Redaktor seçimi
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
TALEH BƏŞİROV “PAT” VƏZİYYƏTİNDƏ: yediyini nə uda, nə də qaytara bilir -
London Məhkəməsi Ülvi Quliyevi də təftiş edir -
Günün xəbəri

HƏCC ZİYARƏTİNDƏN İMTİNA

 

 

 

  

 

 

 

Yaziq o ölkəyə ki, yoxsullarını deyil,varlılarını doyura bilmir!

                                                                                       Ali Bektaşi

 

Yenixeber.org: Həmidağa müəllim çoxdankı arzusuna çatmaqda idi. O, Məkkəyə Həcc ziyarətinə gəlmişdi. Ziyarətin son iki mərhələsi qalırdı: şeytana daş atma və qurban kəsmə. Artıq yeddi dəfə Kəbənin ətrafında dolanmış, Ərəfat çölündə olmuş, Müzdəlifə çölünə köç etmiş, yeddi dəfə Səfa dağından Mərvə dağına və əksinə getmişdi. Ziyarətin növbəti mərhələsində Minada Böyük cəmərəyə – şeytanı simvolizə edən sütunlara yeddi ədəd daş atmalı idi. Həmidağa müəllim əlində tutduğu  noxud böyüklüyündə olan yeddi ədəd daşla sütünlara yaxınlaşdığı zaman sağ böyründə seytanı görüb ayaq saxladı. Şeytan əlüstü onunla söhbətə başladı. Əvvəl ədəb-ərkanla salam verən şeytan dedi:

– Ay Həmidağa  müəllim, özün də ziyalı adamsan, qırx ildir ki, müəllimlik edir, camaatın uşaqlarına dərs keçir, savad verir, ağı qaradan, yaxşını yamandan seçməyi öyrədirsən, heç sənə yaraşdıra bilmədim. Qoşulub rayonunuzun bir dəstə fırıldaqçı, rüşvətxor, qaniçən quldurlarına durub ordan bura gəlmisən, nə var, nə var şeytanın simvolu olan sütunlara daş atacaqsan.

Şeytanın yağlı-yağlı danışmasından bərk qəzəblənən Həmidağa müəllim:  

– Allah sənə lənət eləsin, yenə çirin dilini işə salıb nə qatıb-qarışdırmaq fikrindəsən? Məni yoldan çıxarmaqmı istəyirsən? – dedi və dönüb getmək istəyəndə şeytan yenidən ona xitabən dedi:

– Ay müəllim, tələsmə, ayaq saxla bir-iki kəlmə söhbət edək. Məni anlamağa çalış, nə hər zaman sən buralara gələnsən, nə də mənim Allahın sənin kimi təmiz qəlbli, cismən də, ruhən də Rəbbinə bağlı insanlarla işim olmaz.

Həmidağa müəllim ayaq saxladı və hirsli-hirsli şeytana dedi:

– Ay Allahın lənətinə gəlmiş, məndən nə istəyirsən, sözünü de, yoldaşlarımdam geri qaldığımı görmürsənmi?

Şeytan Həmidağa müəllimin tələsməsinə əhəmiyyət vermədən söhbətinə davam etdi:

– Mənim səmimiyyətimə inan, mən sənin...

Həmidağa müəllim şeytanın sözünü ağzında qoydu:

– Ay Allahın lənətinə gələsən, sən hara səmimiyyət hara? Elə bir gözəl, müqəddəs sözü ağzına alıb mürdarlama – dedi və dönüb yoluna davam etdi.

Həmidağa müəllim bir-iki addın aralanmışdı ki, şeytan onun qarşısına keçdi və dedi:

– Bilirsən nə var? Əsl daş atılası sənin də qoşulub buraya qədər gəldiyin o insanlardır. Elə rayonunuzun məhkəmə sədrindən başlayaq, hər gün nə qədər günaha batır, nə qədər haqlının haqqını haqsıza satır. Nə qədər ailəni başsız, nə qədər körpəni ac-yalavac, gözüyaşlı qoyur. O qurumsağın öz mənafeyi naminə hər cür günaha batmağa hazır olduğunu özün bilmirsənmi? Rayonun mərkəzində tikdirdiyi dörd mərtəbəli imarəti aldığı rüşvətlə ucaltdırmayıbmı? Bakının Tbilisi prospektində, keçmiş 1 saylı taksi parkı ilə üzbəüz tikilmiş yaraşıqlı yaşayış binasının on ikinci və on üçüncü mərtəbələrindəki mənzillərin on ikisi də onunku deyilmi? Bəlkə qızının altındakı iki yüz min dollarlıq xarici minik avtomobilini alın təri ilə qazandığı pulla alıb? Məndə olan məlumata görə, rayondakı on beşdən artıq marketin hamısı məhkəmə sədrinindir. Bunlar hələ mənim bildiklərimin az bir qismidir. Yaxud rayonunuzun prokurorunu götürək. O, daha böyük günah və cinayər sahibidir, dövlətin verdiyi səlahiyyətlərdən hər zanam öz maraqları üçün istifadə etmirmi, rüşvət aldığı pullarla iki yerdə arvad-uşaq saxlamırmı? Rayonun bağ-bağatlı, mənzərəli guşələrində arvadlarının hər birinə biri-birindən yaraşıqlı villa tikdirməyiblmi? Rayondakı mehmanxananı özəlləşdirərək yenidən qurulmasına milyonlarla manat vəsait xərcləməyibmi? Həmin mehmanxanada yay mövsümündə rayonunuza üz tutan turistləri və digər qonaqları günün günorta vaxtı qaz kimi çığırda-çığırda yolub peşman etmirlərmi? Rayonunuzdakı avtomobil təmiri emalatxanalarının hamısı onun deyilmi? Polis rəisinin günahları daha çoxdur. Rayonda baş verən cinayət işlərinin əksərində onun barmağı var. Rəisin xəbəri olmadan narkotik maddələrin satışı ilə kim məşğul ola bilər, hansı oğru ev soymağa cəsarət edər, ticarət mərkəzlərinin və digər obyektlərin qarət edilməsinə girişər? İnsanlar arasında baş verən qanlı davaların baisi əksər hallarda polis olmurmu? Polis daha böyük məbləğdə rüşvət almaq məqsədilə vaxtında profilaktik tədbirlər görməməklə insanlar arasındakı xırda insidentlərin inkişaf edərək qanlı dava-dalaşa, hətta qətllərə qədər böyüməsinə bilərəkdən imkan yaratmırmı? Elə bunun nəticəsi olaraq irili-xırdalı cinayət işlərinin miqdarına görə rayonunuz Azərbaycanın bütün bölgələrini xeyli geridə qoymurmu? Polis rəisinin rayonunuzda və Bakıda gəlir gətirən onlarla digər obyektlərini də sadalayımmı?

Həmidağa müəllim istər-istəməz şeytanı dinləməli, dediklərini analiz etməli və onun sözlərinin hamısının həqiqət olduğunu özlüyündə təsdiqləməli oldu. Şeytan isə hələ də bir ucdan üyüdüb tökürdü:

– Rayon səhiyyə şöbəsinin müdirini yaxşı tanıyırsan. Əhalinin sağlamlığı keşiyində duranlara rəhbərlik etməli olan bu əyrivicdan mərkəzi və dəri-zöhrəvi xəstəxanalarında, doğum evində, dioqnostik mərkəzdə, poliklinikada, sanitar-epidemioloji mərkəzdə, eləcə də özəl klinikada işləyən baş həkimlərin hər birindən külli miqdarda aylıq alır. Baş həkimlər də həkimlərdən, həkimlər isə xəstələrdən və onların sahiblərindən rüşvət qoparırlar. Kimin nə həddi var ki, aylıq verməkdən imtina etsin, atasına od vurmazlarmı? Qonşunuz Qafar müəllimin oğlu Ayaz doktor Amerikada gözəl təhsil almış bacarıqlı ürək cərrahıdır. Rayonunuzda işləyə bilmədi, daha doğrusu işləməyə imkan vermədilər. Çünki Mərkəzi xəstəxananın baş həkimi ondan da aylıq istədi. Baş həkim sağaldılması ucuz – on-on beş manat dəyəri olan bir dərman preparatı ilə mümkün olan xəstəni əməliyyat etməsini və sahiblərindən beş min manat alıb ona verməsini Ayaz doktordan tələb etdi. Baş həkimin bu allahsız tələbinə boyun əymədiyindən pisikdirilən Ayaz doktor rayondan Bakıya, orada da işləməyə imkan verilmədiyindən baş götürüb Almaniyaya getmədimi? Aradan cəmi beş il ötməsinə baxmayaraq, eşitdiyimə görə, Ayaz doktor artıq yalnız Almaniyada deyil, bütün Avropada mahir kardiocərrah olaraq böyük nüfuz qazanıb. Kardiocərrahiyyə üzrə elmlər doktorudur. Hər gün neçə-neçə uğura imza atır. Ayaz doktorun yanına tez-tez Azərbaycandan da xəstələr gedir. Rayonunuzdakı bu qədər qanunsuzluqların, allahsızlıqların, rəzalətin başında rayon icra hakimiyyətinin başçısı Müslümzadə Aydın durmurmu? Rayonunuzda ən böyük rüşvətxor, talançı, korrupsioner elə onun özü deyilmi? Yuxarıda haqqında bəhs etdiyimiz və etmədiyimiz səlahiyyət sahiblərindən topladığı aylığı ata malı kimi tən yarı bölərək yarısnı Prezident Administrasiyasındakı himayədarına ötürmürmü? Rayonunuzdan Milli Məclisə deputat seçilmiş Mirzəquluzadə Qulaməli də buradadır. Həcc ziyarətinə artıq dördüncü gəlişidir. Deputatınızın haqqında qısaca onu demək istəyirəm ki, özü kimi fırıldaqçı, tərbiyəsiz, əxlaqsız yalnız özüdür. Başında bir barmağın ucuna sürtməyə ağıl olmasa da, elmlər doktoru, professor, akademikdir. Görürsənmi, rayonunuzun bütün səlahiyyətliləri böyük günah sahibləridirlər. Onların bais olduqları pisliklər, murdarlıqlar mənim əməllərimdən əsla fərqlənmir. Diqqətlə fikir verəndə onlar məndən də böyük lənətə layiq şeytanlardırlar. Ay müəllim, indi məni başa sal görüm, rayonunuzda bu qədər şeytan ola-ola, külfətin boğazından kəsərək, borca-xərcə düşərək sənin kimi günahsızın Məkkəyə qədər gəlməsinə nə ehtiyac vardı? Əlindəki daşları elə öz rayonunuzdaki şeytanlara ata bilməzdinmi?

Həmidağa müəllim deməyə söz tapmadı, şeytanın sadaladığı həqiqətlər qarşısında susmağa məcbur oldu. Onun susduğunu görən şeytan daha da həvəsə gəldi:

– Həəə, görürəm çavab verməyə söz tapmırsan. Tapmazsan də! Təkrar edirəm, sənin kimi soyuq suyu da üfürüb içənin burada nə işi var axı? Onsuz da ömrün boyu xeyirxah bir işlə məşğul olmuş, halal zəhmətinlə yaşamısan. Müəllim, dünyanın ən müqəddəs peşə sahibidir, ruhu saf, əxlaqı qüsursuz bəndədir, vətəndaşdır – vətən daşıdır. Əlbəttə mən qazan dibi yalayan tərbiyəsizlərdən, yaltaqlıqla, məddahlıqla sürünənlərdən deyil, sənin kimi təmənnasız, xalqının maariflənməsi, vətəninin çiçəklənməsi naminə özünü şam kimi əridən müəllimlərdən bəhs edirəm. Müəllim, nəfsini bir ömür gömə bilən insan, həyatda olmayanda belə öz ziyası ilə vətənini və xalqını nura boyamağa qadir parlaq ziyalıdır. Sən məndən də yaxşı bilirsən, bura gələnlərin böyük əksəriyyəti illərlə etdiyi günahlardan guya təmizlənmək, burada aldığı “hacı” titulu arxasında gizlənərək min oyundan çıxmaq məqsədi güdənlərdir. Haram pulla Həccə gələn dələduzlar anlamırlar ki, onların ziyarəti qəbul oluna bilməz, Allah onların günahlarını bağışlamaz. Onun yaratdığı insanlara zülm edən, onları soyub-talayan, balalarını bir tikə çörəyə möhtac qoyan allahsızları Allah hansı ədalətə söykənərək bağışlasın ki? Elə bu Həccin özündə kök salmış nə qədər nəfsinə uymuş, insanlığını itirmiş günahkarlar var? Onlar da şeytandan heç nə ilə fərqlənmirlər. Hər il Həcc ziyarətinə dünyanın hər yerindən milyonlarla insan axışıb gəlir. Hər il burada toplanan milyardlarla dolları oğurlamaqla məşğul olan bu nadürüstlər insan cildinə bürünmüş şeytanlar deyillərsə, bəs nədirlər?  

Birdən Həmidağa müəllim hiss etdi ki, nəfəs ala bilmir. Əl-qol atmağa çalışdı, lakin mümkün olmadı, yerində çabaladı, çabaladı... və yuxudan oyandı. Bir neçə dəqiqə yatağında hərəkətsiz uzanaraq düşünməyə başladı: “Deməli, mənim bu yaşadıqlarım bir yuxu imiş. Amma şeytanın dediklərinin hamısı həqiqətdir. Mənə deyən gərəkdir ki, sənin Həccdə nə ölümün var. Aldığın əmək haqqı, hətta uşaqlarının yeməyinə çatmır. Hər ay qonşunun marketindən borca ərzaq aldırırsan. Qonşunun nisyə dəftərinə adın başda yazılıb. Xeyli borcun ola-ola yenidən borc alıb Həccə getmək fikrinə düşmüsən. Məscidin axundu Hacı Mirkazımqulunun əmmaməsi boş qalmasın, məni necə də yoldan çıxardı. Zənnimcə, elə o da din pərdəsi altında gizlənmiş fırıldaqçılarla əlbirdir. Həccə göndərilən hər ziyarətcinin ödədiyi puldan yəqin ona da pay çatır. Yoxsa niyə bu qədər canfəşanlıq eləsin ki? Paxılın biridir. Mən onun küyünə niyə getdim axı? O qədər borcu necə qaytaracağam? Şeytanın sözü olmasın, nə pulum var, nə də günahım, özümü nə atmışam ortaya, quldurlara qoşulub hara, niyə gedirəm? Rədd olsun axund da, xalqı, dövləti talayan quldurlar da. Mən heç yerə getmirəm.”

Həmidağa müəllim qəti qərar verərək yataqdan qalxdı. Hələ saat yeddinin yarısı idi. İstirahət günü olduğundan fiziki işlə məşğul olmağa qərar verdi. Həyətə enib ailəsinin əsas dolanışıq yeri olan istixanaya girdi. Pencəyini çıxarıb istixananın dirəklərindən birinə vurulmuş mismardan asdı və beli alıb torpağı belləməyə başladı. Bir saata qədər fasiləsiz çalışaraq istixananın torpağının yarısına qədərini şumladı. Evdən özü ilə gətirdiyi dəsmalla tərini silərək pencəyini çiyninə atdı və istixanadan çıxdı.

Həmidağa müəllim eyvanda həyat yoldaşı Gülüm xanımla qarşılaşdı. Bir-birinə gülümsəyərək “Sabahın xeyir” dedikdən sonra Həmidağa müəllim hamamxanaya, xanımı isə mətbəxə keçdilər.

Yarım saatdan sonra ailə səhər yeməyinə əyləşdi. Səhər yeməyindən sonra Həmidağa müəllim  Həccə getmək fikrindən birdəfəlik daşındığını elan etdi. Şeytanla yuxudakı söhbətini qısa şəkildə ailə üzvlərinə anlatdı. Axırda da bir atalar məsəlini dilə gətirdi: “Dəli şeytanın sözünə gah bax, gah da baxma.”

 

Babək XALİSTÜRK

Yazar-publisist

 

Sentyabr, 2018-ci il,

Kazan.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam