Türkiyənin Ziraat Bankının Almaniyanın Frankfurt şəhərindəki şöbəsində yoxlamalar başlayıb.
Yenixeber.org: Xarici mediaya istinadla verilən xəbərə görə, öncə maliyyə bazarına nəzarət funksiyası daşıyan BaFin (Bundesanstalt fur Finanzdienstleistungsaufsicht) 14 nəfərlik heyətlə bankda yoxlamalara start verib. Ardınca isə maliyyə polisi banka basqın edib.
Məlumatda bildirilir ki, BaFin nümayəndələri banka məxsus komputerləri aparıb. Araşdırmalara çirkli pulların yuyulması, Türkiyədəki bəzi şirkətlərə Almaniyadan aşağı faizlə kreditlərin verilməsi ilə bağlı olduğu bildirilir.
Qeyd edək ki, Türkiyədən göndərilən baş direktor Ayten Türkmen və İdarə Heyəti üzvü Ali Kıvanç Ünal tərəfindən idarə edilən Ziraat Bank İnternational AG-nin mərkəzi Frankfurtda yerləşir.
Bildirilir ki, Ziraat Bank vasitəsi ilə Almaniyadan Türkiyədəki bəzi şirkətlərə aşağı faizli və yetərli təminat alınmadan kreditlər verilib. Rəsmi Ankaranın təlimatı ilə verilən kreditlərin ödənilməsində də problemlər var. Həmin kreditlərin Türkiyə şərtlərində çox gülünc görünən 1,5 faizlik dərəcələrlə verildiyi iddia olunur.
Daha konkret desək, ittihamlarda çirkli pulların yuyulması iddiaları isə iflasa uğrayan "GTI Reisen"dəki "Görgülü Kardeşler"in milyonlarla avronu ötən il yeni ilə bir gün qalmış Ziraat Bank vasitəsi ilə transfer etməsinə istinad olunur. Hər iki məsələ Almaniya qanunları ilə ağır cinayət hesab olunur. BaFin və maliyyə polisi bu iddialarla bağlı sübut tapsa və onları isbat etsə, bank rəhbərliyini həbs cəzası gözləyir. Həmçinin banka ağır pul cəzası veriləcək və lisenziyası ləğv olunacaq.
Ziraat Bank Almaniyada 1964-cü ildə qurulub və 1988-ci ildə tam bankçılıq fəaliyyəti ilə məşğul olmasına icazə verilib. 170 milyon avro sərmayəsi və 145 nəfər işçisi olan bankı 2013-cü ildən Ayten Türkmen idarə edir. O, bir müddət əvvəl "yaxşı qazanc əldə etdikləri"ni bildirərək işçilərini Braziliyaya tətilə aparmışdı. İddia olunur ki, Ayten Türkmen rəsmi Ankaranın tapşırığı ilə Türkiyədəki bəzi şirkətlərə az faizli kreditlər verir.
İndi isə Ziraat Bank Azərbaycanda
Qeyd edək ki, bir müddət əvvəl Ziraat Bank Azərbaycanda da ilk filialını açdı. Türkiyə prezidenti Ərdoğanın da Bakıda açılışına qatıldığı bankın Azərbaycan şöbəsinə Türkiyə vətəndaşı Hüseyin Aydın rəhbər təyin olunub.
Hüseyin Aydının verdiyi açıqlamalara görə, "Ziraat Bank” Azərbaycanda filial şəbəkəsini genişləndirəcək: "Bu gün Azərbaycanda bankın 2 filialı fəaliyyət göstərir. Yaxın zamanlarda bankımızın daha üç filialı fəaliyyətə başlayacaq. Bununla da Azərbaycanda filiallarımızın sayı 5-ə çatdırılacaq. Filiallarımız həm Bakıda, həm də sənayenin genişləndiyi digər şəhərlərdə olacaq”.