Şeyxin xətrini çox istəyən cənib regionundakı seçicilər hər dəfə mentalitetdən irəli gələn səbəblərdən onu sadəcə “yola verirlər”

Yenixeber.org: Bəzi dairələrdə ciddi qanun pozuntuları baş verməsi səbəbindən hələ də nəticələri tam açıqlanmayan növbədənkənar parlament seçkilərinin qeyri-rəsmi, daha doğrusu, “lider-namizəd”lər arasında olan, namizədliyi Yeni Azərbaycan Partiyasından (YAP) 75 saylı Lənkəran – Masallı seçki dairəsindən irəli sürülən bütün Qafqazın Şeyxi, çox hörmətli Hacı Allahşükür Paşazadənin qardaşı Cavanşir Paşazadə də var. Şeyxin qardaşını yada salmaq onun da bəzi namizədlər kimi saxta şəkildə özünü lider elan etməsinə görə deyil. Onun seçilməsini də şübhə altına salmaq fikrimiz yoxdur.

Sadəcə ölkəmizin cənub regionundan millət vəkili seçilən bir şəxs kimi deputat olduğu 15 ildə Lənkəran və Masallı rayonları, həmçinin cənub regionu sakinlərinə görə heç olmasa, bir dəfə də narahatlıq keçirdiyini, hər hansı bir məsələni gündəmə gətirdiyini yada salmaq istədim. Amma, çifayda. Sadəcə bu adamın əvvəlki illəri demiərm, ən azı V çağırış Milli Məclisdə “tut yemiş” bülbül kimi susmasının, arabir də xarici ölkələrə səfərləri sırasında qardaşı A.Paşazadəni müşayiət etməsinin deputatlıq hesab edilməsi adama çox təsir edir.

Məlum olub ki, bu adam o qədər fəaliyyətsizdir ki, digər deputatlardan fərqli olaraq onun “Vikipediya” açıq ensiklopediyasında adından və anadan olduğu tarixdən başqa heç bir məlumat yoxdur. 67 yaşlı, III, IV, V çağırış (15 ilə yaxın) Milli Məclisə deputat seçilmiş bir adamın haqqında üç cümlədən artıq məlumatın olmaması, doğrudan da onun məhz depuatat kimi fəaliyyətsizliyindən xəbər verir. Üçuncü cümlədə fəaliyyəti kimi “siyasətçi” yazılması da təəccüb və gülüş doğurur. “Meclis.gov.az” saytında da onun haqqında məlumat 3 cümlədən çox deyil. İndiki dövrdə kəşfiyyat orqanlarının əməkdaşları olan şəxslərin haqqında məlumat bundan daha çox ola bilər.

Bu məqamda belə sual yarana bilər bu adam 67 yaşına qədər demirəm, qanunverici orqanda təmsil olunana qədər, məsələn 50 yaşına qədər heç bir işlə məşğul olmayıb? Yox, QMİ sədrinin qardaşı olan bu adamın fəaliyyəti barədə məlumat olmaması o demək deyil ki, qardaşının adından və nüfuzundan istifadə edən bu şəxs uzun illərdir heç bir vəzifə tutmayıb və bizneslə məşğul olmayıb.

Bəzi media orqanlarına verdiyi müsahibələrdə sahə rəisi, mühəndis, çay fabrikinin və qoruğun direktorları vəzifələrində işlədiyi, “neftbaza”da çalışdığını deyən C.Paşazadənin Lənkəran Su-Tikinti İdarəsi, Texniki Materiallar Bazası, 3 saylı Çay Fabrikinin və Qızılağac Dövlət Təbiət Qoruğunun rəhbəri olması faktdır. Təbii ki, kimin xətrinə olduğu məlumdur.

Deputat olana qədər nə işlə məşğul olduğunu da özü səmimi müsahibələrindən birində açıb töküb. Məlum olub ki, Cavanşirin uşaqlığı yaxşı keçməyib… 12 yaşından böyük kişilərə qoşulub Gəncədən, Tiflisdən tutmuş digər şəhərlərə öz həyətlərində yetişdirdiyi xiyar-pomidor satıb. Pomidor-xiyar alveri ilə məşğul olmaq da, əslində bir biznesdir. Deputat oldğu dövrlərdə dəfələrlə guya heç bir biznesi olmadığını (qanun da bunu qadağan edir) iddia etsə də, bu yaxınlarda xaricdə yaşayan jurnalist Cavanşir Həsənli 2002-ci ilin noyabrında qeydiyyatdan keçən banan xurma, ədviyyat biznesini həyata keçirən, hüquqi ünvanı Astara rayonu, Gənclər küçəsi 1 olan, nizamnamə kapitalı 3 109 370.00 manat olan, “AZƏR CƏNUB” MMC-nin təsisçisi və qanuni təmsilçisinin Сavanşir Paşazadə olduğunu ortaya çıxarıb. C.Paşazadənin özünün dediyinə görə isə böyük oğlu polisdə işləsə də, İngiltərəyə oxumağa gedən oğlu da İstanbulda şirkət sahibidir, özünə yaxşı biznes yaradıb.

Bütün bunlar öz yerində, onun öz iddiasına görə Şeyxin qardaşı olmağı onu çox hərəkətlərdən çəkindirib. Gör indi çəkinməsəydi, at çapmağı, qaban əti yeməsə də, qaban ovlamağı, balıq tutmağı çox sevən, 7 dəfə Məkkədə Həcc ziyarətində olsa da, hərdən namaz qılan, hərdən də qılmayan bu adam nələr edərdi?
Sözün qısası, Cavanşir Paşazadə Şeyxin qardaşı kimi, yəni “evin ərköyün uşağı” olaraq, heç bir vacib niyyət olmadan hərdən fürsət düşəndə ziyarət dövründə çarter reysi ilə Şeyxə qoşulub, yaxud kefinə düşəndə ova gedən kimi, dostlarını da yığıb başına gedib Həccə. Bunların hamısı ona qarşı qərəzdən irəli gəlmir, C.Paşazadənin öz dilindən dediyi etiraflardır…

Bu “siyasi xadim” o qədər “səmimi” adamdır ki, rus dilini və talış dilinə yaxın olan fars və tacik dillərində başa düşdüyünə görə özünü “poliqlot” adlandırır, hətta sovet dövründə Özbəkistanda oxuduğu üçün Orta Asiya xalqlarının əksəriyyətinin dillərini bildiyini iddia edir, “Təzəpir” məscidinə Prezident pul ayırdığı halda onu özünün tikdirdiyini iddia edir, kimisə “Həccə göndərirəm” deyir, sonra məlum olur ki, Şeyxdən xahiş edib, başqa imkanlı şəxslərin hesabına göndərib: “Adamlar gəlib məndən xahiş edirlər, mən də başqalarından… Yəni bir-birimizi yola veririk”. Yəni sözün qısası Cavanşir Paşazadə “hamam suyundan özünə dost tutan”lardandır.

Bəs seçiləri nə deyir? Seçkiqabağı təşviqat-təbqliğat kampaniyası zamanı onun üzü olub ki, çıxsın seçicilərdən səs istəsin? Təbii ki, partiyanın adı arxasında gizlnən əksər YAP-çılar kimi o da “Güclü Azərbaycan naminə” qalxanı arasından boylanaraq təşviqat adında bir-iki görüş keçirib. Həmçinin narazı seçicidən dəvənin nalbənddən qorxduğu kimi qorxan bəzi bitərəf namizədlər sayaq təsadüfi görüşlərdən çəkinən C.Paşazadənin liderliyi nə onun səmimiliyi, nə də özünün qabiliyyətinin məhsuludur.

Ələqərəz, C.Paşazadə Həccə gedənləri “yola verdiyi” kimi seçkilər zamanı qarşısına çıxmağa cürət etdiyi seçicilərini seçkidən sonra sadəcə “yola verir”. Lənkəran və Masallı rayonunun sadə camaatı da sadəcə onu “yola verir”. Ona görə də onu Hadı Rəcəblinin taleyi gözləmir. Niyə? Ona görə ki, bütün Azərbaycanda olduğu kimi, cənub regionunda da hörmətli Şeyxin, QMİ sədrinin xətrini çox istəyirlər. Bizim milli mentalitetimizdən gələn münasibətə görə onun xətrinə dəymək istəmirlər.(aztoday)

Orxan Məmmədli