Şuşada erməni kilsəsi olmayıb.
Yenixeber.org: Bunu mədəni dəyərlər üzrə tədqiqatçı ekspert, Beynəlxalq Memarlar Akademiyasının Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü Faiq İsmayılov deyib.
Onun sözlərinə görə, Ermənistan mətbuatı mütəmadi olaraq saxta dəlillər gətirərək Şuşa şəhərində “erməni” kilsəsinin azərbaycanlılar tərəfindən “dağıdılacağı” barədə dezinformasiyalar yayır:
“Ermənilər belə bir şayiə yayırlar ki, guya Şuşa şəhərində “Qazançılar” adlandırılan kilsə 1722-ci ildə mövcud olmuş hansısa başqa bir kilsənin bünövrəsi üzərində Naxçıvanın Qazançı kəndindən gələn ermənilər tərəfindən inşa edilmişdir.
O zaman belə bir sual yaranır, əgər kilsə ermənilər tərəfindən tikilirdisə, niyə erməni qriqoryan kilsəsi memarlığı üslubunda tikilmirdi? Axı, əslində ermənilərin Cənubi Qafqaza gəlişi I Pyotrun 1724-cü ilin noyabrın 10-da rəsmiləşdirilən fərmanından sonra başlanmışdı. 1828-ci il Türkmənçay sülh müqaviləsinin nəticəsi olaraq 40 000 erməni, 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə Osmanlı İmperiyası ərazilərində yaşayan 90 000 erməni Azərbaycanın Naxçıvan, İrəvan və Qarabağ xanlıqları ərazilərində məskunlaşdırıldılar. Bu, onu deməyə əsas verir ki, o dövrə qədər Şuşada erməni kilsəsinin mövcudluğu mümkün deyildi. Bu və ya digər tarixi həqiqətlər ermənilərin yalan danışdıqlarını sübut edir”.
F.İsmayılov qeyd edib ki, Şuşa şəhərində keçən əsrin sonlarına qədər erməni kilsəsi mövcud olmayıb.
Şuşada rus pravoslav kilsəsinin yaranma tarixindən danışan mütəxəssis əlavə edib ki, 1805-ci ildə Qarabağ xanlığını devirməyə nail olan çar hökuməti digər bölgələrimizlə bərabər öz mənzil qərargahını Şuşa şəhərində də yaratdı:
“O dövrdə Şuşa şəhərində xristian kilsəsi yox idi. Rus əsgərlərinin ibadəti üçün isə kilsənin yaradılmasına ehtiyac var idi. Müharibələr nəticəsində iqtisadi cəhətdən zəif olan Rusiyanın şəhərdə quruculuq işləri aparmağa imkanı yox idi. Odur ki, ordu rəhbərliyi xanlığın divanxanasının qülləsindən zəng asdıraraq burada rus əsgərlərinin ibadəti üçün şərait yaratdı. 1806-cı ildə ruslar tərəfindən divanxananın yanında zəng qülləsi tikilmişdir. Lakin zaman keçdikcə Qarabağ xanlığının divanxanası rus ordusu komandanlığı tərəfindən təmir edilərək kilsə stilinə uyğunlaşdırılırdı və sonrakı dövrlərdə daha iki kilsə inşa edildi. Zaman keçdikcə kilsələrin də xarici görkəmi dəyişdirildi”.
F.İsmayılov əlavə edib ki, Şuşa şəhərindəki Qazançı adlandırılan rus pravoslav kilsəsinin 1887-ci ildə belə inşa edildiyi barədə arxiv sənədləri mövcuddur. Sonrakı illərdə daha bir dəyişikliyə məruz qalan rus kilsəsi mahiyyət etibarı ilə rus pravoslav kilsə memarlığının bütün qaydalarını özündə qoruyub saxlamışdır. Belə ki, kilsənin mərkəzi hissəsindəki qübbə sökülərək bir neçə metr hündürləşdirildi. Formalardakı fərq müqayisə edilərkən bu memarlıq üslubunun erməni qriqoryan kilsəsinə məxsus olmadığı aydın şəkildə görünür.
Tədqiqatçı ekspertin bildirdiyinə görə, Qarabağda erməni kilsəsinin fəaliyyəti Erməni Qriqorian Kilsəsinin rəhbəri II Vazgen tərəfindən Parqev Martinosyanın 1989-cu ildə Dağlıq Qarabağ bölgəsinə arxiyepiskop təyin edilməsindən sonra başlamışdır. Bu fakt göstərir ki, Şuşada erməni qriqoryan kilsəsi olmayıb.
“Dağlıq Qarabağ bölgəsində yerləşən bütün kilsələr 1930-cu ildə SSRİ hökumət rəhbərlərinin göstərişi ilə qapadılıb və bəzilərindən yem anbarı kimi istifadə olunub. SSRİ Hökumətinin bu qərarından sonra Şuşadakı rus kilsələri də baxımsız və istifadəsiz qalıb. Kilsələrin təkrar fəaliyyəti Mixail Qorbaçovun rəhbərliyi dövründə mümkün olub. 1989-cu ildə Qarabağda erməni yeparxiyasının yaradılması və Qarabağda yaşayan ermənilərin artan millətçilik tələbləri fonunda kilsələrin erməniləşdirilməsinə və aktiv olmayan kilsələrin belə işlək vəziyyətə gətirilməsi siyasəti aparıldı, bu məqsəd üçün xarici ölkələrdə yaşayan ermənilərin maddi imkanlarından istifadə olunmağa başlandı. Bu da nəticə etibarı ilə Azərbaycanın 20% torpaqlarının Ermənistan silahlı qüvvələrinin işğalı altına düşməsinə səbəb oldu”.
F.İsmayılov qeyd edib ki, Ermənistan hökuməti işğal etdiyi Azərbaycan ərazilərindəki xristian dövrü memarlıq abidələrini mənimsəməklə, bu torpaqları Ermənistana birləşdirib “Böyük Ermənistan” dövləti yaratmaq üçün çalışırdılar. Məhz bu səbəbdən də ermənilər bütün işğal altında saxladıqları ərazilərdəki kilsə və monastırların xarici görkəmini dəyişdirib erməni qriqoryan kilsələrinə çevirirdilər. Ermənilər Şuşadakı Qazançı rus kilsəsinin 1995-2000-ci ildə memarlıq quruluşunu dəyişdirərək erməni qriqoryan kilsəsinə çeviriblər. (oxu.az)