Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"İnzibati yolla dərman preparatlarının qiymətlərini tənzimləməyə çalışırlar"

 

Ölkə başcısının dərman preparatlarının satışının tənzimlənməsi ilə bağlı verdiyi tapşırığın ardından Səhiyyə Nazirliyinin də iştiarkı ilə Tarif Şurası iyulun 30-da “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə” qərar qəbul edib.
"Xeberinfo.com":   Məlumata görə, bu qərara əsasən 250-dən artıq ən vacib dərman vasitəsinin qiyməti tənzimlənib. Qərarın məqsədi əhalinin dərman almağa çəkdiyi xərclərinin azaldılması, eyni dərman preparatlarının ölkənin bütün apteklərində vahid qiymətə satılmasıdır. 
Artıq bir neçə gündür ki, Tarif Şurasını yayımladığı yeni qiymət cədvəli mediada müzakirə olunur. Bəzi ekspertlər bunu müsbət qiymətləndirsələr də, azad bazar iqtisadiyyatı şəraitində inzibati yolla qiymət tənzimlənməsinin mənfi nəticələrə gətirib çıxaracağını iddia edənlər də var. 
Azərbaycanda dərman idxalının monopoliyada olması və bir neçə şəxs tərəfindən idarə edilməsi, habelə dərman vasitələri üzərinə qoyulan gömrük və vergi rüsumlarının yüksək olması bu sahədə qiymət tənzimlənməsinin tətbiqinin qarşısında duran əsas əngəllərdir. Bu səbəbdən bəzi ekspertlər dərman preparatlarının qiymətlərinin tənzimlənməsi prosesində baş verəcək problemlərdən narahatlıqlarını ifadə ediblər.
İqtisadçı ekspert Natiq Cəfərli musavat.com-a açıqlamasında bildirib ki, Tarif Şurasının bu qərarı bazara daha ucuz və keyfiyyətsiz dərmanların ayaq açmasına, bahalı dərmanlarla bağlı “qara bazar”ın yaranmasına belə, gətirib çıxara bilər: “Dərman sahəsi çox həssas sahə olduğundan bu sahədə atılan addımlarda hərtərəfli hesablamalar aparılmalıdır ki, verilən qərarlar nələrə gətirib çıxara bilər. Çox təəssüf ki, yenə də inzibati yolla dərman preparatlarının qiymətlərini tənzimləməyə çalışırlar. Başqa heç bir alternativ fikir səsləndirilmir, müzakirələr aparılmır. Əslində dərman preparatlarının qiymətlərinin tənzimlənməsi təcrübəsi var. Lakin bunun son addım olaraq gündəmə gəlməsi lazım idi. İlkin olaraq illərdir ki, haqqında söhbət gedən tibbi sığortanın işlək vəziyyətə gətirilməsi lazım idi. Məhz icbari tibbi sığortanın tətbiqindən sonra həm həkimlərin bu məsələyə münasibəti dəyişəcəkdi, həm də sığortanın verdiyi imkanlardan istifadə edərək vətəndaşlar apteklərdən də rahat şəkildə dərmanları əldə edə biləcəkdilər. Necə ki, bu, Türkiyədə baş verdi. 2000-ci illərin əvvəllərində bizdəki vəziyyətə bənzər bir vəziyyət Türkiyədə də var idi. Orada böyük bir islahat sistemi - həm icbari sığorta, həm yaşıl kart sistemi tətbiq olundu. Bundan sonra isə dərmanların qiymətinin bir hissəsinin sığortadan ödənilməsinə keçildi. 
Bizdə isə birbaşa sonuncu addım olan dərmanların qiymətinin tənzimlənməsi məsələsi gündəmə gəldi. Bu da inzibati yolla bazara müdaxilələrə gətirib, çıxara bilər. Bunun çox böyük fəsadları ola bilər. Əgər hökumət dərman qiymətlərini müəyyən molekullar üzrə müəyyən edibsə, sahibkarlar eyni molekullar üzrə daha ucuz və keyfiyyətsiz, məsələn Avropa istehsalı yerinə, Hindistan istehsalı olan dərmanlar gətirəcəklər. Bununla da keyfiyyətsiz dərmanlar bazara ayaq açmağa başlayacaq. Bazarda daha çox ikinci dərəcəli ölkələrdən gətirilən dərmanlar dövr edəcək, nəinki Türkiyə və ya Avropa istehsalı olan dərmanlar... Bu isə gələcəkdə daha böyük fəsadlara yol aça bilər. Çünki, həmin keyfiyyətsiz dərmanlar insanların xəstəliyini sağaltmamaqla yanaşı, daha böyük ziyanlar vura bilər. Bundan başqa, insanlar həmin dərmanların keyfiyyətsizliyini görüb, daha keyfiyyətli dərman axtarışına çıxa və dərmanları ayrı-ayrı şəxslərdən almağa üstünlük verə bilərlər. Bu isə öz növbəsində dərman satışına nəzarətin itirilməsi ilə nəticələnəcək. Çünki, əgər hökumətin təqdim etdiyi molekullar siyahısında həmin molekulun harada istehsal olunmasından asılı olmayaraq, ucuz olması əsas götürüləcəksə, həmin dərmanların Avropada istehsal olunan analoqu Azərbaycanda müəyyən olunan qiymətə satıla bilməyəcək”. 
İqtisadçı ekspertin sözlərinə görə, bu kimi hallar “qara bazar”ı aktivləşdirəcək, insanlar çamadanlarda Avropa istehsalı olan preparatların ölkəyə gətirilməsinə və satışına cəhd edə bilərlər: “Bu qərar hərtərəfli düşünülərək tətbiq edilməzsə, nəzarətsizliyi artıracaq. Hökumətin bu addımı əks effekt doğura bilər. Biznesə bu dərəcədə müdaxilə yersizdir. Əgər hökumət qiyməti salmağa çalışırsa, ilk növbədə icbari sığortanın tətbiqinə başlamalı, ikinci addım kimi dərman preparatlarına qoyulan gömrük rüsumları ləğv edilməli idi ki, sahibkarlar daha az xərclə ölkəyə dərman gətirə bilsinlər. Hökumət bu addımların heç birini atmaq istəmir, nə vergi, nə gömrük güzəştləri tətbiq etmir, əvəzində isə inzibati yolla qiymətləri tənzimləməyə çalışır. Bu prosesin isə gələcəkdə fəsadları ola bilər”. 
Tarif  Şurasının müəyyənləşdirdiyi yeni qiymətlərin nə zamandan tətbiq olunacağına gəlincə, bu barədə səhiyyə nazirinin müavini Elsevər Ağayev mətbuata açıqlama verib. 
Nazir müavini bildirib ki, yeni satış qiymətləri sentyabr ayının 15-dən qüvvəyə minəcək: “Çünki, hazırlıq işlərinin, o cümlədən, əczacılıq subyektləri tərəfindən dərman qutularının üzərində yeni qiymətlərin qeyd olunması, dərman qalıqlarının yenidən qiymətləndirilməsi, istehsalçılarla hesablaşmaların aparılması və digər hazırlıq işləri müəyyən zaman tələb edir. 
Qərar qüvvəyə mindikdən sonra tənzimlənən siyahıya daxil olan dərman vasitələrinin 20%-nin qiyməti 3 dəfədən çox, 40%-dən çoxunun qiyməti isə 2 dəfədən çox aşağı salınacaq. Ümumilikdə isə tənzimlənən dərman vasitələrinin 90%-nin qiyməti düşəcək. Beləliklə, Azərbaycanda aptek şəbəkəsinin fəaliyyəti artıq tamamilə yeni müstəviyə keçir ki, bu da əczacılıq müəssisələrinin dərmanların qiyməti ilə deyil, xidmət keyfiyyəti ilə rəqabət aparmalarına şərait yaradacaq.
Eyni zamanda Tarif Şurasının qərarı ilə dərman preparatlarının qiymətinin tənzimlənərək aşağı salınması dövlət müəssisələri tərəfindən bu preparatların alınmasına çəkilən xərclərin optimallaşdırılmasına, əldə edilən qənaət hesabına güzəştli kateqoriyadan olan və stasionarda müalicə alan əhaliyə pulsuz verilən dərmanların çeşidinin artımına şərait yaradacaq. Bu isə, öz növbəsində, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasına, həmçinin tibb müəssisələrinin aparıcı farmakoloji şirkətlərin istehsal etdiyi daha müasir dərman vasitələri ilə təchiz olunmasına müsbət təsir edəcək”.
Dərmanların keyfiyyətinə nəzarətin gücləndirilməsinə gəlincə, E.Ağayev bildirib ki, bunun üçün Səhiyyə Nazirliyində “Dərman vasitələri ilə təchizatın yaxşılaşdırılması və əczaçılıq fəaliyyəti sahəsində nəzarətin gücləndirilməsi üzrə Tədbirlər Planı” təsdiq edilib: “Bura Tarif Şurası ilə sıx əməkdaşlığın davam etdirilməsi, apteklərə daxil olan həkim reseptlərinə nəzarətin təmin edilməsi, standart formaya uyğun olmayan reseptlər üzrə dərmanların satışının qadağan edilməsi, ən vacib dərman preparatlarının və tibbi ləvazimatların siyahısına yenidən baxılması və çeşidinin genişləndirilməsi barədə təkliflərin qısa zaman ərzində hazırlanması daxildir. 
Eyni zamanda, tədbirlər planında dərman vasitələrinin keyfiyyəti və təminatı sahəsində olan müraciətlərin qəbulu üçün Elektron səhiyyə, “qaynar xətt” və digər vasitələrlə gələn müraciətlərin dərhal təhlil olunaraq müvafiq tədbirlərin həyata keçirilməsi və sair tədbirlər nəzərdə tutulub”. 
Nazir müavini onu da bildirib ki, gələn ilin mart ayına kimi bütün dərmanların qiymətləri üçün vahid hədd müəyyən ediləcək: “İlkin mərhələdə bu siyahıya əhali arasında ən çox rast gəlinən xəstəliklərin müalicəsi üçün dərman preparatları daxil edilib. İlin sonuna qədər Tarif Şurası tərəfindən Səhiyyə Nazirliyində qeydiyyatdan keçən dərman preparatlarının böyük əksəriyyətinin, gələn ilin mart ayına kimi isə bütün preparatların qiymətlərinin tənzimlənməsi tamamlanacaq”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam