Xocalı qatili Koçaryan Ermənistanı yenidən qanlı olaylara sürükləyir -ŞƏRH
Ermənistanda daxili siyasi gərginliyin və qarşıdurmanın arxasında keçmiş prezident Robert Koçaryanın dayandığına artıq şübhə qalmır. O, martın 4-də verdiyi müsahibədə yenidən hakimiyyətə can atdığını gizlətməyib. Bu, bir daha təsdiqləyir ki, Robert Koçaryan və onun dəstəklədiyi qüvvələr müxalifət deyil, revanşistlərdir. O, baş nazir Nikol Paşinyanı istefaya göndərdikdən bir il sonra seçkilər keçirmək niyyətində olduqlarını bildirməklə, əslində, hakimiyyəti ələ keçirmək istədiklərini ortaya qoyub.
Yenixeber.org: Koçaryan Qarabağda əli günahsız azərbaycanlıların qanına bulaşan cani və Xocalı soyqırımının müəlliflərindəndir. O, bu cinayətkar əməli ilə ermənilərlə azərbaycanlılar arasında nifaqın təzələnməsinə bais olub. Koçaryan Qarabağdakı ermənilərin və erməni diasporunun təşkil etdiyi silahlı dəstələrə başçılıq edib, azərbaycanlı əhaliyə qarşı qırğınlar törədib.
Robert Koçaryan müasir dövrdə əli ermənilərin qanına batan ilk prezident olub. O, bir qayda olaraq, zorakılıqlar və qan tökülməsi ilə prezident olub, hakimiyyətdə qalıb.
Ölkədə genişlənən etirazlar fonunda Köçəryan 1997-ci ilin martında Ermənistanın o vaxtkı prezidenti Levon Ter-Petrosyan tərəfindən ölkənin baş naziri təyin edilib. 1998-ci ildə Levon Ter-Petrosyan məcburən istefaya göndərildikdən sonra o, prezidentin səlahiyyətlərini icra edib. Həmin il etiraz dalğası fonunda hakimiyyətdəki resursların hesabına martın 30-da prezident “seçilib”.
Hakimiyyətdə qalmaq üçün o, siyasi rəqiblərini aradan götürülüməsinə şərait yaradıb. 1998-ci il oktyabrın 27-də Ermənistan parlamentinə silahlı hücum nəticəsində ölkənin siyasi rəhbərliyində de-fakto qərar qəbul edən baş nazir Vazgen Sarkisyan və parlament sədri Karen Dəmirçyan daxil olmaqla 8 nəfər öldürülüb.
Sarkisyan və Dəmirçyanın başçılıq etdikləri islahata meyilli koalisiya 1999-cu ilin mayında keçirilən parlament seçkilərində səs çoxluğu qazanmış və praktiki olaraq prezident Robert Koçaryanı siyasi səhnədən kənarlaşdırmışdı. Koçaryan onları aradan götürməklə prezdentlik kreslosunda və hakimiyyətdə yerini möhkəmləndirdi. Bu cinayətin üstü hələ də açılmayıb.
2008-ci il aprelin 9-da onun prezident kimi səlahiyyət müddəti başa çatdı. O, Ermənistanda törətdiyi cinayətlərini ört-basdr etmək üçün cinayətin ortağı Serj Sarqsyanın prezident olması üçün əlindən gələni etdi.
2008-ci ilin fevralında Ermənistanda keçirilən prezident seçkisində Mərkəzi Seçki Komissiyası namizədlərdən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sarqsyanın 52,8 faiz səs toplayaraq qalib gəldiyini elan etdi. Seçkinin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq martın 1-2-də ölkədə geniş aksiyalar keçirilmişdi. Mitinqi dağıtmaq üçün ordu və polisin açdığı atəş sonucunda 10 nəfər ölmüş, 230 nəfər yaralanmışdı.
Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin 1-2 mart hadisələrinə görə cinayət işi təzələnib. Robert Koçaryan məsələ ilə bağlı 2018-ci il iyulun 26-da həbs olunmuşdu. Rusiyadakı “dostlarının” qoyduğu girov qarşılığında o zaminə buraxılıb.
Robert Koçaryan əli öz xalqının qanına batması ilə yanaşı Ermənstan iqtisadiyyatının xarici dövlətdən asılı vəziyyətə salınmasında başlıca rol oynayıb. Hakimiyyəti dövründə Ermənistanda yerləşən bir çox müəssisə Ermənistanın borcunu ödəmək məqsədi ilə Rusiyaya verilib. Bununla ölkənin Rusiyadan asıllığı daha da gücləndi.
Ermənistanın talan olunmasında da R.Koçaryan müstəsna rol oynayıb. Bu ölkə KİV-in yaydığı analitik yazılardan bildirilib ki, Robert Koçaryan və Serj Sarqsyan prezidentlikləri dövründə dövlətdən 20-30 milyard dollar mənimsəyiblər.
Qeyd olunub ki, təkcə bir bankda Serj Sarqsyanın qardaşı Aleksandr Sarqsyanın 30 milyon dolları aşkarlanıb: “Robert Koçaryan isə “Konqres” mehmanaxasında 6 milyon dollar rüşvət alıb”.
İkinci Qarabağ müharibəsi Ermənistanda da bəzi mətləblərə aydınlıq gətirdi. Atəşkəs imzalanandan sonra ölkə ictimaiyyəti birmənalı şəkildə Nikol Paşinyana qarşı çıxmalı idi. Ancaq belə olmadı. Keçirilən rəy sorğusunun nəticəsinə əsasən, respondentlərin 40 faizə yaxını hələ Paşinyana etibar etdiklərini bildirmişlər. Baş nazirin mitinqlərinə minlərlə insan gəlir.
Bu həm də Ermənistan cəmiyyətinin Robert Köçəryana və sələfi Serj Sarqsyana nifrətin göstəricisi sayıla bilər. Ölkə əhalisin xüsusi ilə az təminatlı hissəsi erməni xalqının qatili olan bu iki siyasətçidən bezdikləri üçün 2018-ci ilin aprelində hakimiyyət dəyişikliyində fəal iştirak etmişdi.
Robert Köçəryan müsahibəsində özünü tam ifşa edib. Məlum olub ki, “Vətənin xilası uğrunda hərəkat”ın “boz kardinalı” özüdür. Baş nazir postuna vahid namizəd saylan Vazgen Manukyan isə əldəqayırma fiqurdur.
O, bu “hərəkatı” tərifləyərək, onu dəstəklədiyini, hətta onların hədəflərini belə açıqlayıb. Bildirib ki, hərəkatın məqsədi Nikol Paşinyanın istefasına nail olmaqdır. Köçəryan növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb etmir. O, Paşinyanı istefaya göndərdikdən sonra onun yerinə gələrək 1998, 2003 və 2008-ci illərdə olduğu kimi özü seçkilər keçirmək istəyir.
Vazgen Manukyanı “təcrübəli siyasətçi” adlandıran Koçaryan onun seçkilərdə iştirak etməyəcəyini də vurğulayıb. Bununla da hərəkatın vahid namizədinin, əslində, özü olduğunu açıqlayıb.
O, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-polkovnik Onik Qasparyan və 40-dan çox yüksək rütbəli hərbçinin Nikol Paşinyanı istefaya çağıran bəyanatını da dəstəkləyib. Keçmiş prezident Silahlı Qüvvələri hərbi çevrilişə təhrik etməkdən çəkinməyib. Koçaryan “hərbi çevrilişdən qorxmaq lazım deyil” deməklə bir daha hakimiyyət hərisi olduğunu, bunun üçün yenidən qan tökməkdən çəkinməyəcəyini bildirib.
Koçaryan müsahibəsində 2020-ci il noyabrın 10-da atəşkəslə bağlı imzalanan bəyanata “şübhə ilə yanaşdığını” söyləyib. O, bununla özünü “sərkərdə” kimi təqdim etməyə çalışır. Ancaq İkinici Qarabağ müharibəsində Azərbaycan Koçaryan və Sarqsyanın “sərkərdəliyi” dövründə qurulan ordunu şəxsi heyəti və texnikası ilə birlikdə darmadağın etdi.
Beləliklə, Robert Koçaryan barəsində başlayan cinayət işlərini bağlanmasına nail olmaq üçün Ermənistan əhalisini yenidən qırğına sürükləyir. Ölkəni düşdüyü vəziyyətdən çıxarmaq üçün heç bir proqramı olmayan keçmiş prezidentin bütün çıxışları yalnız qarşıdurmaya köklənib. Bu baxımdan, demək olar ki, Koçaryan Ermənistanı üçüncü qanlı hadisələrə sürükləyir.