Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

MOSKVA AZƏRBAYCANLA ERMƏNİSTANI BARIŞDIRMAĞA HAZIRDIR

Vladimir Muxin

“Nezavisimaya qazeta”

11 oktyabr 2018-ci il

Rusiya hərbi sahə də daxil olmaqla, postsovet dövlətlərinin inteqrasiya cəhdlərini davam etdirir. Bu yaxınlarda Düşənbədə keçirilən MDB dövlət başçılarının sammitindən sonra oktyabrın 12-i Daşkənddə MDB müdafiə nazirlərinin növbəti iclasına hazırlıqlar gedir. MDB-nin İcraiyyə Komitəsinin mətbuat xidmətindən verilən məlumata əsasən, iclasın gündəliyində 10 məsələ yer alıb. Onlardan ən asası terrorizm təhlükəsi və Mərkəzi Asiya regionundakı vəziyyətdir.

Yenixeber.org: Hərbi-diplomatik mənbələrin məlumatında deyilir ki, Rusiya Federasiyası və Belarusun təşəbbüsü ilə müdafiə nazirləri qeyri-formal şəraitdə keçmiş SRRİ ərazisindəki dondurulmuş münaqişələrin kollektiv həll yolunu müzakirə etmək niyyətindədir. Sentyabrın 28-i Düşənbədə keçirilən sammitdə Belarus prezidenti Aleksandr Lukaşenko və Rusiya lideri Vladimir Putin arasında yuxarıdakı məsələ ilə bağlı məxfi danışıqlar gedib. Bu əlaqələri şərh edən Belarus prezidenti xüsusilə qeyd edib ki, MDB ərazisində təhlükəsizlik sahəsində “NATO-nun genişlənməsi ilə əlaqədar amillər, habelə dondurulmuş hərbi münaqişələrlə bağlı başqa aspektlər üstünlük təşkil edir”. “İndi sammitdə bu barədə təkcə bir prezident danışmayıb (Vladimir Putin nəzərdə tutulub – red.), – deyə Lukaşenko bildirib. – Mən də, Nursultan Abişeviç də (Nursultan Nazarbayev – red.) bu barədə danışmışıq. Şərqi Ukrayna, Dnestryanı, xüsusilə Dağlıq Qarabağ problemləri. Bu qordi düyünlərini kəsmək üçün təşkilatlanmağımız lazımdır. Və başqa tədbirlər də lazımdır”.

Rusiya və onun kollektiv müdafiə üzrə müttəfiqləri ümumsiyasi və diplomatik səviyyədə postsovet münaqişələrinin həllində iştirak edir. Rusiya Federasiyası, Belarus və Qazaxıstan Donbasdakı vəziyyətin tənzimlənməsində müəyyən aktivlik göstərir. Onlar həmçinin beynəlxalq təşkilatlar (ATƏT-in Minsk qrupu, BMT və xüsusilə KTMT) çərçivəsində Dağlıq Qarabağ və Dnestryanı münaqişələrin həllini hədəf alıblar. Amma hərbçiləri mövcud proseslərə cəlb etmədən bunu etmək çətindir.

Təsadüfi deyil ki, Düşənbə sammitinin meydanında ünsiyyət quran Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi regionunda təmas xətti və dövlət sərhədlərində gərginliyi azaltmaq üçün konkret addımlar atmaqla bağlı hər iki ölkənin müdafiə nazirlərinə tapşırıq veriblər. Paşinyan operativ rabitə kanalının yaradılması ilə bağlı Azərbaycan prezidenti ilə razılığa gəldiyini bildirib: “Texniki detalları müzakirə etmədik, amma müvafiq operativ rabitə sisteminin yaradılması ilə bağlı razılığa gəldik. Əgər atəşkəs rejiminin tamamilə qorunub saxlanılmasını istəyiriksə, onda bu cür əlaqə olmalıdır”.

Ermənistan və Azərbaycan rəhbərləri arasında əlaqə Rusiya Müdafiə Nazirliyinin iştirakı ilə iki ölkənin hərbi qurumları tərəfindən tez və effektiv şəkildə təşkil edilə bilər. Görünür, bu məsələ də Daşkənddə müzakirə ediləcək. Belə ki, MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən verilən məlumata əsasən, iclas çərçivəsində “Birgə Rabitə Sistemi, həmçinin 2020-ci ilədək MDB ölkələri silahlı qüvvələrinin fəaliyyətini informasiya təchizinin inkişafına yönəlmiş sənədlərin imzalancağı planlaşdırılır”.

KTMT çərçivəsində, məsələn, İrəvan və Moskva arasında bu cür rabitə çoxdan mövcuddur. Hərbi əməkdaşlıq üzrə tərəfdaş kimi Rusiya və Azərbaycanın da etibarlı hərbi rabitə kanalları var. “Bu kanallar Rusiya Milli Müdafiə İdarəsi Mərkəzi və ya Moskvada yerləşən KTMT qərargahının  rabitə qovşağına  birləşdirilsə, onda Paşinyan və Əliyev Moskva vasitəsilə, necə deyərlər, problemsiz, məxfi ünsiyyət qura biləcəklər”, – hərbi ekspert, general-leytenant Yuri Netkaçev əmindir. O, SSRİ dövründə Dnestryanıda yerləşdirilən 14-cü ordunun keçmiş komandanı kimi hesab edir ki, Moskva vasitəsilə Tiraspol və Kişinyov arasında bu cür rabitə fəaliyyət göstərməyə davam edir, bu da Dnestryanı-Moldova münaqişəsi zonasında vəziyyəti əyani şəkildə izləməyə bəhanə verir. “Moldova və Rusiyanın sülhməramlı hərbçiləri Dnestryanıda sabitliyi təmin edir. Eyni şəkildə Dağlıq Qarabağ və Şərqi Ukraynada da sabitliyi təmin etmək olar. Və burada rus sülhməramlıları və başqa MDB ölkələrindən göy dəbilqəlilər işə yaraya bilər. İdeya yeni deyil. Amma siyasətçilər onu danışıqlar masası arxasında reallaşdırmalıdır. Məncə, məhz hərbi-humanitar strukturlar dünyanın bir çox dondurulmuş münaqişəsində sabitliyi təmin edir, – ekspert qeyd edib. – Və yalnız sabitlik təmin edildikdən sonra münaqişə vəziyyətinin tamamilə həll edilmə prosesi başlayır”.

Netkaçev 1993-1997-ci illərdə MDB bayrağı altında Tacikistanda başladılan sülhməramlı əməliyyatı nümunə olaraq göstərib: “Onu yaddan çıxarıblar. Ancaq o, unikal əməliyyat olub, Rusiya, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan olan hərbi heyətlərin köməyi ilə Əfqanıstandan qeyri-sabitlik ixracının qarşısı alınıb və Tacikistanda dinc həyat qurulub ki, bu da indi sırf sülh şəraitində inkişaf edir”.

Öz növbəsində hərbi ekspert, polkovnik Şamil Qarayev “Nezavisimaya qazeta”-ya bildirib: “Təəssüf ki, bir sıra postsovet dövləti Rusiyanı düşmən kimi qəbul edir. Və onlar Rusiyanın keçmiş SSRİ ərazisində sülhməramlı əməliyyatlarda iştirakına qarşı çıxırlar”. Qarayev nümunə kimi sentyabrın 3-ü baş tutan GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) təşkilatına üzv ölkələrin baş nazirlərinin sammitini göstərib. Onlar “BMT-də keçmiş SSRİ ərazisindəki dondurulmuş münaqişələrin həlli haqqında qətnamə layihəsini irəlilədəcəkləri” ilə bağlı razılığa gəliblər. Bu zaman Gürcüstan, Ukrayna və Moldova rəhbərləri Rusiyanın əleyhinə çıxış edib. Xüsusilə, Moldovanın baş naziri Pavel Filip Kişinyovun əsas nailiyyəti kimi “respublika ərazisindən rus qoşununun çıxarılması barədə BMT qətnaməsinin qəbul edilməsini” qeyd edib. Onu Gürcüstanın baş naziri Mamuka Baxtadze dəstəkləyib. O bildirib ki, Rusiya “işğal edilmiş ərazilərdə yaşayan” Gürcüstan vətəndaşları üçün daha yaxşı şəraitin yaradılması üzrə həyata keçirilən səylərə əvvəlki kimi mane olur. Ukraynanın baş naziri Vladimir Qroysman öz növbəsində vurğulayıb ki, “dondurulmuş münaqişələr sadəcə yoxsulluq və insan hüquqlarının pozulmasına səbəb olur”.

Qeyd edək ki, GUAM-ın baş katibi Altay Əfəndiyev Kişinyovda baş tutan sammitdə emosional davranmayıb, Rusiya əleyhinə bəyanatlara yol verməyib. Eyni zamanda o, bir məsələyə diqqət çəkib ki, “sentyabrın 1-i Soçidə Vladimir Putinlə görüşən İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın bundan sonra da aktiv iştirakına ümid etdiyini bildirib”. Rusiya lideri isə öz növbəsində bildirib ki, “Minsk qrupunun həmsədri kimi Rusiya bu münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində köməyini davam etdirəcək”. İstisna edilmir ki, bu prosesə Sergey Şoyqunun başçılıq etdiyi Rusiyanın müdafiə nazirliyi, habelə bəzi məlumatlara əsasən, Bakının yenidən sıralarına qoşulmaq istədiyi KTMT qurumları cəlb ediləcək. (Xpressa.net)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam