12 gün ərzində yeni koronavirus şübhəsi ilə İranın Qum xəstəxanalarında 1 325 nəfər yatırılıb.

Yenixeber.org: Bunu İranın Qum vilayəti Tibb Elmləri Universitetinin rektor əvəzi Əli Əbrazə deyib. Onun sözlərinə görə, onların 610 nəfəri tam şəkildə sağalaraq evə buraxılıb.

Əbrazə əlavə edib ki, analizlərin nəticələrinə görə, indiyədək Qumda 139 nəfər yeni koronavirusa yoluxub. Onlardan 80 nəfəri sağalıb.

İranlı həkim 725 nəfərin xəstəxanalarda yatırıldığını deyib: “Qumda 4 xəstəxanada xəstələrə müalicə pulsuzdur. Müraciət edənlərin sayının artdığına görə daha bir xəstəxananın ayrılması nəzərdə tutulub”.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi indiyədək 1501 nəfərin yeni koronavirusa yoluxduğunu, 66 nəfərin öldüyünü və 291 nəfərin sağaldığını təsdiqləyib.