Rektorun cızma-qara portreti:korrupsioner, tədrisdən bixəbər, nurçuluğa məhəbbət
Ağ köynəkli, qara qalstuklu və qara şalvarlı nurçuların ilk dəstəsi universitetə “quzğun” kimi tökülüblər
Yenixeber.org: Bu gün Azərbaycan Texnologiya Universitetində (ATU) vəziyyət əvvəlki illərlə müqayisədə daha da bərbaddır. Rektor Akif Süleymanov, 2015-ci ilin fevral ayında Maliyyə Nazirliyinin yoxlamasının aşkarladığı milyonlarla manat talanı biləndən sonra qorxusundan “əyüş-üyüş” olmuşdu. Vəziyyətdən çıxış yolu kimi rektor həmin ilin aprel ayında müalicə adı ilə xaricə getdi. Amma gedərkən “al dili ilə” universitetdəki 4 dekan və mühüm şöbələrin rəhbərlərindən vəzifədən çıxmaları barədə, tarix qoyulmadan, ərizə almağı da unutmadı. Rektorun bu ərizəalma əməliyyatının sirri 6 avqust 2015-ci il tarixdə özü ilə Qafqaz Universitetindən gətirdiyi 2 nurçu propektorun təqdimatı zamanı çözülməyə başladı. (Bu haqda ötən günlərdə yenixeber.org-da yer alan yazılarda bəhs etmişik. C. H.)
ATU nurçuların girovunda
Təqdimat günü ağ köynəkli, qara qalstuklu və qara şalvarlı nurçuların ilk dəstəsi universitetə “quzğun” kimi tökülmüşdülər. A.Süleymanovun ah-vayla gedişi, hay-haraylı qayıdışı ilə əvəzlənmişdi. İndi həmin günü, yəni 6 avqust tarixini ATU-nun rektoru və onun nurçu ətrafı “qayıdış günü” kimi qeyd edirlər.
Hal-hazırda ATU-da əsas vəzifələr ancaq nurçulara tapşırılır. Bir il yarım müddətdə universitetdə işə götürülən nurçuların və onlarla əlaqəli olanların sayı 100 nəfərdən çoxdur. Onlar bir qayda olaraq, eyni ilə Türkiyədəki FETÖ-çular kimi “attestasiya”, “işə qəbul imatahanları” keçirir, öz adamlarını qəbul edir, özlərindən olmayanları isə yola salırlar.
İndi məlum olur ki, A.Süleymanov nurçuları vəzifəyə gəldiyi ilk gündən universitetə yığmalı imiş. Sadəcə Akif müəllim bu gizli plana bir balaca öz düzəlişini edib, vaxtı uzadıb. Adını da qoyub ki, guya universitetdə elə “əjdahalar” var ki, nurçuları indi kütləvi formada yığmaq mümkün deyil. Onunla təmasda olanlar yaxşı bilirlər ki, rektor universitetin işçilərindən ilk gündən gileylənirdi ki, “burada etibarlı adamlar yoxdur, adamı arxadan vururlar” və s.
Əslində isə həqiqət elə deyildi. “Gözünə döndüyüm” Akif Süleymanov vəzifəyə gələn kimi “şəffaf işləməyə” necə girişdisə, bir də başını qaldıranda gördü ki, artıq universitetdə milyonlarla manat talan var. Amma, əlində olanla, “talanı göstərən rəqəm” bir-birinə uyğun gəlmirdi. Niyəsini özü hamıdan yaxşı bilir...
2015-ci il aprelin sonunda Akif müəllim dəqiq bilirdi ki, qara günə qoyduğu universitetin maliyyəsindən neçə milyon manat talanıb. Onun, uşaq kimi “mənim xəbərim yoxdur, məni aldadıblar” deməsinə Gəncədə heç kim inanmır. Gəncədə heç onun “göz yaşlarına” da inanmırlar. Gəncədə onu dəqiq bilirlər ki, A.Süleymanovun rəhbərliyi zamanı universiteti süngüdüblər və Gəncə Ağır Cinayətlər Məhkəməsində artıq neçə aydır ki, məhkəmə prosesi davam edir.
Bir məşhur bayatımızda olduğu kimi:
“Ordubada,
Yol gedir Ordubada,
Sərkərdə qoçaq olsa,
Heç verməz ordu bada”.
Rektor A.Süleymanov bir dəfə, birmənalı olaraq “ordunu bada verib”. Görəsən o, məhkəmədə əzab çəkən bir məzlum mühasiblə, bir məzlum fəhləyə görə kollektiv, şəhər əhalisi və təhsil-elmi ictimaiyyəti qarşısında demirəm, heç olmasa namaz qıldığı zaman “ordunu bada verdiyinə görə” Allah qarşısında xəcalət çəkirmi? Allahdan əfv diləyirmi?...
Gəncə göz yaşlarına inanmır
A.Süleymanov 31 avqust 2015-ci il tarixdə pisniyyət nurçulara 2-3 min manat əlavə əmək haqqı verilməsi barədə 223 saylı əmri imzalayanda yoxlama aktlarının mürəkkəbi qurumamışdı. Unutmamalı idi ki, yoxlama vərəqlərində onun imzası ilə ölülərə, işdən çıxmışlara, tələbələrə və digər kateqoriya adamlara böyük-böyük rəqəmlərlə ifadə olunan “əmək haqqı yazılması” faktları öz əksini tapıb. Və milyonlarla manat talanı necə formalaşdırdığını yaxşı bilirdi.
Tutaq ki, “Gəncə göz yaşlarına inandı” və qəbul etdi ki, nurçular gələnə qədər Akif müəllimi aldadıblar. Sual verməzlərmi ki, bəs nurçulara hər ay 2-3 min manat əlavə əmək haqqı vermək barədə əmri imzalayanda onu kimlər aldadıb? Axı onun dediyi “aldadanlar” çoxdan ondan uzaqda idilər...
Normalda “ordunu bada verən sərkərdəyə” heç vaxt yeni qoşun etibar etmirlər. Görünür nurçuların yerləşmə planını həyata keçirmək və digər gizli məqsədlər naminə onun əlində olan möhürdən və imzasından faydalanmaq üçün “ordunu bada vermiş sərkərdəyə” yüngülvari töhmət verib “qoşun başına” qaytarmaqda bir hikmət var. Akif müəllim, hal-hazırda nurçuların şər-böhtanı ilə özünə yaxın olan “generalları” sıradan çıxarmaqla görəvləndirilib. Onun nurçularla əl-ələ verib universiteti “Allah dağıtmış kimi dağıtması” əvvəlki dağıntıdan qat-qat yüksək olacağı görünür.
Biril yarımda universitetə gətirilən avadanlıq və köməkçi materiallar öz dəyərindən daha yüksək qiymətlərlə alınır. Bircə ciddi yoxlama, heç olmasa əvvəlki kimi bir yoxlama, kifayətdir ki, maddi-texniki bazanın dağıdılması, tədris-təlim prosesində yol verilən fırıldaqlar üzə çıxsın. Onda məlum olar ki, şişirdilmiş ştatlar, yalançı dərs saatları, ölü canlar, saxtalaşdırılmış imtahanlar və nurçuların digər gizli pulyığma oyunları nəticəsində təhsilə, elmə, ümumiyyətlə kadr hazırlığına vurulan ziyanın miqyası nə qədərdir?
Nurçuların “üysük oynatması”
Bir həqiqətdir ki, istənilən düz əyilə bilər, amma onu düzəldib əvvəlki vəziyyətinə gətirmək olmaz. Daha doğrusu, düz əyilə bilər, əyridən isə düz olmaz! Lakin “töhmətlə düzələn” rektor, təbiətən əyri nurçuların diqtəsi ilə, daha ölülərə maaş yazılmasına yol vermir. Amma əvvəlki hoqqalar indi “diri nurçulara” yazılan böyük maaşlar,
Türkiyəyə, Londona və s. dəfələrlə təkrarlanan ezamiyyət xərcləri, mükafat, yardım və başqa adlarla gerçəkləşdirilir. İndi universitetdəki maliyyə fırıldaqları nurçulara xas “üysük oynatma” üsulu ilə həyata keçirilir. Universitetdə 15 nəfər tyutor vəzifəsinə işçilər götürüb. Tədris işləri üzrə nurçu prorektor Vüqar İsmayılovun göstərişi ilə işə götürülən tyutorlardan ancaq 2 nəfərin magistr təhsili var. Halbuki AR Nazirlər Kabinetinin 24.12.2013-cü il tarixli 348 saylı qərarı ilə təsbit edilmiş qaydaların 5.2 bəndində çox açıq yazılıb ki, “tyutorlar ən azı magistr dərəcəsi və bu sahədə müəyyən təcrübəsi və səriştəsi olan şəxslər arasından seçilirlər”. Lakin nurçular üçün qanun və əsasnamələrin tələblərinin heç önəmi yoxdur. Vüqar abi Nazirlər Kabinetinin müvafiq qərarı tələblərinin acığına və öz məkirli nurçu planlarına uyğun olaraq tyutor vəzifəsinə bakalavr təhsili olanlardan və hal-hazırda əyani təhsil alan magistlərdən seçərək yerləşdirib.
“Birinci döyüşü uduzan sərkərdə, ikinci döyüşü də çoxdan uduzub”. Artıq tədris üzrə nurçu prorektor V.İsmayılov özü vəzifəyə adam qoyub, özü də çıxarır. Məsələn, Tədris Şöbəsinin müdiri Piri abini Təlim-Tərbiyə İşləri üzrə prorektor kimi işlədir, onun yerində magistratura şöbəsinin müdiri Sadiq abini əyləşdirib, möhürü də tapşırıb ona. Yeni fakültələr yaradıb, rəhbərlərini də tapıb, qalır “sərkərdəyə” imza attırmaq, o da olacaq... Bu saxta alim, Vüqar abi cəzasızlıqdan o qədər “yellənib” ki, əyani təhsil alan fəlsəfə doktorantlarının bəzilərini bir neçə ştatda işlətməkdən çəkinmir. Öz yaxın həmfikirlərinin iki və daha çox ştatda çalışmasına şərait yaradır. “Sərkərdə” isə bu vəziyyətdən məmnundur...
Müəllifini bilmədiyim bir şerdə deyildiyi kimi
“Əyriyə yer yoxdu düz aləmində,
Əyri də düz gedir öz aləmində”.
6 avqust 2016-cı il tarixdən bəri ATU-da nurçu prorektorlar V.İsmayılov və S.Yusifovun Təhsil Nazirliyi ilə əmək müqaviləsi bağlanmadan işlədilməsi təəccüb doğurur və çox şübhəlidir. Bu yolverilməz hal universitetdə qəbul olunduğundan, onlar da universitetdə çoxsaylı işçiləri əmək müqaviləsi bağlanmadan işlətməkdədirlər. Təəssüflər olsun ki, bu qanunsuzluğa Əmək Müfəttişliyi və Təhsil Nazirliyi biganəlik göstərirlər. Vüqar abinin kefi istəyəndə də olmayan əmək müqaviləsinin xitamı barədə rektora əmr imzalatdıra bilir.
Akif Süleymanov və nurçular “ordunu dağıtmaqla” onu növbəti dəfə bada verməyə aparmaqdadırlar, Təhsil Nazirliyi və digər əlaqədar təşkilatlar isə hələlik heç nə “görmür, eşitmir və bilmirlər”(?)
Cahangir Hacıyev: ATU-nin sabiq kafedra müdiri, professor
Redaksiyadan: qarşı tərəfi də dinləməyə hazırıq.