Redaktor seçimi
“Azərsu”dan mətbu sayqısızlıq nümunəsi, yoxsa...?-
Eldar Yunisovu Qüdrət Şükürovun taleyi gözləyir-
Əhmədzadələrin Qaxdan İngiltərəyə uzanan biznes imperiyası-
Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşı:
  Kollec direktorunun başı dərddə-
Vəzifə piramıdasında Əhmədzadələr şəbəkəsi-
Sumqayıt Bələdiyyəsindən əcaib addım-
 “Föqəlnazir”in sonuncu kadrları da “çamadanını hazırlayıb”?-
Günün xəbəri

Vidalaşmağa gəldim, "ağlaşma" oldu - Misir Mərdanov

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri Misir Mərdanovla müəlimlərin peşə bayramı günü görüşdük. Əvvəlcə onu təbrik etdik, sonra ard-arda gələn çoxsaylı təbrik zənglərinin xəbərdalığı altında söhbətə başladıq.

Yenixeber.org: AMEA-nın institut direktoru Misir Mərdanovla müsahibəni təqdim edir.

- Misir müəllim, görüşümüz Beynəlxalq müəllimlər gününə təsadüf edir. Məktəb illərini, müəllimlərinizi necə xatırlayırsınız? İstərdik keçmişə ekskursiya edək, deyəsən, heç kəndinizdə məktəb binası da olmayıb...

- Mənim uşaqlıq dövrümdə olan məktəblərlə indiki məktəbləri şərait baxımından müqayisə eləmək olmaz. İcevan rayonunun Göyərçin kəndində anadan olmuşam, sonra Salah kəndinə köçmüşük, məktəbə həmin kənddə getmişəm. Bizə həyat yoldaşı müharibədə həlak olmuş bir qadının evində dərs keçirdilər. Qadın eşiyə çıxanda orada qoyulan stollarda otururduq, özü də iki sinfin şagirdləri bir yerdə dərs keçirdi.

- Söhbət neçənci ildən gedir?

- Mən məktəbə 1954-cü ildə getmişəm... Müəllimlərimiz həmin evdə dərs deyirdi, dərs bitəndə qadın evinə qayıdırdı. Qısa müddət sonra məktəb binası tikdilər, 7 illik idi, 8-10-cu sinifləri kəndimizdən 4 kilometr aralıda Polad kəndində davam etdirmişəm. O zaman tam orta təhsil 10 illik idi, biz bitirən ildən bir il qabaq qərar qəbul olundu ki, 11 illik olsun. Mən də kəndimizdən Salaha köçəndə 1 il itirmişdim, 11 illik məktəbi bitirsəydim, iki il itirə bilərdim. Xəbər tutdum Bakıda eksternat yolu ilə imtahan verib məktəbi tez qurtarmaq olar.

Bakıya gəldim, 49 nömrəli məktəbdə eksternat qaydasında imtahan verib orta məktəbi başa çatdırdım. Sonra da indiki Bakı Dövlət Universitetinə daxil oldum. Təhsil aldığım məktəblərdə şərait yaxşı olmasa da, müasir avadanlıqlarla təchiz edilməsə də, təhsilə, təhsil işçisinə, müəllimə indikindən fərqli olaraq çox böyük hörmət vardı. Kəndin böyüyündən tutmuş kiçiyinədək hamı müəllimə hörmətlə yanaşırdı, hər kəs başa düşürdü ki, balasının gələcək taleyi kənddə olan 5-6 müəllimdən asılıdır. Onlar necə tərbiyə verib yol göstərsələr, uşağının gələcəyi daha işıqlı olar.

Onu da deyim ki, müəllimlər indiki qədər ali təhsilli deyildilər, əksəriyyəti texnikum, orta məktəbi qurtarmış adamlar idi, amma camaatın gözündə böyük hesab olunurdular. Məktəbi də, ali məktəbi də bitirdim, universitetdə müəllim olanda da bizim kəndlərdə eyni adamlar məktəb direktoru işləyirdi. Kənd camaatı elə bilirdi ki, bunlardan başqası direktor ola bilməz, onlar idarəetmədə nüfuzuna görə digər müəllimlərdən seçilirdi.

1980-ci ilə qədər kəndimizdə məktəb direktorları – onlara Allah rəhmət eləsin – Hüseynov Mehdi, Qarayev Kərim müəllim olub. Nüfuzu zorla qazanmaq mümkün deyil, fikrimcə, insan hörməti öz hərəkətlərinə, insanlara münasibətinə görə qazana bilər. O dövrdə müəllimlər çox yüksək hörmət sahibləri idilər.

- Tale elə gətirdi ki, siz də təhsil işçisi, hətta nazir oldunuz. İlkin arzunuz elə müəllim olmaq idi?
Bizim bölgədə Qaraqoyunlu dərəsi deyilən yerdə 13 kənd vardı, orada nədənsə camaat daha çox fundamental elmlərə – riyaziyyat, fizika, biologiya, kimyaya yönəlirdi. Bəlkə də başqa səbəblər də vardı, amma səbəblərdən biri bu sahədə yaxşı müəllimlərin olması idi. Bibimin oğlu Niftalı Qocayev Qaraqoyunlu dərəsində ilk dəfə orta məktəbi gümüş medalla qurtarmışdı. O dövrdə məktəbi qızıl və gümüş medalla bitirən şagirdlər institutlara imtahansız qəbul olunurdu.

Bakı Dövlət Universitetində fizika fakültəsini yüksək təqaüdlə bitirmişdi, onu o zamanki Leninqrad şəhərinə aspiranturaya göndərmişdilər. Biz məktəbi qurtaranda artıq Niftalı Qocayev universitetdə müəllim idi. O, Qaraqoyunlu dərəsindən mayak kimi qabağa çıxmışdı və elə bil camaat onun arxasınca fizika, kimya, riyaziyyata yön tuturdu.

Bir tərəfdən də orta məktəbdə oxuduğum illərdə Polad kəndində yaxşı müəllimlərimiz çox idi, ancaq Mürsəl Budaqov çox qabiliyyətli, fədakar müəllimidi. İrəvan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirmişdi. O dövrdə buraxılış imtahanı verəndə respublikanın mərkəzindən bağlı zərfdə riyaziyyatdan məsələ-misal gələrdi. Onu açırdılar, əvvəl müəllim həll edirdi, sonra uşaqlara verirdilər. Hər adam o zərfi açmağa cəsarət eləmirdi.

Mürsəl müəllim az adamlardan idi ki, zərfi risk edib açır, misalları qısa müddətə həll edirdi. Qaçqınlıqdan sonra Bakıya gəldi, burada işlədi, sonra rəhmətə getdi.

- Müəllimlərin hamısı yerli adamlarıdı?

- Müəllimlərin çoxu ətraf kəndlərdən idi. Mürsəl müəllimin özü Polad kəndindən idi. Ədəbiyyat müəllimim qonşu Haqqıxlı kəndindən gəlmişdi.

- Erməni müəlliminiz vardı?

- Polada gələndə bizə erməni dili keçdilər. Ancaq Salahda 7 illik məktəbdə erməni dili tədris olunmurdu. Qəribədir ki, 10-15 il Qaraqoyunlu dərəsinin kəndlərində Haqqıxlıdan olan müəllimlər dərs keçirdi, oranın adamları təhsilə çox yönəlmişdilər.

Zaman keçdikcə bizim kəndimizdə də müəllimlər yetişdi və başqa kəndlərə müəllim kimi getməyə başladılar O axın məni də riyaziyyata yönəltdi. Ən yaxşı bildiyim fənn idi.

- Siz medal almışdız?

- Xeyr, orta məktəbi heç yüksək qiymətlə də bitirməmişəm. Çünki 2 il keçmədiyim fənlərdən imtahan vermişəm, kənddə yaşamış, şəhər adamını görəndə qıpqırmızı qızaran uşaq olmuşam, gəlib Bakıda – tanımadığım yerdə imtahan vermişəm. 5 il Bakı Dövlət Universitetinin mexanika-rizayiyyat fakültəsində təhsil almışam.

Universiteti fərqlənmə ilə qurtarmışam, sonra təyinatımı Gəncədə Həsən bəy Zərdabinin adını daşıyan Pedaqoji Universitetə verdilər, orada aspiranturaya elan çıxana kimi 3 ay baş laborant işləmişəm. Həsən bəy Zərdabi mənim üçün Azərbaycanın ən böyük şəxsiyyətlərindən biridir. Özüm də bilirdim ki, Gəncədəki işim müvəqqətidir, sonra aspiranturaya qəbul oldum, həyatım bütövlükdə universitetlə bağlı oldu.

- Sonrakı karyeranız...

- 1973-cü ildə namizədlik dissertasiyası müdafiə etdim, sonra məni “Həndəsə” kafedrasına müəllim götürdülər, orada baş müəllim, dosent oldum. 1978-ci ildə fakültənin dekan müavini seçildim və 12 il bu vəzifəni icra etdim.

1989-cu ildə Kiyevdə doktorluq dissertasiyasını müdafiə elədim. Oradan qayıtdıqdan sonra məni Təhsil Nazirliyinin Ali təhsil şöbəsinə dəvət etdilər.

- Niyə Kiyevdə müdafiə etdiz?..

- Ona görə ki, o vaxt Bakıda riyaziyyat üzrə doktorluq dissertasiyası müdafiə şurası yox idi. Moskvada, ya Kiyevdə, ya da Tiflisdə müdafiə etməli idin. Belə oldu ki, mənim sahəmə yaxın alimlər daha çox Kiyevdəydi. İşimi Kiyevdə Ukrayna Elmlər Akademiyasının Riyaziyyat İnstitutuna təqdim edib orada müdafiə etdim.

- Sonra da Təhsil Nazirliyi...

- Qayıtdıqdan sonra Təhsil Nazirliyində Ali təhsil idarəsinin rəisi oldum. 1991-ci ildə də təhsil nazirinin müavini...

- Dəvət nazirlikdən gəlmişdi?

- Əlbəttə. O vaxt sovet hökuməti vaxtı idi. Dəvət etdilər, mən də razılıq verdim. Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gələndə nazir müavini vəzifəsində çalışırdım. Açığı, onların dövründə mənə hörmətlə dedilər ki, biz səni Gəncəyə göndərə bilərik. Orada prorektor, bəlkə rektor da ola bilərsən. Mən də dedim ki, Gəncəyə gedə bilmərəm, ailəm, evim Bakıdadır. Sonra elə oldu ki, Firudin Səməndərovu Bakı Dövlət Universitetinə rektor təyin etdilər. O çox yüksək səviyyəli insandır, biz onunla dost idik və bu münasibətlər bu gün də davam edir.

Onu rektor təyin edəndə ölkə rəhbərliyi qarşısında məsələ qaldırdı ki, əgər məni bura rektor təyin edirsinizsə, Misir Mərdanov prorektor olacaq. Mən əslində nazir müavinindən kiçik vəzifəyə gəldim, amma ürəyim istəyən adamla çalışacaqdım. Firudin müəllimlə 1 ildən artıq bir yerdə işlədik. Sonra Murtuz Ələsgərov universitetə rektor təyin olundu və onunla da 3 il birgə çalışdıq.

Murtuz müəllim Milli Məclisə sədr təyin olunandan sonra mən 5 ay rektor vəzifəsini icra etdim. 1997-ci ilin fevralın 16-da Bakı Dövlət Universitetinə rektor vəzifəsinə təyin olundum. Mənim üçün o vaxt da, indi də, gələcəkdə də Bakı Dövlət Universitetinin rektoru olmaqdan şərəfli vəzifə yoxdur. Universitetdə hər şey çox yaxşı idi, kollektivlə gözəl dil tapmışdım...

- Təyinatdan əvvəl Heydər Əliyevlə görüşdünüz?

- Əlbəttə görüşdük. Məni qəbul etdi, geniş söhbət apardıq. Onu da qeyd edim, Azərbaycanın təhsil tarixində ilk şəxsəm ki, rektor vəzifəsinə prezidentin sərəncamı ilə təyin olunmuşam. Mənə qədər rektoru ölkə rəhbərliyinin razılığı ilə nazir təyin edirdi. Maraqlıdır ki, mən rektor vəzifəsinə təyin olunduqdan 2 gün sonra Heydər Əliyev Gürcüstanın o vaxtki prezidenti Eduard Şevardnadze ilə birlikdə universitetə gəldi.

1998-ci ilin mart ayının 25-nə qədər universitetin rektoru vəzifəsində işlədim. O vaxt nazir vəzifəsi boş idi və cəmiyyətdə bununla bağlı mən də daxil olmaqla bir neçə nəfərin adı hallanırdı. Ancaq sözün düzü, mən özümün nazir olacağımı gözləmirdim və tutduğum vəzifədən çox razı idim, universitetin kollektivi mənə çox doğma idi. 1964-cü ildən 1998-ci ilə kimi bütün həyatım BDU-da keçmişdi. Elə oldu ki, məni prezident Heydər Əliyevin qəbuluna dəvət etdilər, geniş və ətraflı söhbətlər, tapşırıqlardan sonra o, məni təhsil naziri vəzifəsinə təyin etdi.

- Getmək istəmədiyinizi demədiniz bəs?

- Yox, deyə bilməzdim axı. Əgər dövlətin başçısı, ali baş komandan tapşırıq verirsə, mən də bir əsgər kimi “yox” deyə bilməzdim. Dedi, belə bir fikrim var, təşəkkür edib söylədim ki, çalışaram etimadınızı doğruldum.

- Tapşırıqlar nədən ibarət idi?

- Heydər Əliyev ölkədə baş verən bütün məsələləri bilirdi. Çox şeylərdən danışdı, sovet təhsil sistemindən, xaricdə təhsildən, o vaxt ölkədə çoxlu özəl təhsil müəssisələri var idi, onlar barədə müzakirələr apardıq. Dedi, təəssüf ki, mənim yaratdığım qurum etimadımı doğrultmadı və səviyyəsiz ali məktəblər baş alıb gedir. Söylədi ki, əsas tapşırığım bu məsələni qaydaya salmaqla bağlıdır, müvafiq sərəncamla bu məsələni Təhsil Nazirliyinə həvalə etdi. İslahat komissiyası yaradıldı və mən sədr təyin olundum.

Heydər Əliyev dedi ki, mən 1969-1982-ci illərdə xaricdə təhsillə bağlı çox işlər görmüşəm, məni o tələbələrlə görüşdürə bilərsən? Dedim, əlbəttə, görüşdürərəm. Sonra Azərbaycan müəllimlərinin qurultayını keçirməyin vacibliyini bildirdi. Bir sözlə, çox mətləblərə toxunduq, görüşdən çıxandan sonra BDU-nun kollektivi ilə vidalaşmağa gəldim, ağlaşma görüşü oldu (gülür). Kollektiv də, mən də çox kövrəldik. Daha sonra nazirliyə keçdim.

Onu da deyim ki, daha əvvəl 3 il nazirlikdə işləməyimin mənə çox köməyi dəydi. Bəzi adamlar var ki, vəzifənin nə olduğunu başa düşmürlər. Vəzifəyə hazır olmaq, müəyyən pillələri keçmək, insanlarla ünsiyyət qurmağı bacarmaq lazımdır. Məsələn, kafedra müdirinə yüksək vəzifə versən, bacara bilməz. Hesab edirəm ki, vəzifəyə pillə-pillə yüksəlmək lazımdır. Sovet dövründə müəyyən pillələri keçməyən adama yüksək vəzifə verməzdilər. Gərək sən insanları, insanlar səni tanısın, beləliklə, münasibət qurulsun. Vəzifə o demək deyil ki, oturub komanda verəsən.

Ona görə də mənim 12 il böyük bir fakültənin dekan müavini, 3 il Təhsil Nazirliyində şöbə müdiri, nazir müavini olmağım sonradan nazir işləməyimə çox kömək oldu. Nazir təyin olunandan bir ay sonra Heydər Əliyev dediyi bütün sərəncamları verdi və biz də onun sərəncamlarına uyğun fəaliyyət göstərməyə başladıq.

- Özəl məktəblər o dövrdən sıradan çıxmağa başladı. Belə çıxır ki, özəl məktəblərin çoxluğu arzuolunmaz idi?

- Söhbət çoxluqdan getmir, ulu öndər keyfiyyət istəyirdi. Yaxşı bilirdi ki, o zaman rayonlarda da ali məktəb açılırdı. Məsələn, Beyləqanda ali məktəb var idi. Yəni hələ orta məktəbi yaxşı səviyyədə olmayan yerlərdə ali məktəblər fəaliyyət göstərirdi. Heydər Əliyev bu şeyləri çox yaxşı bildiyindən tapşırıq verdi ki, onların keyfiyyətini qiymətləndirmək və əsaslı şəkildə islahat aparmaq lazımdır.

O zaman 40-a yaxın lisenziyalı ali məktəb ləğv olundu, təxminən 10-12-si qaldı. Onların hamısının arxasında duran qüvvələr var idi...

- Sizə çətin iş tapşırılıbmış...

- Bəli, tək bu yox, digər məsələlər də çətin idi. Mən deyə bilmərəm ki, biz bütün istəklərimizə nail olduq, ancaq 15 il ərzində əvvəlcə ulu öndər Heydər Əliyevin, sonra isə hörmətli prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə imkanım daxilində hər zaman dövlət başçısının və millətin istəklərini həyata keçirməyə çalışdım. Buna nə qədər nail olmuşam, bunu cəmiyyət bilər.

- Misir müəllim, əslində bir çox məmurlar tutduğu vəzifədən azad olunanda özündən sonra gələnlə münasibəti bir o qədər də yaxşı olmur. Amma zaman göstərdi ki, sizin sələflərinizlə əlaqələriniz yaxşı olur. İndiki nazir Ceyhun Bayramovla münasibətləriniz barədə nə danışarsız?

- Münasibətlərimiz çox yaxşıdır. Mənim həm Mikayıl Cabbarov, həm də Ceyhun Bayramovla normal münasibətlərim var. Hər ikisi layiqli şəxslərdir. Hər ikisini nazir vəzifəsinə təyinatı münasibətilə bəlkə də birinci mən təbrik eləmişəm. Bilirsiniz, vəzifədə olmağı da, hörmətlə getməyi də bacarmaq lazımdır. Onlar da çox sağ olsunlar, mənim fəaliyyət göstərdiyim dövr haqqında mənfi söz dediklərini heç vaxt eşitməmişəm.

Onu da deyim ki, bir gün belə boş qalmadım, nazir vəzifəsindən azad olunandan bir həftə sonra cənab prezidentin razılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsində işləməyə başladım. Artıq altıncı ildir ki, burada çalışıram, riyaziyyatla, akademiya ilə bağlı işlərimizi davam etdiririk. Bugünki işimdən çox razıyam.

- O dövrdə haqqınızda çox ziddiyyətli fikirlər oldu. Mürəkkəb bir şəraitdə işlədiniz, keçmiş fəaliyyətinizi necə qiymətləndirirsiniz?

- Siz gərək o sualı mənə ünvanlamayasınız, onu cəmiyyətdən soruşun, ayrı-ayrı təşkilatlar vasitəsilə sorğu keçirin. Açığını deyim ki, keçmiş fəliyyətimlə bağlı ciddi mənfi fikirdə olanlar barmaqla sayılacaq qədərdir. Hesab edirəm ki, uzağı 3 adam haqqımda ciddi mənfi fikirdə olub, onlardan biri həyatda yoxdur, Allah rəhmət eləsin, ikisi yaşayır. Onların da müxtəlif səbəbdən fikirləri tənqidi olub. Qətiyyən onları özümə düşmən hesab eləmirəm, üzbəüz gələndə görüşürük.

Ancaq istədiklərini yazırlar, yazsınlar. Bəlkə də yazmaqlarının müəyyən mənada mənə xeyri də var. Haqqımda kütləvi mənfi fikirlər olmayıb. Onların sayı heç bir əlin barmağı sayda deyil. Ona görə də fəaliyyətlərinə qiymət verməyi heç vacib hesab eləmirəm.

Keçmiş fəaliyyətimlə əlaqədar fikrimi soruşursunuzsa, hara gedirəmsə, orada hörmət görmüşəm. Bu günlərdə həyat yoldaşımla Sumqayıtda bazara getmişdim, gördüm balaca qız uşağı bizi izləyir, arada yaxınlaşdı ki, olarmı sizinlə şəkil çəkdirim? Dedim, ay bala, kimsən sən? Dedi, şagirdəm, istəyirəm sizinlə fotom olsun. Bu münasibəti hər yerdə hiss edirəm, heç bir yerdə hörmətsizlik görməmişəm. Buna görə də özümü xoşbəxt hesab edirəm.

Oktyabrın 3-də anadan olduğum gün idi, bu gün Müəllimlər günüdür, özünüz görürsünüz, bayaqdan dayanmadan təbrik üçün zənglər gəlir. Təvazökarlıqdan uzaq da olsa bir məqamı vurğulayım, oktyabrın 5-i Müəllimlər günü dünyada qeyd olunur, uğurlu işlərim çox olub, biri də o idi ki, bu günün ölkə, prezident səviyyəsində qiymətləndirilməsinə nail olmuşam.

Hər il Müəllimlər günündə təxminən 150-200 müəllimə cənab prezidentin sərəncamı ilə fəxri adlar verilir. Müvafiq siyahı nazirlikdə hazırlanırdı, həmişə siyahının üzərində əsmişəm, çalışmışam o müəllimlərdən birinin adı siyahıdan çıxarılmasın. 10-12 il ərzində görün nə qədər adam ad alıb. Onların heç birindən təmənnam olmayıb. Elələri olub orada əli çatmayıb, AMEA-ya gələndən sonra gəlib fəxri ada görə təşəkkür edib. Sənədi imzalayan cənab prezident olub, ancaq təqdimatı biz vermişik, çalışmışam ki, ədalətli olsun, layiqli adamlara verilsin.

(teleqraf)

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?