Elçin Əhmədov -“Ermənilər Şuşada iki əsrlik qədim yaşayış evlərimizi yer üzündən siliblər”
Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov 29 ildən sonra Şuşada evlərinə gedib.
Yenixeber.org: Professorun Şuşaya səfərlə bağlı yazısını təqdim edir.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərinin işğalçılardan azad edilməsi ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı, Xarı bülbül Qarabağın azadlıq rəmzi oldu.
2021-ci il mayın 12-13-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa “Xarıbülbül” musiqi festivalına ev sahibliyi etdi. 29 ildən sonra yenidən hər bir azərbaycanlı üçün müqəddəs məkanda, qədim mədəniyyət beşiyi olan Şuşada, bənzərsiz və füsünkar Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı keçirildi.
Azərbaycan Prezidenti İlham Əliyev festivalın açılışında bildirdi ki, uzun fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub və biz bu gün bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq.
Bir vaxtlar “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan, Azərbaycanın ictimai-siyasi həyatında mühüm xidmətləri olan bir sıra görkəmli xadimlərin vətəni, eləcə də tarixi mədəniyyət mərkəzi və Qarabağın baş tacı olan Şuşa şəhəri artıq azaddır.
Şuşa qalası, bənzərsiz şəhərsalma mədəniyyəti və qədim mədəni irsimiz
Azərbaycanın Qarabağ ərazisində aparılan kompleks arxeoloji tədqiqatlar nəticəsində uzaq keçmişimizə aid zəngin maddi mədəniyyət nümunələri aşkar olunub. 1971-1975-ci illərdə arxeoloq alim M.M.Hüseynovun rəhbərliyi altında Mil-Qarabağ arxeoloji ekspedisiyası Qarabağın dağlıq hissəsində paleolit düşərgələrini aşkar etmək məqsədilə arxeoloji tədqiqat işləri aparılıb. Arxeoloji qazıntılar nəticəsində Şuşa şəhəri yaxınlığında, Cıdır düzünün aşağı hissəsində paleolit mədəniyyətinə aid qədim insan düşərgəsi aşkarlanıb. Düşərgə Şuşa şəhərinin ərazisində olduğu üçün ona Şuşa mağarası adı verilib. Bəzi yazılı tarixi mənbələrdə də Şuşa şəhəri ərazisində qədim insanların yaşamasına dair məlumatlar var.
Qeyd etmək lazımdır ki, Şuşa qalası uzun illər boyu Azərbaycanın Qarabağ xanlığının paytaxtı olub. Qarabağ xanlığının əsasının qoyulması və Şuşa şəhərinin onun paytaxtına çevrilməsi Pənahəli xanın (1748-1763) adı ilə bağlıdır. Qarabağ xanı Pənahəli xan Cavanşirlər tayfasının Sarıcanlı oymağından idi. Bu Azərbaycan tayfası Qarabağın qədim sakinlərindən olub və uzun müddət bölgənin ictimai-siyasi həyatında mühüm rol oynayıb. Şuşa qalasının salınması 1750-1751-ci illərdən hesab edilir. Tarixi mənbələrə görə, 1750-ci ildə hündür, sıldırım dağ üstündə qalanın inşasına başlanıb və 1756-1757-ci illərdə tikilib başa çatdırılıb. Qarabağ xanı Pənahəli xan Şuşanı paytaxt elan edib oranı möhkəmləndirib, Qala-şəhərə çevirib. Şəhər bir müddət Pənahəli xanın şərəfinə “Pənahabad”, sonradan isə “Şuşa qalası” və “Şuşa” adlandırılıb.
Pənahəli xanın hakimiyyəti illərində (1747-1763) şəhərin salınmasının ilkin mərhələsində ən qədim məhəllələr sonralar şəhərin relyefinə uyğun olaraq "Aşağı məhəllə" adlandırılıb. “Aşağı” məhəllə 9 məhəllədən təşkil olunub: Seyidli, Çöl Qala, Çuxur Məhəllə, Quyuluq, Dördlər Qurdu, Qurdlar, Merdinli, Hacı Yusifli, Culfalar.
Eyni zamanda, Şuşa Azərbaycanın qədim tarixə malik olan şəhər mədəniyyətinin nadir və təkrarsız incilərindən biridir. XVIII əsrin 80-ci illərində şəhərin dövrəsinə möhtəşəm qala divarları çəkilib başa çatdırılıb. Bu dövrdə şəhərdə çoxsaylı sənətkar məhəllələri yaranıb, ticarət daha sürətlə inkişaf edib. Şuşalı tacirlər Təbriz, Tehran, İsfahan, İstanbul, Bağdad, Səmərqənd, Moskva, Leypsiq, London, Mançester, Marsel və başqa şəhərlərlə ticarət əlaqələri saxlayırıb. Şəhərdə “Pənahabadi” adlı gümüş sikkələr zərb edilib.
Şuşanın bir şəhər kimi formalaşmasının ikinci mərhələsi İbrahimxəlil xanın hakimiyyəti illərinə (1763-1806) təsadüf edir. Bu mərhələdə “Yuxarı məhəllə” adlanan ikinci məhəllə formalaşıb. “Yuxarı” məhəllə 8 məhəllədən təşkil olunub: Saatlı, Mamayı, Köçərli, Xocamircanlı, Ağadədəli, Dəmirçilər, Təzə Məhəllə, Hamamqabağı. Ümumilikdə, Şuşa şəhərində 17 məhəllə var idi ki, onların hər birinin məscidi, bulağı və hamamı mövcud olub.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, işğaldan azad edilmiş Azərbaycan ərazilərində maddi mədəniyyət nümunələrimiz dağıdılıb, işğalçılar geniş miqyaslı, məqsədli şəkildə arxeoloji qazıntı işləri aparıb, qarət etdikləri tapıntıları Ermənistana daşıyıblar. Şuşada da azərbaycanlılara məxsus olan qədim tarixə malik mədəniyyət nünunələri və yaşayış evləri dağıdılıb, talan edilib və ya yer üzündən silinib. Bütün bunlar müharibə dövründə deyil, ərazilərimiz işğal edildikdən sonra məqsədli şəkildə həyata keçirilib. Bir sözlə, Ermənistan 30 ilə yaxın müddətdə mədəni irsimizə qarşı əsil soyqırımı (etnosid) siyasəti aparıb.
Ümumiyyətlə, işğala qədər Şuşada memarlıq abidəsi sayılan 850-dən çox yaşayış binası və 300-dək mədəniyyət və tarixi abidə var idi. Bunların içərisində son tunc və ilk dəmir dövrü abidəsi sayılan Şuşa və Şuşakənd daş qutusu qəbirləri, daş dövrü abidəsi olan Şuşa mağara düşərgəsi, XVIII əsrə dair Şuşa qalasının divarları, Gəncə qapısı, Pənah xanın sarayı və kitabxanası, İbrahim xanın bürcü və qəsri, Xan sarayı və karvansaray, M.P.Vaqifin mədrəsəsi və türbəsi, Yuxarı məscid mədrəsəsi, Hacıqulların malikanəsi, İkimərtəbəli karvansaray, Mehmandarovların malikanə kompleksi, Gövhər ağa, Xoca Mərcanlı, Hacı Abbas, Mərdinli, Saatlı, Köçərli məscidləri, Xurşidbanu Natəvanın evi və bulağı, Ə.B.Haqverdiyevin, Q.B.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.B.Vəzirovun, Y.V.Çəmənzəminlinin evləri, Mamay bəyin evi, məscidi və bulağı, Behbudovların, Fərəməzovların, Zöhrabbəyovun, Bəhmən Mirzənin evləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeyləri, Xan Şuşinskinin, tarzən Sadıqcanın evləri, Realnı məktəbinin binası, Qız məktəbi, Şirin su hamamı, Meydan bulağı, İsa bulağı və s. tarixi mədəniyyət nümunəsi erməni işğalçıları tərəfindən talan edilib, dağıdılıb və məhv edilib.
İki əsrlik qədim yaşayış evləri yer üzündən silinib
2021-ci il mayın 12-13-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa “Xarıbülbül” musiqi festivalında iştirak etmək üçün 29 ildən sonra ikl dəfə əziz Şuşaya, doğma torpağa, hərbi-stateji əhəmiyyətli qalaya və müqəddəs şəhərə qayıtmaq həm qururverici, həm də həyəcanlı idi. Xüsusilə, Cıdır düzündə...Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş “Xarıbülbül” musiqi festivalı düşmənə, bu müqəddəs şəhərə yad olan ünsürlərə həm də göz dağı idi.
Şəhərdə 17 məhəllənin bütün qədim evlərin bir hissəsi yarıuçuq vəziyyətdədir, bəzi evlərin isə izi belə qalmayıb. Şuşada şəhərin mərkəzi hissəsində yerləşən bizim “Mamayı” məhəlləsindəki iki əsr yaşı olan qədim evlər 1992-ci ildən sonra, yəni işğal dövründə 28 il ərzində məqsədli şəkildə erməni ünsürlər tərəfindən vəhşicəsinə yer üzündən silinib. "Mamayı” məhəlləsindən aşağı düşəndə şəhərin mərkəzi - "Bazarbaşı"na az qalmış "Saatlı" məscidinə qədər olan hissədə dövlət tərəfindən qorunan bütün iki əsrlik tarixi yaşayış evləri kimi, bizim evimizi də erməni acgöz, vəhşi ünsürlər söküb, qədim daşlarını yəqin ki, Ermənistana aparıblar. Qeyd etmək istəyirəm ki, həmin evlərə 1992-ci ilin mayında şəhər işğal olunana qədər ciddi zərər dəyməmiş, yəni dağılmamışdı. Evin bütün sənədlərini (texniki pasport, ev dəftəri və s.) saxlamışam. Sənədlərdə 1887-ci ildə babamın həmin evdə anadan olduğu qeyd edilib...
28 il idi ki, iki gündən bir yuxumdan çıxmırdı Şuşa. İndi, elə bil, heç yoxmuş kimi yer üzündən silinmiş, 18-ci əsrin abidəsi olaraq qorunan evimizi gah işıqlı, gah qaranlıq görürdüm. Yuxudan həyəcanla ayılanda bir xeyli özümə gələ bilmirdim. Şuşalıların “Güllü bağ” adlandırdığı yer evimizdən 30-40 addım məsafədə idi. Heç bir vaxt qoxusunu ala bilməyəcəyim o güllərin qoxusu ora çatmamış “Qarabağ” mehmanxanasının pilləkənlərinə qədər gəlirdi. Bütün uşaqlığım o yerlərdə keçib. Şəhərin mərkəzində Bazarbaşı deyilən yerin, Güllü bağın yanında, Molla Pənah Vaqifin 18-ci əsrdə dərs dediyi mədrəsənin yanında....Əziz Şuşa yaddaşlardan silinməyən xatirələrlə doludur. Şuşa istirahət evinin girişində pilləkənlərin yanında 2 şir büstü var idi..."Dom otdix" deyirdik ora. Uşaq vaxtı əksər şuşalılar (Qalalılar) şirin üstündə şəkil çəkdirmişik...
Bu əziz, doğma şəhərdə anadan olub, böyüdüyüm, 28 il ürək ağrısı ilə paylaşdığım 8 may tarixi ilə bağlı sözlərin üstündən 6 ay əvvəl xətt çəkildi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərinin işğalçılardan azad edilməsindən 6 ay keçir! 8 Noyabr - ZƏFƏR günüdür!
Şuşanın əsl tarixi siması, ənənələri və qədim mədəni abidələri bərpa edilir
Şuşanın əsl tarixi siması, ənənələri və qədim mədəni abidələri bərpa edilir. Şuşada artıq bərpa, quruculuq işlərinə başlanılıb, infrastruktur layihələrinə start verilib. Bərpa işlərini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu icra edir. M.P.Vaqifin məqbərəsi və büstünün bərpası, eləcə də digər tarixi mədəniyyət nümunələrinin layihəsi də Heydər Əliyev Fondu tərəfindən icra olunur.
Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Prezident İlham Əliyevin 2021-ci il mayın 7-də imzaladığı Sərəncamında vurğulanır ki, şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, bu mühüm sənəddə göstərilir ki, tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir.
Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada Cıdır düzündə qürur hissi ilə bütün dünyaya bəyan etdiyi sözlər bizi o, əziz və müdəddəs torpağa səsləyir: “Şuşa sən azadsan!”, “Şuşa Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!”