Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Əliyev-Lukaşenko: iki liderin şəxsi dostluğu ortaq dövlət maraqları ilə uzlaşanda...-Yerevanda isə pərtlik hökm sürür

 

Azərbaycan prezidentinin Minskə ötən gün başa çatan və Yerevanda (istisna deyil ki, həm də bəzi başqa paytaxtlarda) ciddi narahatlıqla izlənilən rəsmi səfəri həm iki ölkə münasibətləri, həm postsovet məkanındakı regional proseslərin sonrakı inkişafı baxımından bir sıra ciddi nəticələrə səbəb olub. Qeyd edək ki, bu səfər iki ölkə arasında öz xarakterinə görə unikal olan, strateji tərəfdaşlıq səviyyəsindən də irəli gedib müttəfiqlik səviyyəsinə yüksələn münasibətləri daha da dərinləşdirib.

Yenixeber.org: Əvvəla onu qeyd etmək lazımdır ki, bu səfər Belarusun da üzv olduğu KTMT-nin Astanada keçirilən və Ermənistan üçün qalmaqallı başa çatan sammitindən az sonraya təsadüf edirdi. Həmin sammitdə Ermənistanın baş naziri Nikol Paşinyanın açıq-aşkar pərt olduğu barədə artıq yazmışdıq. Yuri Xaçaturovun məcburi istefasından sonra boşalan KTMT baş katibi postuna yenidən Ermənistan nümayəndəsinin təyin edilməsi məsələsində Paşinyanın fiaskoya uğraması “Putin NATO-su” adlandırılan bu hərbi blokda dərin problemin mövcud olduğunu bir daha təsdiqlədi.

 

Problem isə Ermənistanın özüdür, məhz Ermənistanın ucbatından KTMT regional və beynəlxalq təhlükəsizlik sistemində hələ də əhəmiyyətli rola malik deyil. Ermənistanın Azərbaycan ərazilərinin bir hissəsini işğal altında saxlaması və digər qonşusu Türkiyə ilə müasibətlərini qaydaya salmaq niyyətində olmaması KTMT-nin hərbi-siyasi blok kimi regional, beynəlxalq təhlükəsizlik sistemində önəmli mövqelər qazanmasına başlıca əngəldir.

Beləliklə, Astana sammitində Belarus və Qazaxıstan liderləri Ermənistan nümayəndəsinin yenidən KTMT-yə başçılıq etməsinin mümkün olmadığını aydın ifadə etdilər. Ermənistanda dərhal belə qənaətə gəldilər ki, Astanada baş vermiş uğursuzluğun arxasında Azərbaycan dayanıb. Əlbətdə, Azərbaycanın Belarus və Qazaxıstanla hansı ikitərəfli münasibətlərə malik olduğu nəzərə alınanda Yerevanda yəqin ki, yanılmırdılar. Amma KTMT baş katibinə cinayət işi açıb onu və bloku nüfuzdan salan Azərbaycan deyildi.

Bəs ardınca nə baş verdi? Sammitdən qayıdan Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Minskdəki səfiri Lətif Qəndilovu qəbul edib onu həm KTMT sammitində baş verənlər haqda məlumatlandırdı, həm Azərbaycan prezidentinin Minskə qarşıdakı səfərinə hazırlığı müzakirə etdi.

Bu, misli görünməmiş presedent idi-KTMT üzvü olan ölkə blokun sammitində baş verənləri üzv olmayan ölkənin səfiri ilə müzakirə edirdi. Və bu presedent Belarusun Azərbaycanla yaxın dostluq, müttəfiqlik münasibtətlərinin bariz nümunəsi olmaqla Ermənistan siyasi dairələrində əməlli-başlı pərtlik yaratmış oldu.

Ardınca Azərbaycan prezidenti İlham Əliyev Belarusun Bakıdakı səfirini qəbul edib həm KTMT sammiti, həm Ermənistanda Azərbaycan-Belarus münasibətlərinə dair hökm sürən vəziyyət barədə danışdı. Prezident bildirdi ki, Azərbaycanın Belarusla münasibətləri, bu ölkə ilə uğurlu hərbi-texniki tərəfdaşlığı Ermənistanda “psixoz tutmalara” səbəb olur. İlham Əliyev Ermənistan XİN-in Belarus tərəfinə iradlarına sərt cavablar verdi və bildirdi ki, Azərbaycan Belarusla münasibətlərini daha da dərinləşdirəcək.

Bu da belə demək olar ki, diplomatik baxımdan misli görünməmiş president idi-Azərbaycan dövlət başçısı üçüncü ölkələr arasında baş verənlərə reaksiya verirdi və onlardan birini-Belarusu müdafiə edirdi. Tamamilə aydın idi ki, bu Ermənistan tərəfinə Azərbaycanın Belarusla münasibətlərinin nə dərəcədə yaxın, dərin münasibətlər olduğunu nümayiş etdirmək üçün idi. Digər tərəfdən axı Ermənistanda Belarus rəhbərliyinə iradlar, qəzəbli reaksiyalar məhz Minsklə Bakı arasında mövcud olan bu müttəfiqlik münasibətlərinə görə idi. Və Azərbaycan prezidentinin Ermənistanın Belarusa qarşı əsəbi reaksiyalarına cavab verməsi  tamamilə  məntiqli görünürdü.

Beləliklə, səfər başladı. Dərhal qeyd etmək lazımdır ki, bu Azərbaycan prezidentinin Belarusa sayca 5-ci səfəri idi. Belarus prezidenti Aleksandr Lukaşenko isə Azərbaycana 4 dəfə səfər edib.

Prezidentlərin görüşü protokola görə 45 dəqiqə nəzərdə tutulsa da, dövlət başçılarının təkbətək görüşü 2 saatdan artıq davam edib.  Bu iki ölkənin prezidentləri arasında yüksək qarşılıqlı etimadın, ikitərəfli münasibətlərin məzmun və mahiyyətinin zənginliyinin bariz göstəricisidir. Bir daha təsdiq olundu ki,  iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsində dövlət başçıları arasında səmimi dostluq, qarşılıqlı etimad və dialoq mühüm rol oynayır.

Prezidentlərin təkbətək görüşünün ardınca İlham Əliyev və Aleksandr Lukaşenko nümayəndə heyətləri arasında danışıqlara sədrlik etdilər.  Bu danışıqlarda hər iki tərəfdən baş nazirin müavinləri, xarici işlər, müdafiə, iqtisadiyyat, rabitə və informasiya texnologiyaları, kənd-təsərrüfatı, nəqliyyat, fövqəladə hallar, sosial müdafiə nazirləri, baş prokuror  və digər rəsmi şəxslər iştirak edirdi. Başqa sözlə, səfər zamanı Azərbaycanla Belarus arasında münasibətlərin praktiki olaraq bütün sahələri üzrə müzakirələr aparılıb.

Artıq məlumdur ki, səfər zamanı iki ölkə arasında kənd-təsərrüfatı, iqtisadiyyat, hərbi-texniki, sosial-müdafiə, hüquq-mühafizə və digər sahələri əhatə edən 9 sənəd imzalanıb. Ən vacib sənəd isə dövlət başçıları tərəfindən imzalanmış “Azərbaycan Respublikası Prezidenti və Belarus Respublikası Prezidentinin birgə bəyanatı”dır. 

Bəyanat nəyə görə mühümdür və vacibdir? Bu səbəbdən ki, Ermənistanla KTMT üzrə formal hərbi müttəfiqlik münasibətlərində olan ölkə Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələbləri əsasında həllinin vacibliyini təsdiq edir. Bu Ermənistanın təcridinin və münaqişənin həlli ilə əlaqədar beynəlxalq ictimaiyyətin Azərbaycanın haqlı və ədalətli mövqeyinə dəstəyinin daha da güclənməsinin növbəti nümunəsidir.

Prezidentlərin birgə bəyanatlarından mühüm çıxarışları sadalayırıq:

      1-ci bənd: Azərbaycan Respublikası və Belarus Respublikası strateji tərəfdaşlıq, qarşılıqlı etimad və hərtərəfli əməkdaşlıq çərçivəsində bir-biri ilə əlaqələri inkişaf etdirirlər.

6-cı bənd: Tərəflər Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququnun ümumqəbuledilmış norma və prinsipləri, xüsusilə dövlətlərin suveren bərabərliyi, sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in qərarları əsasında tezliklə sülh yolu ilə həllinin vacibliyini qeyd etdilər.

7-ci bənd: Tərəflər ATƏT-in Minsk qrupunun fəaliyyətinə toxunaraq bu istiqamətdə gələcək səylərin artırılmasının vacibliyini bildirdilər.

11-ci bənd: Tərəflər beynəlxalq təşkilatlar, o cümlədən Azərbaycan və ya Belarusun üzv olmadığı beynəlxalq qurumlar çərçivəsində təşəbbüs və namizədlərin qarşılıqlı dəstəklənməsi praktikasının davam etdirilməsi barədə razılığa gəldilər.

Prezidentlərin mətbuat üçün birgə bəyanatları da İlham Əliyevlə Aleksandr Lukaşenko arasında şəxsi dostluq münasibətlərinin iki ölkə arasında ortaq maraqlara söykənən tərəfdaşlıq, müttəfiqlik münasibətləri ilə nə dərəcədə yaxından uzlaşdığını təsdiq edir.

İlham Əliyev nitqində bildirib ki,  Azərbaycanla Belarus beynəlxalq təşkilatlarda aktiv qarşılıqlı fəaliyyət göstərir, bütün məsələlərdə bir-birini dəstəkləyir.

Prezidenti nitqindən sitat: “Mən deyərdim ki, bu dəstək avtomatik xarakter daşıyır - hətta müzakirəsiz, məsləhətsiz, razılaşmasız. Əgər hər hansı beynəlxalq təşkilatda Belarusla, yaxud hər hansı rəhbər orqanlara namizədliyi irəli sürülən bu ölkədən namizədlə əlaqədar məsələ qaldırılırsa, Azərbaycan qeyd-şərtsiz dəstək göstərir. Eyni münasibəti biz Belarus tərəfdən də görürük. Bu, bizim münasibətlərimizin yüksək səviyyəsinin göstəricisidir. Biz, həmçinin ya Azərbaycanın, ya da Belarusun iştirak etmədiyi, amma başqa ölkənin iştirak etdiyi təşkilatlarda da bir-birimizi dəstəkləyirik və bu da təbiidir. Bu, bizim beynəlxalq siyasət, beynəlxalq münasibətlər, regional problemlər və beynəlxalq təhlükəsizliklə əlaqədar məsələləri müzakirə etdiyimiz kimi təbiidir. Bütün bunlar dostlar arasında təbiidir”.

Bu sözlər Azərbaycan-Belarus münasibətlərini tam xarakterizə edir və necə deyərlər, şərh artıqdır.

Əlbətdə, səfərin mühüm aspektlərindən biri də Azərbaycanla Belarus arasında son illər çox uğurla inkişaf edən hərbi-tərəfdaşlıq münasibətləridir. Səfər ərəfəsində Azərbaycan və Belarus arasında hərbi-texniki sahədə qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi barəsində Anlaşma Memorandumu imzalanıb. Bu Anlaşma Memorandumundan çıxış edərək Azərbaycana hava hücumundan müdafiə sistemlərinin, hücum təyinatlı sistemlərinin təchiz edilməsi üçün müqavilələrin  imzalanması nəzərdə tutulub. 

Xatırladaq ki, bundan əvvəl Azərbaycan Belarusdan “Polonez” raket sistemlərini, müxtəlif tipli  zirehli texnika və digər hərbi vasitələr alıb. Xüsusən də “Polonez” raketlərinə dair sövdələşmənin Ermənistanda hansı “psixoz tutmalar” yaratdığı məlumdur. Çünki o vaxta qədər Ermənistan Rusiyadan “İsgəndər” raketlərinin nisbətən köhnə versiyasını əldə etməklə Azərbaycanla hərbi tarazlığı bərpa edə bildiyinə inanmağa başlamışdı. Amma Azərbaycan nəinki eyni mənzilli və daha böyük dağıdıcı gücə malik raket komplekslərini Belarusdan aldı, o cümlədən İsraildən də daha uzaq mənzilə malik olan operativ-taktiki raketlər almaqla hərbi tarazlığın guya bərpa edildiyi barədə Yerevanda yaranmış qənaəti alt-üst etdi.

Azərbaycan hərbçiləri Belarus silahlarının keyfiyyətindən razıdır və belə görünür ki, tezliklə bu ölkədən Bakıya yeni müasir silahların, hərbi texnikanın daşınmasının şahidi olacağıq. Ermənistan isə bütün hay-küyə, KTMT üzrə müttəfiqlik münasibətləri barədə demaqogiyaya baxmayaraq Azərbaycan-Belarus münasibətlərinə heç bir təsir göstərə bilmir.(virtualaz)

F.Məmmədov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam