Alimlərin fikrincə, pandemiya dövlətlərin, insanların duyğu və reaksiyaları da daxil olmaqla, vətəndaşları tam idarə etməsinə imkan yaradıb

Yenixeber.org: “SARS-CoV-2” və ya “COVID-19” adları ilə məşhur olan koronavirusun pandemiyaya çevrilməsi milyonlarla insanın uzun illər formalaşmış həyat tərzini alt-üst etdi. Bir neçə ay ərzində gözümüzün önündə, əvvəlki onilliklərdə vacib sayılanlar dəyərsizləşdi: istehlakçı cəmiyyətin təhlükəsizlik cəmiyyətinə transfromasiyası baş verdi. Səyahət etməyə öyrəşmiş insanlar ölkələrinin sərhədləri daxilində, öz şəhərlərində, hətta mənzillərində qalmağa məhkum oldu. İdman yarışları, konsertlər və digər sevimli əyləncələr ləğv edildi. Görünən odur ki, hamımızı çətin günlər gözləyir və indiki böhrandan canını qurtaranlar artıq tamamilə fərqli bir dünyada yaşayacaqlar.

Rusiyanın “Lenta.ru” portalının əməkdaşı Vladimir Kulaqin koronavirus pandemiyasından sonra dünyamızın niyə heç vaxt yenidən əvvəlki kimi olmayacağı barədə suallara cavabların, həmçinin koronavirusun həyatımızı necə dəyişəcəyi ilə bağlı xarici aparıcı mütəxəssislərin maraqlı fikirlərinin yer aldığı araşdırma yazısı hazırlayıb.

Koronavirusdan necə xilas olmaq mümkündür?

Bir neçə gün əvvəl “Biz qalib gələcəyik. Vaxtından əvvəl, nəinki gec”, – deyərək Amerika prezidenti Donald Trump ölkə vətəndaşlarına “Twitter”də ümid verdi. Düzdür, bundan əvvəl ABŞ lideri bu qədər yaxşı əhval-ruhiyyədə görünmürdü: həvəsi yox idi və “hər şeyin pis olduğu” ifaədə ilə nitqinə başladı. Təbii ki, belə pis əhvalın əsas günahkarı – koronavirusdur. Belə bir rəqiblə döyüş, misli görünməmiş dərəcədə çətin və yorucudur və hələ indidən onun vurduğu zərər dünya iqtisadiyyatı və milyonlarla insanın həyat tərzi üçün fəlakətlidir. Bəşəriyyətin bu karantindən çıxdıqdan sonra insanların həyatının hansı dərəcədə dəyişəcəyini dəqiq heç kim bilmir, amma bəzi alimlərin firkincə, dünyanın yeni mənzərəsinin konturları indidən görünməyə başlayır.

İnternetdən çıxma – səhvə yol vermə!

Mövcudolmanın yeni şərtləri əslində iki cini şüşəsindən buraxdı – məsafədən çalışma və onlayn təhsil. Yeni təcrübəni sınaqdan keçirmiş şəxslərin köhnə həyat tərzinə qaytarılması son dərəcə çətin olacaq. Doğrudur, hər bir işi uzaqdan yerinə yetirmək olmur. Ancaq indi bir çoxları dərk etdi ki, səhər bir saatdan çox müddətə işə hazırlaşmaq və təxminən bir o qədər də yola vaxt sərf etmək səmərəli iş üçün o qədər mühüm şərt deyil.

Səhiyyə mütəxəssisləri teletibbin inkişafını da proqnozlaşdırırlar. Paradoksal olsa da, artıq həkimlərlə şəxsən görüşmək təhlükəli hala gəlib və uzaqdan görüşlər getdikcə vərdişə çevrilir. Eyni proses apteklərdə və dərmanların ev çatdırılması sahəsində də gedir.

Massaçusets Texnologiya İnstitutunun Mülki medianın tədqiqi mərkəzinin direktoru Etan Çukerman deyir ki, demokratik ölkələrdə “onlayn-format” qanunvericiliyə daxil edilə bilər. Əvvəlcə pandemiya, sonra praqmatik səbəblər buna gətirib çıxara bilər. Siyasətçilərin təmsil etdikləri seçicilərlə öz dairələrində daha çox vaxt keçirmələri daha ağlabatandır: bu, yerli məsələləri daha yaxşı başa düşməyə imkan verəcək.

Koronavirus özü ilə bəzi müsbət halları da yarada bildi. Məsələn, fövqəladə hallarda hökumətin nüfuzu da elmin nüfuzu qədər artdı. Çukermanın sözlərinə görə, qeyri-müəyyənlik və naməlum təhlükə insanları yalnız rəsmi məlumatlara etibar etməyə təşviq edir. Səhiyyə Nazirliyinin brifinqləri və tövsiyələri birdən-birə görünməmiş populyarlıq qazandı.

Elektron səsvermə populyarlaşa bilər

Pandemiya mobil cihazlarımız vasitəsilə daha etibarlı, şəffaf və səmərəli səsvermə daxil olmaqla, elektron demokratiyanı bizə yaxınlaşdırır. Artıq ABŞ-ın bəzi ştatlarında qarışıq model – kağız bülletenlərindən istifadə edilməklə yanaşı, mobil telefonda səsvermə meydana çıxıb. Doğrudur, dünyadakı mübahisəli nümunələr – məsələn, Ayova ştatındakı səslərin elektron sayılmasında baş verən uğursuzluq və ya Moskva Şəhər Dumasına 2019-cu ildə keçirilən seçkilərdəki təcrübə yeni mexanizmlərin köhnələrdən daha şəffaf və etibarlı olacağına dair şübhələri artırır. Seçki barədə başqa variantları da düşünmək olar. Məsələn, növbələrdə böyük izdihamın qarşısını almaq üçün səsvermənin müddətini 1 gündən bir aya qədər uzatmaq mümkündür.

Çoxları yenidən yemək bişirməyi öyrənməli olacaqlar

Yel Universitetinin professoru Pol Fridman inanır ki, karantin rejimində insanlar ailələri ilə daha çox vaxt keçirməyə vərdiş edəcəklər və məsələn, pandemiyadan sonra da evdən kənarda daha az yemək yeyəcəklər. Belə ki, hesablamalara görə, son illərdə amerikalılar yemək almaq və hazırlamaqdan daha çox evdən kənarda hazırlanan yeməklərə daha çox pul xərcləmişlər. Ancaq indi restoranların bağlandığı və insanların özlərini təcrid etdikləri vəziyyətdə çoxları yenidən yemək bişirməyi öyrənməli olacaqlar. Bu təcrübə normaya və yeni mətbəx və qidalanma mədəniyyətinə çevrilsə, çoxları yaxınlarını nahar və şam yeməyinə dəvətetmə ənənələrini bərpa etməklə yanaşı, ümumi ictimai iaşə müəssisələrinə qayıtmaq istəməyə bilərlər.

Alimlərin fikrincə, bundan sonra gündəlik qidaların çatdırılması xidmətləri daha da populyarlaşacaq və ənənəvi qaydada fəaliyyət göstərən restoranlar qazancın mühüm hissəsini itirəcəklər. Kiçik şəhərlərdə insanlar alış-veriş mərkəzlərində boş vaxt keçirməyi özlərinə vərdiş kimi seçmişdilər, pandemiya zamanı bu mənasız olacaq. İndi bu məşğuliyyətin yerini parklar kimi açıq ictimai yerlər əvəz edə bilər, çünki burada yaxın təmas və yoluxma ehtimalı nəzərəçarpacaq dərəcədə azdır.

Mövcud böhran bütövlükdə indiki nəsil üçün ən böyük çağırışdır

“Financial Times”a açıqlama verən israilli professor Yuval Noy Hararinin (“Sapiens: bəşəriyyətin qısa tarixi” kitabının müəllifi) sözlərinə görə, pandemiya ilə mübarizə qərarları yaxın gələcəkdə bütün planetin taleyini təyin edəcək. Professor bu böhranı bütövlükdə indiki nəsil üçün ən böyük çağırış adlandırır. Onun fikrincə, bəşəriyyət üçün indi iki əsas seçim var. Birincisi, totalitar idarəetmə və azadlıq arasında seçim etməkdir. İkincisi, milli təcrid və bütün dünya ilə həmrəylik arasında seçim etməkdır. Harariyə görə, koronavirus bir sıra ölkələri “eksperiment siçovulları”nın vəziyyətinə saldı.
Beləliklə, demək olar ki, bütün hökumətlər pandemiyanı dayandırmaq üçün əhali qarşısında müəyyən tələblər qoyur. Lakin bunların yerinə yetirilməsinə müxtəlif yollarla, məsələn, “hər şeyi görən dövlət”in insanları cəzalandırmasının da qaçılmaz olduğuna vətəndaşları inandırmaqla nail olmaq mümkündür. Müasir texnologiya insanları 7 sutka 24 saat rejimində izləməyə imkan verir. Tezliklə, sözün əsl mənasında “vətəndaşların dərisinin altına qədər nüfuz edəcəklər”: Çində xüsusi proqramların tətbiqi və telefon şəbəkələri vasitəsilə bir nəfərin yoluxmuş insanlarla görüşüb-görüşmədiyini yoxlayırdılar, üz tanıma sistemi yüksək temperaturu olan insanları aşkarlayırdı. Ancaq bütün əhali maska taxdıqdan sonra bu sistemdə nasazlıq və sıradançıxma baş verməyə başladı.

Pandemiya olmasa belə dövlətin vətəndaşı birbaşa izləmək bəhanəsi üçün gec-tez başqa bir infeksiya ortaya çıxacaqdı

Yeri gəlmişkən, Rusiyanın Daxili İşlər Nazirliyi rəsmi olaraq bildirib ki, xarici müşahidə kameralarının köməyi ilə Moskvada karantini pozan 200 nəfər şəxs müəyyən edilib. Bəziləri bu pozuntulara görə artıq cəzalandırılıb. İsrailin Baş naziri Benyamin Netanyahu da təcili olaraq koronavirus yoluxmuş insanların axtarışı üçün terrorçuları izləmək üçün nəzərdə tutulan rəqəmsal sistemdən istifadə edilməsi barədə qərar imzalayıb.

Artıq hökumətlər nəinki vətəndaşların hara getdiklərini, hətta temperatur və təzyiqlərini də bilmək istəyirlər. Harari vurğulayır ki, bu cür ümumi məlumatların toplanması çox dərin nəticələrə aparıb çıxara bilər. Biometrik qolbağılar epidemiyanı dayandırmağı asanlaşdırsa da, yeni təhlükələr doğurur. Dövlətlər (və ya məkrli cinayətkarlar) siyasətçilərin çıxışlarına, insanların seraillara və reklamlara necə reaksiya verdiyini müəyyən edə, daxili duyğularını necə düzgün şəkildə ortaya çıxarmağı və tamamilə idarə etmək imkanını müəyyənləşdirə biləcəklər. Alim deyir ki, bu pandemiya olmasa belə, dövlətlərin insanları idarə etməsinə bəhanə yaratmaq üçün üçün gec-tez başqa bir infeksiya ortaya çıxacaqdı.

Qloballaşma uğursuzluğa düçar oldu

Bəşəriyyətin cavab verməli olduğu başqa bir sual isə birləşmək, yoxsa hər dövlətin özü üçün yaşaması ilə bağlıdır. Hararinin sözlərinə görə, indi qloballaşma uğursuzluğa düçar oldu: dünyada xaos hökm sürür və hər bir hökumət müstəqil şəkildə fəaliyyət göstərir. Ümumdünya fəaliyyət planı olmadıdığından, bu vəziyyət böyüklərin daxil olmadığı otaqda uşaqların davranışlarına bənzəyir. ABŞ bu vəziyyətin metaforasında “böyüklər” rolundadır, bir anda bütün dünyaya təsir etmək cəhdlərindən əl çəkir və onun yerini heç kim almasa, planetar miqyaslı çağırışlarla üzləşmək getdikcə daha da çətinləşəcək.
Tarixçi əmindir ki, bütün ölkələr əməkdaşlıq etsə, pandemiya və qlobal böhranın öhdəsindən gəlmək mümkündür. İlk növbədə söhbət məlumat mübadiləsindən gedir: səhər Milanda yeni bir metod öyrənən bir həkim axşam Tehranda bir nəfərin həyatını xilas edə bilər. Britaniya hökuməti oxşar problemlə üzləşən koreyalılarla əməkdaşlıq edərək düzgün seçim edə bilər. Alimlərin, həkimlərin və jurnalistlərin səyahətinə icazə verən razılaşma dərhal qlobal səviyyədə birləşdirilməlidir.

Pandemiya dövlətlərin suverenliyini möhkəmləndirəcək və millətçiliyi gücləndirəcək

Ancaq burada İsrail tarixçisi qloballaşmanın “ümidin artıq öldüyü utopiya” olduğuna inanan bir qrup skeptiklə qarşılaşır. Bu nöqteyi-nəzərin tərəfdarlarının əksəriyyətinin fikirləri “Foreign Policy” jurnalındakı məqalədə cəmləşib. Məsələn, politoloq Stiven Uolt pandemiyanın dövlətlərin suverenliyini möhkəmləndirəcəyini və millətçiliyi gücləndirəcəyini düşünür. Həm demokratik, həm də totalitar dövlətlər, böhrandan çıxmaq və əhalini qorumaq üçün bir sıra təcili tədbirlər görür. Onların əksəriyyəti təhdid azaldıqda belə böhran zamanı əldə edilmiş səlahiyyətlərindən imtina etmək istəməyəcəklər.

Onun sözlərinə görə, COVID-19 həm də təsir mərkəzinin Qərbdən Şərqə keçməsini sürətləndirəcək. Cənubi Koreya və Sinqapur gözlənilən təhlükəyə dünyada bütün dövlətlərdən daha yaxşı reaksiya verdilər və Çin səhvlərini səmərəli şəkildə düzəldərək bu sınaqdan qalib çıxdı. Bu fonda Avropa və Amerikanın reaksiyası yavaş və sistemsiz idi, bu da nümunə kimi göstərilən “Qərb cəmiyyət modeli”nə münasibətdə məyusluğun əlavə edilməsinə gətirib çıxarır.

Uolt, eyni zamanda 1918-1919-cu illərdə tüğyan edən “İspan epidemiyası”nın böyük güclərin rəqabətinə son qoymadığını xatırladaraq ortaq bir düşmənin bəşəriyyəti birləşdirəcəyinə inanmır.

Dağılmaq ərəfəsində olan dövlətlərə daha tez-tez rast gəlmək mümkün olacaq

Bu gedişlə COVID-19 daha az açıq, daha az firavan və daha az azad bir dünya yaradacaq. “Bloomberg” də qlobal dünyaya münasibətdə şübhə ilə yanaşır. Dünyanın iki ən böyük iqtisadiyyatı olan ABŞ və Çinin virusun ortaya çıxmasında bir-birini günahlandırmağa çalışdıqlarını, peyvəndin yaradılmasında və lazımi avadanlıqların ötürülməsində əməkdaşlıq etmək əvəzinə jurnalistləri yanlış məlumat vermək ittihamı ilə qovmasına işarə edir. Görünən odur ki, bəşəriyyət digər böhran vəziyyətlərində də bu cür davranacaq.

Bu baxımdan, Beynəlxalq Əlaqələr Şurasının prezidenti Riçard Haas inanır ki, pandemiyadan sonra dünyada daha çox “failed states” adlandırılan “uğursuz dövlətlər” meydana çıxacaq. Pandemiyanın fəsadları ilə qarşılaşan bir çox ölkə iqtisadiyyatını bərpa etməklə bağlı çətinliklərlə üzləşəcək və dağılmaq ərəfəsində olan dövlətlərə daha tez-tez rast gəlmək mümkün olacaq.

Cəmiyyətdə yaranan qeyri-bərabərlik kasıb uşaqların onlayn təhsilini də sual altına alır

Gəlirlərin paylanmasında ədalətsizlik və qloballaşma üzrə mütəxəssis Branko Milanovic hesab edir ki, qlobal iqtisadiyyat qaçılmaz şəkildə çökəcək, lakin tam dağılma ilə nəticələnmə hökumətlərin növbəti altı ay və ya bir il ərzində vəziyyətə nəzarət edib-etməyəcəklərindən asılı olacaq. Əgər onlar qısa müddətdə vəziyyətə nəzarət etməyə müvəffəq olsalar, dünyanın bəzi prinsiplərinə yenidən baxılmalı olsa belə, qloballaşma yoluna qayıdış ehtimalı yüksəkdir. Böhran daha uzun davam edərsə, qloballaşma dönməz şəkildə keçmişdə qala bilər.

Böhran nə qədər davam edərsə, insanların, məhsulların və kapitalın sərbəst hərəkətinə maneələr nə qədər uzun olarsa, qloballaşmadan imtina da bir o qədər normal görünəcəkdir.

İqtisadçı Dambisa Moyo hesab edir ki, koronavirus pandemiyası korporasiyaları qloballaşmış istehsal sisteminin gəlirlərini milli səviyyədə tədarük zəncirinin etibarlılığı ilə müqayisə etməyə təşviq edəcək. İkinci varianta keçid beynəlxalq münasibətlərdən asılılığı azaldacaq. Bu, qiymət artımına baxmayaraq, vətəndaşların iş və zəruri məhsullarla təmin olunmasına zəmanət verir. Krallığın Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Robin Niblett əlavə edir ki, koronavirus “qloballaşma dəvəsi”nin kürəyini yerə vuran “saman çöpü” ola bilər.

Amerikalı mütəxəssislər, həmçinin qeyd edirlər ki, karantin tədbirləri cəmiyyətin qeyri-bərabərlik barədə düşünməsinə səbəb olacaq. Çünki öz evlərində yaşayan və uzaqdan işləyə bilən yüksək maaş alan menecerlərin vəziyyəti, belə bir “təhlükəsizlik maliyyə yastığı” olmayan amerikalıların qalan 80 faizinin problemləri ilə kəskin şəkildə ziddiyyət təşkil edir. Onlar həmişə evdə qala bilmirlər və onların xeyli hissəsi pandemiyanın qızğın vaxtında da xidmət sektorunda işləməyə davam edirlər.
Bütün uşaqların onlayn təhsili də sual altındadır, çünki əhalinin hamısı sürətli İnternetə malik deyil. Bu məsələ üzrə ən çox müzakirə edilən mövzulardan biri ümumi baza gəlirinin tətbiq edilməsidir. Yeri gəlmişkən, ABŞ hakimiyyəti böhranın təsirini azaltmaq üçün artıq bütün böyüklərə 1000 dollar, yetkinlik yaşına çatmayanlara 500 dollar ödəməyi qərara alıb.

İnsanlar arasındakı sosial məsafə qaçılmaz olaraq artacaq

“Politico” jurnalı da dünyanın koronavirusdan sonrakı vəziyyəti ilə bağlı görkəmli futuroloqlardan münasibət öyrənib. Corctaun Universitetinin professoru Debor Tannen inanır ki, pandemiyanın təsiri bu il sağ qalan hər kəsin yaddaşında dərin izlər buraxacaq. Onun fikrincə, insanları başa düşmək üçün bir-birindən fərqli zamana ehtiyac olacaq. Beləliklə, pandemiya uzun illərdir davam edən əllə görüşmək və ya üzə toxunmaqdan çəkindirə bilər.

Cəmiyyət bir növ obsessiv-kompulsiv pozğunluq (OKD) qazandı – indi hər kəs əllərini daim yuyur. Şəxsi görüşlər onlayn müstəviyə keçəcək, canlı ünsiyyət artıq lazımlı görünməyəcək: əvvəl aldığınız məhsulun və xidmətin haqqını onlayn köçürməyiniz üçün bir səbəb lazım idisə, indi niyə şəxsən görüşməyinizi izah etməlisiniz. Genişzolaqlı internet olmadan dünyanın yoxsul guşələrində yaşamaq daha da pisləşəcək. Onlayn ünsiyyətin inkişafı daha çox sosial əlaqədən istifadə imkanı yaradacaq. İnsanlar arasındakı sosial məsafə qaçılmaz olaraq artacaq, bununla birlikdə təhlükəsizlik də yüksək səviyyə qalxacaq.

Yeni “vətənpərvərlər” formalaşacaq

Politoloq Mark Lourens Şradın fikrincə, bu pandemiya nəhayət, vətənpərvərlik anlayışını korrektə edəcək. Ənənəvi militarizmdən insanlar imtina edəcəklər, çünki müharibə virusun öhdəsindən gəlməyə kömək etmək iqtidarında deyil. İndi əsas vətənpərvərlər və müdafiəçilər forma geyən hərbçilər deyil, həkimlər, tibb bacıları, əczaçılar, mağaza işçiləri və kiçik sahibkarlardır. Onların bir çoxu heç vaxt gözləmədikləri infeksiya və ölüm riski ilə üzləşirlər, lakin başqa çıxış yolları olmadıqları üçün buna gedirlər.

Mütəxəssislər bir məsələdə ümumi rəyə gəlirlər: karantin rejimlərindən çıxdıqdan sonra insanlar yeni, qeyri-adi bir dünyada özlərini tapacaqlar

Beləliklə, yeni koronavirus artıq minlərlə insanın həyatına son qoyub. Koronavirus həm də möhkəm və dayanıqlı görünən “qlobal dünya haqqında illüziya”nı məhv etdi. Bir neçə gün ərzində dünyada insanların, məhsulların və kapitalın sərbəst hərəkəti dayandı, prezidentlər hərbi vəziyyət barədə danışır və sakinlər panika ilə aylıq ərzaq tədarükünü görürlər.

Dünyada hərəkət dayandı. Virus rifah haqqında xəyalları da aradan qaldırdı. Əvvəlcə qarşısının alınması mümkünsüz görünən qloballaşma infeksiyanın yayılması təhlükəsi ucbatından öz-özünə dayandı. İstehlakçı cəmiyyətin bütün planları yarımhərbi vəziyyətdə insanlarn ölkələrini, şəhərlərini, ailələrini qorumaq kimi yeni məqsədləri ilə müqayisədə əhəmiyyətsiz bir məsələyə çevrildi.

Ən nəhayət, bu pandemiya təsdiqlədi ki, hətta XXI əsrdə də təhlükəsizlik əsas dəyər olaraq qalır və bunun üçün bəşəriyyət sivilizasiyanın ənənəvi faydalarını da tərəddüd etmədən qurban verməyə hazırdır.(aztoday)

Orxan Məmmədli