SOCAR-ın Gülənlə hansı əlaqələri olub? - ARAŞDIRMA
ABŞ konqresmenlərin Bakı səfərini SOCAR tərəfindən Fətullah Gülənin lobbi təşkilatlarına ayırdığı vəsait hesabına ödənilib
Xeberinfo.com: Tükiyədə baş tutmayan hərbi çevrilişdən sonra bu ölkədə “Gülənçilərə” qarşı başlanan əməliyyatların Azərbaycanda həyata keçiriləcəyi barədə məlumat vermişdik. Məlumatda bildirilirdi ki, Türkiyə Fətullah Gülənin Azərbaycandakı dayaqlarını sıradan çıxarmaqda israrlıdır.
Həmçinin qeyd etmişdik ki, Türkiyə mətbuatı Azərbaycanda “gülənçilərə” qarşı əməliyyatların ilk olaraq Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) və şirkətin qardaş ölkədəki təmsilçiliyində aparıla biləcəyini yazıb. Həmin yazılarda deyilirdi ki, bir müddət əvvəl “SOCAR Türkiyə”nin baş icraçı direktoru Kənan Yavuzun vəzifədən çıxarılması təsadüfi deyil. Türkiyə mətbuatı iddia edir ki, bu şəxsin “Gülən şəbəkəsi”lə ciddi əlaqələri olub. Bir neçə ay əvvəl isə “SOCAR Türkiyə”nin baş icraçı direktorunun birinci müavini Samir Kərimli də “Gülən şəbəkəsi”nin üzvü olmaqda şübhəli bilinərək tutduğu vəzifədən azad edilib. “Lakin hələ də SOCAR-da paralel yapı ilə əlaqəli olan şəxslər var. Bunların sırasında PETKIM-in baş direktoru Sadəttin Korkut, PETKIM Institutunun baş katibi Harun Yavaş, SOCAR Türkiyənin Ictimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Ömər Adsız, Insan Resursları üzrə direktor Ilqar Məhəmmədoğlu, IT direktoru Fuad Uludağ, Satınalmalar üzrə direktoru Çətin Korkut, SOCAR Power ortağı Ənver Tanər Baltaçı, Yasar Çoruh ve Tolqa Toprakın adı keçir” – Türkiyə mətbuatı yazıb.
Bu SOCAR rəhbərliyinin Fətullah Gülənlə əlaqələrinə dair ilk iddia deyil. Bir neçə il əvvəl ABŞ Konqresinin Etika Ofisinin (OCE) açıqladığı hesabatda bildirilirdi ki, bir qrup konqresmenin 2013-cü ildə energetika məsələlərinə və ABŞ-Azərbaycan münasibətlərinə həsr edilmiş konfransa qatılmaq üçün 2013-cü ildə Bakıya etdikləri səfərin xərclərinin SOCAR tərəfindən Fətullah Gülənin Amerikadakı lobbi təşkilatlarına ayırdığı vəsait hesabına ödənilib. Bu xəbəri virtualaz.org saytı ABŞ KIV-lərinə istinadən yaymışdı.
Bildirilirdi ki, konfransın təşkilatçıları “Turquoise Council of Americans and Eurasians” və “Assembly of the Friends of Azerbaican” adlı qeyri-hökumət təşkilatları olub. Məlum olub ki, SOCAR bu konfransın təşkili üçün Azərbaycanın Dostları Assambleyasına və “Turkuaz”a 750 min dollar ödəyib.
Konqresin etika prinsiplərinə görə isə konqresmenlər xarici korporasiyalardan və hökumətlərdən bu və ya digər formada bahalı hədiyyələr qəbul edə, onların hesabına səfərlərə çıxa və istirahət edə bilməz.
Etika Ofisinin araşdırması nəticəsində üzə çıxıb ki, Fətullah Gülənə bağlı təşkilatlar SOCAR-dan aldığı maliyyə hesabına konqresmenlərin səyahətlərini maliyyələşdiriblər.(Azadliq.info)