Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

“Azəraqrartikinti” şirkəti İtalyan malı adı altında Çin malını "soxuşdurub"? -Dövlətin milyonları belə "xərclənib".. 

      

“Azəraqrartikinti” şirkəti İtalyan malı adı altında Çin malını "soxuşdurub"? - Dövlətin milyonları belə "xərclənib"..
İtaliyalı iş adamı: Muzeydəki avadanlıqlar İtaliya adıyla Çindən gətirilib
Yenixeber.org: Dövlət İncəsənət Muzeyinin dizayn işlərini görmək üçün Azərbaycana gələn Giuseppe Massascusa necə müflisləşdirildi...


2006-cı ilin iyulunda Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin binasında yenidənqurma və təmir işlərinə başlanılır. 2009-cu ilin sentyabrında prezident təmirdən sonra istifadəyə verilən muzeyin üçmərtəbəli binası ilə tanış olur. Kompleksin yeni layihəsinə uyğun olaraq, keçid korpusunun tikintisi də davam edir. 2013-cü ildə prezident və xanımı Mehriban Əliyeva Muzeyin yeni keçid korpusunun açılışına qatılırlar.


Bu dəfə İlham Əliyev muzeyin Niyazi küçəsi 9 ünvanındakı korpusunun əsaslı yenidənqurma, təmir və bərpa işlərinə görə tapşırıqlarını verir.

2014-cü ildə bu korpusda görüləcək işlərə görə Azərbaycanın sifarişçi “Azəraqrartikinti” şirkəti ilə İtaliyanın Florensiya şəhərində fəaliyyət göstərən “Eurosicurezza” adlı şirkət arasında müqavilə bağlanır. Həmin müqaviləyə görə, xarici şirkət muzeyin dizayn işlərini görəcək və materiallarla təmin edəcəkdi. (Həmin ərəfədə bu şirkət MADE SPA şirkətinin səhmlərini alıb, daha sonra adı “Eurocontract” olaraq dəyişdirilib).


İki şirkət arasında münasibətin yaranmasına gəlincə, xarici şirkətin sahibi, italiyalı Giuseppe Massascusa deyir, muzeydəki fasad işlərini görüb yekunlaşdırdıqdan sonra ona binanın dizayn və materiallarla təminatı təklifi də gəlib, o da təklifi dəyərləndirib. Görüləcək işlər bağlanan müqaviləyə görə 18 ay ərzində tamamlanmalı, 31 dekabr 2015-ci il tarixdə təhvil verilməliydi.

Məlumat üçün deyək ki, Gi Giuseppe Massascusa həm də İtaliyanın tarixi abidələrin bərpası ilə məşğul olan “Made Florence” Səhmdar Cəmiyyətinin prezidenti olub. Onun adı həmin illərdə Azərbaycanla əməkdalıq edən xarici sahibkar kimi tez-tez hökumət mediasında hallanırdı.

                                   İşlər Türkiyə və yerli şirkətlərin materialları ilə görülüb

Nəhayət, 3 illik gecikmədən sonra muzeydə işlər yekunlaşıb və bu yaxınlarda prezident İlham Əliyev binanın açılışında iştirak edəcək. İtaliyalı iş adamı isə təhdidlərdən bezərək, pulsuz-parasız öz ölkəsinə qayıdıb.

O, Meydan TV-yə muzey binasındakı dizayn və materiallarla təminat layihəsinə görə nələrini itirdiyindən danışıb.

Giuseppe Massascusa deyir, həvəslə başladığı işdə tezliklə gözləntiləri doğrulmur. Əksinə, ona yaranan borcları ala bilməməsi, üstəlik, müqavilə üzrə onun görəcəyi işlərin başqa şirkətlərə tapşırılması səbəbindən müflisləşib. O dərəcədə müflisləşib ki, hətta vətənindəki iki şirkətindən birini qapatmalı olub. Nəticədə, azı əlli işçisi işsiz qalıb.

                                              Giuseppe Massascusa sözünə davam edir:

“Mənim şirkətimin Florensiyanın memarlıq fakültəsinin dosentləri ilə birlikdə 40 illik faydalı fəaliyyət dövrü var. Ancaq Azərbaycanda bir muzeyin dizayn və materiallarla təminatına görə bağladığım müqavilə nəticədə şirkətim müflisləşdi”.

İş adamı deyir, şirkət hazırladığı layihədə beynəlxalq qaydalara uyğun öndə gedən metodlardan ibarət məhz əsl bərpa işini təklif edirdi. “Ümumi qlobal bərpa” konsepsiyasına binanın daxili və xarici hissəsi (bütün bəzək elementləri daxil olmaqla) və mebellərin bərpası aid idi.

Onun sözlərinə görə, bu layihə Azərbaycanda bir yenilik idi. Təchiz olunacaq yeni konsepsiyalı multimediya sisteminin istifadəsi ilə avanqard aləminə nümunə ola bilərdi. Muzeydəki texniki spesifikasiyalar da bir ilk hesab edilə bilərdi. Bu nəticəni layihədə iştirak etmiş, İtaliyada və əcnəbi ölkələrdə xeyli müddət fəaliyyət göstərmiş, eyni zamanda Florensiya və İtaliya bərpa ənənələrini yaxından tanıyan peşəkar ustaların iştirakı və İtaliyadan gətiriləcək olan yüksək keyfiyyətli mebel və avadalıqlarla birgə təqdim etmək olardı. Bəs niyə olmadı?

                                                Səbəbindən italiyalı iş adamı danışır:

“Yaxın günlərdə açılışı planlaşdırılan muzeydə bu layihə “Made in İtaly” adı ilə təqdim olunacaq. Orada İtaliya istehsalı materiallardan istifadə olunmalı idi. Çox güman ki, ölkə başçısına da belə təqdim olunacaq. Ancaq əslində İtaliya istehsalı deyil. İşlərin əksərriyyəti Türkiyə və yerli şirkətlərin materialları ilə görülüb. Həmin materialların keyfiyyətliliyi də şübhə doğurur, çünki o materialların alınmasına çox cüzi xərc çəkilib”.

Ayrılan pulların cüzi hissəsi bizə verildi

Dövlət tərəfindən maliyyələşdirilən bu layihənin cavabdeh şəxsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovdur. Muzeydəki işlərin keyfiyyətinə və normativlərə əməl olunmasına da zəmanət verən odur. Əslində italyan şirkətinin nümayəndələri istər texniki, istərsə də maliyyə məsələləri ilə bağlı birbaşa Zakir Sultanova, ya da onun müavinlərinə müraciət edirdilər. İşadamı deyir, Zakir Sultanovun müdaxilələri layihənin idarə olunmasında bir sıra çətinliklər yaradıb:

“Müdaxilələr və yersiz əmrlər təkcə işlərin keyfiyyətini deyil, həm də sırf italyan üslubunda hazırlanmış layihənin maliyyə resurslarını aşağı saldı. Onu da deyim ki, hökumət bu layihəyə 30.000.000 manatdan çox vəsait ayırmışdı. Üç il qeyri-müəyyən şəraitdə çalışan italyan şirkəti sonunda aldadıldı. Əslində 10 iyun 2014-cü ildən 9 mart 2017-ci ilədək muzeydə görülən bərpa işləri üçün nazirlik “Azəraqrartikinti” şirkətinin hesabına 21.812.592,57 manat (13.930.630,92 euro) köçürmüşdü. Bu vəsaitdən yalnız 2.400.000 avro italyan şirkətinin hesabına ödəndi. Halbuki, bu vəsaitin 400.000 avrosu elə material almaqçün istifadə olunmuşdu.

Biz 2017-ci ilin mart ayında xəbər tutanda ki, layihənin ümumi dəyərinin böyük hissəsi “Azəraqrartikinti”yə ödənilib, aldandığımızı anladıq. İşləri dayandırmaq qərarına gəldik. Eyni zamanda, müqavilə şərtlərinə yenidən baxılmasını və həmin vaxtadək bizə yaranmış borcların ödənilməsini tələb etdik”.

                                                    İtaliya səfiri işə qarışsa da...

2017-ci ilin mayında Zakir Sultanov işlərin davam etdirilməsi və müqavilə şərtlərinə əməl olunması üçün İtaliyanın Azərbaycandakı səfirini məsələyə qatır. Səfirin iştirakı ilə və yazılı zəmanətlə borcların iş adamına ödəniləcəyini vəd edir. Lakin bu da nəticəsiz qalır və həmin vaxtdan indiyədək italyan şirkətə pul ödənilməyib. İndiyədək həm italyan şirkət tərəfindən, həm də İtaliyanın Azərbaycandakı səfirliyi tərəfindən olunan müraciətlər nəticə verməyib. İş adamı sözünə davam edir:

“Əksinə, müqavilələrimiz qüvvədə ola-ola şirkətimiz tikinti ərazisindən uzaqlaşdırıldı, işçi heyətinin tikintiyə girişinə qadağa qoyuldu, şirkətin rəhbərləri təhdidlərə məruz qaldı, onlardan ölkəni tərk etmələri tələb olundu. İşlərin davam etdirilməsi başqa şirkətlərə həvalə olundu, buradan da belə nəticəyə gəlmək olar ki, istifadə olunan materialların əksəriyyəti ya Azərbaycandakı öz yerli şirkətlərindən, ya da Türkiyədən alınıb.

Layihədə bir italyan izi saxlamaq üçün şirkətin köhnə işçisini işə götürüblər, hansı ki həmin işçi 2016-cı ildə haqsız davranışlarına və vəzifəsini düzgün şəkildə icra etmədiyinə görə işdən çıxarılmışdı”.

                                          Adı İtaliya, özü Çin avadanlıqları

Sahibkar deyir, belə münasibət təkcə bu layihənin keyfiyyətini və uğurunu gözdən salmayıb, həm də əsasən dizayn işlərinə görə Azərbaycana dəvət olunmuş bütün italyan şirkətləri ilə əlaqələrin üstündən xətt çəkib.

Giuseppe Massascusa həm də layihə ilə hazırda başa çatdırılmış işlər arasındakı uyğunsuzluqlardan danışır:

1. Muzey binasının daxilində quraşdırılmış pəncərələr layihədə nəzərdə tutulduğu kimi deyil. Şüşə və taxta hissələri texniki xarakterləriylə birgə muzey strukturu üçün nəzərdə tutulmayıb, materialı İtaliya istehsalı deyil, yerli şirkətin məhsuludur. Taxta qapılar da yerli şirkət tərəfindən təchiz olunub;
2. Daxili və xarici şüşə konstruksiyalar türk və çin istehsalı olan materiallardan hazırlanıb, heç bir konstruktiv hesablaması yoxdur .
3. Parketin yalnız 20 faiz hissəsi İtaliyadan gətirilib, 80 faizi yerli ustalar tərəfindən hazırlanıb.
4. Bütün mebellər, pərdələr və digər elementlər əslində yüksək keyfiyyətli İtaliya istehsalı olmalıydı, ancaq əsasən Türkiyə və başqa ölkələrdən gətirilib.
5. Daxili panoramik lift əvəzinə Çin istehsalı olan başqa lift quraşdırılıb.
6. Muzey üçün nəzərdə tutulmuş inventarlar, mebellər əslində İtaliyanın öndə gedən şirkətləri tərəfindən məhz İncəsənət Muzeyi üçün özəl olaraq hazırlanmalıydı, ancaq yerli şirkətlər tərəfindən layihədə olan mebellərin oxşarı hazırlanıb.
7. Muzeyin arxa həyətində layihə üzrə İtalyan üslubunda muzeyin marşrut xəttinin tərkib hissəsinə aid olan, istifadə üçün yararlı italyan bağı və vertikal yaşıl divar hazırlanmalıydı, əslində isə heç biri layihədəki kimi hazırlanmayıb.
8. Layihəyə görə, muzey binasının xarici döşəməsi memarlıq və estetik baxımdan bəzi fərqli xüsusiyyətlərə malik, müəyyən edilmiş ağırlıq qabiliyyətli olmalıydı. Yəni Florensiyanın Pitti sarayının qarşısındaki döşəmə kimi olmalıydı. Əslində isə döşəməni yerli sadə daşlardan istifadə edərək hazırlayıblar, texniki göstəriciləri də şübhəlidir”.

İş adamı deyir, layihədə nəzərdə tutulmuş bəzi konstruktiv gücləndirmə işləri var ki, o işlər yerli-dibli görülməyib. Ancaq “Azəraqrartikinti” şirkəti həmin işləri görülmüş işlər siyahısına daxil edib. Bundan başqa, binadakı hidroizolyasiya və izolyasıya işləri layihədə nəzərdə tutulanlardan fərqli olaraq, heç bir texniki sertifikatı olmayan, aşağı keyfiyyətli materiallardan istifadə edilərək hazırlanıb. Muzeydə qurulan texnoloji elementlər, xüsusi qurğular və təhlükəsizlik sistemləri də layihədə nəzərdə tutulduğundan fərqlidir, köhnədir, yeni nəsil muzeylərinin minimum tələbatlarına cavab vermir.

Prezident nə deyəcək?..

“Muzeyin əsas elementlərindən biri yeni nəsil multimedia sisteminin təchiz olunması idi. Bu multimedia sistemi təkcə avadanlıq və proqram təminatından ibarət deyildi. Layihədə muzeylə bağlı bütün məlumatları əks etdirən multimedia, mobil telefonlar üçün applikasiya və 3D ölçülü avadanlıqlar nəzərdə tutulmuşdu. Ancaq binada quraşdırılan avadanlıqlar hər gün getdiyiniz ticarət mərkəzlərində satılan ucuz və sadə texnologiyalı “touch screen” avadanlıqlarıdır”, - deyə Giuseppe Massascusa sözünə davam edir.

Vaxtını və pulunu boşuna itirdiyini iddia edən italiyalı iş adamı deyir, layihədə adı qeyd olunan uyğunsuzluqları diqqətli və tərəfkeş olmayan istənilən təcrübəli ekspert, yaxud da sadə vətəndaş muzeyə ziyarət zamanı açıq-aşkar hiss edəcək. Bəs yaxın günlərdə muzeyə baxış keçirəcək prezident İlham Əliyev necə? 3000 kvadratmetr sahəni əhatə edən muzeyin dizayn işində italiyalı peşəkarların əl izindən əsər-əlamət olmadığını görə biləcəkmi? Ucuzvari və keyfiyyətsiz başa gələn avadanlıqları, mebelləri, təmir-bərpa materiallarını, quraşdırılmış köhnə texnologiyanı görə biləcəkmi? Ayrılmış milyonların aqibətini soruşacaqmı? İtaliyalı peşəkarların əl işi olmadığını, yüksək keyfiyyətli italyan mebelləri, son nəsil texnologiyaları əvəzinə, köhnəlmiş və aşağı keyfiyyətli materiallarla təchiz olunmasını hiss edəcəkmi? İndi Giuseppe Massascusanı bu suallar düşündürür.

“Azəraqrartikinti” Dövlət Şirkətinin prezidenti vəzifəsinə irəli çəkilib. 1998-ci ildən isə Ağalar Vəliyev həmin şirkətin bazasında yaradılmış “Azəraqrartikinti” Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsində çalışır. Bu şirkət dövlətin demək olar ki, əsas tikinti layihələrində iştirak edir.

2006-ci ildən dövlət investisiyalarını həcmi artıqca, onun bölüşdürülməsində hökumət “sağ əli” kimi ona etibar etməyə başlayır. Prezident İlham Əliyevin göstərişi ilə “Azəraqrartikinti” ASC-yə Bakı şəhərində bir sıra mühüm tarixi əhəmiyyət kəsb edən binaların tikintisi, bərpası və yenidən qurulması, binaların üzlənməsi həvalə edilib. İlham Əliyev 9 aprel 2010-cu il tarixli Sərəncamla “tikinti sektorunda uzun illər səmərəli fəaliyyətinə görə” Ağalar Vəliyevə “Əməkdar mühəndisi” fəxri adını verib.
Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında, həmçinin AMEA-nın Tarix Muzeyində, Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində aparılan tikinti, bərpa və yenidənqurma işlərini, AMEA Mərkəzi Elmi Kitabxanasının, AMEA-nın Milli Ensiklopediya Mərkəzinin, Bakı şəhərində Apelyasiya Məhkəməsi üçün inzibati binanın, Kənd Təsərrüfatı və Ədliyyə Nazirliyinin bir sıra obyektlərinin, Bakı şəhərinin rayonlarında xeyli sayda məktəblərin və uşaq bağçalarının, Şəmkir-Gəncə magistral su xəttinin, Goranboy və Göygöl rayonlarının su və kanalizasiya şəbəkələrinin, Bakı şəhərində və respublikanın müxtəlif şəhər və rayonlarında məcburi köçkünlər üçün salınan qəsəbələrdə xeyli sayda çoxmərtəbəli və fərdi yaşayış evlərinin tikintisi “Azəraqrartikinti” ASC tərəfindən aparılıb.

Ölkə əhəmiyyətli işləri görən şirkətə hazırda kimin rəhbərlik etməsi ilə bağlı hər hansı məlumat yoxdur. Son illər “Azəraqrartikinti”də baş verən pozuntularla bağlı mətbuatda xeyli yazı dərc olunsa da, qurumla bağlı hər hansı rəsmi məlumat verilmir. “Azəraqrartikinti” ASC-nin rəsmi internet səhifəsi belə yoxdur. Ona görə də Meydan TV qurumdan məsələyə münasibət öyrənə bilməyib.

Meydan TV-nin sorğusuna Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinın Mədəni irsin qorunması üzrə nəzarət şöbəsi, dövlət reyestrinin aparılması, abidələrə və tədqiqatlara nəzarət sektorunun məsləhətçisi Aytən Həsənova tərəfindən belə cavab verilib:

“Sizin Mədəniyyət Nazirliyinə ünvanladığınız İncəsənət Muzeyi ilə bağlı italyan iş adamının "aldadıldığı" barədə elektron müraciətə baxıldı. Bu məlumatın əsassız olduğunu bildiririk. Sizin bu haqda məlumatı haradan əldə etdiyinizi öyrənmək istərdik və zəhmət olmasa, əlaqə telefonu yazardınız”.
Yenixeber.org olaraq qarşı tərəfi dinləməyə hazırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam