Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

Bir kərə yüksələn bayraq bir daha enməz!

 

Sabah Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunacaq.

 

"Xeberinfo.com":Bu, müstəqil Azərbaycanın sayca beşinci Dövlət Bayrağı Günü olacaq. Belə ki, Azərbaycanda Dövlət Bayrağı Günü rəsmən 2010-cu ildən qeyd olunur.

 

2009-cu il noyabrın 18-də Azərbaycan prezidenti İlham Əliyev 9 noyabr tarixinin Dövlət Bayrağı Günü kimi qeyd olunması haqqında sərəncam imzalayıb. Prezidentin təklifi ilə Milli Məclis Əmək Məcəlləsinə müvafiq dəyişiklik edib və dəyişikliyə əsasən, Dövlət Bayrağı günü qeyri-iş günü hesab olunur.

 

2010-cu il sentyabrın 1-də isə Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının - Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olub. Bayraq dirəyinin hündürlüyü 162 m, bünövrəsinin diametri 3,2 m, bünövrənin üst hissəsinin diametri 1,09 m-dir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadrat metr, çəkisi isə təqribən 350 kiloqramdır. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

 

Bayrağımız necə yarandı?

 

Azərbaycanın hazırkı dövlət bayrağı - üçrəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yadigarıdır. Amma Türk və İslam dünyasında ilk demokratik respublikanın ilk bayrağı heç də üçrəngli bayraq olmayıb...

 

1918-ci il mayın 28-də tarixdə sayca 114-cü türk dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Həmin il iyun ayının 21-də Azərbaycan hökuməti dövlətin əsas rəmzi olan bayraq haqqında qərar verdi. Həmin qərarda deyilirdi: “Üstündə qırmızı fonda ağ səkkizguşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdiq edilsin”.


O dövrdə Azərbaycan bayrağı Osmanlı Türkiyəsinin  bayrağı ilə eynilik təşkil edirdi. Fərq yalnız onda idi ki, Osmanlı Türkiyəsinin bayrağında hilalın qarşısındakı ulduz beş guşədən, AXC-nin bayrağında isə səkkiz guşədən ibarət idi.

 

İlk bayrağımız haqqında verilən qərar bir çox səbəblərlə izah edilir. Bəzi tədqiqatçıların fikrincə, Azərbaycan Cümhuriyyəti bununla türk xalqı olaraq böyük bir mədəniyyət sisteminə əsaslandığını sübut edir və Azərbaycanın xilasını da qardaş Türkiyənin köməyində görürdü. Təsadüfi deyil ki, AXC ilk siyasi, diplomatik və hərbi müqaviləni 1918-ci il iyunun 4-də məhz Osmanlı Türkiyəsi ilə bağlamışdı.

 

Bakı Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Nəsiman Yaqublunun dediyinə görə, Gəncəyə gəlmiş Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın ətrafındakı “ilhaqçılar” qrupu bu müqavilə əsasında Azərbaycanın Türkiyəyə birləşməsi ilə bağlı ciddi təbliğat aparırdılar: "Hətta o zaman Nuru Paşanın təkidi ilə Milli Şura fəaliyyətini dayandırmış, Tiflisdə yaradılan 1-ci hökumət kabinəsi buraxılmış, Gəncədə 2-ci hökumət kabinəsi formalaşmışdı. Qırmızı rəngli bayrağımız da məhz həmin gərgin məqamlarda - ikinci hökumət kabinəsi formalaşandan dörd gün sonra qəbul edilmişdi".

 

Bu qərarı isə Türkiyə əleyhdarları bəyənmədilər. Hər iki türk dövlətinin - həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də Osmanlı Türkiyəsinin eyni bayrağı qaldırması AXC hökumətinə təzyiqlərin artmasına səbəb oldu. Xüsusilə anti-türk qüvvələr (daşnaklar, bolşeviklər və s.) Azərbaycan Cümhuriyyətini Türkiyənin bir hissəsi olmaqda ittiham edir, onun müstəqilliyinə kölgə salmağa çalışırdılar. Bütün bunların doğru olmadığını sübut etmək üçün Məhəmməd Əmin Rəsulzadə başda olmaqla Cümhuriyyətin qurucuları milli bayrağı yenisi ilə, yəni üçboyalı bayraqla əvəz etməli oldular. 1918-ci ilin noyabrın 9-da yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan üçrəngli bayraq Azərbaycan Cümhuriyyətinin dövlət bayrağı elan edildi”.

 

Nəsiman Yaqublu bayraq dəyişikliyinin digər mühüm səbəbini də açıqlayır: "1918-ci ilin noyabrında Mudros müqaviləsi şərtlərinə uyğun olaraq, Osmanlı Türkiyəsi öz qoşunlarını Azərbaycandan çəkmək məcburiyyətində qaldı. İngilislərin ümumi nəzarətinə verilmiş Bakıya gələn general Tomson hələ Ənzəlidə olarkən “Mən Türkiyə intriqası ilə yaradılan bir dövlət tanımıram” deyərək, Azərbaycanın istiqlalını şübhə altına almışdı. Belə bir vəziyyətdə ingilisləri və general Tomsonu Türkiyənin bayrağının oxşarı olan bir bayraqla qarşılamağa artıq səbəb qalmamışdı. Odur ki, 1918-ci ilin noyabrın 9-da qırmızı rəngli bayrağın yerinə üçrəngli bayrağın yaradılması haqqında Məhəmməd Əmin Rəsulzadənin və onun başçılıq etdiyi Azərbaycan Milli Şurasının təklifi qəbul edildi". Lakin gözlənilənlərin əksinə olaraq, yeni üçboyalı bayraq özündən əvvəlki təkboyalı al-qırmızı bayrağı nəinki inkar etmədi, əksinə, mənəvi-ideoloji mənada onu tamamladı.

 

Rənglər nəyi ehtiva edir?

 

Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir. O, 1907-ci ildə iyul ayının 10-da Bakıda özünün nəşr etdiyi “Füyuzat” (bolluq, bərəkət mənasındadır) jurnalındakı bir məqaləsində “Türk hissiyyatlı, İslam etiqadlı, firəng qafalı olalım” deməklə, bütün türk xalqlarının ortaq məfkurəsinə çevrilən "Türkləşmək, İslamlaşmaq, Müasirləşmək" ideyasının təməlini qoymuşdu. Bu fikri sonradan böyük mütəfəkkir Ziya Göyalp belə ifadə etmişdi: “Türk qanlı, İslam imanlı, Avropa mədəniyyətli”. Ə.Hüseynzadənin bu üçlü düsturuna görə, hər müsəlman-türk müasir ruhlu olmalı, milli və dini birlikdən çıxış etməlidir.

 

AMEA Fəlsəfə və Hüquq İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin sözlərinə görə, Ə.Hüseynzadənin ideoloji-fəlsəfi baxışlarında milli və dini kimlik bir yerdə götürülürdü: "Əlibəy Hüseyn­za­də bunu belə izah edirdi ki, İslam istisna olmaqla türklərin əksəriyyəti baş­qa dinlərə ciddi şəkildə meyl və istedad göstərməmiş, gös­tə­rən­­lər isə öz etnik mənşələrini belə unutmuşlar. Ancaq mü­səl­­man türklər həm İslam aləminin mühüm bir istinadgahına çevrilmiş, həm də öz tayfa və milliyyətlərini qoruyub-sax­lamı­şlar".

 

Üçboyalı bayrağın ideya müəllifi Əli bəy Hüseynzadə olsa da, onu müstəqil Azərbaycan-türk dövlətinin bayrağı kimi əbədiləşdirən M.Ə.Rəsulzadə olmuşdu. 1915-ci il oktyabrın 2-də Bakıda nəşrə başlayan “Açıq Söz” qəzetinin ilk sayında baş redaktor M.Ə.Rəsulzadənin “Tutacağımız yol” adlı baş məqaləsi çap edilmişdi. Həmin məqalədə vaxtilə Ə.Hüseynzadənin məşhur üçlü düsturu belə təqdim edilirdi: “Hər bir millət azadə yaşayıb da tərəqqi edə bilmək üçün 3 əsasa istinad etmək məcburiyyətindədir: Dil, Din və Zaman... Dilcə - biz türküz, türklük milliyyətimizdir. Dincə - müsəlmanız. Hər bir din inananları arasında məxsusi bir mədəniyyət vücuda gətirmişdir ki, bu mədəniyyət də bir beynəlmiləliyyət səbəbi təşkil edir. Zamanca da - biz texnikanın, elm və fənnin möcüzələr yaradan bir dövründəyiz. Demək ki, sağlam, mətin və oyanıq məfkurəli bir milliyyət vücuduna çalışmaq istərsək - ki, zaman bunu tələb ediyor - mütləqa 3 əsasa sarılmalıyız: Türkləşmək, Müasirləşmək və İslamlaşmaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam