Redaktor seçimi
Aqroterrorizm:
Rövşən Novruzoğlu Hacıbala Abutalıbova
Elxan Süleymanov barədə şok İDDİA – 6 villa tikdi, körpünü uçurdu, 500 ailənin…
SOCAR-ın sabiq əməkdaşı “od püskürür”-
Nehrəm kəndi:
SOCAR-ın əməkdaşları Qarabağ əlilinin evini belə söküb:
QƏZZA: SƏMA ALTINDA “ƏSİR DÜŞƏRGƏSİ” –
Günün xəbəri

KÖHNƏ PREZİDENT, YENİ KOMANDA: KİMLƏR GEDƏCƏK? –Yeni təhsil, səhiyyə nazirləri…

 

nazirler 2

Azərbaycanda 2018-ci il aprelin 11-nə təyin olunan növbədənkənar prezident seçkilərinin nəticələri hamı üçün aydındır – hazırki Prezident İlham Əliyevin daha 7 il üçün mandat alacağına heç kimin şübhəsi yoxdur. Bu səbəbdən seçkinin özünə ictimai maraq aşağıdır. Lakin eyni zamanda seçkidən sonrakı proseslərlə bağlı çox ciddi gözləntilər var. Əksəriyyətin gözləntisi, proqnozu ondan ibarətdir ki, Prezident Əliyev seçkidən sonra komandasını ciddi şəkildə yeniləyəcək, tamamilə yeni komanda, yeni düşüncə tərzi iş başına gələcək. Bu, zamanın tələbidir!

Yenixeber.org: Qeyd edək ki, bəzi ekspertlər, hətta hakimiyyət təmsilçləri seçkilərin, təxminən, 7 ay irəli çəkilməsini məhz bununla – hakim komandada planlaşdırılan ciddi kadr dəyişikliklərini sürətləndirmək niyyəti ilə bağlayırlar. Belələrinin fikrincə, hökumətdə ciddi islahatlara zərurət yarandığından, ancaq bunu seçkidən əvvəl həyata keçirmək müəyyən qədər özündə risk daşıdığından (Vəzifəsini itirəcək oliqarxların və onların arxasında duran daxili-xarici çevrələrin buna necə reaksiya verəcəkləri məlum deyil-müəl.), seçkilərin tarixi irəli çəkilib.

Bu ehtimalı Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov da təsdiqləyib. Onun “gündəlikdə olan islahatların səmərəsinin artırılması, kadr və struktur islahatlarının aparılması məqsədilə Prezident seçkilərinin aprel ayına təyin edilməsi məqsədəuyğun hesab edilib” fikrini əslində, seçkidən sonra hakim komanda daxilində ciddi dəyişikliklərin olacağına dair rəsmi anons da hesab etmək olar.

Xatırladaq ki, Prezident and içdikdən dərhal sonra bütün hökumət üzvləri avtomatik istefaya getmiş hesab olunacaqlar. Bu da planlaşdırılan kadr və struktur islahatlarını daha ağrısız, sürətli və kütləvi şəkildə reallaşdırmağa imkan yaradır.

Azərbaycan hökuməti struktur və say tərkibinə görə regionda liderdir!

nazirler ka

Gözlənilən islahatlar “dalğasının” kimləri özü ilə aparacağını indidən proqnozlaşdırmaq, əlbəttə, çətindir. Ancaq hakim komandanın tərkibinə, hakimiyyətdə son illər həyata keçirilən islahatların gedişinə, mahiyyətinə diqqət etməklə, eləcə də hökumət dəhlizlərində gəzən söhbətlərə əsaslanaraq, müəyyən ehtimallar irəli sürmək olar.

İlk növbədə qeyd edək ki, Azərbaycanda hökumətin struktur və tərkibi çox genişdir. Prezidentin Dövlət Dəniz Administrasiyasını və Dövlət Mülki Aviasiya Administrasiyasını Nəqliyyat və Rabitə Nazirliyinə birləşdirməsinə dair sərəncamından sonra üzvlərinin sayı 40-a düşən Nazirlər Kabinetimiz, nəinki regionda liderdir, hətta dünyanın ən geniş tərkibli hökumətlərindən biridir. Düzdür, son illər Nazirlər Kabineti üzvlərinin sayı bir qədər azaldılıb – 2015-ci ildə Nazirlər Kabinetinin 45 üzvü vardı. Ancaq yenə də hökuməti tərkibini ciddi şəkildə ixtisar etməyə ehtiyac var. Müqayisə üçün qeyd edək ki, əhalisi bizdən 8 dəfə çox olan Türkiyədə 27, Gürcüstanda 20, Ermənistanda 25 nəfər hökumət üzvü var.

Buna görə də, hökumətdə aparılacaq islahatlar nəticəsində bəzi qurumların birləşdirilməsi, bəzi vəzifələrin ləğv olunması gözləniləndir. Dövlət başçısı da ötən il çıxışında bildirmişdi ki, idarəetmə sahəsində çox ciddi islahatlar davam etdiriləcək: “Bu islahatlar daim aparılır. Ancaq gələn il daha da ciddi struktur islahatları aparılacaq. Biz, xüsusilə idarəetmə sahəsində artıq yeni formatda, daha böyük səmərə ilə işləməliyik”.

Hökumətdə gözlənilən struktur islahatları: hansı qurumlar ləğv edilə bilər?

Dəqiq məlumat olmasa da, bəzi iddialara görə Dövlət Gömrük Komitəsi ləğv ediləcək, səlahiyyətlərinin bir qismi “ASAN xidmət”ə ötürülməklə, ayrıca idarə kimi Vergilər Nazirliyinin tərkibinə veriləcək.

Bundan əlavə Kənd Təsərrüfatı Nazirliyinin ləğv ediləcəyi, səlahiyyətlərinin İqtisadiyyat və Sənaye Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər nazirlikləri arasında bölüşdürüləcəyi gözlənilir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğv edilərək, funksiyalarının İqtisadiyyat Nazirliyinə, Diasporla İş üzrə Dövlət Komitəsinin ləğv olunaraq, XİN-ə birləşdiriləcəyi mümkün hesab olunur.

Həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Statistika Komitəsinin ləğvi, səlahiyyətlərinin başqa qurumlara veriləcəyinə dair iddialar var.

“Azərsu” və Meliorasiya və Su Təsərrüfatı səhmdar cəmiyyətlərinin ləğv edilməsi, onların bazasında Dövlət Su Agentliyinin yaradılması, həmçinin “Azərenerji”nin Dövlət Neft Şirkətinə birləşdirilməsi də reallaşması mümkün olan təkliflərdən hesab edilir.

Başqa fikir və təkliflər də mövcuddur. Bunların nə qədərinin və nə zaman həyata keçiriləcəyini söyləmək çətindir. Ancaq fikrimizcə, seçkidən dərhal sonra hökumətdə belə köklü dəyişiklikləri gözləmək yanlış olardı. Bu ölkədə böyük sayda işsizlərin meydana çıxmasına, ciddi sosial gərginliyə yol aça bilər. Ona görə də, bu islahatlar yəqin ki, mərhələlərlə həyata keçiriləcək, ağrısız olması üçün zamana səpələnəcək.

Odur ki, seçkidən sonra hökumətin tərkibində kardinal deyil, müəyyən kadr dəyişikliklərinin həyata keçiriləcəyini gözləmək daha doğru olardı. Bu zaman struktur və kadr islahatlarının paralel aparılacağı, bəzi hökumət üzvlərinin başqa vəzifələrə keçiriləcəyi də istisna deyil. Ona görə də, seçkidən sonra mövcud hökumətin üzvlərindən kimlərin hansı vəzifəni tutacağını deyil, komandada kimlərin qalıb-qalmayacağını proqnozlaşdırmağın daha rasional olacağı düşüncəsindəyik. Çünki mümkündür ki, bəzi nazirlər seçkidən sonra hökumətin tərkibində olmayacaq, ancaq Prezident Administrasiyasında başqa bir vəzifəyə təyinat ala bilərlər. Məsələn, vitse-prezident vəzifəsinə….

Mötəbər mənbələrdən daxil olan məlumatları və hakimiyyət daxilində gedən prosesləri təhlil edərək, mövcud hökumətin tərkibini 3 qrupa ayırmaq olar:

1. Hakim komandada qalacağı şübhə doğurmayanlar.

2. Hökumətdə qalıb-qalmayacağı mübahisəli olanlar.

3. Hakim komandanı tərk edəcəyi şübhə doğurmayan və ya bu ehtimalı çox yüksək olanlar.

Kimlərin seçkidən sonra da hakim komandada qalacağı şübhə doğurmur?

Birinci qrupa, yəni seçkidən sonra da hakim komandada qalacağı şübhə doğurmayanlar qrupuna, fikrimizcə, aşağıdakı şəxsləri daxil etmək olar:

nazirler44555

1. Baş nazirin birinci müavini Yaqub Eyyubov. 1945-ci ildə anadan olub, 1999-cu ildən (2003-cü ilədək baş nazirin müavini.) hökumətdədir.
2. Baş nazirin müavini Əli Əhmədov. 1953-cü ildə anadan olub, 2013-cü ildən hökumətdədir.
3. Baş nazirin müavini İsmət Abasov. 1954-cü ildə anadan olub. 2004-cü ildən (2013-cü ilədək kənd təsərrüfatı naziri) hökumətdədir.
4. Ədliyyə naziri Fikrət Məmmədov. 1955-ci ildə anadan olub, 2000-ci ildən hökumətdədir.
6. Daxili işlər naziri Ramil Usubov. 1948-ci ildə anadan olub, 1994-cü ildən hökumətdədir.
7. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov. 1961-ci ildə anadan olub, 1995-ci ildən hökumətdədir. 2006-cı ilədək Dövlət Gömrük Komitəsinin sədri olub.
8. Müdafiə naziri Zakir Həsənov. 1959-cu ildə anadan olub, 2013-cü ildən hökumətdədir.
9. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov. 1955-ci ildə anadan olub, 2001-ci ildən hökumətdədir.
10. Vergilər naziri Mikayıl Cabbarov. 1976-cı ildə anadan olub. 2004-cü ildən vəzifədə çalışsa da, hökumətin tərkibinə 2013-ci ildə təhsil naziri kimi daxil olub.
11. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev. 1956-cı ildə anadan olub. 1994-cü ildən nazir postundadır (2006-cı ilədək gənclər və idman naziri vəzifəsində işləyib).
12. Xarici işlər naziri Elmar Məmmədyarov. 1960-cı ildə anadan olub, 2004-cü ildən hökumətdədir.
13. Maliyyə naziri Samir Şərifov. 1961-ci ildə anadan olub, 2006-cı ildən hökumətdədir.

14. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov. 1961-ci ildə anadan olub, 2002-ci ildən hökumətdə yer alır. 2013-cü ilədək o, Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində çalışıb.
15. Gənclər və idman naziri Azad Rəhimov. 1964-cü ildə anadan olub, 2006-cı ildən hökumətdədir.
16. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə. 1977-ci ildə anadan olub, 2016-cı ildən hökumətdədir.
17. Energetika naziri Pərviz Şahbazov. 1969-cu ildə anadan olub, 2017-cı ildən hökumətdədir.
18. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov. 1969-cu ildə anadan olub, 2009-cu ildən hökumətdədir.
19. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı. 1954-cü ildə anadan olub, 2014-cü ildən hökumətdədir.
20. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev. 1958-ci ildə anadan olub, 2015-ci ildən hökumətdədir.
21. Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov. 1977-ci ildə anadan olub, 2015-ci ildən hökumətdədir.
22. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov. 1964-ci ildə anadan olub, 2007-ci ildən (2012-ci ilədək Dövlət Miqrasiya Xidmətinin rəisi) hökumətdədir.
23. Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev. 1960-ci ildə anadan olub, 2012-ci ildən hökumətdədir.
24. Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev. 1967-ci ildə anadan olub, 2002-ci ildən hökumətdədir.

 Hökumətdə qalıb-qalmayacağı mübahisəli olanlar

İkinci qrupa, yəni hökumətdə qalıb-qalmayacağı mübahisəli olanlar qrupuna, fikrimizcə, aşağıdakılar daxildir:

img1879437

1. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov. 1948-ci ildə anadan olub, 1998-ci ildən hökumətdədir.
2. Baş nazirin müavini Elçin Əfəndiyev – 1943-ci ildə anadan olub, 1993-cü ildən hökumətdədir.
3. Baş nazirin müavini Abid Şərifov – 1940-ci ildə anadan olub, 1995-ci ildən hökumətdədir.

Hər 3 baş nazirin müavininin yaşı o həddədir ki, islahat yönümlü hökumət qurularsa, onların yenidən təyin olunma şansları çox azdır. Həm də seçkidən sonra vitse-prezidentlik institutu tam şəkildə fəaliyyət göstərərsə, baş nazirin bu qədər müavininə də ehtiyac qalmayacaq. Bu zaman ilk növbədə, yəqin ki, qocalar yola salınacaq.

4. İqtisadiyyat naziri Şahin Mustafayev. 1965-cı ildə anadan olub, 2008-ci ildən hökumətdədir.
5. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov. 1961-cı ildə anadan olub, 2005-ci ildən hökumətdədir.
6. Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov. 1965-cı ildə anadan olub, 2015-ci ildən hökumətdədir.
7. Kənd təsərrüfatı naziri Heydər Əsədov. 1959-cu ildə anadan olub, 2013-cü ildən hökumətdədir.

sahin

Seçkidən sonra hökumətdə gözlənilən struktur islahatları çərçivəsində bu qurumların bəzilərinin ləğv olunaraq, səlahiyyətlərinin bölüşdürüləcəyi gözlənilir.Bu baş verərsə, çox böyük ehtimalla, səlahiyyətləri genişlənən İqtisadiyyat Nazirliyi yenidən qurulacaq. Yuxarıda adları çəkilən şəxslərdən hər birinin nazir təyinatı almaq şansı olduğu kimi, hökumətdən kənarda qalması da gözləniləndir.

8. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov. 1963-cü ildə anadan olub, 2002-ci ildən hökumətdədir.

9. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev. 1957-ci ildə anadan olub, 2006-cı ildən hökumətdədir.
10. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova. 1955-ci ildə anadan olub, 2006-cı ildən hökumətdədir.

Hökumətdə struktur islahatları həyata keçirilərsə, bu qurumların ilk növbədə ləğv olunacağı və səlahiyyətlərinin başqa qurumlara veriləcəyi heç kimdə şübhə doğurmur. İslahatlardan sonra bu 3 şəxsin hökumətdə yenidən təmsil olunması ehtimalı çox aşağıdır.

Seçkidən sonra hakim komandanı tərk edəcəklər  

Üçüncü qrupa, hakim komandanı tərk edəcəyi ehtimalı çox yüksək olanlar qrupuna isə, fikrimizcə, aşağıdakılar daxildir:

artur_rasizade_230715

1. Baş nazir Artur Rasizadə. 1935-ci ildə anadan olub, 1996-cı ildən Nazirlər Kabinetinə rəhbərlik edir. 1996-cı ildə və 2003-cü ildə baş nazirin müavini olub. Onun getməsini şərtləndirən amillərlə bağlı saytımızda yazı getdiyindən təkrarlamaq istəmirik.

2. Səhiyyə naziri Oqtay Şirəliyev. 1950-ci ildə anadan olub, 2005-ci ildən hökumətdədir.
3. Müdafiə sənayesi naziri Yavər Camalov. 1949-cu ildə anadan olub, 2006-cı ildən hökumətdədir.

1478983207_gftf

Hər iki nazirin səhhətində ciddi problemlərin olması, rəhbərlik etdikləri sahələrdə baş verən xoşagəlməz halların artması onların seçkidən sonra təşkil olunacaq yeni hökumətdə təmsil olunma ehtimalını xeyli azaldıb. Hətta hökumət dəhlizlərində artıq yeni səhiyyə nazirinin adı hallanmağa başlayıb (Bu haqda əlavə xəbərimiz olacaq).

4. Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev. 1938-ci ildə anadan olub, 1984-cü ildən hökumətdədir.
5. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov. 1937-cu ildə anadan olub, 2007-ci ildən hökumətdədir.

Bu şəxslərin isə yaşları 80-i keçdiyindən, yeni hökumətin tərkibinə düşəcəklərinə az ehtimal verilir. Rəhbərlik etdikləri qurumların struktur islahatları çərçivəsində başqa qurumlara birləşdirilməsi də gözləniləndir.

Qeyd edək ki, təhsil naziri vəzifəsi isə ötən ilin dekabrından boş olduğundan, seçkidən sonra hökumətin tərkibinə ən azı bir yeni şəxsin qatılacağı dəqiqdir. 

Əlbəttə, hökumətin tərkibi ilə bağlı son qərarı Prezident verəcək. Ona görə də, hökumətdə kimlərin qalacağını, hansı struktur dəyişikliklərinin olacağını qətiyyətlə iddia etmək çətindir. Ancaq hər halda GEDƏNLƏR olacaq!

İ. İsmayılbəyli
AzPolitika.info

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?