“Cənab prezident, Vidadi İsayev “qanımızı içir”, məni həbslə hədələyir”
Azərbaycan məmurlarının əyalətlərdə zülmü ərşə qalxır. Prezidentin və xalqın əleyhinə fəaliyyət göstərənlər cəzalandırılır, vəzifələrindən çıxarılırlar. Lakin bunlardan dərs götürməyənlər də az deyil. Belələrinin cərgəsində Bərdə Rayon İcra Hakimiyyəti (RİH) başçısı Vidadi İsayevin adı qırmızı xətlə keçir. 

                       İH başçısı qırmızı xətti keçir – Elmar Vəliyev kimi...

Yenixeber.org: Onun bu zonanın strateji əhəmiyyətli bölgəsi olan Bərdədə qanunsuzluqları, maliyyə cinayətləri, sahibkarları sıxışdırması, məcburi köçkünləri və şəhid ailələrini saymaması artıq əndazəni aşmaqdadır. 

Vaxtilə Gəncənin icra hakimi olmuş, gəncəliləri incitməklə, onları təhqir etməklə ad çıxarmış, sui-qəsdə məruz qaldıqdan sonra vəzifəsindən azad edilmiş Elmar Vəliyevin yaxın kadrlarından hesab edilən Bərdənin indiki icra başçısı Vidadi İsayev də onun yolunu getməkdə, insanları incitməkdə ityiham olunur. 

Cahan.info xəbər agentliyinin verdiyi məlumata görə, Bərdədə yaşayan tanınmış müstəqil jurnalist, Ağdamdan məcburi köçkün və şəhid ailəsi olan Xəyyam Salmanzadə Feysbuk sosial şəbəkəsi üzərindən və Yutub kanalından canlı yayıma çıxaraq yaşadığı bölgədə baş verən özbaşınalıqlardan, dərəbəyliklərdən, vətəndaşların, iş adamlarının hüquqlarının kobud şəkildə pozulmasından danışıb. 

Canlı efirdə X.Salmanzadə bir sıra ağır ittihamlar səsləndirib, Bərdə sakinlərinin yerli rəhbərliyin fəaliyyətindən cana doyduqlarını, prezidentin Gəncə, Gədəbəy, Beyləqan, Binəqədi, Tovuz və digər regionlarda etdiyi dəyişikliyinin bu rayona da çatacağına ümid bəslədiklərini vurğulayıb.

Həmçinin, jurnalist kimi rayonda İH başçısının həyata keçirdiyi qanundan kənar hərəkətləri ictimailəşdirməsinə görə həbslə hədələndiyini, V.İsayevin onu tutdurmaq istədiyini diqqətə çatdırıb. 

Onun çıxışı sosial şəbəkələrdə rezonans doğurub, yüzlərlə şərhlər, reaksiyalar gəlib, canlı yayımı minlərlə insan izləyib, yutub kanalından minlərlə izləyici çıxışına baxıb, onların arasında bərdəlilər üstüblük təşkil etməklə əksəriyyəti V.İsayevin barəsindəki faktlarla tanış olduqda onu pisləyiblər, qanunsuzluqlara son qoymağa çağırıblar, habelə jurnalist X.Salmanzadəni həbslə təhdid etməsini kəskin tənqid ediblər, prezidenti məsələyə müdaxilə etməsini, köməklik göstərməsini şərhlərdə yazıblar. 

Bütün bunları nəzərə alaraq, onun canlı çıxışının yaratdığı ajiotajın ictimai əhəmiyyət kəsb etdiyini düşünərək X.Salmanzadənin dediklərinin mətnini hazırlamışıq. 

“Valideynlərim şəhid olublar ki, Vidadi İsayev onların oğlunu hədələsin?”

Beləliklə, şəhid qardaşı olan jurnalist X.Salmanzadə ilk növbədə rayon rəhbərinin məcburi köçkünlərə, şəhid ailələrinə laqeydliyinə toxunub. 

Onun sözlərinə görə, dövlət başçısı İlham Əliyev 1 milyon məcburi köçkün və qaçqına, şəhid ailələrinə qayğı göstərir, mənzil, iş, sosial şəraitini yaxşılaşdırır, diqqətdən kənarda saxlamır. 

Di gəl Bərdəyə təyin etdiyi icra hakimi Vidad İsayev prezidentin siyasi kursundan kənara çıxaraq, köçkünləri, şəhid ailələrini qapısının kandarına buraxmır: 

“Mənim atam, qardaşım bu torpaqlar uğrundan döyüşəndə, Vidadi İsayevin bu ölkədə təhlükəsiz yaşaması üçün canını fəda edəndə o, dostunun evində gizlənirdi. 

Bu gün isə valideynlərimin məzarı ermənilərdə, şəhid qardaşım Bəxtiyar şəhid məzarında uyuyur, Vidadi İsayev isə Bərdəni çapıb-talamaq azmış kimi, bu qanunsuzluqları ictimailəşdirdiyimə görə məni təqib edir, həbsimə cəhd göstərir. Mənim valideynlərim ona görə şəhid olublar ki, onların oğlunun dövlətin sərvətlərini talayan Vidadi İsayev hədələsin? 

Mən jurnalist kimi vəzifə borcumu yerinə yetirirəm, prezident bildirib ki, məmurlara ictimai nəzarət güclənməlidir. Mən də onun “köməkçisi”, əsgəri kimi hansı məmur qanunu pozursa, onu rəhbərliyə çatdırmalıyam. 

Ancaq bu gün Vidadi İsayev şəhid ailələrini, biz məcburi köçkünləri başına toplayıb, dərd-sərimizlə maraqlanmaqdansa, heç kimi saymır, İcra hakimiyyətinin qapısına gedəni yaxun buraxmır, heç soruşmur ki, o adam niyə gəlib, bəlkə acdır, bəlkə çörək pulu istəyir? 

Mən hələ jurnalist kimi üç həftədir ki, müraciətlər edirəm. Amma Vidadi İsayev məni qəbul eləmir. Təsəvvür edin ki, indi sadə insanlar, məcburi köçkünlər hansı zülmü çəkirlər”. 

X.Salmanzadə qeyd edib ki, İH başçısını qəbuluna düşmək mümkün deyil: “Prezident sizi ora təyin etməyib ki, vətəndaşlardan yan gəzəsiz. Dəfələrlə cənab prezident bildirib ki, vətəndaşlarla işləyin, camaatın içində olun. 

Amma Vidadi İsayev kabinetində oturub, özünü şah elan edib, sonra ordan çıxıb bahalı maşını ilə Mixaylovkada, Hacıkənddə olan villalarına baş çəkir. Onun şəhidin, köçkünün dərdindən necə xəbəri olacaq ki? Hardan bilsin ki, biz necə yaşayırıq, dərdimiz nədir? 

Çünki onu Bərdəni talamaq maraqlandırır. Bir yetim, bir şəhid ailəsi Bərdədə 10 qarış torpaq ala bilmir, amma İsayev şəhərin mərkəzində əlini hara qoyursa, oranı səhər 150-200 minə imkanlı biznesmenlərə satır”. 

Sahibkarlara və yaşıllıqlara “divan tutur - Ramiz Yediyarov yolu...

Bərdə sakini X.Salmanzadə çıxışının davamı olaraq bildirib ki, rayonda sahibkarlara və yaşıllıqlara eyni vaxtda “divan tutulur”. O, bütün bunların başında V.İsayevin təlimatlarının olduğunu iddia edib: 


“Əziz dostlar və bərdəlilər, biləsiniz ki, bizim gözəl şəhərimizdə Vidadi İsayevin əlindən bir qarış səki, torpaq, yaşıllıq qalmayacaq. İcra başçısı yaşıllıqları iş adamlarına satır, tikintiyə qurban verir, heç kəs də ona qarışa bilmir. 

Niyə? Kim ona icazə verib? Hətta Milli Məclisin rəsmi orqanı olan “Azərbaycan” qəzeti də Bərdədə yaşıl terrordan yazmışdı, deputat Bəxtiyar Sadıqov Vidadi İsayevi tənqid etmişdi. Yaxşı bunu ki deputat söyləyir, Xəyyam Salmanzadə yox?! 

İkincisi, sahibkarların əksəriyyətinin obyektlərinin qarşısı çəpərlənib, divar hörülüb. Eynilə Gədəbəydə icra başçısı Ramiz Yediyarov kimi, Vidadi İsayev də dükanların qarşısını hasarladıb. Hansı mağaza sahibi 3-5 min manat verirsə, çəpər sökülür, verməyənin obyekti hasar arxasında qalır, onun da ticarətinə, qazancına zərər dəyir, alıcılıq qabiliyyəti aşağı düşür. 

Amma Vidadi İsayev deyəsən, həm ona vaxtilə himayədarlıq eləmiş Elmar Vəliyevin də işdən çıxarılmasını, Gədəbəydə eyni özbaşınalığıa sahibkarlara edən Ramiz Yediyarovun da işdən qovulmasını yaddan çıxarıb. 

Prezident sahibkarlara zülm edən, vətəndaşları aşağılayan heç bir məmuru vəzifəsində saxlamır. Ona görə də burdan bəyan edirəm ki, yaşıllıqları qırmağa, şəhəri qarış-qarış satmağa, sahibkarları incitməyə, sıxışdırmağa son qoymaq lazımdır, sonra gec olacaq. Cənab prezidentə etdiyiniz bu pisliklər cavabsız qalmayacaq, cənab İlham Əliyevin buna layiqli cavabı olacaq. 

Dövlət başçımız indiyə qədər vətəndaşını, şəhidini, sahibkarını incidən məmuru heç vaxt vəzifədə saxlamayıb, hamısının sonu gəlib. Odur ki, Vidadi İsayev mənim bu çıxışımı əslində ona bir yaxşılıq kimi qəbul etməlidir, oyanmalıdır, Bərdədə baş verənləri dayandırmalıdır”.

Villalar, balıq gölləri və məmurdan alınan 300 manatın sonu...

X.Salmanzadə canlı yayımda iki faktı da açıqlayıb. O, V.İsayevin mülklərini və rayonun Zümürxan icra nümayəndəsi Elxan Bəşirovun 300 manat qeyri-qanuni pul tələbi ilə üzləşməsindən söz açıb. 

“Vidadi İsayev bu illər ərzində dövlət büdcəsinin sosial-iqtisadi inkişafa, abadlıq-quruculuğa ayrılmış vəsaitlərini havaya sovurub, tar-mar edib. Mən başa düşə bilmirəm, prezident bu maliyyəni Vidadi İsayev üçün ayırıb yoxsa Bərdə rayonuna? 

Vidadi İsayev niyə elə fikirləşir ki, dövlətin Bərdənin abadlaşmasına ayırdığı pul onun özünə aiddir? Niyə bu pullara Mixaylovka, Hacıkənd, Bərdə, Bakı və başqa yerlərdə özünə bağ evləri, imarətlər, saraylar ucaltmalıdır? 

Amma sahibkar əziyyət çəksin, 5 min verib hasarı sökdürsün, şəhid ailəsi komada yaşasın, qəbuluna düşə bilməsin, Vidadi İsayev isə həmin villalarda kef çəksin, lüks həyatını yaşasın...

Onun Bərdədə balıq gölləri, vətəgələri, çay evləri, saysız-hesabsız obyektləri fəaliyyət göstərir. Bu da azmış kimi, Yevlax Arxiv İdarəsinin rəhbəri olan xanımına Bərdədə idarəyə aid xidməti avtomobili bağışlayıb. 

Bu necə adamdır? Belə qanunsuzluğa kim ixtiyar verib? Həmin maşın günortalar Yevlaxdadır, axşamlar isə Vidadi İsayevin oğlunun istifadəsindədir, küçələrdə avtoxuliqanlıqla məşğuldur. 

Vidadi İsayevin Yevlaxda, Bərdədə restoranları var, necə olur ki, onlara heç bir müdaxilə olmur, sahibkarlar isə obyektlərini rahat işlədə bilmirlər?! 

Cənab prezidentin mənim səsimə səs verəcəyinə, bu faktların araşdırılmasına göstəriş verəcəyinə inanıram. Gəlsin dpvlət orqanları təftiş eləsinlər, komissiya yoxlasın, görək harda yalan var?

Bu yaxınlarda məktəb direktoru olan bir xanımın ikimərtəbəli mağaza tikdirməsinə şərait yaradıb. Halbuki, əvvəllər həmin direktor qeyri-rəsmi şəkildə öz çevrəsində Vidadi İsayevdən şikayətlənirdi. Amma mən kiçik obyektin sənədləşməsinə nail ola bilmirəm. Niyə? Nə üçün Vidadi İsayev məni qəbul eləmir?”.

Jurnalist Zümürxan icra nümayəndəsi Elxan Bəşirovun başına gələnləri də canlı yayımda bəyan edib: “Bilirsiniz ki, icra hakimiyyətində Zaur Bəylərov adlı şöbə müdiri var idi. Bu adam Vidadi İsayevin bütün qanunsuz tələblərini icra edirdi. Bu haqda mətbuat çox yazıb. 

Zaur Bəylərovun hansı cinayətləri etdiyi, icra nümayəndələrini incitdiyi məlumdur. Sonra içkili halda qəza törədib bir yetimin həyatına son qoydu. Biz bu barədə ətraflı məlumatlar vermişdik.

Amma sonuncu dəfə Zümürxan icra nümayəndəsi Elxan Bəşirovdan 300 manat qanunsuz pul tələb eləməsi Zaur Bəylərovun sonu oldu. Bəşirov həyat yoldaşının xəstə olduğunu, iynə-dərmana pul xərclədiyini bildirib və Zaurun tələbini rədd edib. 

Zaur xəstəsi olmağını nəzərə almayıb, kobud danışıb, onu hədələyib ki, pulu gətirməsən, işdən qovulacaqsan. İcra nümayəndəsi isə öz növbəsində onun səsini yazıb. Bir qədər sonra Vidadi İsayevinb əmri ilə Elxan Bəşirov işdən azad olunub. 

O da Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət göndərib, səs yazısını təqdim edib. Bu təqdimatdan sonra aparılan araşdırma nəticəsində, Prezident Administrasiyasından təkid və tələblə Vidadi İsayev “sağ əli” olan Zaur Bəylərovu işdən çıxarmağa, Elxan Bəşirovu isə vəzifəsinə qaytarmağa məcbur olub. Yəni, bu adam belə əməllərin sahibidir. Rayonu dağıdır, insanları incidir, vətəndaşlara “qan uddurur”, sahibkarların belini qırır, şikayətçiləri saymır. 

Və mən bunları ictimailəşdirdiyim üçün Vidadi İsayev məni həbslə təhdid edir, Dövlət Təhlükəsizlik Xidmətinin yerli idarəsinə guya tapşırıq verdiyini, məni izlətdiyini, hara gedirəm, kiminlə görüşürəm, hamısını öyrənməyə çalışdığını orda- burda danışır. Qaynından mənə xəbərdarlıq göndərir ki, məni tutduracaq”. 

Xəyyam Salmanzadə: “Məni hansı əsasla həbs etdirəcəksən, Vidadi İsayev?”

X.Salmanzadə canlı yayımda prezident İlham Əliyevə, DTX rəisi Mədət Quliyevə, Daxili İşlər naziri Ramil Usubova, Baş Prokuror Zakir Qaralova üz tutaraq V.İsayevin onu tutduracağı təhdidi ilə bağlı münasibət bildirmələrini xahiş edib: 


“Mən dövlətimə güvənirəm, ona xidmət edirəm, valideynlərim, qardaşım vətən və dövlət üçün şəhid olublar, biz ailəlikcə xalqımıza, dövlətimizə və onun rəhbərliyinə bağlıyıq. 

Mən inanmıram ki, Bərdə DTX cənab general Mədət Quliyevə yox, Vidadi İsayevə xidmət göstərir. Sən kimsən ki, hüquq-mühafizə orqanlarına tapşırıq verəsən? Mən sağlam həyat tərzi yaşayan, ailəsini kasıblıqla dolandıran bir şəhid ailəsiyəm. 

Mən nə narkotik istifadəçisiyəm, nə hakimiyyət nümayəndəsinə, polisə müqavimət göstərirəm, nə kiminsə ailəsinə sataşıram. Sən məni hansı əsasla, hansı sübutla həbs etdirəcəksən, Vidadi İsayev? 

Əgər bu çıxışımdan sonra başıma iş gələrsə, qəzaya düşərəm, həbs olunaram, sui-qəsd edilərəmsə, bunun məsuliyyətini Bərdə icra hakimiyyəti başçısı daşıyacaq və mənim ailəm bu “terror”a etiraz olaraq özünü icra hakimiyyəti qarşısında yandırmağa hazırdır. 

Bəsdir, əl çək bu təzyiqlərdən, hədələrdən, qanunsuzluqlardan, bəsdir “qanımızı içdin”. Mən jurnalist kimi işimi görürəm və əksinə, problemlərin həlli üçün dəstək verirəm. 

Bir daha cənab prezidentə güvənərək ondan yardım istəyirəm, məni həbslə təhdid edən icra başçısı Vidadi İsayev barəsində ölçü götürülsün, onun əməlləri araşdırılmasını xahiş edirəm”.