Qanunsuz siqaret fabriki aşkarlandı
2000-ci ildə rayonda iğtişaş törətdiyinə görə həbs olunan Tehran Lətifovun özbaşına əməllərinə son qoyulmalıdır
Xeberinfo.com: Əslən Şəki rayonundan olan iş adamı Tehran Lətifovun adı bu vaxta kimi bir sıra qalmaqallı hadisələrdə çəkilib. Qeyd edək ki, son dönəmlər biznesmenin adı «Marxal» istirahət mərkəzi ətrafında yaranmış müəmmalı durumla bağlı hallandırılırdı. Məlumat üçün bildirək ki, sovet dönəmində tikilən «Marxal» uzun müddət Şəki İpək Kombinatının balansında olub. 1998-ci ildə onu sahibkar Tehran Lətifov özəlləşdirib. 2006-cı ildə isə Şəki İpək Kombinatı (indiki «Şəki İpək» ASC) bu obyektin düzgün özəlləşdirilməməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdı. Yerli məhkəmələrdə çəkişmələrdən sonra nəhayət 2010-cu ildə Ali Məhkəmənin qərarı ilə «Marxal»ın özəlləşdirilməsi ləğv edilib, istirahət zonası Əmlak Məsələləri Dövlət Komitəsinə verilib. Araşdırmalar nəticəsində məlum olur ki, Tehran Lətifov 2000-ci ilin noyabrında - parlament seçkilərindən sonra Şəkidə baş vermiş iğtişaşların təşkilində günahlandırılaraq həbs edilib. Bir neçə ildən sonra əfvə düşüb. Əldə etdiyimiz ən son məlumatlara görə, biznes fəaliyyətini davam etdirən Tehran Lətifovun hazırda böyük siqaret fabriki fəaliyyət göstərir: «Bu fabrikin fəaliyyəti tam olaraq qanunsuzdur. İş adamı tütün məhsullarının satışı sahəsinə aid olan qaydalara riayət etmir. Deyilənə görə, ölkəyə qaçaqmal yolu ilə gətirilən siqaretlərin böyük hissəsi Tehran Lətifova məxsus fabrikin vasitəsilə satışa çıxarılır. Fabrikin vergi ilə bağlı böyük problemləri mövcuddur. İllik gəliri on milyonlarla ölçülən fabrikə görə dövlət büdcəsinə demək olar ki, vergi keçirilmir. Maddi imkanlarına və bəzi vəzifəli şəxslərə arxayın olan iş adamı qanunları kobud şəkildə pozmaqdan çəkinmir. Ona məxsus siqaret fabrikində yoxlama aparılsa, bir çox qaranlıq mətləblərin üstü açılar». Biz ümid edirik ki, Vergilər Nazirliyinin, Şəki Polis İdarəsinin və digər əlaqədar dövlət qurumlarının yetkili şəxsləri keçmiş məhkuma məxsus fabrikin fəaliyyətini vaxt itirmədən araşdırıb zəruri tədbirlər həyata keçirəcək.(Xalqxeber.az)
Qarşı tərəfi də dinləyə bilərik.