Redaktor seçimi
MAFİOZ, XEYRİYYƏÇİ, YOXSA SİYASİ OYUNBAZ?! –
Samir Şərifovun Zərdabdakı kadrına ittiham-
“Canavar imkanı”-
“Qatil klinika” adı qazanan “Modern Hospital”:
NEFTİN QİYMƏTİNƏ YALNIZ 3 NƏFƏR NƏZARƏT EDİR! –
Yanğın... Mesaj... Sual...-
RUSİYA DOLLARIN BUXOVUNDA! –
Günün xəbəri

BİR OCAĞIN ƏTRAFINA TOPLAŞANLAR

 Yenixeber.org: Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sayca üçüncü almanaxı da işıq üzü gördü. Almanax nədir və ilk dəfə nə vaxt nəşr olunub? Bir, iki kəlmə bu haqda: Almanax- on dördüncü, on beşinci əsrlərdə astronomik hesablamaları əhatə edən təqvim cədvəllərinə verilən ad. Sonralar hər il nəşr edilməyə başlayan bu cədvəllərə şeirlər, zarafat ruhunda yazılar və s. əlavə olunur. Daha sonrakı dövürlərdə yazıçıların əsərlərindən ibarət müxtəlif bədii və elmi əsərləri əhatə edən məcmuələrə almanax adı verilmişdir. Almanax ərəb sözü "əlmənah"dan götürülüb ki, bu da qeyri- dövrü məcmiə deməkdir.

"Bir ocağın şöləsiyik" adlı almanaxda yaşından və hər hansı sənətin sahibi olmağından asılı olmayaraq 38 nəfərin şeir və nəsr əsərləri yer alıb.

Məlumdur ki, hər bir yazılan bədii əsər- istər şeir olsun, istərsə də nəsr müəlliflərin gərgin yaradıcılıq axtarışlarının, güclü istedadın nəticəsində meydana gəlir. Bunun necə çətinliklə başa gəldiyini düşünən hərkəs gərək müəllifin zəhmətinə düzgün və qərəzsiz qiymət verə, müəllifin fikirini, düşüncəsini, məram və məqsədini anlaya.

Yazıçılar Birliyinin Mingəçevir bölməsi 2014- cü ildə "Aranın söz sovqatı", 2016- cı ildə "Uzaqdan gələn səs" və nəhayət bu il "Bir ocağın şöləsiyik"adlı almanaxlarını buraxıb. Almanaxı buraxmaqda məqsəd bəzi şəhər və kəndlərdə yaşayan söz adamlarının yaradıcılığını geniş oxucu kütləsinə çatdırmaqdır. Müxtəlif ədəbi janırlarda yazılan yazılarda Vətənə, elə- obaya böyük sevgi, torpaq, yurd ağrısı, ana vətənimizin əsrangiz təbiəti, əzəli və əbədi məhəbbətin, sevginin tərənnümü, bu günün ağrı, acılarından və s. bəhz edən mövzularda poeziya və nəsir nümunələri verilmişdir.

Kitab bölmənin sədri dəyərli insan, fədəkar naşir, gözəl şair İsmayıl İmanzadənin "Atalar üçdən deyib..."adlı (özünün dediyi kimi )maraqlı ön söz əvəzi yazısıyla açılır. Müəllif göstərir ki, əyalətdə yaşayan söz adamları mərkəzdəkilərdən tamam fərqli bir ömür yaşayırlar. Bu ömrü onlar heç vaxt kirlənməyə qoymurlar, dedi- qodulardan, paxıllıqdan uzaq saxlayırlar. Onlarda mənəm- mənəmlik hissi də yoxdur. Dırnaqlarından saçlarının ucuna kimi safdılar, təmizdilər, kinsizdilər. Bütün bunlara baxmayaraq, onların bir haqqı da var ki, layiq olduqları dəyəri, qiyməti alsınlar. Bu da olmayanda ümid get- gedə öləziyir və sönür.

Əziz dostum İsmayıl müəllim kitaba "Atalar üçdən deyib..."ön söz əvəzini elə- belə yazmayıb. Burda xırda padşahlardan, onların atlarını köndələn çapmalarından, qayda- qanunları saymamasından, sözə və söz adamına laqeyid yanaşmasından, ağız büzməsindən bolluca kiley var. ismayıl müəllimin yazdıqları ilə razılaşmamaq olmaz. Çünki o həqiqəti yazır. Həqiqətin də üzünə dik baxmaq hər adamın işi deyil. Həqiqətsə odur ki, bölgələrdə yaşayan söz adamlarına dəstək verənlər, gömək əli uzadanlar çox azdır. Onların uğurlu əsərləri də mərkəzi mətbuatın səhifələrində ara-sıra görünür, televiziya kanallarında keçdikləri yaradıcılıq yolları, yubleyləri işıqlandırılmır. Bu da haqlı olaraq əyalətdəkiləri mərkəzdən incik salır.

Kitabın "Poeziya" bölməsi İsmayıl İmanzadənin yaradıcılığı ilə açılır. "Peyğəmbər əfəndimiz"in böyüklüyünü böyük ilhamla nəzmə çəkən şair onun mərhəmətindən də pay umur. Və bu pay ulu Peyğımbərimiz tərəfindən Aprel döyüşlərində nəyinki İsmayıl İmanzadəyə, hətta bütün Azərbaycana verilir. Uzun illər erməni işğalında olan torpaqlarımızın bir hissəsi şanlı,igid, cəzur, qəhraman ordumuz tərəfindən azad olunur. Torpaq sevinir, cana gəlir, darıxdığı, qəribsədiyi əzəli və əbədi sakinlərinə qucaq açır, onları bağrına basıb isidir. Şair "Salam, Cocuq Mərcanlım" şerini belə bir kövrək misralarla başlayır:

Salam, yuvam- beşiyim,

Doğma evim- eşiyim

Cocuq Mərcanlı kəndim.

deyərək onu "Zəfər ünvanlı kəndim", "Dalğalanan bayrağım" adlandırır. Azad olmuş kənddə yenə gur ocaqlar yanır, insan səsi. insan nəfəsi doğma torpağı sevindirir. Şeirin sonunda müəllif kəndin qayıdışını mübarəkləyir. Və oxucuda böyük inam hissi yaranır ki, hələ bundan sonra nə qədər torpaqların qayıdışını mübarəkləyəcəyik.

Vaxtı, zamanı dərd içində keçən şair düşmənə qarğış edir, hədə gəlir, Amma düşmən nə bu qarğışdan qorxur, nə də hədədən. Çünki düşmənin arxası böyük, havadarları çoxdur. Dünya haqqı tanımır. Tanısaydı haqq yolunda,ədalət yolunda ölməyə nə vardı ki! Çox təəssüf ki, haqq yolu haqqı tanımayanlar tərəfindən kəsilib." Qoymurlar gedəm- Haqqın ətəyindən tutub ölməyə",- deyən şair buna görə dünyanı qınayır.

İsmayıl İmanzadənin "Bəsimdir", "Gedirsən", "Ürəyim açıq qapıdır", "Öldürür", "Dedilər" kimi şeirlərində də fikir yükü özünü göstərməkdədir. "Bəstə boylu şeirlər"bən birini bütöv verim ki,bunun həqiqət olduğunu siz oxucular da biləsiniz.

Deyirlər ki,adamın-

adamı olsa yaxşıdır.

Qoy kim nə deyir desin,

ancaq bunun əvəzinə

Hər kəsin başının üstə

göy çətiri-

Allaha yaxın

damı olsa yaxşıdır...

Qısa və lakonik.

Dədə Şəmşir yadigarı şair Qənbər Şəmşiroğlunun da şeirləri almanaxda yer almışdır. Onun "Xalam qızı", "Dağların", "Çiçəklər", "Əldən gedər", "Bənövşə", "Dağlardan ayrı" və s. şeirləri də əsil poeziya nümunələridir. Şairin "Bənövşə" şeri daha təsirlidir. Şair canı qədər sevdiyi Kəlbəcərini, onun başı buludlara dəyən dağlarını, vahiməli dərələrini, diş göynədən durna gözlü bulaqlarını erməni əsrliyində qoyub gəlib. O, bu itkilərə dözə bilmir, nalə çəkib ağlamaq istəyir. Amma kol dibini özünə vətən edən, ordan ayrılmayan bənövşədən utanır, abır eləyir. Ona görə də üzünü bənövşəyə tutub deyir:

Yaman ağlamağım gəlib,

Qulağını tut bənövşə-

Qulağını tut bənövşə.

Başqa bir şeirində dağlardan ayrı düşən şairin ilhamı heç cür köklənmir. Torpaq şumlamayan xış kimi pas atıb. Ürəyi deyəni İlhamı yaza bilmir. Çıxış yolu kimi Murova üz tutub elə bir ah çəkir ki, ahı göyün

yeddinci qatında fələyə çatır. Dağlarsız sinəsinə dağ çəkilən şair görün bu ağrını, acını poeziyanın diliylə necə deyir:

Dağların başıydı yurdum, yuvam da,

Yetmir cəsarətim niskil qovam da.

Həsrət pəncəsində elim, obam da,

Qurumaz bir yaşam dağlardan ayrı.

Şair Sabir Abdinin şeirlərində Vətən dərdi, Vətən acısı misraların içindən haray çəkir, Haqqı, ədaləti çoxdan unudan dünyanı haqqa, ədalətə çağrır, həqiqəti, doğrunu görməyə səsləyir. Görəsən nə vaxtsa dünya bu haqq səsi eşidəcəkmi?!

"Uzaqdan gələn səs" almanaxında da şair Ramiz İsmayılın şeirirləri verilmişdi. "Bir ocağın şöləsiyik" - də də onun şeirləri yer alıb. Ramiz sözə, şeirə dəyər verən, onu uca tutan şairlərdəndir. Onun bütün şeirlərində söz müqəddəsdir, uludur. Şair "Şeir könül mülkü, eşq dünyasıdır", "Şeir haqq vergisi, haqq duasıdır" deyir. Və şair şeiri, şairi sayıb dəyərləndirən insanları alqışlayır. Ramizin yurd-yuva, sevgi- məhəbbət haqqında da yazdığı şeirlər uğurludur, oxunaqlıdır.

İki yüz ildən çoxdur ki, biz əbədi və əzəli torpaqlarımızdan zaman- zaman perik düşürük. Daha doğrusu bizi zorən perik salırlar. Biz də ürəyimizcə olmayan coğrafi məkanlarda məskunlaşırıq. Dişimizlə, dırnağımızla, böyük zəhmət bahasına qurduğumuz ocağımız da qalır yeri, mənşəyi məlum olmayan yad ellilərə.

Məmməd Mərzili əslən Ağdamlıdır. Amma Mingəçevirdə məskunlaşıb. Haqqın haqq olduğunu yarandığı gündən unudan dünyanın aparıcı dövlətlərinin köməyi, dəstəyi ilə evimizin yuxarı başında oturtduğumuz nankor ermənilər onu isti ocağından perik salıblar. Bu çox ağır və üzücü dərdir. Çəkmək də asan deyil. Çəkə bilmədiyi dərd şairi göynədir, sızım- sızım sızladır, diri- diri öldürür. Qarabağda açan çiçəyə, gülə tamarzı olan şair bəlkə də gündə yüz yol yurdsuzluqdan ölüb, dirilir. Və özünü öyə bilmir. Axı onun üstündə qəriblik damğası var. Onun gücü sözə çatır. Haray çəkir, üsyan edir, yerə- göyə sığışmır, çiynindəki dərd yükünü atıb qurtulmaq istəyir, doğma vətənində qərib olmaq, yurdsuz qalmaq ona ar gəlir. Bütün bu fikirlər şairin "Qəribəm" şeirində ustalıqla verilib.

Şairin "Halalıq" şeirində saflıq, düzlük, halalıq, mərhəmətlik yüksək poetik dillə təsvir olunur. Məmməd nikbindir. İnanır ki, zalım, mərhəmətsiz adamlar Tanrı qəzəbindən heç vaxt qurtara bilməyəcəklər.

Tarixən sevgi, məhəbbər hər bir ədəbiyyatda aparıcı mövzulardan olub. Bu şərq ədəbiyyatında daha çox özünü göstərir. Əlinə qələm alıb şeir yazan Azərbaycanlının əksəriyyətinin ilk şeiri ya istədiyi qıza, yada sevgiyə, məhəbbətə həsr olunub. Amma almanaxda onlarla şeiri yer alan mərhum şair Böyükkişi Təmkinin "Gözəl"şeiri aşiqə qismət olmayan bir gözələ həsr olunmuşdur.

Kitabda Əbülfət Həsənoğlunun, Fəxrəddin Əzizin, Kəmalə Əyyubqızının, Qüdrət Məmmədovun, Məhərrəm Şəmkirlinin, Məhyəddin Məhərrəmoğlunun, Namiq Zamanın, Ruslan Ələkbərlinin, Rəna Əliyevanın və başqalarının müxtəlif mövzularda yazdıqları şeirlərdə yeni söz, yeni fikir var.

Uzun illər özünü tadığım, dost, yoldaş olduğum, yaradıcılığını daima izlədiyim, uğurlarına biganə qalmayıb, sevindiyim Vahid Xəyalinin keçən almanaxlarda olduğu kimi bu almanaxda da onlarla şeiri və bir neçə qısa təmsili verilmişdir. Əsgər kimi keşikdə yan- yana dayanan "Misgər", "Topqaya", başı aya

toxunan "Qılınclı" dağları şairin qürur, güvənc yeridir. Bu dağların qoynunda bitən gül- çiçəyi, yamacında səkən kəkliyi ruhun qidasıdır.

"Qaldı" şeirində Vahidi naşı ovçunun qartalı zirvədən hürkütməsi, zirvələrin dumana- çiskinə qalması, yaxşıların "gedər- gəlməzə " üz tutub getməsi, dünyanın naxələfə, yamana qalması çox narahat edir. Bir şey sevindiricidir ki, bu narahatçılığın sonunda bir həqiqət var. Ona görə də şair deyir:

Mərd adamlar uyan deyil fitnəyə,

Dar gündə namərdə tapılmaz yiyə.

Vahid Xəyali uzun illərdir ki, Rusiyanın uzaq Tümen şəhərində yaşayır. Yaşayır deyəndə bir az yekə çıxır. Əslində o, səyyar bir ömür yaşayır. İlin 5-6 ayını ailəsinin yanında, qalanını isə Tümendə ailəsinə bir qarın çörək qazanır. Bu ömür onu üzür, haldan salır. Bundan qaçıb uzaqlaşa da bilmir. Ona görə ki, başqa yolu yoxdur. Amma doğma ruhlar onun başının üstündədir. Onu səsləyirlər, qayıt deyirlər. Bu yerdə şair özünə sual verir: "Bəlkə vaxtım çatıb deyə- ruhlar səsləyir məni?".

Son illər unudulan, bəlkə də tamam yaddan çıxan bir ədəbi janır var- təmsi janrı. Sovet dönəmində bu janırda ən çox yazan Hikmət Ziya və Mərkəz Quliyev (Qacar) idi. Uzun illərdir ki, Vahid qələmini bu janırda da sınayır. Onda bu pis alınmır. "Toyuğun müdirliyi" adlı dörd misralıq təmsilinə diqqət yetirək:

Bir taxıl anbarına

Müdir oldu çil toyuq.

Bir də gördülər hər yan

Olubdur oyuq- oyuq.

Almanaxda verilmiş başqa bir şairin- Əhməd Süleymanovun da təmsilləri oxunaqlıdır, oxucunu düşündürür.

Kitabın nəsr bölməsində Eyyub Rəşidovun esseləri,Əşrəf Əsgərovun, Mətanət Ulu Şirvanlının, Mirsədi Daşdəmirovun, Svetlana Sultan Məcidin, Səadət Qafarlının, Zahid Qasımlının, Zümrüd Rəhimovanın bir- birindən maraqlı hekayələri verilmişdir.

Kitabın ərsəyə gəlməsində əməyi olan hərkəsə təşəkkürümü bildirir və yazıları nəşir olan bütün şairləri, yazıçıları təbrik edirəm.

Məhərrəm Şəmkirli

AYB və AJB-nin üzvü.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?