“Gürzə. Siz onun başını əzmədikcə, qıvrılıb sancacaq...” -Müharibə qanunu
Qarabağ savaşının getdiyi, torpaqlarımızın azad olunduğu bir zamanda prosesin gedişi ilə bağlı ən müxtəlif versiyalar və təkliflər səslənir. Hətta prezident İlham Əliyev təzyiqlərin olduğunu da qeyd edib.
Yenixeber.org: Müharibə sənəti, hərbi taktikalar dünya tarixində mütəxəsssislər təqəfindən daim öyrənilib. Bu haqda ən müxtəlif ədəbiyyatlar mövcuddur. Bu yazıda oxucularımıza insan psixologiyasının mahir bilicisi Robert Qrinin “Hakimiyyətin 48 qanunu” əsərindən 15-ci qanunu təqdim edəcəyik. 15-ci qanun “Düşməni tamamilə darmadağın et” adlanır. Bu qanunu oxuduqca orada yazılanların bu günümüzlə, xüsusilə də erməni kimi bir düşmənə nə qədər aid olduğunu hiss edəcəksiniz. (Əsər “Qanun” nəşriyyatı tərəfindən tərcümə və çap edilib). Beləliklə:
Qanun belə ifadə olunur
Moiseyin ( Musa peyğəmbər) dövründə qüdrətli başçıların hamısına məlum idi ki, qorxudulmuş düşmən darmadağın edilməlidir. (Olurdu ki, bu bilik onlara ağır sınaq vasitəsilə gəlirdi). Heç olmasa bircə qığılcım saxlanarsa, o nə qədər boğuq işıldasa da, əvvəl-axır od alovlanacaq. Yolun yarısında dayanmaqla tam darmadağın ediləcək halla müqayisədə daha çox itirmək olar: düşmən özünə gələcək və qisas almağa yollar axtaracaq. Onu yalnız cismani olaraq deyil, həm də ruhən darmadağın edin.
HAKİMİYYƏTİN AÇARI
Hakimiyyətə gedən yolda rəqiblərin və qarşınızı kəsənlərin peyda olması qaçılmazdır. Belələrinin arasında dediyinizə inandıra, öz tərəfinizə çəkə bilməyəcəyiniz şəxslər də olacaq. Amma onlar heç nəyə baxmayaraq, elə rəqib olaraq da qalacaqlar. Bunlar düşmənlərdir, onlar sizə pislik etmək istəyirlər. Onların dünyada hər şeydən çox istədikləri şey sizi məhv etməkdir. Əgər siz onlarla döyüşəndə və yolun yarısını, ya da dörddə üçünü keçəndə rəhmdillik, ümid və yaxud barışıq üzündən dayanırsınızsa, bu onlara yalnız qətiyyət verəcək, onların qəzəbini gücləndirəcək və onlar revanş alacaqlar. Onlar özlərini dost kimi göstərə bilərlər, lakin bunu siz qalib gəldiyiniz üçün belə edəcəklər. Onların məqam gözləməkdən başqa çarələri yoxdur.
Həll: amansız olun. Düşmənlərinizi tamamilə məhv edin, necə ki onlar sizi imkan olsa, məhv edərdilər. Düşmənlərinizin sizin sakitliyinizi və təhlükəsizliyinizi təmin edə biləcəkləri yeganə hal onların yox olmasıdır.
Mao Tsedun bu qanunun nə qədər vacib olduğunu bilirdi. 1934-cü ildə Çin kommunistlərinin lideri, onunla birlikdə isə yaraq-əsləhə ilə pis təchiz olunmuş 75 min əsgər Çan Kayşinin güclü və çoxsaylı ordusunun əlindən Çinin qərbindəki kimsəsiz dağlara qaçmaqla canlarını qurtara bilmişdilər, sonralar bu, “Uzun Keçid” adını aldı. Çan Kayşi kommunistlərin hamısını bir nəfər kimi qırmaqda qətiyyətli idi, odur ki, üstündən bir neçə il keçəndən sonra Maonun 10 mindən çox əsgəri qalmışdı. Lakin 1937-ci il üçün Çin yapon təcavüzünə məruz qalanda Çan Kayşi kommunistlərin artıq təhlükəli olmadıqlarının fərqinə vardı. Daha on il keçdi və kommunistlər özlərinə o qədər gəldilər ki, onun ordusunu tamamilə darmadağın edə bildilər. Çan Kayşi qədim müdrikliyi unutmuşdu, Mao onu yadda saxlamışdı, Qomindanın başçısını onun bütün ordusu Tayvan adasına geri çəkilənə qədər təqib etdilər. Bizim günlərimizdə materik Çinində onun rejimindən əsər-əlamət də qalmayıb.
Müharibənin birinci filosofu Karl fon Klauzeviç tərəfindən ifadə edilmiş tam qələbəyə oriyentasiya aksiomudur. Napoleonun hərbi kampaniyalarını təhlil edən Klauzeviç yazırdı: “Biz hesab edirik ki, düşmənin qüvvələrinin tamamilə məhv edilməsi həmişə ən vacib mülahizə olmalıdır. Əsas qələbə əldə edildikdən sonra dincəlmək, nəfəs dərmək barədə mülahizələr yürütmək olmaz, onun yerinə yalnız düşməni təqib etməyin davam etdirilməsi, paytaxtın ələ keçirilməsi, onun ehtiyat qüvvələri və düşmənə dəstək verə biləcək bütün qüvvələrə hücum olunması barədə düşünülməlidir. Müharibədən sonra danışıqlara və ərazinin bölünməsinə başlanır. Əgər siz sadəcə qismən qələbə əldə etmisinizsə, onda hərbi əməliyyatların gedişində nail olduqlarınızı şərtlərin müzakirəsi zamanı mütləq uduzacaqsınız.
Çıxış sadədir: düşmənə şans verməyin. Onu məhv edin. Bu zaman onun ərazisi sizin sərəncamınıza keçəcək. Hakimiyyətin təyinatı rəqibi özünə tabe etdirmək-onu tabe olmağa məcbur etməkdir. Özünüzə yolun yarısında dayanmağa imkan verməməlisiniz. Küncə sıxılmış düşmən sizin iradənizi tabe olmaq məcburiyyətində qalacaq. Bu qanunun tətbiq olunduğu yer heç də yalnız döyüş meydanı deyil. Danışıqlar məkrli ilan kimidir, sizi qələbənizlə birlikdə udub elə həzm-rabedən keçirəcəklər ki, heç gözünüzə də görünməyəcək. Qoy düşmənin müzakirə etməyə heç nəyi qalmasın, ona manevr üçün məkan saxlamayın. Düşmən diz çökdürülüb və bununla hər şey deyilib.
Realist olun: nə qədər ki düşmənləriniz var, siz heç vaxt təhlükədən kənarda olmayacaqsınız. Əgər onları qovmağa imkanınız yoxdursa, ən azı onların sizə qarşı intriqa hördüklərini yaddan çıxarmayın və onların nümayişkaranə dost canlısı olmalarına aldanmayın. Bu cür situasiyada sizin yeganə silahınız sayıqlıqdır.
Obraz: Gürzə. Siz onun başını əzməyincə o, qıvrılıb əldən çıxacaq və sancaraq ikiqat zəhər dozası buraxacaq. Yanınızda saxlanan düşmən yarıcanlı gürzə kimidir və siz onu həyata qaytarmağa çalışırsınız. Vaxt nə qədər çox keçirsə, zəhər bir o qədər güclü təsir edir.
Nüfuzlu rəy: “Bununla əlaqədar qeyd etməyə dəyər ki, adamların ya gərək başını tumarlayasan, ya da ləğv edəsən, zira az pisliyə görə onlar qisas ala bilərlər, böyük pisliyə görə isə qisas almağı bacarmazlar. Bax buna görə incikliyi elə yetirmək lazımdır ki, qisasdan qorxmayasan”.
Nikkolo Makiavelli(1469-1527)
“Qələbə qazanmaq üçün amansız olmaq lazımdır”.
Napoleon Bonapart(1769-1821)
“Sağ qalan düşmən tam müalicə olunmayan xəstəlik və ya axırda söndürülmüş yanğın kimi təhlükəli ola bilər. Deməli, onları tamamilə məhv etmək lazımdır. Düşməni zəif hesab edərək heç bir halda aşağı qiymətləndirmək olmaz. O, saman tayasında odun qğılcımı kimi vaxtı gələndə təhlükəli olacaq”.
Kutilya, hindli filosof, b.e.ə. III əsr (yenisabah)