6 YARALI, YOXSA 4 YARALI, 2 ÖLÜ? –Ermənilər həm Azərbaycan Müdafiə Nazirliyini, həm də bir-birilərini təkzib edirlər
Oktyabrın 14-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri arasında atışma baş verdiyi barədə məlumat yayıldı. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, əvvəlcə qarşı tərəfin bir neçə sərxoş silahlısı digər yoldaşları ilə əlbəyaxa olub. Sonra onların olduqları yerdə partlayış müşahidə edilib. İlkin ehtimala görə, atışma nəticəsində qarşı tərəfdən ölən və yaralananlar var. Məlumata əlavə olunurdu ki, baş vermiş hadisəyə Azərbaycan Ordusunun heç bir aidiyyəti yoxdur...
Yenixeber.org: Göründüyü kimi, Azərbaycan tərəfinin məlumatı və mövqeyi ermənilərin onu təkzib edib-etməməsindən asılı olmayaraq, aydın ifadə olunub. Erməni tərəfi isə hadisədən ötən bir neçə saat ərzində bir-birini təkzib edən xeyli sayda məlumat yayıb.
Qarabağdakı qondarma qurumun tör-töküntülərinin yayımladığı “rəsmi məlumat”a görə, guya Azərbaycan Ordusu Qarabağın şərqindəki Xocavənd rayonunun Yenikənd yaşayış məntəqəsi istiqamətindəki qanunsuz erməni hərbi birləşmələrinin postunu atəşə tutub və nəticədə 6 erməni hərbçisi yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır.
Ermənilərin qulbeçəsi rolunda şıxış edən rusiyalı jurnalist Semyon Peqov hadisədən dərhal sonra dəqiq say göstərməsə də, bir neçə erməninin öldüyünü və yaralandığını xəbər verib. Ermənistanın ombudsmanı Arman Tatoyan isə öz “feysbuk” səhifəsində yazıb ki, insident nəticəsində yaralanan hərbçilərdən ikisinin vəziyyəti ağırdır. Tatoyan iddia edib ki, qanunsuz erməni birləşmələrinin Yenikənd yaxınlığındakı postu Azərbaycan tərəfindən minamyotlarla atəşə tutulub. Hansı ki, digər erməni mənbələri erməni silahlılarının avtomat silahlardan atəşə tutulduğunu və güllə yaraları aldıqlarını bildirirlər. Tatoyan əlavə edib ki, Xocalının Harov kəndi də atəşə tutulub. Lakin Xocalı rayonunun Harov kəndinin icma başçısı Andranik Kazaryan mətbuata açıqlamasında ombudsmanı təkzib edərək söyləyib ki, atışma kənddən aralıdakı mövqelərdə baş verib: “Silah səsləri gəlsə də, kəndə doğru atəş açılmır”.
Qondarma qurumun “ombudsmanı” Artak Beqlaryan isə Qarabağda qalan erməniləri panikaya düşməməyə çağırıb. O, bildirib ki, yaralılara baş çəkib. Erməniləri bir çox məlumatlarda deyilənlərdən fərqli olaraq, 6 nəfərdən başqa yaralının olmadığına inandırmağa çalışan Beqlaryan hadisə zamanı postda 6 nəfərin, ondan kənarda isə 3 hərbçinin olduğunu deyib. Beqlaryan əlavə edib ki, hazırda Xankəndi xəstəxanasında olan bu 6 nəfərdən ikisinin vəziyyəti ağır olsa da, həkimlər onların həyatına təhlükə olmadığını deyiblər. O, xüsusilə də sülhməramlıların nəzarətində olan ərazilərdəki erməniləri dönə-dönə panikaya düşməməyə çağırıb. Görünür, hadisə ermənilərin arasında ciddi təşvişə, qorxuya səbəb olub.
Bu hadisənin hansı şəraitdə baş verdiyinə dair müxtəlif versiyalar olsa da, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata istinad etməyə borcluyuq. Lakin onu da qeyd etməliyik ki, bir gün öncə Azərbaycan əsgərinin erməni hərbçiləri tərəfindən həmin istiqamətdə şəhid edilməsini cavabsız qoymaq mümkün deyildi və cavab mütləq verilməliydi...
Müdafiə Nazirliyinin bu hadisəylə bağlı rəsmi açıqlamasına gəlincə, buna politoloq İlham İsmayılın yazdığı şərh yəqin ki, çoxlarımızın ürəyindən xəbər verir: “Hesab edirəm ki, bəyanat başqa cür olmalıydı: “Azərbaycan əsgərinin ölümünə səbəb olan atəş nöqtəsi cavab atəşi ilə susdurulmuşdur. Nəticələrinə görə məsuliyyət Ermənistan silahlı qüvvələrinin üzərinə düşür"... “AzPolitika”