Yenixeber.org: Alman Klaus Mülleri “Aztelekom” MMC-yə direktor təyin etməklə geniş ictimaiyyətin diqqətini çəkən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev rəhbərlik etdiyi qurumun effektli fəaliyyəti üçün ciddi struktur və kadr dəyişikləri həyata keçirmək istəyir. Amma kadr dəyişikliklərində nazirin ciddi müqavimətlə üzləşdiyi bildirilir.
Bu barədə bizi bilgiləndirən mənbənin sözlərinə görə, Rəşad Nəbiyev ilk növbədə korrupsiyaya bulaşmış rəhbər şəxsləri nazirlikdən uzaqlaşdırmaq niyyətindədir. Çünki köhnədən qalan kadrlar yeni nazirin həyata keçirmək istədiyi işləri müxtəlif yollarla sabotaj edir. Ən böyük problem isə nazirliyin rayonlarda fəaliyyət göstərən qurumlarında yaşanır. Həmçinin, nazirliyin strukturuna daxil olan agentlik və başqa dövlət şirkətlərin rəhbərləri də Rəşad Nəbiyevi saya salmır.
İddialara görə, Rəşad Nəbiyevin nazirlikdən uzaqlaşdırmaq istədiyi şəxslərin sırasında öndə gələn birinci şəxs birinci müavini Əli Abdullayevdir. 2015-ci ildə Ramil Quluzadəyə müavin təyin olunan Əli Abdullayev nazirlikdə intriqaları ilə məşhur olub. Bir-çox təcrubəli mütəxəssislər məhz bu intriqalar səbəbindən nazirliklə yollarını ayırdığı da bizə çatan məlumatlar sırasındadır.
Qeyd edək ki, ölkədən pul çıxaran və xaricdə biznes quran məmurların sırasında Əli Abdullayevin adı var. Belə ki, Abdullayev Əli İzzət oğlu Çexiya paytaxtında, Růžová 947/8 ünvanında hüquqi qeydiyyatda olan AIM BOHEMİA S.R.O şirkətinin həmtəsisçisidir.
Şirkət 2008-ci ilin iyun ayında Praqa Bələdiyyə Məhkəməsində qeydiyyatdan keçib, fəaliyyət sahəsinə mülk və digər daşınmaz əmlak növlərinin kirayəsi daxildir: “Əli Abdullayev şirkəti təsis etdiyi illərdə Dövlət Əmlak Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin baş direktoru vəzifəsində işləyib. Əvvəllər İqtisadi İnkişaf Nazirliyinin tabeçiliyində Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentində (sonradan Dövlət Əmlak Komitəsi) hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb, sonradan Auksion Mərkəzinə rəhbər təyin olunub”.
Əli Abdullayevin şəriki HƏCƏR CƏFƏROVA VAQİF qızı da 2001-2011-ci illərdə İqtisadi İnkişaf Nazirliyində ümumi işlər və kadr məsələləri üzrə şöbənin rəisi olub. “Çexiyadakı şirkətdə ortaqların hər biri 50 faiz paya malikdir”.
Hazırda Medilayn Estetik Mərkəzinə rəhbərlik edən Həcər Cəfərova 2006-cı ildə təsis edilmiş “MEDEKSPRESS”, 2007-ci ildə qeydiyyatdan keçmiş “MEDİLAYN”, eləcə fə ötən il qeydiyyata alınmış “BEAUTYLAB” və “BİOSCİENCE MEDİCİNE” MMC-lərin də təsisçisidir.(aztoday.az)