Hacı Məmmədovun meyitini müayinə edən ekspert danışdı
Dekabrın 3-də müalicə olunduğu Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə müəssisəsində intihar edən, adam oğurluğu, çoxsaylı qətllər və digər ağır cinayətlər törədən mütəşəkkil cinayətkar dəstənin başçısı kimi ömürlük azadlıqdan məhrum edilmiş, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, Hacı Məmmədovun meyiti yaxınlarına təhvil verilmək üçün hazırdır
Yenixeber.org: Bu barədə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nəsimi rayon şöbəsinin rəisi Ceyhun Allahverdiyev məlumat verib.
Şöbə rəisi bildirib ki, meyit müayinə edilib və analizlər götürülüb: "Meyit müayinə olunub, lazımi analizlər götürülüb və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon Şöbəsinə təhvil verilib. Hazırda meyit oradadır. Meyiti mən müayinə etmişəm. Mərhumun ağ ciyərində şiş var idi. Bunun xərçəng xəstəliyi olub-olmadığını deyə bilmərəm. Hazırda analizlərin cavablarını gözləyirik. Cavab gələndən sonra onun tam xəstəliyi və nədən dünyasını dəyişdiyini açıqlayacağıq. Analizlərin cavablarını alandan sonra xəstəlikləri dəqiqləşəcək və bu barədə ictimaiyyətə açıqlama verəcəyik".
Qeyd edək ki, dekabrın 3-də H. Məmmədov müalicə olunduğu Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə müəssisəsində özünü asıb. Onun meyiti müalicə müəssisəsində asılmış vəziyyətdə tapılıb.
H.Məmmədov 2016-cı il aprelin 25-də səhhətindəki problemlə bağlı Penitensiar Xidmətin Binə qəsəbəsindəki İxtisaslaşdırılmış Müalicə müəssisəsinə köçürülüb. Ona ağciyər xəstəliyi ilə bağlı diaqnoz qoyulub.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, polkovnik-leytenant H.Məmmədov 2005-ci il martın 10-da artıq ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi "Qara kəmər" əməliyyatı nəticəsində mütəşəkkil dəstə üzvləri ilə birlikdə həbs edilib. H.Məmmədov həmin il fevralın 10-da Beynəlxalq Bankın İdarə heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanı oğurlayandan sonra Milli Təhlükəsizlik Nazirliyi mütəşəkkil dəstənin üzvlərinin izinə düşərək bir ay sonra onları zərərsizləşdirib.
2006-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Məmmədov və dəstənin üzvü kimi təqsirləndirilən, həmin vaxt Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsində çalışan general Zakir Nəsirov və bir neçə dəstə üzvü ömürlük azadlıqdan məhrum edilib. Z.Nəsirovun cəzası bu ilin mart ayında 15 illik cəza ilə əvəz edilib və cəzasının çəkilməmiş hissəsi bağışlanaraq azadlığa buraxılıb.