Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Koronovirus vəziyyətinə görə Azərbaycana necə qayıdacağam?-6 suala cavabda

 

 Yenixeber.org: Bütün dünyada yayılan koronavirus infeksiyası insanları planlarını dəyişərək ölkələrinə qayıtmağa məcbur edib. Xaricdə təhsil alan, müvəqqəti yaşayan, turistik və digər məqsədlərlə səfərdə olan azərbaycanlıların bir çoxu da Azərbaycana qayıtmağa çalışır.

Bir çox ölkələrin quru və hava sərhədlərini bağladığı və təyyarə uçuşlarını dayandırdığı bir vaxtda insanlarda əsasən "ölkəmə necə qayıdacağam" və "əlavə xərclərimi kim ödəyəcək" sualları yaranır.

Ölkəyə qayıtmaqla bağlı suallara cavab axtarmışıq.

1. Azərbaycana qayıtmaq üçün nə etməliyəm?

Azərbaycana qayıtmaq istəyən vətəndaşlar ilk növbədə Azərbaycanın o ölkədəki səfirliyi və ya konsulluğu ilə əlaqə saxlamalı, Azərbaycana qayıtmaq istəyini və özləri barədə məlumat bildirməlidir.

Həmin ölkədə səfirlik və ya konsulluq yoxdursa, Nazirlər Kabineti yanında operativ qərargahın qaynar xəttinə zəng edə bilərlər.

Azərbaycanın Türkiyə, Gürcüstan, İtaliya, Fransa, ABŞ, Macarıstan, Polşa, Almaniya, İndoneziya və bir neçə digər ölkələrdəki səfirlikləri bu ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarına müraciət edərək koronavirus və səhayətlə bağlı bütün suallara operativ cavab veriləcəyini bildirib.

Azərbaycanın ABŞ-dakı və İndoneziyadakı səfirliyi bu ölkədəki konsulluq şöbəsinin fəaliyyətinin məhdudlaşdırıldığını açıqlayıb.

2. Azərbaycana necə qayıdacağam?

Bir çox ölkələrdə müntəzəm təyyarə uçuşları dayandırıldığı, sərhədlər isə bağlı olduğu üçün Azərbaycan hökuməti vətəndaşlarının ölkəyə gətirilməsi üçün xüsusi çarter reysləri təşkil etdiyini deyib.

Vətəndaşların Azərbaycanın xaricdəki səfirlik və konsulluqlarına etdikləri müraciətlər əsasında sərnişin sayı və digər məlumatlar öyrənilir, buna uyğun təxliyə planı hazırlanır. Təxliyə tarixi barədə sizə müraciət etdiyiniz səfirlik və ya konsulluq tərəfindən məlumat veriləcək.

Təxliyə prosesi ilk növbədə azərbaycanlıların sıx olduğu ərazilərdən başlayıb. Digər ərazilərdən də azərbaycanlıların təxliyə ediləcəyi deyilir.

3. Təxliyə məntəqəsi mənim yerləşdiyim şəhərdən uzaqdadır. Oraya necə getməliyəm?

Azərbaycanın bəzi xarici ölkələrdəki nümayəndəlikləri bu ölkədə təxliyə üçün müraciət etmiş Azərbaycan vətəndaşlarının müəyyən şəhərlərə toplaşaraq oradan təxliyəsini təşkil edir.

Xarici İşlər Nazirliyi bildirir ki, bu kimi hallarda Azərbaycanın nümayəndəlikləri vətəndaşların transferi, otel təminatı və sairə məsələlərə "mümkün qədər kömək etməyə çalışır".

4. İlk öncə kimlər təxliyə ediləcək?

Nazirlər Kabineti yanında operativ qərargah bildirib ki, Azərbaycana qayıtmaq istəyən vətəndaşlar arasında xaricdə müvəqqəti və ya qısa müddətli əsasda olanlara, xarici ölkə ərazisindən tranzit məqsədləri üçün istifadə edənlərə, Azərbaycan Hava Yolları ilə qarşıdan gələn günlər üzrə geri qayıtma bileti olanlara, yaşlılara, azyaşlı uşağı olan və ya xəstəlik durumu olanlara üstünlük verilir.

Daha sonra isə, bu "həssas kateqoriyaya" düşməyən vətəndaşlar təxliyə olunur.

Bazar ertəsi günü İstanbuldan Azərbaycana təxliyə edilən Aytən Məmmədova deyir ki, müşayiət etdiyi şəxsin sağlamlıq vəziyyəti yaxşı olmadığı üçün onları "həssas kateqoriyaya" əlavə edərək daha tez yola salıblar. Bu zaman onlardan "xəstəliyi sübut edən sənəd" istənilib.

O, "həssas kateqoriyaya" düşməyən vətəndaşların gözləmə müddətində Azərbaycanın Türkiyədəki nümayəndəlikləri tərəfindən otel və qida ilə təmin oldunduğunu söyləyib.

5. Əlavə xərclərimi kim ödəyəcək?

Azərbaycan hökuməti ölkəyə qayıtmaq üçün müraciət edən vətəndaşları çarter reysləri vasitəsilə pulsuz təxliyə edir.

Xarici İşlər Nazirliyi qeyd edir ki, təxliyə məntəqələri yaxın ərazilərdə təşkil olunduğu üçün vətəndaşlar "həmin ərazilərə gəlməyə çalışmalıdırlar".

Bəzi hallarda təxliyə məntəqəsinə çatmaq üçün şəhərlərarası tranzitin Azərbaycan nümayəndəliyi tərəfindən təşkil edildiyi bildirilsə də, bu mümkün olmadığı halda yarana biləcək əlavə xərclərin kim tərəfindən ödəniləcəyi barədə suala cavab səslənmir.

Azərbaycan Hava Yolları QSC, "Buta Airways" və bir çox xarici aviaşirkətlər istifadə edilməmiş biletlərin cəriməsiz qaytarılmasını, tarixinin və ya istiqamətinin dəyişdirilməsini təklif edir.

6. Azərbaycana qayıdandan sonra karantinə yerləşdiriləcəyəmmi?

Bu suala dəqiq cavab yoxdur. Hər şey sizin hansı ölkədən qayıtmağınızdan, orada koronavirusun yayılma səviyyəsindən və sizin sağlamlıq vəziyyətinizdən asılıdır.

Bununla yanaşı, martın 17-də Nazirlər Kabinetində koronavirus epidemiyası ilə bağlı vəziyyət və vətəndaşların təxliyəsi məsələlərinin müzakirə edildiyi iclasda Baş nazir Əli Əsədov deyib ki, İtaliya, Türkiyə, Macarıstan və bura yaxın ölkələrdən Azərbaycana qayıdan vətəndaşlar mütləq qaydada karantinə yerləşdiriləcək.

Azərbaycana digər ölkələrdən qayıdan şəxslərin müayinədən keçiriləcəyi, zərurət yarandığı halda, 14-28 günlük karantin rejiminə yerləşdiriləcəkləri bildirilir.

Azərbaycanın Macarıstandakı Səfirliyi bildirib ki, Azərbaycan vətəndaşlarının təxliyə olunması ilə əlaqədar martın 18-də Budapeşt-Bakı birbaşa çarter reysinin təşkil olunması planlaşdırılır.

İstanbul-Bakı və Roma-Bakı çarter reysləri ilə çərşənbə günü 391 Azərbaycan vətəndaşı ölkəyə gətirilib, "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) bildiriblər.

"Martın 18-nə keçən gecə Azərbaycan vətəndaşlarının qaytarılması üçün daha iki çarter reysi yerinə yetirilib. AZAL aviaşirkəti İstanbul-Bakı reysi ilə 230 nəfər, Roma-Bakı reysi ilə 161 nəfər sərnişini vətənə gətirib", qurumdan bildiriblər.

AZAL-dan həmçinin "indiyədək Türkiyədən dörd çarter reysi ilə 868 nəfər Azərbaycan vətəndaşının ölkəyə gətirildiyi" də bildirilib.

Martın 15-də isə 242 nəfər Azərbaycan vətəndaşı İstanbul hava limanından çarter reysi ilə Bakıya yola salınıb.

AZAL Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması üçün çarter reyslərini həyata keçirməyə davam edəcəyini açıqlasa da, qurum Facebook rəsmi hesabında "digər ölkələrdən Azərbaycana çarter reyslərinin təşkil olunub-olunmayacağı" ilə bağlı vətəndaşların suallarına "reyslər hökümətin sifarişi əsasında yerinə yetirilir" cavabını verib.

Azərbaycan yük daşımaları istisna olmaqla İran, Türkiyə, Gürcüstan və Rusiya sərhədlərini bağlayıb.

Bakıdan dünyanın 20-yə yaxın şəhərinə uçuşların dayandırıldığı açıqlanıb.

Azərbaycanda koronavirusa ilk yoluxma halı fevralın 28-də qeydə alınıb.

Rəsmi qurumlara əsasən, indiyədək Azərbaycanda 27 nəfərdə koronavirus aşkarlanıb, bir nəfər ölüb, 11 nəfər sağalıb.(BBC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam