2017-ci ildə magistratura pilləsinə qəbul olanların 3590 nəfərini (56.4 faiz) qızlar, 2771 nəfərini (43.6 faiz) isə oğlanlar təşkil etdi. Ümumilikdə, magistraturaya qəbul imtahanlarında bakalavrların ümumi nəticələri ötən tədris ilinə nisbətən 36,3 faiz yüksəlib.
2017-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin keçmiş yataqxanasının ərazisində 1000 nəfərlik müasir yataqxana kompleksinin tikintisinə başlanıldı. Yataqxana növbəti dərs ilinə tələbələrin istifadəsinə veriləcək.
Bu il Azərbaycanın 6 universiteti Böyük Britaniyanın “Quacquarelli Symonds” agentliyi tərəfindən hazırlanan “İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya” (QS EECA University Rankings 2018) regionunun ən yaxşı universitetlərinin 2017-2018-ci illər üzrə reytinq cədvəlinə daxil oldu. Dünyanın 24 ölkəsindən 300 ali məktəbin yer aldığı regional reytinq cədvəlində Azərbaycanın ali məktəblərinin sıralamasına Bakı Dövlət Universiteti başçılıq edib. Ən yaxşı 100 universitet sırasında BDU (95-ci) və Xəzər Universiteti (100) yer ala biliblər.
2017-2018-ci tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə 8651 nəfər qəbul olundu. Artıq ilk peşə-ixtisas təhsili müəssisələrinə ərizə qəbulu "ASAN xidmət” mərkəzlərinin və müvafiq təhsil müəssisələrinin sənəd qəbulu komissiyalarında ödənişsiz formada həyata keçirilir. Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə həyata keçirdiyi “ASAN peşə” layihəsinin əsas məqsədi dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir.
2017-ci ildə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi istifadəyə verildi.
Bütün bunlar onu deməyə əsas verir ki, 2018-ci ildə də təhsil sahəsində bir sıra uğurlu yeniliklərin şahidi olacağıq.