Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Siyasi həbslər inqilab və ya çevriliş gözləntisindən qaynaqlanır?

 Aslan İsmayılov: “Terrorçuluğa dəstək çox ciddi ittihamdır, hakimiyyət bunu sübut ebə bilməsə, təsdiqləmiş olacaq ki, öz rəqiblərini açıq-aşkar təqib edir”

Yenixeber.org: Azərbaycanda karantin rejimi tətbiq olunandan bu yana Azərbaycan Xalq Cəbhəsi Partiyasının 30-a qədər üzvü həbs olunub. Onların əksəriyyətinə karantin rejimi qaydalarını pozma, polisə müqavimət ittihamlarıyla 30 sutkaya qədər həbs cəzası verilsə də, cinayət məsuliyyətinə cəlb olunanlar da var. Partiyanın Salyan şöbəsinin fəalı Zamin Salayev rayonda gənc qadına təcavüzdə ittiham olunan, həmin qadının bıçaqla xəsarət yetirdiyi polis əməkdaşı haqda videonu yaydığına görə aprelin 2-də 2 il 3 ay azadlıqdan məhrum edilib. Qaydasız döyüş üzrə Avropa çempionu Səid Məmmədzadə mayın 16-da övladını həkimə apararkən saxlanılıb və ona qarşı xuliqanlıq ittihamı irəli sürülüb. Partiya üzvü Niyaməddin Əhmədovun həbsi və ona verilən ittiham isə daha çox səs-küyə səbəb oldu.

N.Əhmədov partiya sədri Əli Kərimlinin mühafizəçisi olub. O, Almaniyada siyasi sığınacaq almış, sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini sərt tənqid, hətta təhqir edən Qabil Məmmədov adlı şəxslə işbirliyində təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Baş Prokurorluğun yaydığı rəsmi açıqlamada bildirilir ki, Q.Məmmədov Azərbaycanda terrora hazırlaşıb və bu məqsədlə həmyerlisi N.Əhmədova pul göndərib.

Sosial mediada bu işin N.Əhmədovla birməyəcəyi və əslində Əli Kərimlinin həbsinə hazırlıq getdiyi haqda iddialar səslənir. AXCP üzvlərinin həbslərini hakimiyyətin ölkədə hansısa qeyri-konstitusion cəhdlər (inqilab, çevriliş) gözləməsi ilə əlaqələndirənlər də var.

Hüquqşünas Aslan İsmayılov bir müddət öncə Milli Şuranın, o cümlədən AXCP-nin “vurulmuş” məmurlarla birləşib, payızda hakimiyyət dəyişikliyinə cəhd edəcəyi barədə fikir səsləndirmişdi. O, saytımıza açıqlamasında bildirdi ki, yenə bu fikrində qalır, amma son həbslərin bununla bağlı olduğunu düşünmür:

“Mən Azərbaycan müxalifətini yaxşı tanıyıram. Ona görə, icra başçıları həbs olunanda deyirdim ki, hakimiyyət mümkün çevriliş cəhdinə hazırlıqlı olmalıdır. Yenə həmin fikirdəyəm. Koronavirus dövründən çıxandan sonra iqtisadi problemlər üst-üstə yığılanda mən ölkədə inqilaba, çevrilişə cəhd edilməsini, xaosu istisna etmirəm. Fikrimcə, bu ssenaridə vəzifədən çıxarılanlardan Ramiz Mehdiyev, hər iki Əli Həsənov, Ziya Məmmədov, Cahangir Hacıyevin maliyyəsi, o biri tərəfdən dindarlar, separatçı qüvvələr iştirak edəcək. Milli Şura və AXCP də avanqard olacaq. Amma bu gün AXCP ətrafındakı həbslərin bununla bağlı olduğunu düşünmürəm. Çünki hələ tezdir, sentyabra, oktyabra qruplaşarlar.”

A.İsmayılov son vaxtlar həbs olunan cəbhəçilərdən Z.Salayevin həbsinə haqq qazandırdı. Onun fikrincə, həmin videonun yayılmasıyla polis təhqir olunub, nüfuzuna zərbə vurulub. Amma A.İsmayılov N.Əhmədovun həbsi və ona qarşı ittiham barədə fərqli fikirdədir:

“Hakimiyyət bu həbslə bağlı ciddi açıqlama verməlidir. Mən hakimiyyətin islahatını dəstəkləyirəmsə, o demək deyil ki, bəyənmədiyim təşkilata qarşı qanunsuzluğu, zorakılığı dəstəkləyəcəyəm. Terrorçuluğa dəstək çox ciddi ittihamdır, cibə narkotik atmaq deyil. Hakimiyyət bunu sübut etməlidir. Sübut etməsə, təsdiqləmiş olacaq ki, öz rəqiblərini açıq-aşkar təqib edir.”

Azərbaycandakı siyasi prosesləri təhlil edən “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev isə düşünür ki, Milli Şuranın, AXCP-nin R.Mehdiyev və digər vəzifədən çıxarılmış məmurlarla birləşib, inqilaba cəhd etməsi haqda deyilənlər əsassızdır. Onun fikrincə, hazırda AXCP-yə qarşı baş verənlər başqa qorxudan qaynaqlanır:

“Ramiz Mehdiyev uzun illər müxalifəti, Milli Şuranı əzməklə məşğul olub, ən repressiv addımlar atıb. Bir də onun yaşına, səhhətinə diqqət yetirin. Bundan sonra hakimiyyətə gəlmək üçün mübarizə aparmaq onun nəyinə lazımdır? Çox mənasız, gülməli söhbətlərdir. Ümumiyyətlə, Azərbaycanda indiyə qədər vurulmuş məmurlar inqilaba cəhd eləməyiblər. Milyonları oğurlayıb, kifayət qədər vəsaitə sahib olmuş adamların nəyinə lazımdır ki, AXCP və ya bir başqasıyla birləşib, nəsə eləsin? Axı hər şeyini itirə bilər. AXCP-nin də maliyyə durumunun ağırlığı göz qabağındadır. Kiminsə 100 manat kömək etməsi pul deyil. İnqilab eləmək üçün milyonlarla vəsaitə ehtiyac var.”

M.Əliyevin fikrincə, son aylar icra başçıları və digər məmurların həbsinin səbəbi vəzifədə olanların gözünü qorxutmaq, bu ölkədə hər kəsin əməllərinin nəzarətdə olduğunu çatdırmaqdır. Azərbaycanın son 20 ilin ən ciddi sosial-iqtisadi böhran dövrünə qədəm qoyduğunu vurğulayan M.Əliyev düşünür ki, postpandemiya dövründə bunun ağır nəticələri daha çox hiss olunacaq. Hökumət də fərqindədir ki, əhalini ağır günlər gözləyir, ona görə etiraz elektoratını indidən zərərsizləşdirir.

“Böhrandan çıxış yolları axtarmaq, cəmiyyətdə bu barədə müzakirələr aparmaq əvəzinə, öz hakimiyyətlərini qorumaq üçün repressiyalara əl atırlar. Bununla da cəmiyyəti qorxudurlar. Bu hakimiyyət zaman-zaman eyni üsullardan istifadə edir. 2005-ci ildə də AXCP-nin qərargahından silah-sursat tapılması barədə məlumatda bildirirdilər ki, guya partiya çevrilişə hazırlaşır. Vaxtaşırı atılan bu cür addımların məqsədi fəallığın qarşısını almaqdır. Çünki iqtisadi-sosial duruma görə vəziyyətin gərginləşməsi qaçılmazdır. Bu repressiyaların məhz AXCP-yə yönəlməsinin isə bir səbəbi var: son illərdə hakimiyyətlə prinsipial mübarizə aparan, mitinqlər, piketlər keçirən, ən fəal, aparıcı partiya odur. Ona görə də hədəfdədir”, – deyə M.Əliyev əlavə etdi.(pressklub)

Gülər


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam