Bağırovun şok dosyesi
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqin Bağırovun rayon təhsil şöbələrindəki neqativ halların ört-basdır edilməsində xüsusi rol oynadığı iddia olunur. 

Yenixeber.org: Təqdim edəcəyimiz Ağdam təhsilindəki heyrətamiz özbaşınalıqların arxasında nazirliyin bu adamının dayandığı üzə çıxıb. 


Bir müddət əvvəl deyilirdi ki, Beyləqanın sabiq təhsil şefi Xuraman Rüstəmovanın əsas himayəçisi E.Bağırovdur. 

Məsələni sabiq RİH məmuru açıqlayıb və sensasion faktlar var. Ümnumiyyətlə, internet resurslarında Eşqi Bağırov haqda xoşagəlməz məlumatlar çoxdur. 

Belə ki, Ağdam təhsilində heç bir irəliləyiş yoxdur. Qanun pozuntuları və rüşvət Ağdam təhsilinin dizini yerə gətirib. Bu barədə “Yeni Sözçü” qəzeti yazıb. 

Ağdam RİH sabiq şöbə müdiri Ramiz Qədirov dövlət orqanlarını hərəkətə keçməyə çağırıb. Onun sözlərinə görə, rayonun İmamqulubəyli qəsəbəsində 6 məktəb fəaliyyət göstərir və onlar təxminən 2 km-lik radiusda yerləşir. 

Həmin təhsil müəssisələrindən biri müasir dövrün tələblərinə cavab verən İmamqulubəyli qəsəbə tam orta məktəbidir. Qəsəbədə həmin təhsil müəssisəsi ilə yanaşı 440 şagirdlik 135 saylı köçkün tam orta məktəbi də fəaliyyət göstərir. 

Çox maraqlıdır ki, həmin 440 şagirdlik məktəbdə bu gün cəmi 280 nəfər şagird təhsil almasına baxmayaraq, həmin məktəbdə əlavə olaraq daha iki məktəb də fəaliyyət göstərir. 

Bu təhsil müəssisələri isə 87 saylı köçkün orta məktəb və 92 saylı köçkün ümumi orta məktəbidir. Bu dörd məktəbdən əlavə həmin ərazidə 5 saylı köçkün orta məktəbi də fəaliyyət göstərir. Bu məktəb əvvələr Bərdənin Şirvanlı kəndində yerləşib. 

Həmin təhsil müəssisəsinin “binası” məktəbin direktoru Ətayə Şükürovanın həyat yoldaşı Bayram Məmmədovun şəxsi vəsaitləri hesabına bir qat mişar daşından tikilib. 

Məktəb direktoru Ətayə Şükürovanın həyat yoldaşı Bayram Məmmədov Təhsil Şöbəsində məsləhətçi işləyir. 

 Ağdam sakinləri nazirliyin araşdırma aparmasını gözləyir. Ağdamın Xındırıstan kəndində köhnə hamam binasında fəaliyyət göstərən 66 saylı köçkün tam orta məktəbi ilə bağlı məsələyə də aydınlıq gətirilməsi tələb olunur. 

Çünki köhnə hamam binasında fəaliyyət göstərən məktəblə Xındırıstan kəndində yerləşən müasir tələblərə cavab verən məktəb arasındakı məsafə bir neçə yüz metrdir. 

Beləliklə nazir Ceyhun Bayramovun vəzifəsinin öhdəsindən gələ bilməməsinin nəticəsində Təhsil Nazirliyinin 06 noyabr, 2014-cü il tarixli, 1/3 nömrəli Kollegiya Qərarı icra olunmamış qalır. 

Səbahər Vəzirxan qızı Əmirova Ağadm rayon 87 nömrəli tam orta məktəbin, Mətanət Elman qızı Əliyeva Ağdam rayonu 102 saylı tam orta məktəbin, Sövqiyyə İsfəndiyar qızı Quliyeva Ağdam rayon Paşabəyli kənd tam orta məktəbin, Sevinc Kəriş qızı Quliyeva Ağdam rayonu Həsənxanlı kənd tam orta məktəbin, Əkrəm Oruc oğlu Mirzəyev Ağdam rayon 152 saylı tam orta məktəbin 3 ay sınaq müddəti olmaqla 1 il müddətinə direktor təyin ediliblər. 

Bu şəxslərin məktəb direktoru təyin edilmələri də Təhsil nazirinin 03.03.2017-ci il tarixli 126 nömrəli əmri ilə təsdiq edilmiş məktəb direktorlarının işə qəbulu qaydalarına ziddir. 

Həmin qaydalara görə, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu şəffaflıq və obyektivlik təmin edilməklə Nazirlik tərəfindən mərkəzləşdirilmiş qaydada üç mərhələdən ibarət müsabiqə yolu ilə həyata keçirilir. 

Təhsil nazirinin 15.10.2018-ci il tarixli, K-1065 saylı əmri ilə Ağdam rayonunun beş orta məktəbinə direktor təyin edilməsi zamanı bu qaydalara əməl olunmayıb.(cahan.info)