Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Kölgədə qalmış hərbi kəşfiyyatçı:"QÜDS" QÜVVƏLƏRİNİN YENİ KOMANDANI İSMAYIL QAANİ KİMDİR?

 

İnqilab Keşikçiləri Korpusu (İİKK) “Qüds” qüvvələrinin yeni komandanı İsmayıl Qaani ilk tvitini atıb: “Bismillahi-r Rəhmani-r Rəhim”. Yozum müxtəlif ola bilər, eyham kimi qavrama da mümkündür, amma bir sadə məna aydındır: “Artıq vəzifəmin icrasına başlamışam”.

Yenixeber.org: Cons Hopkins Universitetinin Beynəlxalq Araşdırmalar Məktəbinin professoru və Obama administrasiyası dövründə Dövlət Departamentinin böyük məsləhətçisi olmuş Vəli Nəsrin fikrincə, “Qasim Süleymaninin ölümü “Qüds” briqadasını büdrədə və davamçısı onun qədər nüfuzlu olmaya bilər”.

Bunu, əlbəttə, gələcək göstərəcək. Amma iddiadan öncə İsmayıl Qaanini yaxından tanımaq gərəkdir.

Kimdir, İİKK-də hansı təcrübəyə və mövqeyə sahibdir?

Ümumən Qaani haqqında məhdud bilgilər var. Farsdilli internet resurslarında yalnız doğum yeri göstərilib – Məşhəd. Nə anadan olma günü, ayı, nə də ili.

Əslində, anlaşılandır, hərbi kəşfiyyat qurumu təmsilçisi barədə bundan artıq məlumat axtarışı faydasız işdir. Amma bəzi mənbələrdə doğum ilinin 1958 olduğu göstərilib.

Qaaninin sinninin çoxluğunu göstərən zahiri görkəmini nəzərə alaraq, bu tarix inandırıcı ola bilər.

Eyni zamanda, bu tarix onun Qasim Süleymani ilə həmyaşıd olduğunu göstərir.

Açıqlanan məlumatlara əsasən, İsmayıl Qaani İraqla müharibə illərində “Nəsr” və “İmam Rza” diviziyalarına rəhbərlik edib.

Qərb mənbələri inqilabın ilk illərində Qaaninin İran Kürdüstanında etirazların yatırılmasına rəhbərlik etdiyini də qeyd edirlər.

Qısası, onun “Sepah”da fəaliyyəti nə az, nə çox, düz 40 illik tarixə malikdir.

Bütün digər bilgilər Qaaninin sərt əsgər, mühafizəkar mövqeli zabit, sistemin (nizamın) sədaqətli səlahiyyətlisi olduğunu göstərir.

Bir neçə misal: 1990-cı illərin sonunda prezident kürsüsünə yiyələnmiş Məhəmməd Xatəmiyə ünvanlanmış etiraz məktubunda İsmayıl Qaaninin də imzası olub. Həmin dövrdə Qaani “masa arxasındakı danışıqların nəticə verməyəcəyini” söyləyərək islahatçı imicli Xatəmini Qərblə nüvə danışıqlarına görə tənqid edib.

Mahmud Əhmədinejadın prezidentliyinin başlanğıcında o, İnqilab Keşikçiləri Kəşfiyyat Xidmətinin rəhbəri olub. Daha sonra “Sepah”ın kəşfiyyat xidməti rəhbərinin və “Qüds” qüvvələri komandanının müavini kürsülərini tutub.

2009-da, Əhmədinejadın qatıldığı ikinci seçkidə general Hüseyn Əlai “yaşıl hərəkat”ın lideri Mir Möhsün Musəvini (“Ettelaat” qəzetində) dəstəkləyərkən, həmkarını fikrindən döndərmək istəyən hərbçilər arasında Qaani də yer alıb. “Əziz qardaş! Əgər həmkarlarınızın qəlbini ağrıtmaq və düşmənin gülümsəməsini istəmirsinizsə, geri qayıdın, inamsızlıq, təkəbbür, ikiüzlülük və qlobal sionizm mediasındakı yazılarınızın və mövqeyinizin əksini araşdırın. Görmürsünüz ki, iddialarınız və qələminizin ləkəsi onların canına yağ çəkir və dodaqlarına təbəssüm qönçəsi qondurur?..”

Yeri gəlmişkən, həmin dövrdə “yaşıl etirazlar”da İsmayıl Qaaninin oğlunun həbs olunduğu söylənsə də, “Fars” İnformasiya Agentliyi qısa zamanda xəbəri təkzib edib.

İsmayıl Qaani arada-bərədə siyasi məclislərdə görünsə də, çıxışlar etsə də, heç vaxt İran mediasının cazibəsinə düşməyib, həmişə kölgədə qalıb.

Qərb analitikləri “Qüds” qüvvələrinin yeni komandanı haqqında yazırlar ki, “Qaaninin əsas diqqəti Əfqanıstan, Pakistan və ümumiyyətlə, Orta Asiyaya yönəlib”. Eyni mənbələrdə onun Əhməd Şah Məsudun rəhbərlik etdiyi Şimal Alyansının “Taliban”a qarşı mübarizəsində xüsusi rol oynadığı söylənir.

Keçən il İsmayıl Qaani Əfqanıstan milli təhlükəsizlik müşavirinin dəvəti ilə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxanini Kabil səfərində onu müşayiət edib.

Amma “Sepah” komandanının Azərbaycanda da izlərini görmək mümkündür. İranın sabiq prezidenti mərhum Haşimi Rəfsəncaninin xatirələrindəki ən azı bir qeyd bunu təsdiqləyir:

“27 noyabr 1993.                                                                 
Bu gün yağış yağdı. Səhər saat 9 idi. “Qüds” qüvvələrinin komandanı [cənab Əhməd Vahidi] və yoldaşları gəldi. “Sepah”dan cənab Qaaninin Azərbaycan Respublikasına səfəri barədə məlumat verdi: hərbi hazırlıq, tədarük və təşkil təmin edir. Bakı yaxınlığında qarnizonumuz var”.

Suriyada vətəndaş qarşıdurması başladıqda, yəni təxminən 7 il əvvəl “ISNA” agentliyinin Suriyada İnqilab Keşikçilərinin olması ilə bağlı bir məlumatında İsmayıl Qaaninin adı çəkilib.

“İslam Respublikası Suriyada olmasaydı, xalqın qətliamı geniş miqyas alacaqdı”, – açıqlaması vermiş general İslam Respublikasının Bəşər Əsəd rejiminə niyə kömək etdiyini izah edib: Suriya – müqavimət coğrafiyasıdır…” Amma dərcindən bir saat sonra açıqlamanın mətni ISNA-nın saytından çıxarılıb.

İsmayıl Qaaninin adı hallanan ən böyük siyasi qalmaqal Bəşər Əsədin Tehrana son qəfil gəlişi ilə bağlıdır.

Yadınızdadırsa, XİN rəhbəri Cavad Zərif bu səfərdən bixəbər qalmışdı. Hərçənd Qasim Süleymani həmin vaxt Zərifin görüşdə yoxluğunu prezidentlə əlaqələndirmiş və Zərifə dəstək verərək yazmışdı ki: “Zərif – İran İslam Respublikasının xarici siyasətinə cavabdehdir və nizamın yüksək vəzifəli şəxsləri tərəfindən dəstəklənir”.

Amma İsmayıl Qaaninin açıqlaması fərqli mənzərəni yaratmışdı: “Bəşər Əsəd Tehrana “Qüds” qüvvələri tərəfindən gətirilib və prezident səfərdən xəbərdar idi. Bunu bilməli olanlar bilirdi, bilməli olmayanlar bilməməliydi, çünki həssas məsələ idi”.

Bununla belə, siyasi məsələlərdə bütün fikir ayrılıqlarına baxmayaraq, İsmayıl Qaaniyə göndərdiyi təbrik mesajında XİN rəhbəri nazirliyin onunla və “Sepah”ın “Qüds” qüvvələri ilə işləməyə hazır olduğunu vurğulayıb.

Sərdar Süleymanidən sonra “Sepah” komandanlarının Həsən Ruhani hökuməti ilə eyni asma, dar körpüdən üz-üzə necə keçəcəyini gözləmək və görmək lazımdır. Amma Ayətullah Xamnəinin əmri ilə “Qüds”ə yeni komandan gətirilmiş briqada generalı İsmayıl Qaaninin təyinatı barədə fərmanındakı bir cümlə qulağa sırğa edilməlidir: “Qüds” qüvvələrinin proqramı şəhid Süleymaninin proqramı ilə eynidir”.

Əziz Rzazadə

Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam