Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Cəlilabadda törədilən heyvan terrorunun gizlinləri:TƏFSİLAT

 

 

 

(DİN Baş Dövlət Yol Polisi İdarəsi rəhbərliyinin oxumasında fayda var.)

 

Yenixeber.org:12 avqust 2017-ci il: Cəlilabad rayonunun bütün divar və qol saatları 20.00-u göstərir. Həmin vaxt Bakı istiqamətində hərəkət edən rayonun Alar kənd sakini Məhəmməd Əliyevə məxsus “Mercedes” markalı avtomobil Astara-Ələt yolunun Qarazəncir kəndi ərazisindən keçən hissəsində, ən azından 200 km/saat sürətlə yolun qərb tərəfindən şərq tərəfinə keçirilən heyvan sürüsünə girir və nəticədə 5 baş iribuynuzlu, 8 xırdabaşlı heyvan əhli-kef və ərköyün “Mercedes”in qurbanına çevrilir. Hə, hə... Məhz “Mercedes”in. Emil Elinekin qızı Mercedesin yox aaa, Məhəmmədin avtomobili “Mercedes”in!

İnanmaya bilərsiz. Amma mənim düşüncəmə görə belə olmuşdur. Çünki heç bir ağlı-kamalı yerində olan adam həmin an və məqamda nəinki “Mercedes”in içində, heç yanında olmaq istəməzdi.

Görünür, Məhəmməd sevimli avtomobilini hansısa “X” məntəqədən pult-filanla idarə edirmiş, yaxud da onu təqib edən kimdənsə qaçırmış.

Bəlkə bu üzdəndir ki, qəza baş verəndən dərhal sonra hadisə yerində peyda olaraq canfəşanlıq xarüqələri yaradan Məhəmmədin yaxınları avtomobilin yük yerindəki müəmmalı qutunu və qara diplomat çantanı götürdükdən sonra dəvət etdikləri qəssablarla birlikdə yoxa çıxdılar. Halbuki, həmin qəssablar ölüm-dirim mücadiləsi verən heyvanların başlarını kəsərək murdar olmasına imkan verməmişdilər.

Əlqərəz, həmin gün törədilən “qətliam” mahiyyət və nəticə etibarı ilə təkcə heyvanlara yox, eyni zamanda insanlara qarşı ünvanlanmış terror aktıydı.

Amma indilik, terror hadisəsini törədən “Mercedes”dən və onun sahibindən yox, qəzanın baş verməsinə birbaşa və dolayısı ilə yardım etmiş YPX əməkdaşlarının şübhəli və məsuliyyətsiz hərəkət və hərəkətsizliklərindən bəhs edəcəm.

...

Cəlilabad rayonunun Qarazəncir kəndi bütün dövr və zamanlarda YPX əməkdaşlarının “at oynatdığı” ən srateji ərazilərdən biri, bəlkə də birincisi olub. Əlverişli coğrafi mövqe və sadə insanlar,- həmişə onların işinə yarayıb. Son vaxtlarda istifadəyə verilmiş “Səbinə” və “Dan Ulduzu” kimi şadlıq sarayları YPX əməkdaşlarının əhval-ruhiyyəsini birə-beş artırıb.

Deyirəm, nə gözəl Qarazəncir! “Xəlvət dərədə bəylik edən” Göytəpə Post Patrul Xidmətinin əməkdaşları əməlli-başlı qaz vurub, qazan doldurur, böyük bəyin – postun rəisi Hikmət Qafarovun arzu və istəklərinə münasibətdə yetərincə “vicdanlı” olmağa çalışırlar. Artıq iş o yerə çatıb ki, Qarazəncir ərazisindəki şadlıq saraylarına dəvət almış toy iştirakçıları iki yerdə - həm “şadlıqda”, həm də “trass”da “xərc” yazdırmağa məhkum ediliblər. İçkili sürücülərə yönəlmiş “xərc” əməliyyatı xidmət əməkdaşlarını o qədər riqqətə və həvəsə gətirib ki, ayaqlarındakı çəkmələrini çıxardıb aparsan,- xəbərləri olmaz. Əgər “xərc” yazmaqdan başları aynısaydı, nə Məhəmmədin “Mercedes”i sayqısızlıq edər, nə də bu yekəlikdə həngamə baş verərdi. Əslində, başı “alverə” qarışmış nadan polisin məsuliyyətsiz tövrü ucbatından baş verən qəzanın fəsadları daha ağır olmalıydı. Gərçi, Uca Yaradan həmin gün heyvanları müşaiyyət edən insanların aqibətini özü bədirləyərək, hətta burunlarının qanamasına belə fürsət vermədi.

....

Ulu Öndər Heydər Əliyevin təbirincə desək, “Şüurlar iki halda korşalır: hardakı cəza var, cinayət yoxdur, yaxud da əksinə - cinayət var, cəza yoxdur.” Əgər bir az “vnimatelni” olsaq görərik ki, avqust ayının 12-də baş verən qəzada hər iki hal mövcuddur. 5 baş iri, 8 baş xırdabuynuzlu heyvanını itirən şəxsi irəlidə nələr gözlədiyini dəqiq bilməsək də, bu günkü bazar qiyməti ilə 15 000 manatdan məhrum edilməsini tam əminliklə söyləmək mümkündür. Bu məbləğ, saat 20.00-da (yay fəslində günün günorta çağı) özünə məxsus pay torpağında otardığı heyvanları yolun bir tərəfindən digər tərəfinə keçirən Qarazəncir sakininə, 944 nömrəli avtomobillə patrul xidməti həyata keçirən Elton adlı polis əməkdaşının kəsdiyi “raconun” qiymətidir.

Görünür, yaşayış məntəqəsinin yerləşdiyi ərazidə minimum 200 km/saatla hərəkət edən avtomobil sahibi ilə polis Elton arasında hansısa uzunmüddətli sövdələşmə olmuşdur. Çünki, imkanlı adamların aylıq verib yollarda hər cür “lotuluq” etməsi Cəlilabad rayonunda adi haldır.

....

Baş verən hadisənin yaratdığı təəssürat və reallıqları ümumiləşdirsək, alınacaq nəticə təqribən belədir:

Hava qaralmamış baş verən hadisə Qarazəncir ərazisinin Bakı istiqamətindəki çıxışında qoyulmuş sürət həddini göstərən “60” nişanını keçdikdən dərhal sonra baş vermişdir. Bu isə o deməkdir ki, avtomobili idarə edən şəxs təkcə heyvanları yox, eyni zamanda qarşısına çıxacaq istənilən maneəni məhv etməyə hazır durumda imiş. Başı “xərc” yığmağa qarışmış (sövdələşmə də istisna edilmir) polislərsə - ya bilərəkdən, ya bilməyərəkdən – avtomobili durdurmağa cəhd göstərməmiş, qurbanı

olduğum Məhəmməd də əlindən və ayağından gələni əsirgəmədən, diş qayırmağa tələsdiyi halda (deyilənlərə görə Biləsuvar rayonunda diş həkimi işləyən bu şəxs nə içmir, nə çəkmir), həm polislərə göz atmış, həm göz çıxartmış, həm də əhli-qarazəncirlilərə göz dağı vermişdir. Və ən dəhşətlisi odur ki, baş verən qəza, hardasa polislərin gözlə görə bildikləri məsafədə baş vermişdir.

Digər maraqlı məqam isə ondan ibarətdir ki, baş verən “terror” hadisəsi ilə bağlı müəmmalara bu günə qədər aydınlıq gətirilməmişdir.

Müəmmaların doğurduğu sualları sistemləşdirsək, belə bir ardıcıllıq alınır:

-Nədən polislər, yanlarından keçən avtomobilin sürət həddini aşmasına göz yumaraq, Məhəmmədi durdurmağa cürət göstərməyiblər?

-Nədən, baş verən qəza yerinə Elton və Qismət adlı polis əməkdaşlarından başqa heç bir səlahiyyətli təşrif buyurmadı? Halbuki, ən azından 3 saat ərzində yolun həmin hissəsində hərəkət məhdudlaşdı.

-Nədən hal şahidlərinə ağ protokola imza etdirildi və nədən bu günə qədər həmin hal şahidləri protokolda yazılanlarla tanış edilmir?

-Nədən, avtomobilin yük yerindən götürülən müəmmalı qutuya və qara diplomata baxış keçirilmədən sahibinə qaytarıldı?

 

 

 

 

Və sonda:

Qarazəncir kənd sakininin YPX əməkdaşı Eltona ünvanladıgı “niyə buraya heyvanların keçidini tənzimləyən işarə qoymursunuz” sualına aldığı: - “İşarənin qiyməti 300 manatdır!”- cavabının adı yaxud soyadı nədir?

Yazının “DABAN”I:

Başınız sağ olsun, ey mənim dilsiz-ağızsız milli İNƏKLƏRİM! Yəqin ki, baş verən bu dəhşətli qəza YOL POLİSİNİN əzəmətli və həşəmətli başbilənlərini düşünməyə vadər edər və çox çəkməz sizin danalarınızdan ibarət xüsusi tağımlar yaradılar. Əks təqdirdə, nəslinizin kəsiləcəyi gün elə də uzaqda deyil. Məndən sizə bacı-qardaş tövsiyyəsi: heç vaxt, heç bir halda YOL POLİSİNƏ güvənməyin. Çünki Tanrı sizləri onlar üçün yem göndərib.

İnəklərin adından yazdı: HÜSAMƏ bin SƏRXAN (Hüsaməddin Əhmədov)

Cəlilabad rayonu, Qarazəncir kəndi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam