Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

DÜNYANI EVİNDƏN İDARƏ EDƏN, HAMINI AYAĞINA GƏTİRƏN MÜCTƏHİD–Sirr dumanına bürünmüş Sistani... - ARAŞDIRMA

Əziz RZAZADƏ

Strateq.az

 

Yenixeber.org: Adları ağızdan-ağıza dolaşan, hökmləri sərhəd tanımayan üləmanın həyatı sirr və müəmma yumağıdır. Ayətullah Sistani də bu sırada birincilərdən, bəlkə də, elə birincidir. 

 

Yumağın ipucu

 

Sistani jurnalistlərlə həvəssiz görüşür. O da arada-bərədə. Heç vaxt mediaya müsahibə vermir. Bir və ya iki rəsmi fotosu istisna olmaqla, şəklinin və filmə çəkilməsinə də razı olmur.

Sistaninin gündəlik həyatı barədə Qərb mediası və “beyin mərkəzləri”nin araşdırmalarında bir-birindən ziddiyyətli açıqlamalar var. Müntəzəm görüşlər keçirməklə bərabər, hər səhər bir neçə aparıcı İraq və İran qəzetlərini oxuduğu söylənir; BBC-nin farsca və ərəbcə verilişlərini dinlədiyi də iddia olunur. Vaxtının bu kiçik hissəsini başqa radiolara, əsasən İran dövlət radiosuna həsr etməsi də. Amma televizora əsla baxmır.

Yaxın çevrəsindəki şəxslər onun İran və İraq tarixinə, xüsusilə də son iki əsrdə ruhani sistemlərinin tarixinə çox yaxşı bələd olduğunu deyirlər.

Sistani iqamətgahını heç vaxt tərk etmir. Yalnız bircə dəfə tibbi müalicə üçün Londona getmək qərarına gəldikdə, “sağ əli” olan Seyyid Cavad Şəhristani, – təhlilçi Mehdi Xələcinin iddiasına əsasən, – Britaniya səlahiyyətliləri qarşısında üç şərt qoyub: siyasi vəzifəlilərlə heç bir görüş olmayacaq; ətrafda heç bir jurnalist ayağına dolaşmayacaq; təhlükəsizlik qüvvələri ondan çox uzaqda qalmalı və ona yaxınlaşmamalıdırlar (Şəhristani hətta Britaniya Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşü də rədd edib).

O, Londondakı xəstəxanada olarkən dünyanın ən böyük siyasi liderləri tezliklə şəfa tapması ismarışı göndərib. O cümlədən Ayətullah Xamnei.

Bu adamın yaşam hekayəti tam müəmmadır. Xəsis məlumatlar və adının çəkildiyi xəbərlər acgözlüklə oxunur. Sistani ilə görüşən son jurnalistlərdən biri fransız “Le Monde” nəşrindəndir. Amma üstündən təxminən 10 ay keçsə də, bu yazını rahat oxumaq mümkün deyil.

“Klik” etməyə tələsməyin. Nəşrin abunəçiləri – 1, qeyriləri 2 avro ödəməklə elektron səhifəni aça bilərlər.

 

Müəmmalı qayıdış

 

1992-ci ildə ustadı Seyyid Əbülqasim Xoyi canını Allaha tapşırandan sonra Nəcəfdə ev dustağı edilən Sistani elə indi də dünyaya hücrəsindən baxır. Sanki virtual ekrandır. Amma həzrət Əlinin (ə.) hərəmindən cəmi iki yüz metr aralıda, Məscide-hindi küçəsində yaşayan ali ruhaninin qapısını hər gün kimsə döyür: sadə möminlər, tələbələr, siyasi fəallar, rəsmilər… 

Xarici siyasətçilərdən mərhum Haşimi Rəfsəncani (sabiq İran prezidenti onu ölkəsinə səfər etməyə dəvət etmişdi, Sistani təklifi qəbul etmədi), Rəcəb Tayyip Ərdoğan, Əhməd Davutoğlu…

…Ayətullah Seyyid Əli Hüseyn əl-Sistani İranın şimal-şərq əyalətində, Məşhəd şəhəri yaxınlığında doğulub – 4 avqust 1930-cu il.

Hüseyni şəcərəsindən olan Sistaninin əcdadları XII-XVIII əsrlərdə İsfahanda yaşayıb. Məhəmməd Baqir Mir Damad – I Şah Abbas dönəminin məşhur ruhanisi bu ailəyə mənsubdur. Mir Damadın nəvəsi Seyyid Məhəmməd digər Səfəvi şahı Sultan Hüseynin (1694-1722) zamanında İranın Sistan bölgəsinə şeyxülislam təyin olduqda, ailə bu əyalətə köç edib. “Sistani” künyəsi məhz bu andan yaranıb. Ailədən ilk dəfə Seyyid Əli Məşhədi özünə iqamət seçib.

Xorasanın paytaxtında dünyaya göz açan Ayətullah Sistani ruhani ailənin övladı kimi ilkin təhsildən sonra, 1949-cu ildə Qumda şiə dünyasının böyük alimləri, o cümlədən Təbatəbai Borucerdi və Məhəmməd Höccət Kuhkəmərinin dərslərindən faydalanıb.

Üç il sonra, 1951-ci ildə Nəcəfdə əsasən Ayətullah Əbülqasim Xoyi və Şeyx Hüseyn Hillinin fiqhi və şəriət dərslərinə qatılaraq hər iki alimdən ictihad dərəcəsi alıb.

1960-cı ildə Məşhədə qayıdan Sistaninin bir il sonra yenidən Nəcəfə niyə döndüyü müəmmadır.

Şayiələrə görə, Ayətullah Xoyi onu əvəz edəcək şəxsin təcəllisini məhz Sistanidə – gələcək kürəkənində görüb.

Sistani, həqiqətən, ustadının yerini tutub, amma Səddam rejiminin təzyiqi ilə üzləşdiyindən, əvvəlcə Xəzra məscidində imam-cüməlik, daha sonra 1998-ci ilin ortalarından tədris fəaliyyətini də dayandırıb.

 

Əsas məsləhətçi

 

Nəcəfdə həm ev, həm də ofis olan iqamətgaha Sistaninin oğlu Məhəmməd Rza Sistani rəhbərlik edir, lakin qərbli müşahidəçilər hesab edir ki, Məhəmməd Rza atasının əsas məsləhətçisi deyil. Xüsusən siyasi məsələlərdə. Sistaninin əsas məsləhətçisi Cavad Şəhristanidir. Daha sonra Həmid əl-Həffaf (Beyrutdakı qeyri-rəsmi nümayəndəsi), Mürtəza Kəşmiri(London) və Əhməd Safi ilə Hüseyn Şəhrəsi

Yaxın Şərq Siyasəti İnstitutunun əməkdaşı Mehdi Xələci “The Last Marja” (“Sonuncu mərcə”) kitabında Sistaninin siyasi aurasına, xüsusilə 1992-ci ildə mərcəiyyətini elan edərkən, İranda tanınmasında kürəkəni Seyyid Cavad Şəhristaninin rolunu qabardıb. Həm də şişirdilmiş şəkildə.

Seyyid Cavad Şəhristani

 

Xələci yazır ki, 1954-cü ildə anadan olmuş və 1975-ci ildə Sistaninin qızı ilə evlənən Şəhristani iki il sonra Quma köçüb. 1983-cü ildə o, Əhli-Beyt İnstitutu yaradıb. İnstitut ənənəvi şiə alimlərinin əlyazmalarını nəşr edir, unudulmuş əsərlərə yeni həyat verirdi. Sistaninin adı da bu müəssisə ilə birgə tanınmazlıq çərçivələrini qırıb. (Halbuki Xoyinin varisi kimi əvvəldən tanınırdı. Onun vəfatından sonra Ayətullah Seyyid Əli Beheşti və Ayətullah Şeyx Mürtəza Borucerdi Sistanini təqlid mərcəsi olduğunu təsdiqləyib, Ayətullah Səbzəvari və Ayətullah Gülpayeqani, Ayətullah Əraki və Ayətullah Ruhaninin ölümündən sonra o, ətrafına geniş müqəllid kütləsi toplaya bilib).

 

Fəqihlərin rəqabəti

 

Nəcəf hövzəsinin Qumdakı üləmadan fərqli baxışlara malik olması yeni kəşf deyil. Bu nə dünən, nə də bu gün yaranan fərqlərdir.

Xələcinin qeydlərinə əsasən, Qumun bəzi nüfuzlu din xadimləri Sistaninin özünü mərcə kimi təqdim etməyə çalışdığını anladıqda, ona qarşı hərəkətə keçiblər. “Came-ye Modarressin-e Hovze-ye İlmiye-ye Qom” Birliyinə üzv olan Abdullah Cavadi Amuli və Reza Ustadi Sistaninin ən qızğın əleyhdarları olublar. “Amma Şəhristaninin müdrik və diplomatik tədbirləri ilə bu səylər baş tutmadı. Cavad Şəhristani Xoyinin şəbəkəsini qismən istifadə etməyə çalışdı. Mərhum Xoyinin əksər nümayəndəsi Sistani nümayəndələrinə çevrildi. Hazırda Sistaninin dünyanın hər yerində 2 mindən çox təmsilçisi var”, – deyə Xələci yazır.

İranlı ruhanilərin Sistaninin təmsilçisinə bu sayaq rəftarının səbəbi bəlkə də onda gizlənir ki, (yenə də Xələcinin iddiasına görə) o, bir vaxtlar Xomeyninin varisi sayılan, sonradan ev dustağı olmuş Ayətullah Müntəziri ilə əlaqə saxlayıb. Hətta sabiq daxili işlər naziri Abdullah Nuri həbsxanadan azad edildikdə, Şəhristani Tehrana gedərək onu ziyarət edib. Eyni zamanda, Əbdülkərim Siruşkimi ruhanilərə rəqib intellektualın uzatdığı əli də geri çevirməyib. Bununla bərabər, “Şəhristani Ayətullah Xamneinin dəftərxanası ilə çox sıx əlaqələr qurur və tez-tez Məhəmməd Məhəmmədi Gülpayeqani ilə təmas saxladığı gizlədilmirdi”.

Doğrudur, Sistaninin keçmişdə İraqda iranlı üləma ilə təmasdan yayındığı söylənir. Amma onun Ayətullah Xomeyni ilə Nəcəfdə, daha sonra Bursada (Türkiyə), sürgün dövründə tez-tez fikir mübadiləsi aparması iddiası var. Bu dostluğa baxmayaraq, Sistani bu gün İran rejiminin əsaslarından biri olan və Xomeyni tərəfindən hazırlanan "Vilayət-e fəqih" konsepsiyasını tənqid etdiyi, həmin modelə zidd olaraq, dövlətin dindən ayrı olması fikrini dəstəklədiyi söylənir.

(Sistaninin özü “Vilayəti-fəqih” nəzəriyyəsi barədə suallara cavab verməkdən çəkinir).

Onun fazil bir ruhani olması inkaredilməzdir. Nəcəfdəki üç digər ali ruhani (Seyyid Həkim, Məhəmməd İshaq Fəyyad, Bəşir Nəcəfi) hörmətini saxlayır, Sistaninin ali mövqeyinə və ya səlahiyyətinə qarşı çıxmırlar.

Sistani ayrılıqda heç bir partiya və ya siyasətçini dəstəkləmir, hökumətin işlərindən məsafədə qalır. Yalnız böhranlı anlarda tərəfsiz hakim kimi "cəkicini masaya vurur".

 

Bakıda – qadağa

 

Sistaninin iqtisadi gücündən danışarkən, sözsüz, o, şiə dünyasının ən zəngin mərcəsidir. Təxmini hesablamalara görə, illik gəliri 500-700 milyon dollara qədər, dünya üzrə aktivləri isə 3 milyard dollardan çoxdur. Bunun sayəsində Nəcəfdə tələbələri və din xadimlərinə yüksək təqaüd və əməkhaqqı ödənir.

Mehdi Xələci yazır ki, Cavad Şəhristaninin Əhli-Beyt İnstitutunu nəhəng kitabxanaları, Şiə Əlyazmaları Mərkəzi də daxil olmaqla, saysız-hesabsız nəşrləri ehtiva edir. 360 min kvadrat metr ərazini satın aldıqdan sonra rəsədxana tikintisi, 800 mənzil və digər sosial rifah layihələri ilə (sahəsi – 100 min kv.metr) Xoyinin Madinətül-Elm və Xamneinin Qum ətrafındakı Mehdiyyə şəhərcikləri ilə rəqabət aparır.

“Quma ilk dəfə interneti gətirən də Şəhristanidir və hökumətdən bir sıra internet provayderləri yaratmaq üçün icazəsi alıb. Onun sayəsində Sistaninin dəftərxanası ilə bağlı İmam Əli İnstitutu (London) kimi dini qurum, Nyu-York, Paris, Şam, Beyrut, Lahor, Kəraçi, Moskva və dünyanın digər şəhərlərində ofis və institutları fəaliyyət göstərir”.

Bakıda da ofis açılmışdı. Bir müddətlik. Şəhristani Şamaxıya səfəri zamanı qarət olunduqdan sonra (30 min $) da missiya davam edirdi. Lakin Azərbaycan hökuməti iraqlı üləmanın fəaliyyətinə isti yanaşmadı. Son təmsilçi, əslən türkmən Mosuli də ofisi qapadaraq Moskvaya köçdü.

 

Mücahid müctəhid

 

Ayətullah Sistani mücahid müctəhiddir. O, Səddam Hüseyn rejiminə qarşı mübarizədə bir neçə dəfə sürgün edilmə təhlükəsi ilə üzləşib, Şəhid Mirzə Əli Qərəvi və Şəhid Şeyx Mürtəza Borucerdi ilə birlikdə həbs olunub, işgəncəyə məruz qalıb. BƏƏS rejimi kəşfiyyat xidmətinin sonradan gün üzünə çıxan sənədlərinə əsasən, ötən əsrin 90-cı illərində Səddam Hüseyn Ayətullah Sistaninin həyatına sui-qəsd planlaşdırıbmış…

Sistani barədə daha nələr varsa artıq, necə deyərlər, təfərrüatdır:

2002-ci ilin sentyabrı – İraqın xarici təcavüzdən qorunmasına dair fitva…

2003-cü ilin apreli – ABŞ-ın İraqa müdaxiləsindən sonra ev dustaqlığının ləğv. Sistaninin tərəfsiz olmağa dair ikinci fitvası…

2004-cü ilin iyunu – Sistani İraqın yeni hökumətini dəstəkləyir…

2004-cü ilin avqustu – Müqtəda Sədrin milisləri Nəcəfdə amerikalı əsgərlərlə döyüşərkən, Sistani müalicə üçün Londona gedir. Daha sonra İraqa qayıdır və atəşkəsə dair danışıqlara başlayır və Sədr onun tələbi ilə razılaşır…

2005-ci ilin fevralı – İraqda keçirilən seçkilərdə “Sistani” Alyansı 4 milyondan çox səs toplayır…

2008-ci ilin dekabrı – Sistani ABŞ qoşunlarının İraqdan çıxmasına dair müqaviləni dəstəkləyir…

2009-cu ilin yanvarı – Əyalət seçkilərində fəal iştiraka səsləyən Sistani namizədlərə tam bitərəflik mövqeyi tutur…

2011-ci ilin martı – İraq rəsmilərindən narazılığını ifadə etmək üçün Sistani onlarla görüşdən imtina edir…

2013-cü ilin martı – Sistani iraqlıların, xüsusilə sünni əhalinin öldürülməsini yasaqlayan fitva verir…

2014-cü ilin iyunu – İŞİD-lə mübarizəyə dair fitva verir…

2017-ci ilin oktyabrı – Sistani mülki kürd əhalisinin qorunması barədə fitva verir…

 

P.S. Əlavə məlumatların əldə edilməsində köməyinə görə Kənan Rövşənoğluna minnətdarlıq!(strateq)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam