20 ilin deputatları - Siyahı
Bu il noyabrın 1-də Azərbaycan Respublikası 5-ci çağırış Milli Məclisə seçkilər keçirləcək. 1995-ci ildən bəri Milli Məclisdə staj toplayan millət vəkilləri az olmayıb. Biz onların əksəriyyətini bu 20 ildə deputat nişanı ilə görmüşük. Onları dəyişmirlər və qarşıdakı 5 ildə də deputat kimi fəaliyyət göstərməyə iddialıdırlar
"Xeberinfo.com": Strateq.az-a istinadən artıq 4 dəfə deputat ola bilmiş və hazırda 1 noyabr seçkilərinə qatılmış millət vəkillərinin siyahısını təqdim edirik:
Vasif Talıbov
1995-ci ilin soyuq noyabrında Milli Məclisə keçirilən seçkilərdə 1 saylı Şərur-Sədərək dairəsindən deputat seçilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov o vaxtdan indiyədək - artıq 20 ildir- Azərbaycan parlamentinin üzvüdür. Bu illər ərzində o, xüsusi hallarda parlamentin işinə qatılıb. O, yeni YAP-ın sıyahısı ilə namizəd olub.
Eldar İbrahimov
Parlamentin nüfuzlu deputatlarından sayılan Eldar İbrahimovun parlamentar stajı 95-ci ildən də o yana gedir. Bu illər ərzində Eldar müəllim məşğul olduğu sahəni dəyişməyib. Millət vəkili uzun illərdir parlamentin aqrar məsələlər üzrə qurumuna rəhbərlik edir. O qarşıdakı 5 ili də parlamentdə işləməyə iddialıdır.
Madər Musyaev
Siyahıda Madər Musayev də var. O hələ uzaq 1990-cu ildə mağaza müdiri olarkən Ali Sovetin deputat kreslosunda oturmağa imkan tapıb. Və o vaxtdan indiyə qədər oturduğu yerə sadiqdir. Hacı Madər də Milli Məclisi kreslodan səssiz seyr etməyi xoşlayan deputat olub. O, yenə də Binəqədini parlamentdə təmsil edəcək. Bu günlərdə verdiyi müsahibədə bildirib ki, “İnsan bir işə alışanda onun üçün asan olur”...
Hadı Rəcəbli
Lənkəranlı seciciləri təmsil edən Hadi Rəcəbli dairəsini dəyişməyib. İlk dəfə seckilərə bitərəf kimi qatılan Hadi müəllim sonrakı seçkilərdə Yeni Azərbaycan Partiyasını təmsil edib. O da 5-ci dəfə mandat qazanmağa çalışanlar sırasında yer alır.
Fəzail Ağamalı
Stajlı parlamentarlardan biri də Fəzail Ağamalıdır. “Ağamalıyev” soyadı ilə 1996-cı ildə Ana Vətən Partiyasından təkrar seçkilərə qatılandan deputat nişanı atxır. 2005- 2010--cu illərdə F.Ağamalı Salyan-Neftçala seçicilərini parlamentdə təmsil edib. O, da 5-ci dəfə parlamentə seçilməyə çalışır.
Fəttah Heydərov
Daha bir qocaman millət vəkili Fəttah Heydərovdur. O, hər 4 çağırışda 61 saylı Qəbələ dairəsini təmsil edib. Bu dəfə də dairə dəyişməyib.
Xanhüseyn Kazımlı
Ölkədə qiymətləndirmə üzrə peşəkar mütəxəssis olan Xanhüseyn Kazımlı da parlamentin stajlı millət vəkillərindəndir. Düzdü, o, Milli Məclisə bir qədər gec- 1999-cu ildə gəlib. Həmin ilin may ayında yeni seçki keçirilib və cənab Kazımlı deputat mandatı qazanıb. Bu dəfə də fikrindən daşınmayıb.
Arif Rəhimzadə
Milli Məclisin “pionerlərindən” olan Arif Rəhimzadə isə elə ilk seckidə Milli Məclisin sədrinin müavini postuna gətirilib. İki çağırışda bu postu tutan cənab Rəhimzadə indi MM-in Reginoal məsələlər komitənin sədridir. A.Rəhimzadə 5-cü dəfə də seçilmək arzusundadlr.
Zeynəb Xanlarova
SSRİ xalq artisti Zeynəb Xanlarova 1995-ci ildən bu yana parlamentin üzvüdür. Zeynəb xanım növbəti seçkilərdə də qalib gəlmək niyyətindədir.
İmamverdi İsmayılov
Parlamentin digər stajlı deputatı Zəngilandan olan millət vəkili İmamverdi İsmayılovdur. İclaslarda çox nadir hallarda danışan İ.İsmayılov da qarşıdakı 5 ili parlamentdə keçirmək niyyətini dəyişməyib.
Mixail Zabelin
Daha bir deputat Mixail Zabelin 20 ildir ki, rus icmasını parlamentimizdə dinməz-söyləməz təmsil edir. Çox böyük ehtimalla daha 5 il təmsil edəcək və onun da deputatlıq müddəti 2020-ci ilədək sürəcək.
Ziyafət Əsgərov
1995-ci ildən bəri siyasi karyerasını inkişaf etdirməyi bacaran millət vəkillərindən biri də Ziyafət Əsgərov olub. 1997-ci ildə deputat Fuad Quliyev baş nazir təyin edildikdən sonra 34 yaşlı Ziyafət Əsgərov onun deputat yerini tutub. Daha sonra cənab Əsgərov Milli Məclisin birinci vitse-spikeri postuna qədər gəlib. İndi yenə iddialıdır. Namizədliyi YAP tərəfindən irəli sürülüb.