üç ölüm, müğənniyə pislik, cərraha cinayət işi...
“Elmed” klinikasında ardıcıl olaraq pasientlərin şikəst olunması, ölümü artıq tibb mərkəzinin fəaliyyətinə xitam verilməsini aktuallaşdırıb. 
 Yenixeber.org: "Elmed”in cərrahı Məhəmməd Neciyevə cinayət işi açılması artıq klinikanın bağlanması prosesini sürətləndirib.


Ona qarşı Cinayət Məcəlləsinin (CM) 314.2-ci (səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Cərrah “Elmed” Tibb Mərkəzində əməliyyat zamanı dünyasını dəyişmiş Himayil Əliyevin ölümündə səhlənkarlıq etməkdə günahlandırılır.

Artıq M.Neciyevin cinayət işinin ibtidai istintaqı başa çatıb və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. “Elmed” Tibb Mərkəzində ölüm hadisəsi bu il oktyabr ayında baş verib. 

1963-cü il təvəllüdlü Əliyev Himayil Əli oğlu oktyabrın 4-də səhər saat 11 radələrində "öd daşı və kəskin kalkulyoz" diaqnozu ilə “Elmed” Tibb Mərkəzinə daxil olub və əməliyyata götürülüb. Əməliyyatdan sonra həmin axşam saat 21 radələrində dünyasını dəyişib. 

Bundan əvvəl, müğənni Nazim Pişyari bildirib "Elmed" Tibb Mərkəzində cərrah Elman Əzimov tərəfindən əməliyyat olunub. 

Lakin əməliyyatdan sonra səhhətində daha ciddi problemlər yaranıb. Bundan sonra İsrail və Türkiyədə bir neçə əməliyyat keçirib. Hazırda vəziyyəti normaldır. 

"Faytonçu Nazim" onu əməliyyat edən həkimin səhv diaqnoz qoyduğunu və ciddi cəzalandırılmasını tələb edir. O bununla bağlı Baş Prokurorluğa, Bakı şəhər Prokurorluğuna və Binəqədi Rayon Məhkəməsinə müraciət edib.

Həmçinin, ötən il Rüstəmova Məfluqə Arif qızı "Elmed"də estetik əməliyyatdan bir neçə gün sonra dünyasını dəyişib. 

Ötən il Şəki Texnologiya Texnikomunun 19 yaşlı tələbəsi Samir Kərimlinin vaxtsız ölümündə də onu əməliyyat edən həkim günahlandırılır.

Mərhumun yaxınları criminal.az saytına bildirib ki, S.Kərimlinin gənc yaşında ölümünə ''Elmed'' klinikasının travmatoloq-cərrahı İsmayıl İsayevin səhlənkarlığı səbəb olub.

S.Kərimlinin dayısı Sahib Bilalzadə deyir ki, bacısı oğlunun bütün arzuları ürəyində qaldı: ''Evin tək oğlu idi, tək bacısı var idi. Anası fəryad edir. 

Qolunun altında yaranmış ağrıya görə ötən ilin may ayında "Elmed" klinikasında işləyən qonşumuz İsmayıl həkimin yanına getdik. İsmayıl həkim MRT-nin cavabında törəmə yazılsa da, sümüyün iltiabı diaqnozu ilə əməliyyat etdi. 

Həmin əməliyyat, ümumiyyətlə, İsmayıl həkimin sahəsi deyildi. Əməliyyatdan sonra bankada ət qırıntıları var idi. İsmayıl həkim həmin ət parçasını da analizə göndərmədi. Dedi ehtiyac yoxdu. 

Bir əməliyyatdan sonra Şəkiyə gəldik. Lakin 17 gün keçəsə də, Samirin yarasından su axırdı. Yenidən Bakıya qayıtdıq və professor Əhliman Əmiraslanovun qəbuluna getdik. 

Bildirdi ki, Milli Onkologiya Mərkəzində kimya terapiyası olunmalıdır. Hətta onkologiyada kimyaterapiya şöbəsinin müdiri Rasim həkim bizə bildirdi ki, xəstəni kim bu günə qoyub, bu debilizmdir...

Samirdə 7 millimetrlik törəmə olduğu halda biopsiya olunmalı idi, amma əməliyyat ediblər. Biopsiyanın cavabında bədxassəli şiş çıxdı. 

Lakin Samiri onkologiyada müayinə etdilər, əməliyyat zamanı limfa vəzi tamamilə dağılmış vəziyyətdə idi. Əhliman Əmiraslanov da dedi ki, kimyaterapiyası alsın və ya qolu amputasiya olunmalıdır. 

Lakin bizə Onkologiyada heç kim yaxın durmurdu. Xəstənin vəziyyəti olduqca pis idi. Sağ olsun Onkologiyanın həkimləri, əllərindən gələni etdilər''.

S.Bilalzadə deyir ki, Samirin səhvən əməliyyat edildiyini biləndən sonra əsəbi halda "Elmed"ə yollanıb, lakin İsmayıl İlyasov onun qarşısına çıxmaqdan çəkinib:
 ''Şöbə müdiri məni qarşıladı, otağına apardı. 


Daha sonra İsmayıl həkim gəldi. Samirin anası İsmayıla dedi ki, balamı sən öldürmüsən. Cavab verdi ki, sənin balan öləcəkdi, mən heç nə etməmişəm''.

İ.İlyasov sözügedən sayta açıqlamasında bildirib ki, S.Kərimlini ötən ilin may-iyun aylarında əməliyyat edib. 

Onun sözlərinə görə, xəstəni mikromanupulyasiya-qansızma əməliyyatı edib: ''Sonradan məlum olub ki, onkoloji xəstəliyi var. Onun xərçəng olmasını sonradan bildik''.

Ümumiyyətlə, “Elmed” Tibb Mərkəzi əsasən müştərilərini reklamlar vasitəsilə toplayır. Lakin müştəri sonradan bu tibb ocağını seçdiyinə görə peşmanlıq hissi keçirir. 

Deyilənə görə, "Elmed" tibb mərkəzi Cəbrayılın sabiq icra başçısı Mahmud Quliyevə məxsusdur. “Elmed” Tibb Mərkəzi cərrah Məhəmməd Neciyevə qarşı cinayət işinin başlanması ilə bağlı məlumata münasibət bildirib.

Klinikanın mətbuat xidmətinin rəhbəri Yusif Osmanov Trend-ə açıqlamasında bildirib ki, hadisə oktyabrın 4-də baş verib: "Faktla bağlı dərhal cinayət işi başlanıb və istintaq aparılıb. 

M.Neciyev "Elmed" Tibb Mərkəzində müqavilə əsasında işləyib. Hadisədən sonra isə onunla "Elmed" Tibb Mərkəzi arasında bağlanan müqaviləyə xitam verilib. 

Oktyabr ayının 6-dan etibarən M.Neciyevin tibb mərkəzi ilə heç bir əlaqəsi yoxdur. Artıq 3 aydır ki, adıçəkilən cərrahla əməkdaşlıq etmirik".

Bu qədər ölüm işi, səhv diaqnozlardan sonra özünüz fikirləşin, kim bu klinikaya etibar edər?(cahan.info) 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.