Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Tərtərin Hüsənli kəndi niyə örüş yeri tapa bilmir?-FOTOLAR

 

 Tərtər rayonunun Hüsənli kənd sakinləri örüş torpaqlarının "zəbt olunduğunu" və mal-qaralarını otara bilmədiklərini deyirlər.

Yenixeber.org: Sakinlərin sözlərinə görə, 1998-ci ildən heyvanların otarılması üçün kəndin üç istiqamətində örüş torpaqları ayrılıb, lakin kənd camaatı həmin ərazilərdən indiyədək yararlana bilməyib. Onlar bu məsələyə görə keçmiş bələdiyyə sədrini ittiham edirlər.

Keçmiş bələdiyyə sədri bu örüş torpaqlarında əkinlə məşğul olmasını "qanun yol verib, etmişik" deyə izah edib.

Onlar bu məsələ ilə bağlı bələdiyyəyə, icra hakimiyyətinə müraciət etdiklərini, amma torpaqların hələ də onlara qaytarılmadığını bildirirlər.

Kənd sakinləri örüş torpaqlarına görə ötən həftə bir neçə dəfə etiraz aksiyası da keçirib.

İcarə müqavilələrinin vaxtı bitməyən örüş torpaqlarının qaytarılması üçün yerli bələdiyyə məhkəməyə müraciət edib,Tərtər İcra hakimiyyətinin kənd üzrə nümayəndəsi deyib.

                                   Örüş torpaqlarını "zəbt ediblər"

Sakinlərdən biri, Əliyar Cəfərov söyləyir ki, ümumilikdə 100 hektardan çox ərazini əhatə edən torpaqlar bir neçə kənd sakininə icarəyə verilib.

"Kəndin örüş torpaqlarını zəbt ediblər, taxıl, yonca, arpa əkiblər. Deyirlər müqavilə bağlamışıq. Bələdiyyəyə, İcra Hakimiyyətinə müraciət etmişik, vəd veriblər ki, məsələyə baxacağıq, baxmayıblar. Deyiblər torpaqlar camaata qaytarılacaq, qaytarmayıblar".

Əliyar Cəfərov deyir ki, örüş sahələrindən istifadə edə bilmədikləri üçün kənd camaatı heyvanlarını pay torpaqlarında otarır, bu zaman isə əkinlə məşğul ola bilmədikləri üçün gəlirləri azalır.

Kəndin əvvəlki bələdiyyə sədrlərinin bəzilərinin örüş torpaqlarını öz qohumlarına icarəyə verdiyini deyən cənab Cəfərovun sözlərinə görə, icarəçilər sakinləri örüş sahələrinə buraxmırlar.

"Mənə verilən pay torpağında həm mal-qara otarım, həm ot tədarükü görüm, həm özüm üçün taxıl əkim, heç birini çatdıra bilmirəm. Prezident göstəriş verib ki, xalqın örüş torpaqlarını xalqa qaytarın. Bu saat camaat iş-gücü olmadığı və heyvan saxlamaq da baha olduğu üçün örüş torpaqlarını geri tələb edirlər".

Hüsənli kənd sakinləri deyir ki, mayın 13-də camaat örüş torpaqlarının onlara qaytarılması üçün etiraz ediblər. Onların sözlərinə görə, həmin zaman bir neçə kənd sakininə karantin qaydalarını pozduqlarına görə cərimə, bəzilərinə isə polisə müqavimət maddəsi ilə 10 sutka cəza verilib.

Kənd sakinləri mayın 16-da yenidən toplaşaraq həbs edilənlərin azad edilməsini və örüş torpaqlarının qaytarılmasını tələb ediblər. İnternetdə yayılan videolarda əraziyə xeyli sayda polis qüvvələrinin cəlb olunduğu görünür. Bəzi kənd sakinləri polisin zorakılıq işlətdiyini, kişi və qadınlara zərbələr yetirdiyini, dörd nəfərin polisə aparıldığını iddia edirlər.

 Daxili İşlər Nazirliyi və Tərtər Rayon Polis İdarəsi ilə bu iddialarla bağlı əlaqə saxlamaq cəhdlərimiz baş tutmayıb.

                                                     "Biz əsarətdəyik"

Hüsənli kənd sakini Rafael Abbasov deyir ki, örüş torpaqlarını itirdiyinə görə "kənd 1998-ci ildən əsarətdədir".

Onun sözlərinə görə, oğlu Xətai Abbasovu kənd sakinləri ilə birgə örüş torpaqlarının geri qaytarılmasını tələb etdiyinə görə 10 sutkalıq həbs ediblər.

"Guya polisə təzyiq göstərib. Yəni, deyirlər ki, sən haqqını tələb etmisən, etməli deyildin. Bəzilərini cərimə etdilər, bəzilərini həbs etdilər".

59 yaşlı kənd sakini deyir ki, mübahisələrin alovlandığı vaxt üç örüş sahəsinin icarəçilərindən ikisi deyib ki, "bu, xalqın ərazisidir, mən taxıl əksəm də, gəlib orada heyvanlarınızı otara bilərsiniz".

Cənab Abbasov kənd camaatının həmin ərazidən istifadə etmək üçün taxılın biçilməsini gözlədiyini deyir.

"Heyvan üçün ən istifadəli yer 3 örüş yerindən ən böyüyü-mübahisəli olan yerdir. Guya həmin ərazinin icarəsi üçün müqavilə bağlayıb, hektarına 10 manat banka pul ödəyib. Nə bilək o müqaviləyə möhürü kim vurub? Bizim üçün müəmmalıdır".

Rafael Abbasov deyir ki, kənddə başqa gəlir mənbəyi olmadığına görə hamı heyvandarlıqla dolanır, heyvan yeminin baha olması isə örüş torpaqlarının vacibliyini göstərir.

"10 baş mal-qaram var, pay torpağımda otladıram. Ot presinin bir bağı 6-7 manat olub. 6-7 manatı 1 kilo yağa verib yemədik, əvəzinə ot aldıq ki, mal acından ölməsin. Örüş torpaqlarını tutanlar isə geri vermək istəmirlər".

                                               

                                                   "Qohumların adına icarələr"

Hüsənli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndə Gülüstan Əhmədova sakinlərin örüş torpaqlarından istifadə edə bilmədiyini təsdiqləyib.

Redaksiyamıza danışan ərazi nümayəndəsi deyir ki, kənddə 117 hektar örüş sahəsi var, lakin həmin ərazilər əvvəlki bələdiyyə sədrləri tərəfindən icarəyə verilib.

"Örüş torpaqları 1998-ci ildən istifadəyə verilsə də, camaat bu torpaqları heç tanımayıb da. O vaxt işləyən bələdiyyələr örüş sahələrini ayrı-ayrı şəxslərə icarəyə veriblər, iki nəfərə 27 hektar, birinə 10, birinə 8 və sairə. 2001-ci ildə bələdiyyə sədri olmuş Əkbər Rzayev öz həyat yoldaşının, qardaşlarının adına örüş torpaqlarını icarəyə götürüb. O vaxtdan indiyədək həmin torpaqlardan istifadə edirlər. Mən nə vaxt demişəm ki, bu ərazilər örüş torpaqlarıdır, deyiblər ki, bizim 90 il, 40 il və sairə müqaviləmiz var. Bu yaxınlarda bilmişəm ki, onların icarə müqaviləsinin vaxtı bitib".

İcra Hakimiyyətinin nümayəndəsi söyləyir ki, kənd camaatı indiyədək Rayon İcra Hakimiyyətinə şikayət etməyib, örüş sahələri bələdiyyənin səlahiyyətində olduğu üçün də bu məsələ qapalı qalıb.

Onun sözlərinə görə, şikayətlərdən sonra rayon icra başçısı əraziyə gələrək kənd camaatının "müqavilə vaxtı bitmiş örüş sahələrindən istifadə edə biləcəyini" deyib.

Gülüstan Əhmədova deyir ki, icarə müqavilələrinin vaxtı bitməmiş əraziləri kənd sakinlərinə qaytarmaq üçün yerli bələdiyyə və kənd camaatı məhkəməyə müraciət etməlidir.

Onun sözlərinə görə, hazırkı bələdiyyə sədri Natəvan Şükürova bir neçə gün əvvəl məsələ ilə bağlı məhkəməyə müraciət edib.

"Qanun yol verib, etmişik"

Hüsənli kənd bələdiyyəsinin sədri işlədiyi zaman örüş torpaqlarını həyat yoldaşının və qohumlarının adına icarəyə götürdüyü iddia olunan Əkbər Rzayev deyir ki, 2002-ci ildən həmin torpaqları becərir.

Onun sözlərinə görə, örüş torpaqlarının icarəyə götürülməsi barədə müqaviləsi var və onun tarixinin bitməsinə hələ beş ildən çox vaxt var.

Əkbər Rzayev deyir ki, örüş torpaqlarının icarəyə götürülməsi "bütün respublikada olan şeydir, mal-qara isə pay torpaqlarında otarıla bilər".

O, kənd bələdiyyəsinin sədri işlədiyi zaman yaxın qohumlarının adına müqavilə bağlanmasının təfərrüfatları barədə suallara cavab verməyib, təkcə deyib ki, "qanun yol verib, etmişik".

Cənab Rzayev deyir ki, bir qrup şəxs mal-qaranı onun müqavilə əsasında icarəyə götürdüyü sahəyə salıb. Bunun nəticəsində onun 15 hektar taxıl sahəsi məhv olub və ona 15 min manatdan artıq ziyan dəyib.

"Koronavirus vaxtı mənim başıma bu işi açdılar. Nə olardı ki, taxılımı biçərdim, məsləhət nədirsə, qaydaya qoyardıq. Hökumət var, dövlət var. Məsələyə baxacaqlar, ərazini lazımdırsa mənə, lazımdırsa o birinə verəcəklər".

Digər icarəçilərdən şərh ala bilmədik.(BBC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam