Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Menderes əfsanəsi…

 

 Türkiyədə baş nazirin edamı ilə nəticələnmiş 1960-cı il 27 may hərbi çevrilişinin 60-cı ildönümüdür

Yenixeber.org: …1960-cı il mayın 5-də Ankarada tələbələr etiraz aksiyasına toplaşır. Baş nazir Adnan Menderes aksiyanın keçirildiyi Qızılay meydanına gedir və kütlənin arasına daxil olur. Bu zaman gənclərdən biri onun yaxasından yapışır. Hökumət başçısının “Nə istəyirsən?!” sualına tələbə “Hürriyət istəyirəm!” cavabını verir. Menderes “baş nazirin boğazını sıxırsan, bundan əla hüriyyətmi olar?” deyə reaksiya verir…

Bu əhvalatı çoxunuz eşitmisiniz. Adı naməlum qalan tələbə hökumət rəhbərinə toxunmaq fürsəti tapsa da, əslində şikayətində haqlı idi. (Həmin gəncin Dəniz Baykal olduğu barədə söz-söhbətlər olsa da, Baykal özü bunu qəti şəkildə rədd edir.) Türkiyə Cümhuriyyəti tarixinin 1950-ci ildə keçirilən ilk demokratik, çoxpartiyalı seçkilərində parlaq qələbə qazanmış Demokrat Partinin (DP) lideri Adnan Menderes 1957-ci il seçkilərindən sonra avtoritarlaşma və azadlıqları məhdudlaşdırma yolunu tutmuşdu. Həmin seçkilərdə DP 47,8% səs alaraq 1954-cü il seçkilərindəki nəticəsi (58,4%) ilə müqayisədə xeyli geriləmişdi. Digər 3 partiya (CHP, Cümhuriyyətçi Millət və Hürriyət partiyaları) toplam 52% səs almalarına baxmayaraq, DP TBMM-də 424, CHP 178, digər 2 partiya isə birlikdə 8 yer əldə etmişdilər. Bu cür tablo seçki sistemindən qaynaqlanırdı. “Liste usülü çoğunluk” deyilən sistemə görə, bir vilayətdə ən çox səs alan partiya həmin vilayətə ayrılan bütün deputat yerlərini qazanmış olurdu.

İqtidarın zəifləməsi, müxalifətin birləşərək güclənməsi (Cümhuriyyətçi Millət və Köylü partiyaları birləşmiş, Hürriyət Partiyası isə CHP-yə qatılmışdı), 1958-сi ildə qonşu İraqda Haşimi sülaləsinin devrilərək kral və ailə üzvlərinin öldürülməsi Menderesdə ciddi narahatlıq yaradır. O, Vətən Cəbhəsi adlı təşkilat qurur və DP-ni dəstəkləyən bütün vətəndaşları bu quruma dəvət edir. Bu qərar Türkiyədə kəskin siyasi qütbləşmə yaradır. Dövlət radiosunda hər gün Vətən Cəbhəsinə qatılanların adları oxunur. Yerlərdə əhali iki yerə bölünür, əks qütblərdə dayanan insanlar eyni çayxanaya, eyni camiyə getmir, uşaqlarını qarşı tərəflə evləndirmir…

Sonra parlamentdə DP millət vəkillərindən ibarət “Tahkikat Komisyonu” qurulur. Bu komissiyaya hər cür siyasi fəaliyyəti qadağan etmək, mətbuat orqanlarını bağlamaq və onların yayılmasını əngəlləmək, istintaq üçün gərəkli hesab olunan bütün sənədlərə əl qoymaq, öz işində dövlətin bütün imkanlarından yararlanmaq kimi çox geniş səlahiyyətlər verilir. Hökuməti tənqid edən 238 jurnalist həbs edilir. Vətəndaşların komissiyanın qərarlarından şikayət etmək hüququ yox idi, bu qərarlara qarşı çıxanlara həbs cəzaları nəzərdə tutulmuşdu.

Yəni A.Menderes faktiki olaraq antikonstitusion orqan yaradıb, ölkədə diktatura rejimi qurmağa başlamışdı. Onun “mən özümə sabiq baş nazir dedirtmərəm” sözü də tarix səhifələrində yerini alıb. Ölkə qısamüddətli demokratiya təcrübəsindən sonra yenidən əski dönəmə qayıtmaq üzrə idi. Anadoluya səfərə çıxan CHP lideri, cümhuriyyətin qurucularından olan İsmət İnönü “qəzəblənmiş xalq kütlələri”nin hücumlarına məruz qalır. İnönünün doğulduğu və millət vəkili seçildiyi Malatya vilayəti ikiyə bölünür və Adıyaman vilayəti yaradılır. Menderes Cümhuriyyətçi Millət Partiyasının lideri Osman Bölükbaşına da qıcıq idi. Bölükbaşı 1950-ci və 1954-cü il seçkilərində Kırşehir vilayətindən millət vəkili seçilmişdi. Menderes onun bir daha seçilməsinin qarşısını almaq üçün Kırşehirin vilayət statusunu ləğv edir və Bölükbaşını həbsə atdırır. 1957-ci ildə Bölükbaşı partiyasının siyahısından yenidən TBMM-ə seçilir və həbsxanada məhkumların qarşısında millət vəkili andı içir….

İsmət İnönü Böyük Millət Məclisində “bu yolda davam etsəniz, sizi mən də xilas edə bilmərəm” deyə hökumətə xəbərdarlıq edir. İsmət paşanın orduda böyük nüfuzu var idi, onun bu sözləri “ordu çevriliş edə bilər, bunun qarşısını almağa mənim gücüm yetməyəcək, nəzərə alın” mənasına gəlirdi. 1960-cı ilin aprel-may aylarında Ankara və İstanbulda “öyrənci olayları” deyə tarixə düşən tələbə etirazları baş verir, İstanbulda kütləyə atəş açılır, 2 nəfər ölür. Hökumət hər iki şəhərdə fövqəladə vəziyyət elan edir…

 

Bütün bunlar 27 may 1960-cı il hərbi çevrilişi ilə nəticələnir. “Darbeci”lərin liderləri arasında polkovnik Alparslan Türkeş də yer alır və dövlət idarəçiliyinə əl qoyulduğu haqda bəyanatı radiodan məhz o oxuyur. Çevrilişdən sonra Türkeş başbakanlık müstəşarı təyin edilir, yəni faktiki, hökumətin rəhbərlərindən biri olur. Lakin bir qədər sonra çevrilişi təşkil edən 38 nəfərlik Milli Birlik Komitəsi daxilində fikir ayrılığı yaranır. Türkeş və daha 13 zabit hakimiyyətin mülki şəxslərə təhvil verilməsinə qarşı çıxırlar. “14-lər” deyilən bu qrup MBK-dan və ordudan uzaqlaşdırılaraq xaricə, müxtəlif diplomatik vəzifələrə göndərilir. Türkeş də Hindistandakı Türkiyə səfirliyinə müşavir təyin olunur. Onu əvvəlcə Ankaradakı Mürtəd aviabazasına aparıb, bir neçə gün orada saxlayırlar. Bu zaman MBK rəhbərlərindən olan general Camal Madanoğlu Türkeşi güllələtmək istəyir, lakin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Türkiyə üzrə rezidenti, özbək Ruzi Nazarın köməyi ilə türk millətçilərinin gələcək lideri xilas edilir və Hindistana yola salınır…

Baş Qərargah rəisi Camal Gürsel çevrilişdən sonra İnönüyə zəng edib, üzrxahlıq edir. “Paşam, sizə qabaqcadan söyləsəydik, qarşı çıxacağınızı bilirdik, ona görə xəbərdar etmədik, bizi əfv edin”, – deyir. Menderes və digər şəxslər üzərində məhkəmə qurulur və 10 aya yaxın davam edən prosesin sonunda 14 nəfərin edamına, 31 nəfərin isə ömürlük həbsinə qərar verilir. ABŞ prezidenti Kennedi, Fransa prezidenti Şarl de Qoll, Britaniya kraliçası II Elizabet, Almaniya baş naziri Adenauer, İran şahı Rza Pəhləvi və digər xarici dövlət və hökumət rəhbərləri edamların ləğvi üçün müraciət edirlər. Milli Birlik Komitəsi bu müraciətləri nəzərə alsa da, baş nazir Menderes, xarici işlər naziri Fatin Rüştü Zorlu və maliyyə naziri Hasan Polatkanın cəzaları ləğv olunmur. Prezident Cəlal Bayarın edam cəzası isə yaşı səbəbi ilə ömürboyu həbsə çevrilir. (Bayar sonradan əfv edilir.) Menderes 17 sentyabr 1961-ci ildə İmralı adasında asılır… (PKK terror təşkilatının lideri Öcalan hazırda bu adada saxlanılır.)   

Şübhəsiz ki, xalq tərəfindən seçilmiş hökumətin hərbi çevriliş yolu ilə hakimiyyətdən uzaqlaşdırılması qəbuledilməz haldır. Amma bir önəmli sual da var: əgər hərbçilər işə qarışmasaydı, diktatura rejimi qurmaqda olan Menderesi dayandırmaq mümkün ola bilərdimi? Bu sual açıq qalır.

 

Bununla yanaşı, bir məqam da şübhə doğurmur ki, edam qərarı çox yanlış, qeyri-insani və ağılsız qərar olur. Menderes və 2 yaxın silahdaşını da digərləri kimi həbsə məhkum etmək və siyasi fəaliyyətlərinə yasaq qoymaq mümkün idi. Edam Adnan Menderesin əzabkeş obrazının yaranmasına və əfsanələşməsinə gətirib çıxardı. Eyni fikri 1972-ci ildə edam edilmiş marksist solçular – Dəniz Gəzmiş, Hüseyn İnan və Yusuf Aslan haqqında da söyləmək olar. 100-cü ildönümünə yaxınlaşan Türkiyə Cümhuriyyətinin siyasi tarixində bu cür faciəli səhifələr, yanlış qərarlar az deyil…

 Şahin Cəfərli

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam