Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

SURİYADAKI BƏYANATLA PUTİN SEÇKİ KAMPANİYASINI BAŞLADI –Borc və səfalət içində yaşayan ruslar niyə onu dəstəkləyir? - TƏHLİL

Mansur Mirovalev

“Al-Jazeera” (Qətər)

 

Yenixeber.org: Qərbi Suriyadakı Xmeymim hava limanına sürpriz səfəri zamanı Rusiyanın dövlət başçısı Vladimir Putin rus hərbçilərinin çəkilməsini əmr etdi və "evə qalib kimi gedirsiniz", – dedi.

Onlar, 2015-ci ilin hərbi müdaxiləsi ilə, sadəcə, nəzarət etdiyi ərazi gündən-günə kiçiklənən Suriya prezidenti Bəşər Əsəd rejimini qorumadı. Rusiyanın ölümcül düşmənlərini məğlub etdilər. Putin məhz belə söylədi.

"Suriya xalqına dövlətçiliyini qorumaqda kömək etməklə, terrorist hücumlarını dəf etməklə, siz birbaşa olaraq ölkəmizi açıq-aşkar və həyasızcasına təhdid edənləri məğlub etdiniz", – televiziyada dönə-dönə rus dilində səslənən sözlər belə idi.

Rusiyada, bir çoxları üçün səslənən bu nitq reytinq sayğacını artırmaq istəyən siyasətçinin seçki kampaniyasının startı mənası verirdi.

Suriyadakı çıxışından altı gün əvvəl Putin 2018-ci ilin mart seçkilərində dördüncü dəfə prezidentlik mübarizəsi aparacağını söylədi.

"Seçki kampaniyasınadək Rusiya hərbi qüvvələrinin geri qaytarılması düzgün ismarışdır", – Kreml tərəfdarı olan siyasi təhlilçi və hakim “Yedinaya Rossiya” Partiyasını əvvəllər təmsil etmiş sabiq deputat Sergey Markov "Əl-Cəzirə"yə bildirib.

 

Rəqabət yoxdur

 

Putinin seçki zəfəri indidən görünür.

2000-ci ildən bəri onunla qarşılaşan ənənəvi rəqibləri – seçkidə iştirakı ilə Putinin yenidən seçilməsini legitimləşdirən namizədlər – 70-ci illərdə məşhur kommunist funksioner Gennadi Zyuqanov və ekssentrik millətçi Vladimir Jirinovskiəhəmiyyətsiz fiqurlardır. Onlar "sistem müxalifəti" adlandırılanların bir hissəsidir – Rusiya Dumasındakı bir neçə siyasi partiyanın liderləri.

Putinin real rəqibləri kampaniyadan xaric edilib.

Sovet İttifaqı tarixində ən böyük anti-Kreml mitinqlərini təşkil edən, korrupsiyaya qarşı mübarizə aparan Aleksey Navalnının həbs cəzası onun seçkiyə qatılmasını qadağan edir.

Hətta bir neçə “YouTube” videosu ilə məhdudlaşan radikal gey-feminist Tatyana Suxareva kimi qaranlıq, marginal fiqur saxtakarlıqda ittiham olunub və mühakimə olunacağı günü gözləyir.

1990-cı illərin əvvəllərində Putinin yanında siyasi karyerasının başladığı, Sankt-Peterburqun mərhum meri Anatoli Sobçakın qızı və "Rusiyanın Peris Hiltonu" tək tanınan kübar xronika jurnalisti Kseniya Sobçak da namizədliyini irəli sürüb. Bəzilərinin fikrincə, o, Kremllə gizlicə sövdələşib və kampaniyası müxalifətin səslərini parçalamaq üçün nəzərdə tutulur.

Putinin fotoşəkilləri və sitatlarını əks etdirən 2018-ci il tarixli, "Prezidentlə bütöv il" başlıqlı təqvim də artıq satışdadır.

Lakin Moskvanın Suriyada qələbəsi – Putinin ən dəhşətli və ən fəlakətli siyasi hərəkətləri ilə bağlı Qərbin sanksiyalarından irəli gələn iqtisadi böhranın dərinləşməsindən seçiciləri yayındırmaq üçün ən güclü vasitədir.

 

Donetskdən Dəməşqə qədər

 

Dövlət Duması seçkiləri Rusiyanın Krımın ilhaq etməsinin dördüncü ildönümü gününə – 18 marta təyin edib.

Kremlpərəst mətbuat artıq indidən "Krımın Rusiyaya qayıdışı" günündə Putinin 88 faiz səs toplayacağını iddia edir. Ancaq ilhaqın siyasi və iqtisadi nəticələri fəlakətli böhrandır.

Qərbin sanksiyaları 2008-ci ildə baş verən iqtisadi böhrandan qurtula bilməyən Rusiya iqtisadiyyatını dondurub və neft qiymətləri çökdükdən sonra, 2014-cü ilin sonlarından rubl dəyərsizləşib.

Şərqi Ukraynadakı Donetsk və Luqansk bölgələrində ruspərəst separatçıların "xalq respublikaları" hazırda bir-biri ilə xaotik mübarizədə, it kimi didişmədədir.

17 iyul 2014-cü ildə Donetsk üzərində Malayziyanın sərnişin təyyarəsinin vurulması 298 sərnişinin ölümünə səbəb olub və Rusiya bir daha Qərbin amansız düşməninə çevrilib.

2015-ci ilə qədər Putinə yeni bir beynəlxalq "qələbə" lazım idi və o, Suriyada yeni bir oyun üçün sahə tapdı.

Hətta ən qızğın Putin tərəfdarları Moskvanın Suriya sahəsindəki hava hücumlarını beynəlxalq səviyyədə diqqətin Ukraynadan yayındırılması cəhdi kimi görürlər.

"Rusiya rəhbərliyini, Vladimir Putini tamamilə təcrid etməyə dair açıq bir cəhd var idi, ancaq Suriya kampaniyasının başlaması ilə bu, mümkün olmadı", – Markov bildirib.

 

Əsədin xilası

 

Rusiyanın Suriya müharibəsində iştirakı oyunun gözlənilməz dəyişməsi idi. O, münaqişənin impulsunu dəyişdi və Əsədin hakimiyyətdə qalmasına kömək etdi.

Rusiyanın baxış bucağından bu, Barak Obamanın administrasiyasını çətin bir vəziyyətə qoydu.

Bir neçə həftə ərzində ruslar Əsədin bütün düşmənlərini bombardman etdilər. Rusiyanın Müdafiə Nazirliyi kəşfiyyat pilotları ilə kameraların çəkdiyi gündəlik qara-ağ videolar yayırdı.

Kremlin nəzarətində olan televiziya şəbəkələrində kütləvi təbliğat ilə birləşən bu videolar Putinin reytinqini 80 faizdən çox artırırdı və sıradan bir ruslar arasında hörmətini artırdı.

Rusların 50 faizi öz millətini "super güc" hesab edir – 2016-cı ildəkinə nisbətən iki dəfə çox (26%). Bu, rəsmi rəqəmlərdir.

2003-cü ildə, Putinin ilk prezidentlik dövründə və Sovet İttifaqının dağılmasından 12 il sonra rusların yalnız 12 faizi bu fikri paylaşırdı.

"Rusların özünə hörməti artmaqda davam edir və bu özünəhörmət, əsasən, Rusiyanın beynəlxalq oyunçu kimi aktiv rolu və əhəmiyyətli mövqeyi ilə bağlıdır", – VTsİOM-un rəhbəri Valeri Fedorov deyib.

SSRİ-nin fəlakətli iflası ərəfəsində, 1989-cu ildə sona çatan və on il davam edən sovet-əfqan müharibəsindən sonra Suriya kampaniyası Rusiyanın keçmiş Sovet İttifaqı xaricində ilk böyük hərbi əməliyyatı idi.

Moskvada yerləşən Siyasi Məlumatlar Mərkəzinin rəhbəri Aleksey Muxin "Əl-Cəzirə"yə bildirib ki, "Putin üçün bu, ideal müharibədir”.

"Əlbəttə, Vladimir Putin seçki kampaniyası zamanı bu amildən istifadə edəcək", – deyə o əlavə edib.

Kreml, həmçinin Suriyadakı əməliyyatlarda bu günə qədər ən az (Əfqan müharibəsində 15 min sovet əsgərinin öldürülüb) insan itkisi ilə bataqlıqdan yayınmağı bacarıb.

Yaxın Şərq və Əfqanıstan üzrə müstəqil ekspert Georgi Asatryan "Əl-Cəzirə"yə bildirib ki, "Rusiya bununla əfqan münaqişəsindəki səhvlərindən nəticə çıxardığını göstərdi”.

"Rusiya, antiterror kampaniyaları da daxil olmaqla, müasir hərbi kampaniyaların minimal itkili, yerli dəstəkçilərə az arxalanaraq aparılması qatdasını öyrəndi".

 

İqtisadi çətinliklər

 

Bununla yanaşı, Rusiyanın neftdən asılı iqtisadiyyatı sanksiya, korrupsiya, yaşlı işçi qüvvəsi və Kremlin struktur islahatlarının yoxluğu səbəbindən ətalət keçirir.

ABŞ-ın 2016-cı il prezident seçkilərinə Moskvanın müdaxiləsinə cavab olaraq növbəti sanksiyalar Putinə yaxın olan oliqarxları və şirkətləri hədəf alıb.

Ruslar borc içində boğulduqları, səhiyyə və təhsil proqramlarında dramatik azalmaların şahidi olduqları, yüksək vəzifəli şəxslər korrupsiyaya bulaşdıqları halda, Kremlin təbliğat maşını və Suriya müharibəsinə həmişəkindən daha çox ehtiyacı var.

Televiziyalar Rusiyanı "mühasirəyə alınmış qala", Putin isə İŞİD-lə mübarizə aparan və "qanuni olaraq seçilmiş" Suriya hökumətini qoruyan qlobal sülhməramlı qüvvə kimi göstərir.

Bir çox orta statistik ruslar bu fikri alqışlayır.

Tver şəhərindən olan təqaüdçü Viktor Yeqorov "Əl-Cəzirə"yə deyib: "Dürüst olacağam, mən Putinə dəstək verirəm. Çünki sülhü davam etdirir. Amma ölkədə müharibə olmaya-olmaya niyə 8 min rubl [135 dollar] təqaüd almalıyam…"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam