Redaktor seçimi
Aqroterrorizm:
Rövşən Novruzoğlu Hacıbala Abutalıbova
Elxan Süleymanov barədə şok İDDİA – 6 villa tikdi, körpünü uçurdu, 500 ailənin…
SOCAR-ın sabiq əməkdaşı “od püskürür”-
Nehrəm kəndi:
SOCAR-ın əməkdaşları Qarabağ əlilinin evini belə söküb:
QƏZZA: SƏMA ALTINDA “ƏSİR DÜŞƏRGƏSİ” –
Günün xəbəri

ABŞ KREMLİ KÜNCƏ SIXIR –50 ailənin, 300 nəfərədək adamın adı "qara siyahı"ya salınacaq - TƏHLİL

Sergey Strokan, Yelena Çernenko

“Kommersant”, Rusiya 12 yanvar 2018-ci il

 

Yenixeber.org: ABŞ administrasiyası Konqresə “Kreml hesabatı”nı – ali rəhbərliyə yaxın olan yüksək səviyyəli rus məmur və biznesmenlərinin siyahısını təqdim etməyə hazırlaşır. Bunu ötən il qəbul edilən “ABŞ-ın rəqiblərinə sanksiyalar vasitəsilə əks-təsir haqqında” qanun tələb edir.

Hesabatın detalları hələ ki açıqlanmır, lakin “Kommersant”ın (“Ъ”) Vaşinqtondakı mənbələrinin sözlərinə görə, orada adı keçənlərin sayı 50-dən çox, ailələrilə birlikdə isə 300-dək ola bilər. Bu halda, Demokratlar Partiyasında qorxurlar ki, Ağ ev rusiyalılara qarşı həssas məhdudlaşdırıcı tədbirlər tətbiq etməyəcək.

Bununla əlaqədar olaraq, prezident Trampı daha sərt hərəkət etməyə sövq etmək istəyən konqresmenlər Kremlin demokratiyaya “asimmetrik hücumları” və onların ABŞ-a təsirləri haqqında 200 səhifəlik hesabat nəşr ediblər. Onun başlıca ideyası – avropalı müttəfiqlər də daxil edilməklə, Moskvaya qarşı yeni qlobal cəbhənin yaradılmasıdır.

ABŞ prezidenti Donald Trampın 02 avqust 2017-ci il tarixdə imzaladığı “ABŞ-ın rəqiblərinə sanksiyalar vasitəsilə əks-təsir haqqında” qanuna (CAATSA)uyğun olaraq, Maliyyə nazirliyi 29 yanvar 2018-ci ildən gec olmayaraq Konqresə hansı yüksək səviyyəli rus məmur və biznesmenlərinin hakimiyyətə yaxın hesab edilməsi haqqında ətraflı hesabat — “Kreml hesabatı” təqdim etməlidi.

“Kreml hesabatı”nın tərtib edilməsi, CAATSA-da Rusiyaya qarşı nəzərdə tutulan əlavə məhdudlaşdırıcı tədbirlərdən yalnız biridir. Xatırladaq ki, Konqres tərəfindən bu qanunun qəbuluna, o cümlədən Rusiya hakimiyyətinin ABŞ-dakı prezident seçkilərinə, guya, müdaxilə etməsinə cavab olaraq təşəbbüs göstərilib. Moskvanı ABŞ-da demokratiyaya ziyan vurmağa cəhddə ittiham edən Amerika qanunvericilərinin və xüsusi xidmətlərinin konsolidasiya olunmuş rəyinə baxmayaraq, Donald Tramp dəfələrlə deyib ki, Rusiya hakimiyyətinin günahkar olmasına şübhə edir. O, CAATSA-nı ona görə tənqid etdi ki, qanun xarici siyasətdə, o cümlədən Rusiya istiqamətində onun manevr məkanını məhdudlaşdırır, ancaq hər halda yekunda onu imzaladı.

ABŞ-ın Moskvadakı səfirliyinin mətbuat katibi Mariya Olsen “Kommersant”ın “Kreml hesabatı”nın nə zaman təqdim ediləcəyi ilə bağlı sualına cavab verərkən, CAATSA-ya istinad edib. “Kommersant”ın ABŞ Dövlət Departamentinə yaxın olan mənbəyi isə əmin edib ki, sənədi “zamanında” hazır edəcəklər.

Xatırladaq ki, dekabrın sonunda Dövlət Departamentinin sanksiyalar siyasətinin sabiq əlaqələndiricisi olan Daniel Frid “Kommersant”a verdiyi müsahibədə deyib: “ABŞ prezident administrasiyası bu hesabat üzərində aktiv işləyir”. O əlavə edib ki, sənədin tərtib edilməsində Maliyyə nazirliyi, Dövlət Departamenti və xüsusi xidmətlər də daxil olmaqla, bir sıra digər idarələr iştirak edir (bax: “Ъ”, 25 dekabr 2017-ci il).

Hesabatın potensial fiqurantlarının sayı və adları haqqında məlumat məxfi saxlanılır.

“Kommersant”ın ABŞ dövlət orqanlarında olan, birbaşa sənəd üzərində işləməyən, lakin Rusiya siyasətinin həyata keçirilməsində iştirak edən mənbələri ehtimal edir ki, siyahıya 50-dən çox, ailə üzvlərilə birlikdə (CAATSA-nın tələb etdiyi kimi) isə 300-ə kimi adam daxil edilə bilər. Qəzetin müsahibləri konkret ad çəkməyiblər.

Daniel Fridin sözlərinə görə, qara siyahıya düşmək o demək deyil ki, konkret bu adamlara qarşı avtomatik olaraq məhdudlaşdırıcı tədbirlər tətbiq ediləcək. O, qəzetə izah edib: “Bununla belə, bu siyahıya düşmə faktının özü gələcəkdə onlara qarşı sanksiyaların tətbiq edilməsi riskini artırır”.

Bu durumda, Demokratlar Partiyasının nümayəndələri qorxur ki, D. Tramp, prezident Putinlə münasibətləri qəti olaraq pozmamaq üçün, adları “Kreml hesabatı”nda olan ruslara qarşı həssas tədbirlər görmək istəməyəcək.

Bundan əlavə, son zamanlar demokratlar daha tez-tez deyirlər ki, Respublikaçılar Partiyasının üzvləri Donald Trampın seçkiqabağı qərargahı ilə Kreml arasındakı mümkün sövdələşmənin təhqiqatında maraqlı deyillər.

Amerikanın demokrat senatorları ictimai rəyi öz tərəflərinə cəlb etmək üçün “Putinin Rusiya və Avropada demokratiyaya asimmetrik hücumu: ABŞ milli təhlükəsizliyi üçün nəticələri” (Putin’s Asymmetric Assault on Democracy in Russia and Europe: Implications for US National Security) adlı 200 səhifəlik hesabat yayıblar.

Senatın beynəlxalq işlər komitəsinin üzvü demokrat Bencamin Kardin konqresmen həmkarlarına müraciət edərkən, hesabatın hədəfini qısaca və dürüst ifadə edib. Hesabata əlavə olaraq yayılan, Avropa səfirlərinə ünvanlanan, AB ölkələrini “Rusiya təhdidi”nə qarşı durmaq üçün birgə fəaliyyətə çağıran məktub da ötən ilin iyulunda CAATSA qanun layihəsinin Konqresdə qəbulunda aktiv rol oynayan cənab Kardinə məxsusdur.

Rusiyanın 2016-cı ildə keçirilən prezident seçkilərinə ehtimal edilən müdaxiləsinin təhqiqatının davam etdirilməsindən yana çıxış edən senator Kardin, bu dəfə D. Tramp komandasının Kremllə olan təmaslarının tarixçəsini açıq şəkildə vurğulamır. O, Rusiya-ABŞ münasibətlərindəki hazırkı böhrandan çox öncə – 1999-cu ildə Boris Yeltsini əvəz edən Vladimir Putinin yeni Rusiya lideri olmasından həmən sonra ortaya çıxmış Rusiya təhdidinə məhz uzunmüddətli sabitsizləşdirmə amili kimi baxmağa çağırır.

ABŞ Konqresindəki Rusiyanın ən barışmaz tənqidçilərindən biri indiki mərhələdə“Rusiya təhdidi” anlayışını belə açıqlayır: “Putin Kremli hərbi müdaxilə, kiberhücum, dezinformasiya, marginal siyasi qrupların dəstəklənməsi, enerji ehtiyatlarının müharibə aparma vasitəsinə çevrilməsi, mütəşəkkil cinayətkarlıq və korrupsiyanın da daxil edildiyi asimmetrik vasitələr arsenalından istifadə edir”.

“Zaman keçdikcə Kreml öz alətlərini  təkmilləşdirdi və onun hücumları daha intensiv və miqyaslı oldu. Əgər ABŞ bu böyüyən kompleks təhdidə zamanında cavab verə bilməzsə, Moskvadakı rejim daha həyasızcasına davranacaq.  O, bütün dünya üzrə demokratiyalara, o cümlədən 2018-ci və 2020-ci illərdə keçiriləcək seçkilər zamanı ABŞ-a qarşı öz arsenalını inkişaf etdirməyə və təkmilləşdirməyə davam edəcək" – deyən Bencamin Kardin daha sonra əlavə edir: “Amerika tarixində əvvəllər heç zaman elə bir durum olmayıb ki, milli təhlükəsizliyə qarşı bu qədər açıq olan təhdidə ABŞ prezidenti tərəfindən də bu qədər laqeydlik göstərilsin”.

Hesabatda, iddiaya görə, Rusiya hakimiyyətinin Amerika seçkilərinə müdaxiləsi Perl-Harbora hücumla və 11 sentyabr terroru ilə bir sıraya qoyulur.

Hesabat müəllifləri, ABŞ-ın 45-ci prezidenti D. Trampın “cənab Putinin demokratik hökumətlərə və institutlara hücumundan irəli gələn təhdidləri, demək olar ki, xatırlatmadan” Moskvaya lazımi səviyyədə qarşılıq vermədiyi nəticəsinə gələrək, ABŞ Konqresinin üzvlərini – həm demokratları, həm də respublikaçıları – “Rusiyaya qarşı durmanın köhnə ənənəsinə” əməl edərək, səyləri birləşdirməyə çağırır. Bu durumda onlar Trampın özünü də aktiv fəaliyyətə çağırırlar.

Qeyd etmək lazımdır ki, demokrat senatorlar qrupu tərəfindən hazırlanan hesabat qanun ola biləcək qətnamə layihəsi deyil, sadəcə son onilliklərdəki Rusiya daxili və xarici siyasətinin, Moskvanın kursunun dəyişməsi haqqında tövsiyyələr dəsti də olan, həcmli monoqrafiya formatınadək genişləndirilmiş tarixi oçerkidir. Müəlliflər öz hesabatlarında son illərdə Amerika və Avropa tədqiqat mərkəzlərində hazırlanan çoxsaylı ekspert hesabatlarından, həmçinin Qərb KİV-lərinin materiallarından sitatlar gətirirlər.

Bununla belə, bu, faktiki olaraq, sadəcə “dövrümüzün sovet əleyhdarının”stolüstü kitabı ola biləcək həcmli bir kompilyasiya (müstəqil tədqiqat aparılmadan, başqalarının əsərlərindən istifadə edilməklə düzəldilən əsər- tərc.) deyil.

Bencamin Kardin komandasının hesabatının unikallığı ondadır ki, orada 2000-ci illərin əvvəllərindən başlayaraq, Kapitoli təpəsində Moskva əleyhinə irəli sürülən başlıca ittihamlar ilk dəfə olaraq cəmlənib, sistemləşdirilib, nəzərə çarpacaq şəkildə genişləndirilib, həmçinin mövzular Avropa və postsovet məkanının əsas ölkələri üzrə strukturlaşdırılıb.

Xatırladaq ki, Rusiya və ABŞ münasibətlərində sistem böhranı yenicə ortaya çıxan zaman həm demokratlardan, həm də respublikaçılardan ibarət olan təsirli konqresmenlər qrupu ilk dəfə Rusiyanın G8-dən çıxarılması təşəbbüsü ilə çıxış etmişdi. Kapitoli təpəsində Moskvanı uğur şansı olmayan, ayrı-ayrı konqresmenlərə siyasi PR aksiyasından o tərəfə keçməyən bir hərəkət olaraq görünən, cəzalandırma ideyasını öncə demokratlar Tom Lantos və Co Libermanla birlikdə respublikaçılar Con Makkeyn və Kris Koks hazırlamışdı. Lakin bir neçə il sonra – Ukrayna böhranının başlanmasının ardından Rusiya G8-dən çıxarıldı.

Bununla əlaqədar olaraq, Rusiya üzrə yeni hesabat müəllifləri Konqresdəki həmkarlarını faktiki olaraq Moskvanın qarşısının alınması üzrə olan yeni meyldə, 15 il bundan öncə mənşəyində Tom Lantos və Con Makkeynin durduğu ənənəyə əməl edərək, ton verməyə davam etməyə çağırır.

Bu halda, Rusiyanın G8-dən xaric edilməsi kimi nümayişkaranə siyasi hərəkətlərə çağırışlarla kifayətlənən sələfləri ilə müqayisədə Bencamin Kardin və onun tərəfdarları daha təsirli, Rusiyanın durdurulması üçün Qərbli müttəfiqlərlə koordinasiya edilən və Kremldən “qlobal müdafiə xətti” qurmağa hesablanmış tam tədbirlər kompleksi təklif edir.

ABŞ daxilində, xüsusilə kəşfiyyat cameəsinin, Dövlət Departamentinin, Pentaqonun və digər idarələrin nümayəndələrinin iştirakı ilə Rusiyaya əks-təsir etmək üzrə idarələrarası komissiyanın yaradılması nəzərdə tutulur. Onun prototipi Milli Antiterror Mərkəzi olmalıdı.

Hesabat müəllifləri Moskvaya qarşı, əgər o, “digər ölkələrin işinə qarışmaqdan əl çəkməzsə”, sanksiyaların sərtləşdirilməsini və Rusiyaya təzyiqin gücləndirilməsinin davam etdirilməsini təklif edirlər. Bundan əlavə, onlar Vladimir Putin və onun yaxın çevrəsindən olanlar haqqında nüfuzdansalıcı məlumatların toplanmasında və yayılmasında təkid edirlər. Onlar həmçinin Rusiyanın Qərb demokratiyalarına “asimmetrik hücumları” haqqında illik icmalın nəşr edilməsində təkid edirlər.

Hesabatda ayrıca Rusiyanın daxili vəziyyətinə təsir etmək haqqında tövsiyyələr də mövcuddur: “ABŞ və avropalı müttəfiqləri Rusiyada QHT-lərə və müstəqil KİV-lərə həyati vacib dəstək verməyi davam etdirməlidirlər”.

Sənəddə qeyd edilir ki, “bu iş daxili işlərə müdaxilə etməyi məqsəd kimi nəzərdə tutmur, sadəcə olaraq, Rusiyanın da imzaladığı Helsinki Aktında qısaca və doğru ifadə edilən dəyərləri dəstəkləyir”.

Vladimir Putin Rusiyanın yazılı KİV-lərinin və informasiya agentliklərinin rəhbərləri ilə görüşdə Moskvanın ABŞ-dakı seçkilərə müdaxiləsi haqqında olan iddiaları “tam cəfəngiyyat və sayıqlama” adlandırıb. O əmin edib ki, “Bizim tərəfimizdən hər hansı bir sövdələşmə, hər hansı bir müdaxilə olmayıb”.

Bu halda, RF prezidenti qeyd edib ki, “əgər onlar (amerikalılar — “Ъ”) özləri hər yerə burunlarını soxurlarsa, onda müəyyən meydan oxumalara cavab verməyə də hazır olmalıdırlar”.

Bundan sonra əlavə edib: “Xahiş edirəm, heç kim məni elə anlamasın ki, biz harasa müdaxilə edirik. Biz müdaxilə etməyəcəyik”.

RF prezidentinin mətbuat katibi Dmitri Peskovsa, demokrat senatorların hesabatına şərh verərkən, deyib ki, onda mövcud olan Moskva əleyhinə ittihamlar “yalnız ikitərəfli münasibətlərə ziyan vurmur”: “Onlar ABŞ-ın özünə ziyan vurur, çünki nə zaman ki, bu, beyindən çıxmayan bir ideya olur, onda normal inkişaf və həyat üçün komfort şərait yaratmır”.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?