FRANSA: BEYNƏLXALQ HÜQUQUN MORQU! –Parisi “yandıran” Azərbaycandır, yoxsa?...
Heç kimə sirr deyil ki, Azərbaycanın xarici siyasətində ölkəmizin maraqları üçün ən ziyanlı hadisələrdən biri vaxtilə Fransanın ATƏT-in Minsk Qrupuna həmsədr kimi dürtülməsi olub. Bu qurum yaranandan bəri Fransanın nəinki Azərbaycanın maraqlarına yönələn, heç olmasa bir həmsədr kimi hansısa neytral və beynəlxalq hüququn tələblərinə uyğun, normal mövqeyinə, açıqlamasına, addımına rast gəlinməyib.
Yenixeber.org: Fransa prezidentləri də başda olmaqla, müxtəlif idarəetmə, parlament və xarici siyasət idarəsi strukturları səviyyəsində hər zaman ermənipərəstlik və Azərbaycanın suveren hüquqlarına, ərazi bütövlüyünə qarşı açıq təhdid müşahidə olunub. Təkcə istər son 44 günlük müharibə dövründə, istərsə də ondan əvvəl və sonrakı dövrlərdə rəsmi Parisin tutduğu mövqe və beynəlxalq hüququn bütün tələb və normalarına qarşı göstərdiyi sayğısız, yekəxana münasibət kifayət edir ki, Azərbaycan birmənalı olaraq, rəsmən Minsk Qrupunun “xidmətləri”ndən imtina etsin. Əslində, de-fakto artıq bu addım atılıb...
Elə Fransada prezidentliyə namizəd olan Valeri Pekresin bir müddət əvvəl Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri ətrafında baş verən gərginlik, ötən gün isə Fransa Milli Assambleyasının iclasında Azərbaycanın ünvanına yağdırılan təhdid və təhqirlər, eləcə də Fransanın xarici işlər nazirinin heç bir diplomatik etiketə sığmayan, boyunu və başını aşan formada Azərbaycanın ünvanına söylədiyi fikirlər göstərir ki, bu ölkə tutduğu ermənipərəst və anti-Azərbaycan, anti-Türkiyə, bir çox hallarda isə ümumilikdə anti-islam mövqeyindən bir zərrə də geri durmaq fikrində deyil, əksinə, daha da irəli getməkdədir.
Xatırladaq ki, Erik Siotti adlı satın alınmış deputat (Avropada deputatların və siyasətçilərin əmtəə kimi satılıb-alınması ənənəsi əsrlər boyu var və təəssüf ki, bizim region da bu ənənəni mənimsəməkdə ciddi “uğurlara” malikdir-C.M) Qarabağa kol topası arxasında gizlənən çaqqal kimi, Azərbaycandan gizli şəkildə, rus “sülhməramlıların” xeyir-duası ilə qanunsuz səfər edən Valeri Pekresin müdafiəsinə qalxanda nazir Lö Drian da ona qoşulub və Azərbaycan Respublikası Prezidentinin Valeri Pekresin səfəri ilə əlaqədar söylədiyi fikirlərin “forma və mahiyyət etibarilə qəbuledilməz olduğunu” bildirib. Bununla da Fransa növbəti dəfə bütün diplomatik normaları və əndazələri aşmış olub. Ancaq əslində, tez-tez beynəlxalq hüquq, insan haqları, humanizm, demokratik dəyərlər və s. barədə moizələr oxuyan Fransa öz ermənipərəst hoqqaları ilə faktiki olaraq, özü-özünü ifşa edərək, bitərəf, neytral vasitəçi qismində heç bir zibilə yaramadığını ortaya qoymuş olur. Və orta əsrlərdən bəri yürütdüyü, bu gün də Azərbaycana münasibətdə ortaya qoyduğu ikiüzlü siyasətlə göstərir ki, hər addımını beynəlxalq hüququn tələblərilə əsaslandırmağa çalışan Fransa, əslində beynəlxalq hüququn qoruyucusu yox, qatilidir. Daha doğrusu, morqudur. Çünki məhz bu cür böyük ölkələrin dünya düzəninin sarsılmasına xidmət edən addımlarıyla beynəlxalq hüquq normaları ölür, işləməyən, cansız predmetə çevrilərək, “depolanır”...
Burada bir məqamı da unutmaq olmaz ki, zaman-zaman Fransanın büruzə verdiyi “erməni sevgisi”nin arxasında heç də 3-5 fırıldaqçı erməninin Parisin siyasi kuluarlarındakı əlaqələri, yaxud siyasi elitanın seçkidə bir neçə yüz min erməninin səsini qazanmaq istəyi yox, Fransanın əsrlər boyu davam edən imperialist-müstəmləkəçi idarəetmə və xarici siyasət təfəkkürü, eləcə də bu dövlətin qanına hopmuş türk-müsəlman düşmənçiliyi durur.
Bu gün istər Fransanın, istərsə də Rusiya ilə İranın Qafqazdakı və Yaxın Şərqdəki əsas “dərdi-bəlası” Türkiyədir! Elə rəsmi Paris də daxil olmaqla, bunları yandıran təkcə Azərbaycanın 44 günlük müharibədəki qələbəsi yox, həm də Türkiyənin regionda güclü söz sahibinə çevrilməsidir. Xüsusilə də Qarabağda müharibə bitdikdən sonra Türkiyənin regiondakı hərbi-siyasi iştirakı gücləndi, hətta artıq Ermənistan özü də Türkiyə ilə münasibətləri normallaşdırmağa can atır. Həmçinin, Ermənistanın məğlubiyyəti Parisin Cənubi Qafqazdakı siyasətinin və dayaqlarının məğlubiyyəti oldu. Fransa müharibədən sonrakı proseslərdən də kənarda qalıb. Unutmayaq ki, məhz bu ölkənin senatı 2020-ci il noyabrın 26-da, yəni artıq “qatar gedəndən sonra” tarixin zibilliyinə göndərilmiş separatçı “dqr”-in “müstəqilliyini” tanıyan qətnamə qəbul etməklə Azərbaycana təzyiq göstərməyə çalışdı. Bunun özü də beynəlxalq hüququn həyasızcasına çeynənməsi idi. Pekresin ətrafında baş verənlərdən, xarici işlər nazirinin söylədiyi hədyanlardan isə belə görünür ki, dəyişən heç nə yoxdur. Və Emmanuel Makronun Brüsseldə Azərbaycan və Ermənistan başçıları ilə ayrıca üçlü görüş təşkil etməsi, ümidverici bəyanatlar verməsi də vəziyyəti dəyişməyib...
Ancaq bütün bunlara rəğmən, Azərbaycan Fransanın da, onun həmsədr olduğu Minsk Qrupunun da yerini göstərib. Ölkəmizin ən qatı əleyhdarları, hətta düşmənləri də etiraf edirlər ki, Azərbaycan tərəfindən daxili siyasətlə müqayisədə xarici siyasət olduqca mükəmməl şəkildə yürüdülməkdədir. Bu gün vəziyyət o yerə çatıb ki, bütün dünyanın diqqət mərkəzində olan Rusiya-Ukrayna böhranı ilə bağlı məsləhətləşmələrdə, tərəflər arasında əlaqə qurulmasında Azərbaycanın adı keçir. Hər iki tərəf Azərbaycana etibarlı tərəfdaş kimi baxır. Bunu Kremlin bu gün yayımlanan açıqlaması da isbatlayır. Orada Ukraynada səfərdə olmuş Azərbaycan Prezidenti ilə Rusiya Prezidentinin Ukrayna böhranını müzakirə etdiyi, Rusiyanın ABŞ və müttəfiqləri qarşısında qaldırdığı tələblərə qarşı tərəfin münasibətilə bağlı Putinin İlham Əliyevə öz fikirlərini çatdırdığı deyilir.
Bütün bunlar kiçik Azərbaycan üçün böyük diplomatik uğurlardır. Və bu, bir daha göstərir ki, Azərbaycan xarici siyasətdə olduqca düzgün yoldadır və bu yoldan onu nə Makron, nə Pekres, nə Lö Drian, nə Siotti, nə də başqa hansısa “qurbağayeyən” döndərə bilməz... “Azpolitika”