Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Özünü əvvəllər Abşeronda kabus kimi göstərən Fuad Cəbrayılov, indi də Suraxanıda "xüsusi dəstə" yaradıb-ARAŞDIRMA

 

Yenixeber.org: Yazının sərlövhəsində qeyd olunanlar həqiqətdir. Söhbət, əvvəllər Abşeronun tikinti, təhsil və bağça sektorlarını tam nəzarətində saxlamağı bacaran, özünü rayonun keçmiş və indiki rəhbərlərinin "sağ əlləri" kimi tanıda bilən, tutduğu vəzifə başında qanunsuz əməllər törətməkdən qorxub-çəkinməyən, birdən-birə isə, oturduğu vəzifə kreslosundan qeybə çəkilən, Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini postundan kənarlaşması kimi, Suraxanı rayon icra başçısının müavini təyin olunması da günü bu günədək gizli saxlanılan Fuad Cəbrayılovdan gedir. Doğrudan da, indiyədək, ölkə mətbuatında və sosial mediada, barəsində saysız-hesabsız xoşagəlməz yazılar gedən Fuad Cəbrayılovun Suraxanının icra başçısına müavin təyin olunması barədə, ortada rəsmi xəbər yoxdur. Elə, Suraxanı Rayon İcra Hakimiyyətinin rəsmi saytında icra başçısının müavini postunun boş göstərilməsi də, bu barədə deyilənlərin və yazdıqlarımızın daha bir təsdiqidir. Saytın bu barədə olan məlumat lövhəsinin, bizim bu yazının içərisində oxucularımıza təqdim etdiyimiz fotosundan da açıq-aydın görünür ki, hazırda bu post boşdur. (Maraqlananlar da, bu saytın http://surakhani-ih.gov.az/page/21.html linkinə daxil olmaqla, bunun şahidi ola bilərlər.)
Ümumiyyətlə, həmişə özünü Abşeronun icra başçıları üçün "əvəzolunmaz kadr" kimi göstərən belə birisinin tutduğu vəzifədən birdən getməsi ortaya ciddi suallar çıxarır. Düzdür, bunun başlıca səbəbi kimi, etibarlı məlumat mənbələrimiz, bu xəbərin yayıldığı ilk günlərdən ağlabatan bir neçə versiya irəli sürüb və bu versiyaların təsdiqi ola biləcək faktlar ortaya çıxarıblar. Bunları, Fuad Cəbrayılovun bəd əməllərindən bəhs edən və bu yaxınlarda araz.az-da dərc etdiyimiz ötən yazılarımızda da vermişik. Başlıca rol oynayan əsas səbəb kimi, hektarlarla torpaq sahəsinin paylanması zamanı başçı müavini Fuad Cəbrayılovun adına çıxılan saxtakarlıqları və maxinasiyaları, digər bir səbəb kimi isə, karantin dövründə Abşeron rayon ərazisinə təsadüf edən və bütün ölkəyə səs salan məlum toy olayını göstərmişik. Məlumatlarda xüsusi olaraq o vurğulanıb ki, toyun faş olunmasında müstəsna rol oynayan Fuad Cəbrayılovun özü bu rayonda işləmək istəməyib.
Ümumiyyətlə, Fuad Cəbrayılovun yerli əhalinin haqlı narazılıqlarına səbəb olan xoşagəlməz əməlləri daim mətbuat tərəfindən diqqətdə saxlanıb. Hər dəfə haqqında dərc olunan kəskin tənqidi xarakterli yazılardan sonra, bəd əməllərindən narazı insanlarda, haqlı tələblərinin tezliklə yoluna qoyulacağına ümidlər yaranıb. Lakin Fuad Cəbrayılov ölkə qanunlarının tələblərinə məhəl qoymadan, tutduğu vəzifə başında şəxsi maraqlarını ön plana çəkərək, bunu daimi amalına çevirib. Konkret desək, Fuad Cəbrayılov tutduğu heç bir vəzifəyə layiq kadr olmayıb. Bunu çoxları deyir, hətta media üzərindən aparılan adi bir araşdırmadan belə deyilənləri açıq-aydın görmək olur.
Fuad Cəbrayılov tutduğu vəzifələrdə törətdiyi qanunsuz hərəkətlərə görə, dəfələrlə, həbs təhlükəsi ilə də üz-üzə qalıb. Di gəl ki, arxasında duranlar onu hər cür çirkabdan çıxara biliblər. Elə, Abşerondakı son DTX işi ilə bağlı, bir neçə gün davam edən ciddi yoxlamalar zamanı da, onun adı pis yöndən hallandırılıb. Onda, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, Abşeron Rayon İcra Hakimiyyətinin bir sıra vəzifəli şəxsləri saxlanılıb. Düzdür, saxlanılan şəxslərdən ən yüksək vəzifədə olanı, rəsmi açıqlamaya görə, Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq İdarəsinin rəisi Akif Əliyev olub. Lakin mötəbər mənbələrdən mətbuata sızdırılan məlumatlara görə, onda, Akif Əliyevin qanunsuz əməlləri ilə şərik olan digər vəzifə sahibləri də həbs ediliblər. Elə, başçı müavini Fuad Cəbrayılov da, həbs edilənlər arasında olub. Abşeronun sabiq, Sumqayıtın indiki icra başçısı Zakir Fərəcov isə, özünün "sağ əli" kimi gündəmdən düşməyən Fuad Cəbrayılovu bu təhlükəli həbsdən də qurtara bilib. Çıxılmaz vəiyyətdə qaldığı üçün, ona işdən çıxması üçün ərizə yazmağı tövsiyyə edib və buradan qaçması tapşırığını verib. Vəziyyətin gərgin olduğunu görən Fuad Cəbrayılov da, ərizə yazaraq, səs-küysüz və gizli olaraq, başçı müavini vəzifəsindən gedib. O, bundan sonra, arxa-dayağı olan Zakir Fərəcova Suraxanıda işləmək istəyində olduğunu və bu rayonun başçısı ilə, arasında öncədən bir çox bağlılıqların mövcudluğunu bildirib. Elə, Zakir Fərəcovun razılığı ilə də, onun başı çox vaxt qalmaqallarda keçən bu "əvəzolunmaz kadrına" Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov sahib çıxmaqdan çəkinməyib.
Bu yerdə onu da qeyd etmək yerinə düşər ki, Əziz Əzizovun özü belə, başçı postlarına təyinat aldıqdan sonra, dəfələrlə, qalmaqallı kadr siyasətinə görə gündəmə gələn vəzifə sahibi kimi tanınıb. Elə, Suraxanı Rayon İcra Hakimiyyətində başçı işlədiyi ilk günlərdə də, öz bacısı oğlu Murad Ağayevi özünə köməkçi təyin etməsi uzun müddət medianın diqqətində saxlanılıb. Lakin başçı belə şeylərdən çəkinməyərək, İcra Hakimiyyətində bu yöndən olan bütün işləri öz bildiyi kimi aparıb. İndi isə, Əziz Əzizovun özünə gizli müavin təyin etməsi barədə məlumat gündəmdən düşmür.
Yuxarıda qeyd etdiklərimiz barədə, daha ətraflı növbəti yazımızda. İndi isə, bir daha onu demək istəyirik ki, Fuad Cəbrayılov, əslində, Abşeronu de-fakto idarə edən keçmiş icra başçısı Zakir Fərəcovun yaratdığı, qoyub getdiyi qrupun tərkibində olanlardandır. Abşeron, elə, indiyədək də, bu qrupun "əlində çabalayır". Bu rayonda üzdə olan hər kəs isə, məcburiyyətdən, bu qrupun maraqlarına tabedir. Həm də ona görə ki, burada Zakir Fərəcovun qoyduğu və bu günədək işləməkdə davam edən "köhnə qanunlar" yenə hakimdir. Rüşvəti və korrupsiyanı özlərinin iş prinsipinə çevirən bu qrupda olanlar isə, rayonda bütün sahələri və önəmli sektorlara nəzarəti tamamilə ələ keçiriblər. Fuad Cəbrayılov da, bu qrupda söz sahibi olanlardan biridir. Elə, bu və bu kimi xoşagəlməz hallar da, heç şübhəsiz, vətəndaşlar arasında yaranan kütləvi narazılıqların başlıca səbəbidir.
Hərtərəfli jurnalist araşdırmalarımız zamanı və mötəbər mənbələrimizin məlumatları əsasında, özünü əvvəllər Abşeronda kabus kimi göstərən, indi də, qısa müddət ərzində Suraxanıda özünə "xüsusi dəstə" yarada bilən Fuad Cəbrayılovun yüksək çinli məmur fəaliyyətində ortaya çıxardığımız xoşagəlməz halların qısa xülasəsi aşağıdakı kimidir:

-- Fuad Cəbrayılov Abşeronda vəzifə kürsüsündə olarkən, gizli eşq macəraları da yaşayıb. “Don juanlıq" edən bu başçı müavini, tanış olduğu gözəl qadınlarla sevgi münasibətlərini heç vaxt korlamayıb. Konkret desək, məzəli söhbətləri və zarafatları ilə ələ aldığı gözəl qadınlarla çox rahat dil tapıb, ünsiyyət qura bilib. Bəzi məsələlərdə dil tapa bilmədiyi gözəl qadınları yola gətirmək üçün, hətta qanunsuz yollara və iyrənc üsullara əl atmaqdan, onların adına bahalı torpaq sahələri və obyektlər sənədləşdirməkdən belə çəkinməyib. Yay fəslində yüksək xərcli səyahətlərə getməyi və dincəlməyi çox sevən, qadınları yaraşığı ilə cəlb edən bu vəzifə sahibinin işdə məhəbbət macəraları sadaladıqca bitib-tükənməyəndir. Gizli sevgi macəraları yaşayan başçı müavininin gözəl qadınlarla görüşlərinin məxfi olmasına baxmayaraq, əvvəlcə iş yoldaşları, daha sonra rayon ictimaiyyəti onun məmur postunda bu yöndən belə heç də dinc durmadığından xəbər tutublar;
-- Fuad Cəbrayılovla Əziz Əzizov arasındakı əlaqədə ölkənin məşhur əmlak kralları Arif Qaraşov -- Kərəm Həsənov faktoru ciddi rol oynayıb. Bu əlaqə və Fuad Cəbrayılovla bağlı bir çox məqamları apardığımız araşdırmalar zamanı üzə çıxardıq. Məlum oldu ki, Fuad Cəbrayılov Dövlət Reyster Xidmətinin Abşeron şöbəsində işlədiyi dövrdə, şöbənin müdiri Vidadi müəllimin xəstəliyindən sui-istifadə edərək, çoxlu sayda qanunsuz işlər görüb. Həmin vaxtlar onun gördüyü əsas qanunsuz işlərdən biri, Abşeron rayonu ərazisində kənd təsərrüfatı təyinatlı torpaqların böyük əksəriyyətinə çıxarışlar verməsi, hətta yetkinlik yaşına çatmayanların adlarına belə “kupçalar” düzəltməsi ilə bağlı olub. Onda, Fuad Cəbrayılov belə qanunsuz işlər görməkdən və sənədlər düzəltməkdən külli midarda pul əldə edərək, bu pullarla Abşeronda xeyli sayda mülk, obyekt və torpaq ələ keçirib;
Mediada yer alan və rəsmən təkzib olunmayan məlumatlara görə, Reyster Xidmətinin Abşeron şöbəsində baş alıb gedən qanunsuzluqlarla bağlı məsələyə o zamanlar fəaliyyətdə olan Mill Təhlükəszilik Nazirliyi də qarışıb. Nazirlik şiakyətlər əsasında şöbədə əməliyyat keçirərək, çoxlu sayda saxta sənədlər, qanunsuz çıxarışlar aşkar edib. MTN-nin keçirdiyi əməliyyat nəticəsində, Reyster Xidmətinin Abşeron şöbəsində bir neçə nəfər, o cümlədən Fuad Cəbrayılov da həbs edilib. Lakin Fuad Cəbrayılov qayınatası Aydın Cəfərovun və o zamanlar Dövlət Reyster Xidmətinin rəisi işləyən Arif Qaraşovun köməkliyi ilə, MTN-nin təcridxanasından canını qurtara bilib. İddiaya görə, Fuad Cəbrayılov azadlığa çıxaması üçün, MTN-də o zaman idarə rəisi işləyən Akif Çovdarova qayınatası vasitəsi ilə külli miqdarda rüşvət verib. Reyster Xidmətinin Abşeron şöbəsində qanunsuzluqların ortaya çıxmasından sonra, şöbə müdiri Vidadi müəllim vəzifəsindən qovulub. Fuad Cəbrayılov isə, Arif Qaraşovun sayəsində öz vəzifəsini saxlaya bilib. Amma Arif Qaraşov Dövlət Reyster Xidməti rəisi vəzifəsindən çıxarıldıqdan sonra, Fuad Cəbrayılov Kərəm Həsənov tərəfindən Xidmətdən qovulub. Bir müddət qayınatası Aydın Cəfərovun tikinti biznesində işləyən Fuad Cəbrayılov, məhz qayınatasının köməkliyi ilə də, az sonra Abşeron İcra Hakimiyyətində məsləhətçi vəzifəsinə işə düzəlib. Qeyd edək ki, Fuad Cəbrayılovun qayınatası Aydın Cəfərov vaxtilə DYP-də tabor komandiri olub. Oğlu Zaur Cəfərov isə, bir vaxtlar Səbayıl Rayon Dövlət Yol Polis Şöbəsinin rəisi işləyib. Sabiq daxili işlər naziri Ramil Usubov Zaur Cəfərovu tutduğu vəzifədən azad edib. Polis mayoru Zaur Cəfərovun tutduğu vəzifədən qovulmasına başlıca səbəb isə, hər ilin təxminən yarısını xarici ölkələrdə keçirməsi və əksər hallarda, bu barədə heç rəhbərliyə məlumat verməməsi ilə bağlı olub;
-- Fuad Cəbrayılovun qayınatası Aydın Cəfərov keçmiş Dövlət Reyster Xidmətinin rəisi Arif Qaraşovla qudadır. Məhz Fuad Cəbraylov qayınatasının qohumluğu sayəsində, uzun müddət Xidmətin Abşeron şöbəsində işləyib. Abşeron İcra Hakimiyyətində bir müddət baş məsləhətçi işləyən Fuad Cəbraylov, sonradan, onda rayonun icra başçısı işləyən Zakir Fərəcov tərəindən, indiki icra başçısı İradə Gülməmmədovanın yerinə – icra başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin olunub;
-- Başçı müavininin keçmişi ilə bağlı mənbə onu da bildirir ki, İradə Gülməmmədova Abşerona icra başçısı təyin edildikdən sonra, rayonda bir çox işləri -- xüsusən də, təmir-tikinti sahəsini Fuad Cəbraylov idarə etməyə başlayıb. Başçı müavini bütün təlimatını Sumqayıtın icra başçısı Zakir Fərəcovdan alıb və ayda iki dəfə Sumqayıta gedərək, ona hesabat verib. Bütün bunlar birbaşa ona da işarədir ki, Zakir Fərəcov Sumqayıta başçı gedəndən sonra, İradə Gülməmmədovanı daim nəzarətdə saxlamaq üçün, onun ətrafını Fuad Cəbrayılov kimilərlə doldurub. Bu xəbəri bizə sızdıran mənbə onu da bildirib ki, İradə Gülməmmədova keçirdiyi bütün tədbirlərdə Fuad Cəbrayılov tərəfindən izlənilib. Başçının getdiyi yerlərlə, görüşdüyü şəxslərlə bağlı çəkilən foto-şəkillər Fuad Cəbrayılovun rəhbərliyi altında həyata keçirilib. Tədbir və görüşlərdə çəkilən bütün foto-şəkilləri Fuad Cəbrayılov sonda Zakir Fərəcova çatdırıb. Çəkilən sensasion xarakterli bəzi şəkilləri isə, gizlicə saytlara ötürüb ki, rayon rəhbərinə qarşı istifadə olunsun. Həmin mənbənin iddiasına görə, hətta icra başçısın qardaşı da Fuad Cəbrayılov tərəfdən tələyə salınıb. Belə ki, rayonda gedən bahalı bir tikinti işi üçün ayrılan və başçının qardaşı tərəfindən alınan külli miqdarda pulu Fuad Cəbrayılov ələ keçirməkdən ötrü, bir neçə jurnalist "dostundan" istifadə edib. Elə, tikinti işlərinə jurnalist müdaxiləsindən sonra da, müxtəlif bəhanə və fırıldaqlarla işlər dayandırılıb. Və Fuad Cəbrayılov, Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq İdarəsinin indi həbsdə olan sabiq rəisi Akif Əliyevin adı ilə, həmin tikinti sahibindən ikiqat pul alaraq, guya, tikintinin aparılmasına ondan icazə almağa nail ola bilib;
-- Ümumiyyətlə, Fuad Cəbrayılov Abşeron Rayon İcra Hakimiyyətində başçıya sadiq adamları qarayaxmalarla sıradan çıxarmaqla, qarşısını təmizləyib həmişə. Guya, bu təmizlik işləri ona, aylar sonra yüksək vəzifəyə -- rayona rəhbər gəlmək üçün lazım olacaqdı. Bir sözlə, Fuad Cəbrayılov bu yolla İradə Gülməmmədovanı taxtan salmaq istəyib və bunun üçün, tez-tez Zakir Fərəcov kartından da istifadə etməkdən çəkinməyib. Lakin Akif Əliyevin məlum səs-küylü həbsi buna imkan verməyib. Bu həbs prosesi zamanı, Memarlıq İdarəsi rəisinin qanunsuz əməlləri ilə şərik olan digər vəzifə sahibləri də həbs ediliblər. Bir daha qeyd edək ki, elə, başçı müavini Fuad Cəbrayılov da, həbs edilən həmin şəxslər arasında olub;
-- Mötəbər mənbəmiz onu da iddia edir ki, Fuad Cəbrayılov prezidentin keçmiş köməkçisi Əli Həsənovla da yaxın işbirliyində olub. Onlar çox yaxın olduqları üçün, Abşeronda baş verənlərlə bağlı hər gün Əli Həsənov məlumatlanıb. Amma, Zakir Fərəcovla güclü əlaqələri olduğundan, Fuad Cəbrayılov İradə Gülməmmədovanın kreslosunu dəbərdə bilməyib. Elə, Zakir Fərəcov da, bu səbəbdən, o vaxtlar mediada hədəfə çevrilib. Onun var-dövlətinin siyahısı saytlarda tirajlanıb. Fərəcovla bağlı bütün tənqidi yazılar, Fuad Cəbrayılovun gizli tapşırığı sayəsində, həbsdən yeni çıxan iş adamı tərəfindən həyata keçirildiyi iddialar arasında yer alıb;
-- İcra Hakimiyyətindəki mötəbər mənbəmizin verdiyi məlumata görə, uzun zaman, Abşeron rayonu ərazisində tikinti işləri aparmaq istəyən hər kəs, mütləq şəkildə, Fuad Cəbrayılovun dəstəsinin hesabını verib. Hətta həftədə 3 dəfə Abşeron İcra Hakimiyyətində Fuad Cəbrayılov bu dəstə ilə iclas keçirib. Ona gündəlik hesabatlar təqdim edilib.
Konkret desək, rayonda daha böyük tikintinin icazəsi, yalnız Fuad Cəbrayılovun özü ilə görüşməklə yoluna qoyulub. Çünki Zakir Fərəcov və İradə Gülməmmədova bu yöndən olan bütün işlərin nəzarətini bu başçı müavininə tapşırıblar. Bu fürsətdən və ona verilən səlahiyyətdən sui-istifadə edən Fuad Cəbrayılov özü üçün, hətta Abşeronun müxtəlif yerlərində gizli olaraq, müxtəlif maxinasiya və saxtakarlıqlar yoluyla yeni-yeni bahalı torpaq sahələri və obyekt yerləri ələ keçirib. Bütün bunlar barədə də, araz.az-ın ötən yazılarında ətraflı məlumat vermişik, o cümlədən Fuad Cəbrayılovun bahalı mülklərinin, obyekt və torpaqlarının da siyahısını dərc etmişik;
-- Mənbəmiz onu da bildirir ki, Abşeron rayonunda birmərtəbəli evin tikintisi üçün icazənin qiyməti son illər 5, 2 mərtəbəli evin tikintisi üçün isə, 10 min manata qalxıb. Bu vəsaitlər isə, Fuad Cəbrayılovun dəstəsi tərəfindən yığılıb. Həmin dəstəyə isə, Elmir adlı şəxs rəhbərlik edib. Ən dəhşətlisi odur ki, özünü bu rayonun icra başçılarının, daha çox isə, Zakir Fərəcovun "qara kassiri" kimi tanıdan Fuad Cəbrayılovun özünün də "qara kassiri" olub. O, Elmirdir və ona tapşırılan işinin öhdəsindən həmişə "layiqincə gəlib". Elmir vaxtı ilə Fuad Cəbrayılovun Reyster Xidməti şöbəsində sürücüsü və ən yaxın adamlarından biri olub. Özü də, vaxtı ilə, Reyster Xidmətinin Abşeron şöbəsində qanunsuz "kupçaların", çıxarışların və digər sənədlərin verilməsində vasitəçi rolunda tanınıb. Elə, Fuad Cəbrayılov İcra Hakimiyyətində başçı müavini vəzifəsində işləyərkən də, vasitəçi rolunu davam etdirib. Hətta Fuad Cəbrayılov İcra Hakimiyyətinin Abşeron Memarlıq və Tikinti şöbəsində Elmir üçün xüsusi bir otaq da ayırtdırıb. İcra Hakimiyyətinə tikinti üçün müraciət edən vətəndaşlarla danışıq və bazarlıqlar da, elə, bu otaqda həyata keçirilib. Hətta, rayon ərazisində tikintti işlərinə nəzarət edən dəstənin yığıncaqları da, bu "sövdələşmə otağında" keçirilib...

Xülasə, yazının sonunda onu da bildirmək istəyirik ki, Suraxanı rayon icra başçısının müavini Fuad Cəbrayılovun heç bir qanun çərçivəsinə sığmayan saysız-hesabsız bəd əməlləriylə bağlı araz.az saytına daxil olan daha ilginc məlumat və faktlar ətrafında dərin araşdırma apararaq, onların hamısının həqiqət olduğuna bizdə tam əminlik yarandıqdan sonra, bunların əsasında qələmə alıb, bu yaxınlarda dərcini planlaşdırdığımız bu mövzulu yazılarımızı oxucularımızın diqqətinə çatdıracağıq. Saytımızı izləyin!

(araz.az)

WhatsApp Image 2021 04 22 at 13.00.11


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam