Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

MƏHƏBBƏT QÜRBƏTƏ GEDƏRMİŞ –Hekayə

       

 

 

 

 

Ailə məhəbbətin bitməsindən deyil,

dostluğun olmamasından bitər!

                                                  Nistşe

 

 

Yenixeber.org: Nadirə qızı Aylanı yatırdıqdan sonra qonaq otağına keçdi. Oxuduğu romanın mütaliəsini davam etdirmək düşünsə də, fikrindən vaz keçdi. Pultu götürüb İctimai televiziya kanalına daxil oldu. Bir anda milyonların sevimlisi, təkrarolunmaz səsə malik, gözəl müğənnimiz Flora Kərimovanın şaqraq səsi otağa yayıldı:

 

Eşqimiz elə bu qədərmiş,

Məhəbbət qürbətə gedərmiş?

Bilməzdim, bilməzdim, bilməzdim...

 

Acı xatirələr gənc qadını ağuşuna aldı...

Düz iki il əvvəl Qədirlə ailə qurmuşlar. Qızları Ayla artıq doqquz aylıqdır. Evlənərkən bir-birini dəlicəsinə sevsələr də, indi o qarşılıqlı məhəbbətdən əsər-əlamət qalmayıb. Nadirənin ərinə qarşı münasibəti tamam dəyişib. Son günlər Qədirin laqeydliyi, qeyri-səmimi davranışı Nadirəni əsəbiləşdirməyə, özündən çıxarmağa başlayıb. Nadirə əri ilə ünsiyyətə girmək, ona mehribanlıq, qayğı göstərmək, eləcə də onunla intim yaxınlıq etmək istəmir. Nadirənin ərinə qarşı qadınlıq hissləri büsbütün ölmüşdür.

Elə düşünülməsin ki, Nadirənin həyatında başqa bir kişi var və bu üzdən də onun ərinə qarşı hissləri bu qədər dəyişib. Xeyr! Onların ailə həyatı ilə yaxından tanış olan istənilən normal insan Nadirəyə haqq qazandırar.

...Onları Gülnarə tanış etmişdi. Gülnarə Qədirin kiçik bacısıdır və o zaman 1 saylı Tibb kollücində Nadirə ilə son kürsda oxuyurdular.

Gülnarə öz ad günündə uzun yalvar-yaxardan sonar Nadirəni evlərinə dəvət edərək Qədirlə görüşdürmüş və söhbət edərək isinişmələrinə, aralarında yaxınlıq yaranmasına nail olmuşdu.

Olduqca sakit təbiətli, yüksək ailə tərbiyəsi görmüş, kifayət qədər gözəl, həm də imkanlı iş adamının tək övladı olan Nadirəni Gülnarə əslində qardaşı üçün çoxdan gözaltı eləmişdi. Gülnarə nadirəni görərsə bəyənəcəyinə inanırdı. Həqiqətən də Ucaboy, qarayanız olsa da, yaraşıqlı, davranışını, danışığını bilən Qədiri görən Nadirə ona bir könüldən min konülə vurulmuş və Gülnarəyə onun qardaşı ilə görüşmək razılığını bildirmişdi.

Qədir də Nadirəni çox bəyənmişdi. Onlar bir neçə dəfə görüşüb söhbət etdikdən, bir-birinə bələdləşdikdən sonra bir-birinə ürəklərini açmış və qarşılıqlı sevgilərindən valideynlərini də xəbərdar etmişdilər.

Adət-ənənələrimizə uyğun olaraq iki ailə görüşüb razılaşmış və gənclərin xeyir işini uzatmadan onları tezliklə nişanlamışdılar.

Hətta nişana qədər Nadirəgilə tez-tez qonaq gedən Gülnarə qardaşını o qədər tərifləmişdi ki, Nadirə və valideynləri Qədirin təhsili, işi-gücü, məşğuliyyəti ilə maraqlanmağı belə artıq bilmişdilər.

Üç aya qədər nişanlı qalmışdılar. Nişanlı olduqları zaman Qədir hər bazan günü Nadirə ilə görüşmüş, onu şəhər gəzintisinə, kinoya, teatra, muzeylərə, dənizkənarı parka aparmış, bir neçə dəfə restoranda nahar etmişdilər. Qədirin mehribanlığı, əliaçıqlığı, üzüyolalığı, təkrar-təkrar Nadirəni çox sevdiyini söyləməsi qızı lap arxayın salmışdı.

Qızların kollecdəki təhsili başa çatdıqdan sonra Yasamalda təzəcə istifadəyə verilmiş “İdeal” şadlıq sarayında Qədirlə Nadirənin toyu olmuşdu. Hər iki tərəfin qohum-əqrabələrinin fəal iştirak etdikləri bu toy son dərəcə şən keçmiş, uzun müddət ürəkaçan söhbətlərə mövzu olmuşdu.

Gənclər bal aylarını Parisdə keçirmişdilər. Elə toy gecəsi Zabit müəllim iki gündən sonra Parisə, bal ayına gedəcəklərini söyləyərək təyyarə bilrtlərini gənclərə təqdim etmişdi. Zabit müəllimin bu hədiyyəsi gəncləri çox sevindirmişdi.

Paris səyahətindən döndükdən sonra gənclər olduqca zəngin təəssüratlarını doğmaları ilə bölüşmüşdülər. Parisin füsünkarlığı, möhtəşəm tarixi abidələri, muzeyləri, xüsusən də Eyfel qülləsi haqqında danışarkən hər ikisinin necə həyəcanlandıqlarını görmək özü bir aləm idi. 

Toydan xeyli sonra məlum olmuşdu ki, Qədirin normal bir iş yeri yoxdur. Ali təhsilini də altı-yeddi il əvvəl yarımçıq buraxıb. Bütün günü boş-bekar gəzib-dolanır, bir işin qulpundan yapışaraq evinə qazanc gətirmir. Qədirin işsiz olduğunu öyrənən kimi Nadirə atasına bu haqda məlumat vermiş və xahiş etmişdi ki, tezliklə ərini öz obyektlərindən birində babat maaşı olan bir işə düzəltsin.

Zabit müəllim də vaxt itirmədən kürəkənini bir dostu ilə ortaqlı “Azərsell” mağazalarından birinə nəzarətçi vəzifəsinə təyin etmişdi. Özünə də tapşırmışdı ki, diqqətli ol, mağazanın işlərini səylə öyrən, bir-iki aydan sonra bu obyektin rəhbəri elə sən olacaqsan. Aradan iki ay keçməsinə baxmayaraq, Qədir nəinki heç nə öyrənməmiş, hətta dəfələrlə intizamsızlıq edərək işdən iki-üç saat tez ayrılmış və bir qrup boş-bekar tay-tuşları ilə çayxanalarda, barlarda, tin-dalanlarda vaxt keçirmişdi. “Şef”in kürəkəni olduğu üçün kimsə Qədirin xətrinə dəyə bilməsə də hamı ondan narazı idi.

Qədirin səhlənkarlığı, işə barmaqarası yanaşması üzündən Zabit müəllim öz ortağından tənə yeməli olmuş, axırda da ortağının təkidi ilə Qədiri mağazadan uzaqlaşdırmışdı. Aradan bir ay keçməmiş Qədirin razılığı ilə Zabit müəllim “İnşaatçılar” metrosunun üstündə arendaya geniş bir yer götürərək kürəkəni üçün “İnşaat malları” mağazası açmışdı. Mağazada satılan məhsulların əksəriyyəti ayrı-ayrı firmalardan, topdansatışla məşğul olan təşkilatlardan nisiyə qəbul edilir, realizə olunduqdan sonra pulları ödənilirdi. Firmaların, topdansatış təşkilatlarının rəhbərləri iş aləmində xeyli etibarı olan Zabit müəllimə arxayın olaraq Qədirin mağazasına istənilən qədər məhsul buraxmışdılar.

Səkkiz aydan sonra mağazada aparılan yoxlama nəticəsində məlum olmuşdu ki, Qədir pulları sağa-sola xərcləməklə obyekti düz dörd yüz iyirmi səkkiz min manat borca salıb. Zabit müəllim Qədirə, Qədir isə yerə baxa-baxa qalmışlar. Əlbəttə mağazanın borclarını Zabit müəllim ödəməli olmuşdu və həmin vaxtdan etibarən Qədir ortada yeyib qıraqda gəzirdi.

Qədirin yarıtmazlığı, bədxərcliyi Nadirənin qanını bərk qaraltsa da, gənc qadın özünü ələ alaraq əsəblərini qorumağı bacarmışdı. Hirslənib süddən kəsilərsə, cəmi bir ay əvvəl anadan olmuş Aylanın vəziyyəti necə olardı?

Neçə aydan bəri heç bir yerdə işləməməsi o yana qalsın, Qədirin son vaxtlar qumara qurşanması da bu gənc ailənin gələcəyini böyük zərbə altında qoymuşdu. Zabit müəllimin, eləcə də Qədirin atası Mirtağı kişinin bir neçə dəfə işə qarışmalarına, qumar oynamasının onu fəlakətə sürüklədiyini başa salmalarına baxmayaraq, Qədir qumaqdan əl çəkməmiş, əksinə, qumara alüdəliyi günbəgün möhkəmlənmişdi.

Kürəkəninin vecsiz çıxması, məsuliyyətsizliyi qızının və nəvəsinin gələcəyinin yaxşı olmayacağına dəlalət etdiyindən Zabit müəllim Aylanın beş ayı tamam olan kimi Nadirəni Respublika klinik xəstəxanasında işə düzəltmişdi. Aylaya Nadirənin anası Zəkiyyə xanım baxırdı.

Zəkiyyə xanım evdar qadın idi, lakin körpə uşağa baxmaq onun üçün elə də asan deyildi. Hələ gənc yaşlarında ürəyində problem olduğu aşkar edilmiş və bu səbəbdən də həkimlər ona ikinci usagı doğmağı qəti qadağan etmişdilər. Bundan əlavə, xeyli vaxt idi ki, artıq çəkidən əziyyət çəkirdi. Bütün bunlar az imiş kimi, şəkərli diabetə də tutulmuşdu. Lakin qızının xoşbəxtliyi naminə o da dözür, nəvəsinin sağlam böyüməsi üçün əlindən gələni əsirgəmirdi.

Qədirin boş-bekar dolaşması, üstəlik iyrənc məşğuliyyəti, yəni qumar oynaması gənc qadını haqlı olaraq hər şeydən artıq əsəbiləşdirmiş və aralarındakı uçurum sürətlə dərinləşmişdi.

Bir gün Nadirə neçə aydan bəri bir yerdə işləməyən, evə qazanc gətirməyən ərinin uydurduğu hədyanlardan bezdiyini onun üzünə vuraraq dedi:

– Ay Qədir, sən niyə belə edirsən? Niyə bir yerdə işləyib evə qazanc gətirmirsən? Laqeydliyi, səhlənkarlığı, hər şeyi qulaqardına vurmağı özünə peşə eləmisən. Ayıb deyilmi? Bu vəziyyət nə qədər davam edəcək? Nə vaxta qədər atamın əlinə baxacağıq? Atamı hər dəfə görərkən xəcalət çəkirəm,

Qədir Nadirəni laqeyd-laqeyd süzərək:

– İş oldu, işləmədik? – dedikdə Nadirə Qədirin bu əsassız bəhanəsinə etirazını bildirmişdi:

– İşə nə gəlib, ay Qədir? Sən işləmək istəsən, işdən çox iş var. 

Qədir Nadirənin haqlı iradına cavab vermədən evdən çıxmışdı. Ümumiyyətlə, son zamanlar Qədirin daim ciddi söhbətdən qaçması, evdən gedərək gecədən xeyli keçdikdən sonra, həm də bir qayda olaraq qanı qara qayıtması və gələn kimi yatağa girərək yatması Nadirəni çox məyus edirdi. Ərindən mehribanlıq, nəvaziş, qayğı umurdu. Bütün gənc qadınlar kimi Nadirənin də buna ehtiyacı vardı. Lakin Qədir onun arzu və istəklərini məhv etməkdə idi.

Əri ilə münasibətlərinin belə bir xoşagəlməz məcraya yönəldiyi vaxtda Nadirənin atası Zabit müəllim qəflətən dünyasını dəyişmişdi. Həkimlərin qoyduqları dioqnoza görə, mərhumun ürəyi uzun sürən ciddi əsəb sarsıntısına davam gətirməyərək dayanmışdı. Heç şübhəsiz, Zabit müəllimin ömrünün əlli ikinci baharında dünyadan köçməsində qızının uğursuz ailə həyatı böyük rol oynamışdı.

Atasından sonra Nadirə özünü həyatda kimsəsiz kimi hiss edirdi. Həqiqətən də Zabit müəllim sağlığında öz maddi və mənəvi yardımı ilə qızının ağır həyatını xeyli yüngülləşdirirdi.

Zabit müəllimin vəfatı Qədirin ailəsinə qarşı soyuq münasibətini daha da soyutmuşdu. O, evə qonaq kimi gəlib-gedir, qızını atalıq, Nadirəni ər nəvazişindən məhdum etmişdi. Qumar borcları isə durmadan böyüməkdə idi.

 Şəhərin gözəl yerlərində Nadirənin üç mənzili vardı. Atasından ona miras qalan bu birotaqlı mənzilləri kirayəyə vermişdi. Hər ay kirayənişinlərdən aldığı pulları ərinin qumar borcuna verməkdən cana yığılmışdı. Bundan əlavə, onlar ailə qurarkən analarının bağışladıqları brilliant qaşlı üzüklər, antikvar qızıl bilərzik, boyunbağı və digər zinət əşyalarını da Qədir qumarda uduzmuşdu.

Bütün baş verənlər Nadirəni çarəsizliyə məhkum etmiş, onun xəyallarının puç olmasına, ümidlərinin günbəgün, saatbasaat öləziməsinə səbəb olmuş, həyat gənc qadının gözlərində öz dəyərini itirmişdi. İndi Nadirəni bu həyata bağlayan yalnız qızı Ayla idi. Aylanın gələcəyi üçün duyduğu məsuliyyət onu yaşamağa məcbur edirdi. Qədirin evə nə zaman gəlməsi, eləcə də evdən nə vaxt getməsi onu maraqlandırmırdı. Hətta dünyada Qədir adlı insanın varlığı, yoxluğu onu əsla narahat etmirdi. 

Qədir Nadirədə baş verən soyuqluğu, laqeydliyi dərhal anlasa da, bunun ötəri hal olduğunu düşünərək çox da bənd olmurdu. Hərdən Nadirəyə yaxınlaşmaq cəhdinin, nəvaziş göstərmək istəyinin gənc qadın tərəfindən son dərəcə qətiyyətlə rədd edilməsi də Qədiri ayıltmırdı. Qədir səbirlə arvadının bütün “şıltaqlıqlarına” dözür, onun yenidən dəyişəcəyinə, öz əvvəlki mehriban, qayğıkeş, dərin məhəbbətlə sevən halına dönəcəyinə böyük ümid bəsləyirdi. Lakin Qədir anlaya bilmirdi ki, arzuları, istəkləri, ümidləri məhv edilmək qədər qadını, əsasən də gənc qadını heç nə sarsıda bilməz, 

Qədir və onun kimi duyğusuz insanlar necə anlayaydılar ki, qadının arzularının daşa dəyməsi, imidlərinin boşa çıxması onu ruhən sarsıdaraq elə ayaq üstündəcə məhv edir, qadını həyata bağlayan quruca nəfəsi qalır. Bu isə istənilən qadın üçün dözülməzdir. Həssas qadınlar üçün isə tamam faciədir...

Flora Kərimovanın oxuduğu mahnı başa çatdı, lakin mahnının sözləri Nadirənin beynində təkrarlanmaqda idi. O, dərin düşüncələrə qərq oldu, ildırım sürəti ilə nəyisə beynində götür-qoy etdi. Xeyli düşündükdən sonra əmisinə zəng edərək təcili olaraq Qədirdən boşanmaq qərarını söylədi.

Zabit müəllim dünyasını dəyişdikdən sonra onun böyük qardaşı Baba müəllim Nadirəyə ata əvəzi idi. Nadirə həyatında baş verənlərlə Baba müəllimi vaxtlı-vaxtında xəbərdar edirdi. Baba müəllim Qədirin bütün yaramazlıqlarından xəbərdar idi. Odur ki, Nadirənin Qədirdən boşanmaq istəyinin əleyhinə getməyərək dedi:

– Qızım, sənə boşanma deməyəcəyəm, əminəm ki, Qədirdən sənə ər olmayacaq. Cavan ömrünü elə sərsəri ilə çürütməyə dəyməz. Onsuz da qızın Ayla atasız kimidir. Qardaşımın ölümündə də o rəzilin böyük rolu oldu. Sənin ağlına inanıram, ayrıl, qismət olarsa, normal bir insanla yenidən ailə qurarsan. Qismət olmazsa, Aylana sarılıb yaşayar, qızını böyüdərsən. Nə qədər ki, mən sağam, hesab elə ki, atan Zabit də yaşayır, əlimdən gələn köməkliyi Ayladan da, səndən də əsirgəməyəcəyimə heç bir şübhən olmasın.

– Haqlısan, Baba əmi. Allah sənə sağlam, uzun ömür versin. Allah səni böyüklükdən əskik eləməsin. Prosesi sürətləndirmək üçün vəkil dostun Mirzə əmini də təcili bu işə qat.

Baba müəllim bir qədər kövrəlsə də, tez özünü ələ alaraq dedi:

– Arxayın ol, mənim balam, hər şey həllini lazımı şəkildə tapacaq. Qədir şərəfsizə aman verilməyəcək.

...Qədirin bacardıqca dirənməsi üzündən boşanma prosesi üç ay yarımdan artıq davam etsə də, Nadirə yaxasını ondan birdəfəlik qurtardı. Öz üşini yaxşı bilən vəkil Mirzə Xaldanlı Qədirin bütün iddialarını alt-üst etdi.

Nadirə ilə ayrıldıqdan dərhal sonra Qədir içkiyə və narkotik maddələr qəbuluna da qurşandı. Maddi ehtiyac üzündən dilənçi vəziyyətinə düşmüşdü. Əl açmadığı dost-tanış qalmamışdı. Vaxtı ilə əl tutduğu, pul xərclədiyi dostlarının hamısı ondan gen qaçırdılar. Nəhayət Qədir həyatın reallıqlarını görəcək, dərk edəcək qədər ayılmışdı. Nadirə kimi qadının qədrini bilmədiyi üçün çox peşiman idi, lakin nə faydası…

Qədir ehtiyaclarını ödəmək üçün narkotik maddələrin satışı ilə məşğul olan cinayətkar dəstəyə yaxınlaşdı. Boşandıqdan heç dörd ay keçmədən narkotik maddələrin satışında təqsirli bilinərək həbs olundu.

Boşandıqdan beş ay sonra Nadirə onunla eyni şöbədə işləyən həkim oğlanla ailə quraraq normal həyatına davam etdi.

Müdrik xalqımız gözəl deyib: “İnsanın öz-üzünə etdiyini aləm yığıla edə bilməz!”

 

Babək XALİSTÜRK

           Yazar-publisist

Dekabr, 2017-cı il,

Kazan.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam