Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

İlham Əliyev 8 fərman imzaladı

İlham Əliyev 8 fərman imzaladı

 

 

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.

Yenixeber.org: Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini və 114-cü maddəsinin IV hissəsini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.

***

19:25

Prezident İlham Əliyev “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.

***

20:20

Prezident İlham Əliyev Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Zəngin mədəni-mənəvi irsə, çoxəsrlik tolerantlıq ənənələrinə, nümunəvi dövlət-din münasibətləri modelinə malik olan və fərqli sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycan tarixən çoxkonfessiyalı məkan olmuşdur. Müasir dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən etnik-dini tolerantlıq Azərbaycan cəmiyyətinin birgəyaşayış normasına çevrilmişdir. Hazırda Azərbaycan nəinki Cənubi Qafqazda, bütün Yaxın və Orta Şərqdə İslam mədəniyyətinin, tolerant mühitin formalaşdığı, radikal baxışlara ictimai qınağın və dövlət nəzarətinin effektiv vəhdətinin mövcud olduğu nümunəvi ölkələrdən biridir.

Respublikamızda həyata keçirilən din siyasəti demokratik dövlət quruculuğu kursuna, eləcə də dövlət-din münasibətlərinin mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır. Mövcud ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi və etnik-dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən dövlət siyasətinin məntiqi nəticəsidir. Azərbaycan cəmiyyətində bərqərar olmuş yüksək tolerantlıq mühitinin gücləndirilməsi müstəqil dövlətçiliyin inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunmasını və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılsın.

2. “Mənəvi Dəyərlərin Təbliği Fondunun Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

3. Müəyyən edilsin ki:

3.1. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu (bundan sonra – Fond) mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyi göstərən qeyri-kommersiya hüquqi şəxsdir;

3.2. Fondun saxlanması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayrılan vəsait, habelə kreditlər, qrantlar və texniki yardımlar, fiziki və hüquqi şəxslərin ianələri və qanuna uyğun əldə etdiyi digər vəsaitlər hesabına həyata keçirilir;

3.3. Fondun nizamnamə kapitalı 100 000 (bir yüz min) manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır;

3.4. Fondun fəaliyyətinə ümumi nəzarəti Fondun beş üzvdən ibarət Himayəçilik Şurası həyata keçirir;

3.5. Fondun fəaliyyətinə cari rəhbərliyi Fondun İcraçı direktoru həyata keçirir.

4. Fondda təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

4.1. Azərbaycan Respublikasının Prezidentinə:

4.1.1. Fondun nizamnaməsinin təsdiqi və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

4.1.2. Fondun icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

4.1.3. Fondun yenidən təşkili və ləğvi;

4.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

4.2.1. Fondun işçilərinin say həddinin və əməkhaqlarının müəyyən edilməsi;

4.3. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə:

4.3.1. bu Fərmanın 4.1-ci və 4.2-ci bəndlərində qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.4. Fondun fəaliyyətini təmin etmək məqsədi ilə üç ay müddətində onun inzibati bina ilə təmin olunması üçün tədbirlər görsün;

5.5. bu Fərmanla təsdiq edilən Nizamnamənin 3.1-ci bəndinə uyğun olaraq, Fondun işçilərinin say həddini və əməkhaqlarını bir ay müddətində təsdiq etsin.

5.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 3.3-cü bəndində göstərilən məbləğdə maliyyələşməni bir ay müddətində təmin etsin.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:

7.1. Fondun dövlət qeydiyyatına alınması üçün tədbirlər görsün;

7.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

***

20:48

Prezident İlham Əliyev “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanını “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 468-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1614, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346) aşağıdakı dəyişikliklər edilsin:

1. 4.8-ci bənddə “127-1.6 (üçüncü halda)” sözləri “127-1.6-cı (üçüncü halda) maddələrində, 127-2.1-ci maddəsinin ikinci cümləsində, 127-2.2-ci maddəsində, 127-2.4-cü maddəsinin birinci cümləsində (ikinci halda)” sözləri ilə əvəz edilsin.

2. 4.9-cu bənddə “127-1.8 (birinci halda),” sözləri “127-1.8-ci (birinci halda) maddələrində, 127-2.4-cü maddəsinin birinci cümləsində (birinci və üçüncü hallarda) və ikinci cümləsində (hər iki halda), 127-2.6,” sözləri ilə əvəz edilsin.

3. 5.1-ci bənddə “322.0.2,” rəqəmlərindən sonra “322.0.8,” rəqəmləri, “342.1.10,” rəqəmlərindən sonra isə “342.1.11,” rəqəmləri əlavə edilsin”.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”ni “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 467-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 542; 2013, № 1, maddə 29, № 2, maddə 117, № 3, maddə 246, № 8, maddə 909, № 10, maddə 1155, № 12, maddə 1514; 2014, № 5, maddələr 477, 487, № 9, maddə 1027, № 12, maddə 1577; 2015, № 3, maddə 271, № 9, maddə 1005, № 11, maddə 1322, № 12, maddə 1448; 2016, № 2 (II kitab), maddə 273, № 5, maddələr 859, 864, № 8, maddə 1384, № 9, maddə 1464, № 10, maddə 1647, № 11, maddə 1835; 2017, № 3, maddə 353, № 4, maddə 545, № 5, maddə 807) ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 3.15.12-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.15.13-cü və 3.15.14-cü yarımbəndlər əlavə edilsin:

“3.15.13. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinə uyğun olaraq, parklanma yerlərinin təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün, onların müraciətinə əsasən, pulsuz parklanma yerləri ayırır və onlara fərdi parklanma talonu verir;

3.15.14. fərdi parklanma talonuna dair məlumatların Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə ötürülməsini təmin edir.”.

2. 4.9.16-cı yarımbəndə “dayanacaq” sözündən sonra “meydançaları və parklanma” sözləri əlavə edilsin.

3. Aşağıdakı məzmunda 4.15.9-1-ci yarımbənd əlavə edilsin:

“4.15.9-1. dövlət avtomobil yollarında parklanma yerlərinin təşkili ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə razılaşdırılmış təkliflər vermək”.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi, aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 868 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 868 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Əsasnaməsi”ni “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 467-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 868 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 673) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Əsasnaməsi”nin 4.0.3-cü yarımbəndindən “nəqliyyat vasitələrinin parklanması xidmətlərinin” sözləri çıxarılsın və həmin yarımbəndə “göstərilməsini” sözündən sonra “, habelə nəqliyyat vasitələrinin duracaq yerlərini” sözləri əlavə edilsin”.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Latviya Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Latviya Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında 2017-ci il sentyabrın 13-də Riqa şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Latviya Respublikası Hökumətinə bildiriş göndərsin”.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Belarus Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Belarus Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında 2017-ci il sentyabrın 21-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Belarus Respublikası Hökumətinə bildiriş göndərsin”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam