Yenixeber.org: Artıq Yeni ilə bir neçə sayılı günlər qalıb. Geridə qoyacağımız 2017-ci ildə sənət aləmində nələr baş verdi, kimlər gündəmə düşməyi bacardı, hansı qalmaqallar yaşandı? Bununla bağlı musavat.com-un əməkdaşı kimi kiçik araşdırma aparıb.
Qeyd edək ki, 2017-ci il sənət aləmi üçün həm ağır, həm də ən qalmaqallı il kimi yadda qaldı. Xüsusən də müğənni Fədayə Laçının həbsi böyük səs-küy yaratdı.
Məlum olduğu kimi, müğənni bu il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Fədayə Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham edilir.
Xatırladaq ki, Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan dustaqlar Əli Ağami və Etibar Məmmədov qaçmışdı. E.Məmmədov saxlanılan zaman atışmada ölüb. Əli Ağami isə saxlanılıb. Öldürülən E.Məmmədovla sevgili olan F.Laçın ittihamları qəbul etmir. Müğənni azadlığa çıxması  üçün Apellyasiya Məhkəməsinə müraciət etsə də, məhkəmə birinci instansiyanın çıxardığı qərarı yerində saxlayıb. Bir müddət əvvəl 9 xalq artisti, o cümlədən Alim Qasımov, Aftandil İsrafilov, Rafiq Hüseynov (Rəmiş), Arif Babayev, Mənsum İbrahimov, Zaur Rzayev, Nazpəri Dostəliyeva, İlqar Muradov və Səkinə İsmayılova müğənni Fədayə Laçının azadlığa çıxarılması ilə bağlı müraciət imzalayaraq ölkə prezidenti İlham Əliyevə və birinci birinci vitse-prezident Mehriban Əliyevayaünvanlamışdılar. Lakin, göründüyü kimi xalq artistlərinin də müraciəti prosesin gedişatına təsir edə bilməyib.
Bu il sənət aləmində ən çox səs-küy yaradan olaylarnda biri isə tanınmış repçi Anar Nağılbazın adı ilə bağlı oldu. Belə ki, əvvəlcə sənətçinin intim videosu yayıldı, sonra keçmiş həyat yoldaşı onun haqqında ağır ittihamlar səsləndirdi, bütün bunların ardınca isə repçinin Hepatit C xəstəliyinə tutulduğu məlum oldu. Daha sonra isə sənətçinin məlum Praqa səfərinin pərdəarxası məqamları, Gürcüstanda sifilis xəstəliyinə tutulduğu haqda məlumatlar yayıldı.
Müğənni Maral Tahirqızı üçün bu il həm düşərli, həm də qalmaqallı oldu. Düşərli oldu ona görə ki, müğənni 2 ildən sonra yenidən azadlığına qovuşdu. Xatırladaq ki, 2015-ci ildə müğənninin barəsində Cinayət Məcəlləsinin 244-ci (əxlaqsızlıq yuvası təşkil etmə) maddəsi ilə həbs edilən və barəsində məhkəmə tərəfindən 3 il müddətinə həbs-qətimkan tədbiri seçilmişdi. O, cəza müddətinin dörddə üç hissəsini çəkdiyinə görə qanunun verdiyi imkandan yararlanaraq, vaxtından əvvəl azadlığa çıxdı. Lakin azadlığın dadını çıxarmamış, sosial şəbəkələrdə ona aid olan intim video yayıldı.
Müğənninin bununla bağlı musavat.com-a verdiyi açıqlamadan sitat: "Özünə, şərəfinə hörmət edən adam onu yaymaz. O video mənə heç nə edə bilməz. Adi küçədən keçən adamın belə, şəklini, videosunu çəkmək olmaz. Bu, insan hüquqlarına ziddir. Bir də o video ilə reytinq toplamaq da doğru deyil. Mənim qardaşım, bacım, yaxınlarım var. Axı, sən məni niyə biabır edirsən?”
İyun ayında keçirilən "Maşın Şou”da da çoxsaylı qalmaqallar yaşandı. Xüsusən də gənc aktrisa Pərvin Abıyevanın qalmaqallı jestləri, müğənni Təranə Qumralın canlı yayımda işlətdiyi küçə jarqonları, həmkarı Sərxana şüşə butulka atması uzun müddət sosial şəbəkələrdə, mətbuatda müzakirə olundu. Həmişə olduğu kimi bu dəfə də verilişdə kütlənin sevgisini qazananlar da, bu sevgini itirənlər də oldu.
Sentyabrın sonlarında ATV telekanalının rəhbəri Vüqar Qaradağlının işdən çıxarılması da böyük səs-küy yaratdı. Onun və bəzi əməkdaşlarının işdən azad olunmasının ardınca bir neçə tanınmış müğənni açıqlama verərək barələrində ağır ittihamlar səsləndirdilər.
Məsələn, müğənni Nura Suri ATV-nin vitse-prezidenti Rauf Dadaşovun istəyi ilə pulsuz şou-proqramlarda çıxış etdiyini vurğuladı. Surinin sözlərinə görə Dadaşovun istəyi ilə toy tədbirləri, restoranlara, şou-proqramlara və dövlət tədbirlərində müğənnilər ödənişsiz çıxış ediblər.
Həmçinin, efirə çıxmaq üçün pul verməyən və çağırılan məclislərə getməyən ifaçılar qara siyahıya salınır. Təkcə bu hadisə Nura Surinin başına gəlməyib. Şou-biznesin bir çox parlaq ulduzları belə bir problemlə rastlaşıblar. Məsələn, sənətçilər üçün ən problemli məsələ toydur. Belə ki, ölkənin tanınmış simaları kanalın vəzifəli şəxslərinin adından toya çağırılır və ATV-nin əməkdaşlarının məclisində çıxış etmələri tələb olunurmuş.  
Türk aktyoru Şahan Gökbaharın ilin əvvəlində təqdim etdiyi "Rəcəb İvedik 5” filmi də ölkəmizdə bir müddət səs-küy yaratdı. Belə ki, filmin treyleri yayımlanar-yayımlanmaz "Recep İvedik”in azərbaycanlı idmançını bir zərbə ilə nokauta salması səhnəsi hər iki ölkədə etirazlara səbəb olmuşdu. Kəskin tənqidlərlə üzləşən Şahan Gökbahar videomüraciət yayaraq, filmdən azərbaycanlı idmançı ilə bağlı səhnənin çıxarıldığını qeyd etmişdi. O, Azərbaycanı qardaş ölkə kimi gördüyünü və ona qarşı yanlışlıq etməyəcəyini bildirmişdi. Qeyd edək ki, qalmaqallı səhnə çıxarıldıqdan sonra film Azərbaycanda da nümayiş olundu.
İki xalq artisti, eyni teatrın aktyorları olan Məleykə Əsədova və Ramiz Məliyin arasında başlayan "şortik qalmqalı” isə bu günə qədər davam etməkdədir. Hətta qalmaqal bir müddət bundan əvvəl erməni mətbuatında da yer aldı. Xatırladaq ki, Azərbaycan Dövlət Dram Teatrının aparıcı aktyorları arasında yaranmış bu qalmaqala səbəb Məleykə Əsədovanın şortikli şəkillərini "İnstagram” səhifəsində paylaşması olub. Xalq artisti Ramiz Məlik buna görə aktrisanın ünvanına tənqid yağdıraraq bildirib ki, xalq artisti adını daşıyan şəxs sosial şəbəkələrə açıq-saçıq, eləcə də mini-şortikdə çıxmamalıdır.
Onun sözləri Əsədovanı özündən çıxarıb və o, Ramiz Məliki məhkəməyə vermək qərarına gəlib. O, həmkarından şərəf və ləyaqətinin təhqirinə görə 200 min manat məbləğində təzminat tələb edir. Ramiz Məlik isə əvəzində həmkarının onun ailəsini təhqir etdiyi üçün 300 min manat təzminat davası açdırıb.
Xalq artisti Ramiz Novruzun qızı Şəfəq Novruzova bu il də bir daha erməni qalmaqalı ilə gündəmə gəldi. Belə ki, bu dəfə stilist ABŞ-da fəaliyyət göstərən "Beyond Beauty Parlor” studiyasının rəhbəri erməni Alis Ataxanyanın dəvəti ilə ustad dərslərinə gedəcək.
Əvvəlcə erməni əsilli stilist Gerogi Kota görə ictimaiyyətin böyük tənqidləri ilə üzləşən stilist bu dəfə publika.az saytına danışaraq özünə bu cür bəraət qazandırıb: "Georgi Kot məsələsində də onun anasının erməni olduğundan xəbərim yox idi. Sağ olsunlar ki, mənim yerimə onun kimliyi və milliyyəti ilə maraqlanıblar. O qədər sadəlövh adamam ki, Georginin anasının soyadını axtarmaq ağlıma gəlməyib. Onun anasının erməni olduğunu da sonradan mənə yazılan rəylərdən bilmişəm, atası isə rusdur. Bizdə də belə qəbul olunub ki, ata haralıdırsa, uşaq da oralı sayılır. Halbuki, məndən başqa da Azərbaycanın ən məşhur stilistləri Georgenin yanına gediblər, onlar haqqında isə heç kim, heç nə yazmadı. Ad çəkmək istəmirəm, amma çoxlarının getdiyi mənə dəqiq məlumdur. Ondan dərs aldığım üçün məni tənqid edirdilər, indi isə bilsinlər ki, Amerikada erməni olduğunu dediyiniz şəxs mənim pul yığanım olacaq. Mən ona yox, o, mənə xeyir verəcək. Alis Ataxanyan təşkilati işlərə baxır”.
Bu ilin yayında xalq artisti Brilliant Dadaşovanın isə erməni qarmon ifaçısı Varujan Şahbazyanla isti münasibətləri ortaya çıxmışdı. Belə ki, sən demə, xalq artisti uzun müddət sosial şəbəkədə erməni ifaçısı ilə dostluq edərək, onun paylaşımlarına şərhlər bildirib. Son olaraq erməninin ifasını bəyənib, onun rəy bölümünə "super” yazması isə azərbaycanlı izləyicilərin nəzərindən qaçmamışdı. Qeyd edək ki, erməni ifaçısı xalq artistimizin rəyinə cavab olaraq "Çox sağ ol, əzizim” yazmışdı. Lakin sonradan Brilliant Dadaşova mətbuatda və sosial şəbəkələrdə ciddi tənqidlərlə üzləşdiyindən rəyini silərək, erməni ifaçısını dostluğundan çıxartmışdı.
Daha bir qalmaqal ilin əvvəlində məşhur "Bizim Cəbiş müəllim” filmi ilə bağlı yaşandı. Belə ki, sosial şəbəkələrdə yayılan kadrlardan belə məlum oldu ki, filmin sonunda Cəbiş müəllimin arvadı alverçi qonşusu Əbülfəz ilə Cəbiş müəllimə xəyanət etməsi səhnəsi filmdən çıxarılıb. Həmin kadr sosial şəbəkələrdə geniş müzakirə olundu.
Cəbiş müəllimin həyat yoldaşı rolunun ifaçısı xalq artisti  Şəfiqə Məmmədova bununla bağlı açıqlama verərək, həmin səhnəni yayanları səviyyəsiz adlandırmışdı: "Film 69-cu ildə çəkilib, yayımlanıb. İllər boyu insanlar bu filmə baxıb və baxır. Kim necə yozursa, yozsun. Onlar özləri istədikləri kimi film çəkərlər. Bu filmdə belə məqsəd güdülməyib, elə səhnələr nəzərdə tutulmayıb. Ssenari məndə, arxivimdədir. Yaradıcılıqda hər şey ola bilər. Yaradıcılıq prosessində nə yaranırsa, artıq filmdə əks tapır. İnsanlar bu səviyyədədir ki, 69-cu ilin filmini qurdalayır? Böyük insanların ərsəyə gətirdiyi, gözəl aktyorların rol aldığı filmi qurdalayır? Kimsə elə yozmaq istəyirsə, belə səhnələri görmək istəyirsə, reallaşdırar. Bu, onların səviyyəsizliyidir. Həmin görüntülər filmə salınmayıb, burda nə var ki? Yaradıcı insanlar elə görməyib deyə, filmə salmayıblar. Bu, nə səviyyəsizlikdir?”