Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

ABŞ dollarının aqibəti necə olacaq? –Belini 47 il əvvəl Vyetnamlılar qırmışdı, "fatihəsini" indi Donald Tramp oxuyur

 

 

 

Yenixeber.org: İran, Türkiyə və Rusiya rəsmiləri Tehran sammitində ABŞ dollarından imtina etmək qərarına gəliblər. Bundan sonra hər 3 ölkə bir-biriylə yerli valyuta ilə ticarət əlaqələri quracaqlar. Bənzər proseslərin Avropa, Uzaq və Yaxın Şərq ölkələrində də getdiyini görürük. Avropa ölkələri bir-biriylə avro, Çin isə yuan üzərindən iqtisadi əlaqələr qurmaqda maraqlıdır. Bir müddət əvvəl İranla İraq arasında bağlanan müqaviləyə görə, hər iki dövlət də iqtisadi əməkdaşlıqda öz milli valyutalarına üstünlük verəcəklər. Prosesin yaxın zamanlarda BRİCS ölkələrinə də yayılma ehtimalı var. Zira inkişaf etməkdə olan bu “nəhənglər” artıq neçə ildir ki, “dollarsızlaşma” siyasətinə keçməyə çalışırlar.

Bütün bunlar yaxın gələcəkdə ABŞ dollarının ən etibarlı beynəlxalq valyuta kimi sıradan çıxması ehtimalını yaradır. Bəs, bu ehtimal nə dərəcədə mümkündür? Ümumiyyətlə, ABŞ dollarını bu qədər etibarli edən nədir və bu amil niyə getdikcə ortadan qalxır?

Zənnimizcə, bu suala cavab vermək üçün kağız pulun necə meydana gəldiyinə və ABŞ dollarının pullar tarixində əldə etdiyi üstün mövqeyə qısaca nəzər salmağa ehtiyac var.

İqtisadçıların bildirdiyinə görə, kağız pul ilk dəfə 7-ci əsrdə Çində Tanq sülaləsinin hökmranlığı zamanında çek sənədi kimi ortaya çıxıb. Metal pullarını yanlarında daşımaq riskindən xilas olmaq istəyən Çin tacirləri onlarını etibarlı adamlara əmanət kimi verir və qarşılığında yazılı sənəd alırdılar. Zamanla bu sənədlər arxalarına möhürlər vurularaq dövriyyəyə buraxılırdı. Yəni malı alan şəxs bunun əvəzində satıcıya çek verir və lazım gələndə həmin “istiqraz vərəqəsi” mədəni pulla dəyişdirildi.

 Çində tacirlər arasında istifadə edilməyə başlanan “istiqraz vərəqələri”nin üstünlüklərini dərk edən mərkəzi hökumət 1120-ci ildən etibarən kağız pullar basmağa başladı. Çinə gedən venesiyalı tacirlər dövlət zəmanəti altında buraxılan və asanlıq əldə edilən kağız pul ideyasını Qərbə apardılar. Beləliklə, Avropa da kağız pulla tanış oldu.

 Əskinas termini ilk dəfə İtalyanlar tərəfindən 14-cü əsrdə "Nota di Banco" (bank arayışı, əskinas) olaraq istifadə edilməyə başlandı. İtalyan bankları özlərinə əmanət edilən metal pullar qarşılığında əskinas verir və bu əskinaslar əldən-ələ dolaşaraq, Çindəki kimi kağız pulun ilkin forması olan istiqraz vərəqəsi funksiyasını yerinə yetirirdi.

İtalyada başlayan bu proses bir neçə əsrdən sonra İngiltərəyə sıçradı. Böyük Britaniya Mərkəzi Bankı (Bank of England) 1694-ci ildə yaranmasından əvvəl qızıllarını girov qoyanlara qızıl tacirlərinin (goldsmiths) verdiyi yazılı sənədlərdən (goldsmiths notes) istifadə edilməyə başlandı. Bu kağızların qarşılığı qızıl idi. Getdikcə tacirlər bank kimi fəaliyyət göstərdilər və bunları idarə edən, kağız pul basan quruma ehtiyac yarandı. “Bank of England”ın ortaya çıxmasında bu hadisə mühüm rol oynadı.

 

 Qızıl qiymətində kağızlar 

  

Yenixeber.org: 19-cu əsrin ilk rübündə kağız pulun getdikcə genişlənməsi ilə birlikdə İngiltərədə qızıl standartına keçildi. İngilis funt-sterlinqi qızıl qarşılıqlı pul olduğu üçün hər kəs tərəfindən qəbul edilir və getdikcə dünyada ən mühüm valyuta ehtiyatı halına gəlirdi.

 Qızıl standartı sistemi ölkələrin öz kağız pullarını müəyyən bir çəkidə saf qızıl kimi təsvir etməsi kimi ortaya çıxmışdı. Kağız pul ilə qızıl arasındakı dəyəri müəyyən edən sistemə məzənnə deyilirdi. Mərkəzi banklar bu məzənnə ilə istəyənə qızıl satır, ya da özünə gətirilən qızılları alırdı. Kağız pulun qızıla, qızılın da kağız pula problemsiz çevirilməsinə valyutanın konvertasiyası deyilirdi. Dünyanın bütün iqtisadiyyatları pulu məzənnə ilə qızıla bağladığı üçün ölkələrin pulları da sabit bir kurs üzərindən digər valyutalara bağlanmış olurdu. Beləcə, iqtisadi qlobalizmin ilk təzahürləri ortaya çıxırdı.

 19-cu əsrin sonlarında qızıl standartı beynəlxalq aləmdə genişləndi və 1914-cü ildə I Dünya müharibəsinədək problemsiz tətbiq olundu. Birinci Dünya müharibəsi ərəfəsində hər yerdə hökumətlər kağız pul basımını inhisara aldılar və bu səlahiyyətlər Mərkəzi banklara verildi. Müharibə ilə birlikdə insanların Mərkəzi banklardan qızıl tələbləri artınca hökumətlər valyutanın konvertasiyasını həyata keçirməkdə çətinlik çəkdilər və metal qarşılıqlı kağız pul anlayışından vaz keçdilər.

Müharibədən sonra konvertasiya məsələsi yenidən gündəmə gətirilsə də, təşəbbüs baş tutmadı. İngiltərə bu istiqamətdə uzun müddət müqavimət göstərsə də, istəyinə nail ola bilmədi. Bu dövrdə pulunu qızıla indeksli olaraq saxlaya bilən yeganə dövlət ABŞ idi. Bu səbəblə də dollar funt-sterlinqin yerini aldı və tədricən beynəlxalq valyutaya çevrildi.

 

 Qızıl indeksliliyindən qarşılıqsız pula

 

 1944-ci ildə Bretton Vudsda toplanan və BVF ilə Dünya Bankının strukturuna rəhbərlik edən iclasda qəbul edilən yeni pul sistemi sonrasında ABŞ dolları qızılla konvertasiya edilən yeganə pul olaraq qalmışdı. Dolların qızıl qarşılığı - 35 dollar - 1 unsiya qızıl olaraq açıqlanmış və beləliklə, ABŞ dolları qızıl indeksli basılmağa davam etmişdi.

 Dünyadakı bütün ölkələrin valyutaları qızıl indeksini tərk etmələrinə rəğmən, dollar hələ də bu cür buraxılırdı. Bu da onun dünya miqyasında etibar qazanmasına şərait yaratdı. Sözügedən etibarlılıqda ABŞ iqtisadiyyatının böyüklüyü, dünya ticarətindəki yeri, qlobal maliyyə sistemindəki əhəmiyyəti ciddi rol oynadı. Dünyadakı bütün Mərkəzi banklar ehtiyatlarında qızılla yanaşı dollar da saxladılar və bu gün də belədir. Çünki xarici ölkələrlə mal mübadiləsində ən çox qəbul edilən əmtəə dollardır. Dollar elə etibar qazanıb ki, ona dünyanın hər tərəfində yerli valyuta qədər, hətta daha çox üstünlük verilir.

Dolların etibar qazanmasında neft və qızıl kimi iki mühüm təbii sərvətin də bu valyuta ilə qiymətləndirilməsi böyük rol oynayıb. Dollar onsuz da qızıl qarşılığı basıldığı üçün qızılın ona nisbətlə qiymətləndirilməsi çətin olmadı. Neftin dollarla qiymətləndirilməsi isə ABŞ-ın  Fars körfəzini İngiltərədən təhvil almasından sonra başladı.

 

 

Dolların və bütün kağız pulların belini vyetnamlılar qırdı

 

ABŞ dolları qızılla konvertasiya edilmə xüsusiyyətini ötən əsrin 70-ci illərinə qədər qorudu. Vyetnam müharibəsinin yaratdığı maliyyə sıxıntıları ABŞ-ın 1971-ci ildə konvertasiya prinsipini tərk etməsinə səbəb oldu. O da həmin dövrlərdə qarşılıqsız kağız pul kəsən iqtisadiyyatlar sırasında yer aldı. 1971-ci ilə qədər qarşılıqsız pul kəsən iqtisadiyyatlar pullarını dollar üzərindən qızılla əlaqələndirdikləri üçün bu hadisədən sonra bütün kağız pullar qarşılıqsız qaldı.

 

 Dollar beynəlxalq valyutaya necə çevrildi?

 

 Uzun müddət tək başına qızıl indeksli pul olaraq dövriyyə buraxılmasının yaratdığı etibarla dollar 1970-ci illərdən sonra da bu üstünlüyü qismən saxlaya bildi. Keşmişindən aldığı gücüylə hələ də Mərkəzi bankların valyuta ehtiyatlarında ən mühüm yer tutan puldur. Bununla belə, dollar 1971-ci ildəki qədər güclü deyil. Görünür, məhz bu səbəbdən də ABŞ öz milli valyutasına yenidən eyni xüsusyyəti qazandırmaq üçün ən  müxtəlif yollara əl atır. Bəzi mütəxəssislərin fikrincə, ABŞ-ın hətta Yaxın Şərq siyasətini şərtləndirən səbəblərdən biri də öz milli valyutasının etibarlılığını qorumaqdır. İddialara görə, ABŞ-ın bunu davam etdirə bilməsi üçün dünya neftinin əsas mənbələrindən biri olan Fars körfəzini əlində tutması tələb olunur. Vaşinqtonun regionda daim düşmənlər yaratması, onlarla qarşıdurmaya girməsi, müttəfiqləri yanında saxlamağa çalışması, Böyük Yaxın Şərq Layihəsi kimi doktrinalarla çıxış etməsi də məhz buna xidmət edir. Neftin qiymətlərinin dollarla müəyyənləşdirilməsi ABŞ milli valyutasını beynəlxalq pul vahidinə çevirir. Regionun ABŞ-ın təsir dairəsindən çıxması baş verərsə, vəziyyət də büs-bütün dəyişilə bilər. Bu mənada ən böyük neft ölkələrindən İran və Rusiyanın ticari münasibətlərdə öz valyutalarından istifadə etmək qərarını ABŞ dolları hegemoniyasına qarşı dirənişin təzahürü adlandırmaq olar.

 

Getdikcə etibarlılığını itirən ABŞ dolları xüsusilə Çindən və Avropadan gələn iki ciddi rəqiblər qarşı-qarşıyadır. Bir tərəfdən, dollar qarşısında getdikcə güclənən avro, digər tərəfdən isə ABŞ-a meydan oxuyan Çin yuanı onu bir çox valyuta bazarlarında sıxışdırır. Keçmiş nüfuzunu itirsə belə, dolların öz yerini rahatlıqla təhvil vermək niyyəti yoxdur. O, hələ də dünyanın ən etibarlı valyutası sayılır və görünən budur ki, dolların bu üstün mövqeyinin perspektini Rusiya, İran, Türkiyə kimi başqa ölkələr yox, ABŞ administrasiyasının siyasətləri müəyyənləşdirəcək.

Xüsusilə Trampın hakimiyyətə gəlməsindən sonra həyata keçirilən bir çox siyasətlər bu ölkənin iqtisadiyyatı kimi milli pul vahidini də gözdən salır. Donald Trampın başlatdığı iqtisadi savaşlar sayəsində, ABŞ öz liderliyində formalaşan beynəlxalq azad ticarət sistemini özü öz xoşluğu ilə tərk etməyə, iqtisadi qlobalizmdən üz döndərməyə, mühafizəkar siyasətlərə qayıtmağa can atır. Nəticədə, qlobal kapitalizmin liderliyini də yavaş-yavaş itirir. ABŞ-ın iqtisadiyyatda, beynəlxalq münasibətlərdə və dünya liderliyində tənəzzülü dolların da bir o qədər sürətli çöküşünə zəmin hazırlayır.(Eaudit.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam