“Milyonluq qalmaqal”la bağlı məhkəmədə vəkildən imtina ...
Elman Məmmədov addımının səbəbini açıqlamayıb, zərərçəkən Ramazan Səlimov isə prosesdə iştirak edə bilməyib
"Xeberinfo.com": Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Mübariz Məmmədovun sədrliyi ilə dələduzluqda ittiham olunan sabiq hakim Həsənəliyev, Elman Məmmədov və Taleh Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Zərərçəkən Ramazan Səlimovun vəkili Iradə Cavadova “Azadlıq”a bildirib ki, o və müvəkkili dünənki prosesə qatıla bilməyib: “Gəncədə hava şəraitinin pis olması ilə bağlı təyyarə bir qədər yubandı. Bu baxımdan prosesə çata bilmədik”.
Bununla belə Iradə Cavadova məhkəmədə baş verənlər barədə məlumatlı olduğunu deyərək bilgilərini bizimlə bölüşüb. “Məndə olan məlumata görə, təqsirləndirilən Elman Məmmədov vəkili Adəm Məmmədovdan imtina edib. Lakin bunun səbəbi mənə bəlli deyil. Bundan sonra proses təxirə salınıb. Məhkəmə noyabrın 24-25-26-da davam etdiriləcək”,- deyə Iradə Cavadova bildirib.
Vəkil Adəm Məmmədov isə müvəkkilinin ondan imtina etməsilə bağlı “Azadlıq”a bunları deyib: “Açığı bunun səbəbi bəlli deyil. Elman Məmmədov nə üçün məndən imtina etdiyinin səbəblərini açıqlamayıb. Bu mənim üçün gözlənilməz oldu və onun bu addımına təəccübləndim”.
Xatırladaq ki, istintaq materiallarına görə, Həsənəliyev Ramazan Səlimov adlı şəxsə vəzifədə olan tanışları vasitəsilə onu icra başçısı təyin etdirəcəyi barədə vəd verib. Bu işin müqabilində Ramazan Səlimovdan 1 milyon dollar (800 min manat) istənilib.
Iş materiallarından belə aydın olur ki, pulun böyük hissəsiəvvəlcədən verilib. Belə ki, Həsənəliyev Ramazan Səlimovdan 2011 və 2012-ci illərdə hər dəfə 300 min olmaqla iki dəfəyə ümumilikdə 600 min manat pul alıb. Bildirilib ki, qalan 200 min manat da sərəncam imzalanandan sonra verilməlidir.
Ramazan Səlimov xeyli müddət gözləyib və nəhayət, ötən ilin martında Nərimanov Rayon Polis Idarəsi 16-cı polis bölməsinə şikayət edib. Həmin şikayətdən sonra Həsənəliyev 600 min manatın 250 min manatını ona qaytarıb.
Iş materialları arasında Həsənəliyevə hər dəfə 300 min manat olmaqla iki dəfə pul verildiyini sübut edən faktlar var. Bunların birində hakim özü Ramazan Səlimovdan 300 min manat aldığını yazıb. Digər sənəd isə notarial qaydada təsdiqlənmiş borc müqaviləsidir. Orada Ramazan Səlimovun Həsənəliyevə 300 min manat borc verdiyi göstərilib.
2007-2014-cü illərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Həsənəliyevin səlahiyyətlərinə ölkə başçısı Ilhaməliyevin sərəncamı ilə bu ilin fevral ayında xitam verilib.
Təxminən 5 ay sonra Həsənəliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) və 312.2-ci (rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.