Redaktor seçimi
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
Günün xəbəri

YAP-IN DEPUTAT "SEÇİLƏN" NAMİZƏDİNİN İKİLİ VƏTƏNDAŞLIĞI VAR?-AÇIQLAMA

 


YAP-IN DEPUTAT

İkram İsrafil: “Emin Hacıyev 11 namizəd içərisində ən az səs alacaq namizəd olmalıydı”

Xaliddin Cahangirov: “Çox böyük saxtakarlıqla üzləşdik”

Yenixeber.org: Məlum olduğu kimi, fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində saxtakarlıq hallarına görə, 4 seçki dairəsinin - 80 saylı İmişli-Beyləqan seçki dairəsinin, 35 saylı Xətai üçüncü seçki dairəsinin, 74 saylı Lənkəran kənd seçki dairəsinin, 33 saylı Xətai birinci seçki dairəsinin nəticələrini Mərkəsi Seçki Komissiyası ləğv etdi.  Ancaq sosial şəbəkələrdə yayılan saxtakarlıq faktlarından görünür ki, əslində, bütün dairələr üzrə nəticələr ləğv olunmalıdır.

Yeri gəlmişkən, sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, demək olar ki, saxtakarlıq hallarının ən çox baş verdiyi dairələrdən biri də 43 saylı Sumqayıt üçüncü seçki dairəsidir.

Qeyd edək ki, 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən deputat elan edilən Emin Hacıyevin Mərkəzi Seçki Komissiyasının rəsmi saytında 60.1% səs qazandığı göstərilir. Emin Hacıyevin vikipediyasında isə 63,5% səs toplayaraq onun Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı seçildiyi qeyd olunur.

Sözügedən dairədən namizədliyini verən Müsavat Partiyasının Məclis üzvü, keçmiş deputat İkram İsrafi bildirdi ki, 43 saylı seçki dairəsinin məntəqələrində baş verən seçki saxtakarlıqları ağlagəlməz miqyasda oldu.

“Emin Hacıyev 2007-ci ildən Azərbaycanda yaşamır, Rusiyada yaşayır”

İ.İsrafil vurğuladı ki, həmin dairədə qalib elan olunan Emin Hacıyevin ailəsi Sumqayıtda yaşamır, illərdir Bakıda yaşayır: “Özü 2007-ci ildən Azərbaycanda yaşamır, Rusiyada yaşayır. Emin Hacıyev 43-cü dairədə 11 namizəd içərisində ən az səs alacaq namizəd olmalıydı. Amma seçki günü bütün inzibati resurslar vasitəsilə seçki məntəqələrinə daşınan MKİS işçiləri, müəllimlər hətta karusel əməliyyatında nəticə əldə etdiklərinə əmin olmayandan sonra, seçki qutuları açılanda öncədən Emin Hacıyevin adına saxtalaşdırılmış bülletenləri də qarışdırmaları müşahidə olunub və bu yolla da onu bu dairənin qalibi elan ediblər.  Buna görə də 11 namizədin hər birinin şikayəti var. Biz birgə müraciət də imzalamışıq. O müraciət bu gün (red-dünən nəzərdə tutulur) artıq sosial şəbəkələrdə yayılacaq, eyni zamanda Mərkəzi Seçki Komissiyasına, Baş Prokurorluğa təqdim olunacaq”.

“Saxtakarlıqla elan olunan namizədin Sumqayıta, sumqayıtlılara heç bir aidiyyatı yoxdur”

İ.İsrafil xatırlatdı ki, o, III çağırış Milli Məclisin deputatı olub: “30 ilə yaxındır bu dairənin ərazisi daxilində 13-cü mikrorayonda yaşayıram. Bütün seçki kampaniyam dövründə Emin Hacıyevin seçki görüşlərinə yenə də müəllimləri və digər dövlət idarələrində çalışanları daşıyıb görüşlər keçirməklə, bu kampaniyaya bir don geyindirməyə çalışdılar. Artıq Sumqayıtda 43-cü dairədə olan seçki cinayətləri, saxtakarlıqları barədə MSK-ya ərizəmizi vermişik, aktlarımızı, fotolarımızı, videoları da MSK-ya təqdim etmişik, sosial şəbəkələrdə də yaymışıq. Mən ümid edirəm ki, Sumqayıtın bu dairəsinin nəticələri seçicilərin iradəsini əks etdirmədiyinə görə, ləğv olunmalı və bu dairədə yenidən seçkilər keçirilməlidir. Baxmayaraq ki, bu dairənin qalibi Sumqayıtdan özümü hesab edirəm. Bu, tək mənim düşüncəm deyil. Ona görə, seçkilərin nəticələrinin ləğv olunub, yeni seçkilərin keçirilməsi barədə MSK-ya müraciət etmişik. Bu seçkilərdə saxtakarlıqla elan olunan namizədin Sumqayıta, sumqayıtlılara heç bir aidiyyatı yoxdur”.

“Emin Hacıyevin Rusiyaya bağlı bir insan olduğu qənaətindəyik”

“Emin Hacıyevin hələ ikilivətəndaş olub-olmaması barədə heç bir açıqlama yoxdur, şübhələrimiz var. Çünki 2007-ci ildən Rusiyada yaşayır. Rusiya Xarici İşlər Nazirliyinin akademiyasında iki illik təhsil alıb. Onun Rusiyaya bağlı bir insan olduğu qənaətindəyik və onun Azərbaycan üçün heç yaxşı şeylər vəd etdiyini düşünmürük. Bütün bunlar hamısı bizdə bu dairənin nəticələrinin ləğv olunmasını və bu burada ədalətli, şəffaf, demokratik seçkilər keçirilməsi yolu ilə Sumqayıt seçicilərinin iradəsinin əks olunmasını tələb etmişik. Mən ümid edirəm ki, bu da MSK-nın qərarında əksini tapacaq”, - deyə İ. İsrafil əlavə etdi.

“Qeyd etdiniz ki, Emin Hacıyevin ikili vətəndaşlığı ilə bağlı şübhələriniz var, bunun araşdırılması ilə bağlı müraciət etmisiniz” deyə soruşduqda İ.İsrafil belə cavab verdi:  “Mən “Xural” televiziyasına müsahibəmdə bu barədə şübhələrimi demişdim, Əvəz Zeynallı da bu məsələnin araşdırılması ilə bağlı MSK-ya müraciət etmişdi. Açığı, hansısa namizədin ikili vətəndaş olub-olmaması ilə bağlı digər namizədin müraciətini doğru hesab etmədim. Çünki onun haqqında mənfi bir piar kimi olardı. O baxımdan, müraciət etmədim. Hesab edirəm ki, MSK bu məsələləri araşdırmalı və haqqında müvafiq qərar verilməliydi. Mən sadəcə şübhələrim olduğu qənaətindəyəm. Çünki o, 2007-ci ildən bəri Rusiyada yaşayır, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin idarə heyətində çalışır. Ondan öncə, Sankt-Peterburqda Azərbaycanın Baş Konsulluğunda çalışıb və bütün kampaniyası dövründə Leyla  Əliyevanın şəxsən tapşırığı ilə onun buradan mütləq deputat olması iddiaları səslənirdi. Mən düşünürəm ki, bu da çox ciddi araşdırılmalı və hüquqi qiymət verilməlidir”.

“Baş verən bu saxtakarlıqlar misli bərabəri olmayan bir biabırçılıq idi”

43 saylı Sumqayıt üçüncü seçki dairəsindəki saxtakarlıqlardan şikayətçi olan ADP-nin deputatlığa namizədi Xaliddin Cahangirov isə bildirdi ki, təşviqat kampaniyası dövründə ciddi dəstək əldə etsə də, ona verilən səslər saxtalaşdırılıb: “Biz çox düzgün formada təbliğat-təşviqat kampaniyamızı qurmuşuq. Özüm şəxsən iki minə yaxın evdə seçicilərlə görüşmüşəm. Seçicilərin mənə səs verdiyini şəxsən öz dillərindən eşitmişəm, ancaq çox böyük saxtakarlıqla üzləşdik. Seçki günü və seçki günündən öncə baş verən bu saxtakarlıqlar misli bərabəri olmayan bir biabırçılıq idi. “JEK” işçiləri “karusel” əməliyyatlarında iştirak edirdilər, məntəqə-məntəqə gəzirdilər. Mən şəxsən özüm gözümlə şahid olmuşam, bu barədə akt bağlamışam. Yerli dairəyə şikayət vermişik, MSK-ya da müraciət etmişik. Tək mən narazı deyiləm, orada bir neçə namizəd var, hamısı bu saxtakarlığın canlı şahidi olublar və etirazlarımızı da bildirmişik. Heç kimə məhəl qoymadan bu saxtakarlıq açıq-aydın davam edib”.

“Bu dəfə elə bir seçki keçirdilər ki, saxtakarlığa görə köhnə seçkiləri kölgədə qoydu”

X. Cahangirov qeyd etdi ki, bu saxtakarlıq üçün müəllimlərdən çox güclü istifadə olunub: “Müəllimlər topa-topa bülletenləri müşahidəçilərimizin, vəkillərimizin gözü qarşısında qutuya atıb. Etiraz edənləri polis çağırıb məntəqədən uzaqlaşdırıblar. O video rolikləri də “feysbuk” səhifəmizdə paylaşmışıq. Buna “seçki” demək qeyri-mümkündür. Biz cənab prezidentin Davosda verdiyi bəyanata çox inandıq, düşündük ki, seçkilər nisbətən demokratik  keçiriləcək, köhnə “adət-ənənə” ləğv olunacaq. Amma bu dəfə elə bir seçki keçirdilər ki, saxtakarlığa görə köhnə seçkiləri kölgədə qoydu. Bizim dairədə 34 məntəqə var idi. Elə bir məntəqə yox idi ki, orada saxtakarlıq olmasın. Əgər həqiqətən bizim verdiyimiz şikayətlərə hüquqi müstəvidə düzgün baxılsa, orada seçkinin nəticələri ləğv olunmalıdır”.

“Biz şübhələnirik ki, onun ikili vətəndaşlığı var”

“Emin Hacıyevin ikili vətəndaş olmasından şübhələnirik. Bizim dairədən bir neçə namizəd o barədə MSK-ya şikayət edib. Çünki o, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin idarə heyətinin üzvü, həm də orada məsul katibdir. Özü tərcümeyi-halında belə göstərib. Ona görə, biz şübhələnirik ki, onun ikili vətəndaşlığı olsun. Onu da şikayət etmişik. Düzgün araşdırma getsə,  aydın olacaq”, - deyə deputatlığa namizəd əlavə etdi.

“Bizə verilən səsləri də etibarsız ediblər”

Xaliddin Cahangirov onu da vurğuladı ki, seçki günü ərzində saxtakarlıq etdiklərinə baxmayaraq, axşam da bülletenlər bağlı qapılar arxasında “sayılıb”: “Heç bir namizədin vəkilinə, müşahidəçisinə icazə verilməyib. Şəxsən mənim müşahidəçələrimə, vəkillərimə məntəqələrdə yekun protokol verilməyib. Əlavə bülletenlər gətirilib, qarışdırılıb. 29, 33, 34-cü məntəqələrdə çox biabırçı vəziyyət yaranıb, qapını bağlayıblar. Müşahidəçilər də onu videoya çəkib. Mən onu “feysbuk” səhifəmə qoymuşam. Hətta yekun protokol bizə verilməyib ki, biz bilək, bu qədər saxtakarlıq içində biz nə qədər səs yığmışıq. Məlumat almışıq ki, bizə verilən səsləri də etibarsız ediblər. Müxalifət nümayəndələrinə verilən səsləri azaltmaq məqsədilə əksəriyyətinin orada etibarsız ediblər. Belə hallar çox iyrənc səviyyədə baş verib”.

Şamo EMİN, Hurriyyet.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam