Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Salxım söyüd

 

 

SALXIM SÖYÜD

 

(davamı)

 

Yenixeber.org: Aradan altı ay keçmişdi. Bəyim arvad bacısı qızının toyuna gələndə heç də, fürsəti əldən verməmişdi. Ürəyindəkilərini saxlayanlardan deyildi. Toydan çıxıb gəlini, oğlu ilə birlikdə onlara gəlmişdi. Səhərisi günü tezdən gedəcəkdi Niyala. Ona görə də qərara gəlmişdi. Bu günün işini sabaha qoymaq istəmirdi. Şənliyin maşını yerləşdirmək üçün çıxmasından istifadə edərək, ürəyindən keçənləri göz qırpmadan birnəfəsə gəlinin üzünə demişdi.

Nərmin bu həmləni gözləsə də, heç düşünməzdi ki, qaynanası Bakıya gəlib öz evindəcə, ona belə təhqiramiz şəkildə ürəyindən keçənləri deyəcək. Həm də, atasının onlar üçün arzu-diləklə tikib hədiyyə etdiyi evdə. “Oğlumu bədbəxt eləmə! Mən istəmirəm oğlum sənə görə evladsız qalsın” deyib onu qəlbindən yaralayacaqdı. Gəlin özünü itirmişdi. Donuq nəzərlərlə qaynanasına baxırdı.

-Nə baxırsan qızım? Mən anayam! Nə vaxta kimi mənim evim-eşiyim çağa səsinə həsrət qalacaq. Şənliyimin saçlarına dən düşüb. Onun taylarının uşaqları məktəbdə oxuyur. Oğlum boynu bükük, gözü qucaqlarda qalıb. Nə idi onun günahı, bu həyatda? Bəlkə onun da bir övlad qisməti var. Niyə puç edirsən həyatını? Niyə arzularını gözündə qoyursan balamın. Nərmin bir anlığa doğurdan da özünü

günahkar kimi hiss etdi. Qaynanın qarşısında suçlu kimi dayanıb onu dinləyirdi. Əlləri ilə başını tutub ondan aralandı. İlk işi qapıya tərəf getmək oldu. Artıq nə etdiyini özü də kəsdirmirdi. Qapını açıb çölə çıxdı. Şənlik maşını yerləşdirib evə doğru gəlirdi. Nərminlə üz-üzə gələndə dayandı, təəcüblə ona baxıb: Hara belə, xeyir ola?- deyə müracət etdi. Bir an içində Nərmin düşünüb ani cavab verdi. -Anam..., anam bir az rahatsızlaşıb. Gedim ona dəyim. Gəlməsəm, narahat olma. -Dayan Nərmin, anam yatdımı? -Hə, Şənlik səndən bir xahişim var. Tələsik çıxdım. Bəyim xalaya yer açmağa macalım olmadı. Get canım, eyib etməz. Mən həll edərəm dedi. Mən də gəlirəm indi. Səmayə xanımdan narahat oldum. - Gəlmə dedi. Tək qoyma ananı. Yaxşı çıxmaz.

Bəyim arvadın Bakıya gəlib getməsindən üç aya yaxın bir müddət keçmişdi. Gəlin qaynananın ağır töhmətindən sonra yaman alınmışdı. Həyat yoldaşının hərəkətlərindən bəlli olurdu ki, anası ilə Nərmin arasındakı söhbətdən xəbəri yoxdur. Amma bununla belə bir şey də gəlinə aydın idi ki, əri həmin adam deyil. Çox dəyişmişdi axır vaxtlar. Fikri dağınıq idi. Kefsiz, bir az da layqeyd olmuşdu elə bil. Gəlin müalicələrini dayandırmırdı. Qarşısına məqsəd qoymuşdu. Müalicəsini edəcək, qismətsə ana olacaqdı. Ərinin gözlərindəki soyuq işiltı artmışdı. Daima fikirli gəzirdi. Daha vaxtı olanda da, gəlmirdi onu işdən aparmağa. Hər gün bir bəhanə gətirirdi. Bəzən də heç izahatsız ötüşürdü. Nərmindən tez gəlirdi çox vaxt.

Müalicə həkimi ona şad xəbərlər söyləmişdi.”Hər şey yaxşılığa doğru gedir” demişdi. Sənin ana olmaq şansın artır. Sevincindən qanadlanıb uçmaq istəyirdi. Şənliyə zəng vurub, bəlkə axşam gəzməyə çıxaq demişdi. Arvadının təklifi heç onu açmamışdı. Təəccüblənmişdi elə bil. Təəcübünü də gizlətməyə lüzum görməmişdi. Bir az da kobud çıxmışdı. “Nə gəzmək”? demişdi .”O hardan çıxdı?”. Nərmin alınsa da, bir söz deməmişdi. Bir şeyi anlamışdı ki, ərinin gözlərindəki, o soyuq işartı daha da artmışdı. Hiss edirdi ki, hər an onu acılaya bilər. Deməli hər şey qaynananın düzüb qoşduğu ssenari üzrə gedirdi. Sözünün, ifadəsinin Nərminə toxunduğunu, onun alındığını anlamışdı. Sonraya qalsın, başqa vaxta demişdi. Beləcə, xəbəri də olmamışdı Şənliyin dəyişməsindən. Sevimli həyat yoldaşı onunla gəzməyə belə çıxmaq istəmirdi. Gəlinin qurduğu xəyallar suya düşmüş şəkər kimi əriməkdəydi. Axı nə üçün Şənlik onun gəzməyə çıxmaq təklifinə belə təəcüblə yanaşsın? Qanı qaraldı. İşdə oturub götür qoy edirdi. Düşünürdü. Başını işlə qatmağa çalışdı. Unutmaq istəyirdi. Bu, əri ilə olan bu son söhbəti. Axı müalicəsi müsbətə doğru gedirdi. Həkimi ona xoş xəbərlər söyləməkdəydi. Şənliyin səsi, doğmalaşdı ona. Hətta bir anlığa ona haqq qazandırmaq keçdi könlündən. Axı evləndikləri vaxtdan bu günə kimi əri ona güldən ağır söz deməmişdi. Onu da, anlamaq olardı. Bir tərəfdə anası, digər tərəfdə sevib seçib evləndiyi sevimli arvadı dayanmışdı. Anası ayağını dirəmişdi. Özü də möhkəm dirəmişdi. Artıq gecdir, deyirdi. Bu qədər olmaz özünə bir gün ağla. Nə qədər bu qısırı hərləyəcəksən. Bizim də, arzumuz, diləyimiz var. Oturub özümüzü, durub dizimizi görürük. Atana, mənə yazığın gəlmir..., barı özünü düşün, oğlum - demişdi. Kənddən sənin üçün qız yeri də etmişəm. Gəl oğlum. Qayıt evimizə. Müəllim babasan. Kənd məktəbində işləyərsən. Sənin heç iş problemin də olmayacaq. Dədə babadan belə görmüşük. Züryəti olmayan qadını boşayarlar demişdi.

-Bəsdi ana. Bəsdir allah xatirinə. Necə dilin gəlir bütün bunları söyləməyə? Heç inana bilmirəm ki, bu sözləri anamın söyləməyinə. Düşünməkdən beyni sızıldayırdı. İşdə, evdə, küçədə, bütün günü düşünürdü. Çıxış yolu axtarırdı. Nərmini düşünürdü. Xırpalanırdı. Nə sevgili qadınından, nə də, anasından keçə bilmirdi.

Nərminin müalicəsi bitmək üzrə idi. Həkim onu yaman ümidləndirmişdi. Ana olacaqsan demişdi. Müalicədən sonrakı analizlərin cavabı ümidverici idi. Həkim inanırdı ki, Nərmin artıq ana ola biləcək. Bunu ona dönə-dönə demişdi. Gəlin inanmağa başlamışdı. Sevinirdi buna. Əhvalı yaxşı idi. Daha Şənliyin soyuq, düşüncəli davranışlarına fikir vermirdi. Heç nə olmamış kimi, ədalarına əhəmiyət vermirdi. Şənliyi gülər üzlə qarşılayır, xoş sözlərlə dindirirdi. Həmişə olduğu kimi, onu nəvazişlə işə yola salır, dayanıb arxasınca baxırdı. İnanırdı ki, bir gün o xoş xəbəri ərinə deyəcək, onunla sevincini bölüşüb dünyanın xoşbəxti olacaqdılar. Arvadının belə mehribanlığı müğabilində, anasının ona münasibəti üzürdü Şənliyi. Onun üçün çox çətin idi. Bəzən kobudluq da edirdi. Amma arvadı incimirdi ondan.

Bir gün ona, gedək Niyala. Çoxdandır getmirik dedi. Anamı da başa düş. Yaşlı adamdır. Birdə axı o sənə nə deyir ki? Öz-özündən xorlama demişdi. Xəbəri yoxdu xalası qızının toyuna gələndə anasının gəlini yuyub-sərməyindən. O vaxtdan ərinə deməsə də, ürəyi sınmışdı. Əvvəlcə kənddəki həngamə, sonra da, gəlib toydan sonra acı, bir batman balla yeyilə bilməyəcək qılıncdan iti sözləri gəlini orbitindən çıxarmışdı. Söz vermişdi özünə. Daha o kəndə, o evə getməyəcəkdi bir daha. O, qəribə gecə, kəndin üstündə səpələnən o sevgi etirafları, incidilmiş, dərdli ürəyinə su çiləmişdi. Bir vaxt daddığı mələk sevgini xatırlatmışdı ona. Onda mələk sevgini ürəyinin dərinliklərində əzizləyib acı sözlərdən soyuq nəfəslərdən qorumaq çıxış yolunu getməkdə, buralardan qaçmaqda görmuşdü. Apar demişdi, məni buradan. Əri, həyatının ağ atlı şahzədəsi onu anlamışdı. Sözsüz-söhbətsiz mələk sevgilisini ürəyi daşlaşmamış çiliklənməmiş oradan çıxarıb sevgilərinin gerçək məkanına, bağlı –bağatlı həyətdə yerləşən xudmani evlərinə gətirmişdi.

İndi Niyala getmək təklifi heç açmadı gəlini. Həm də gedə bilməzdi axı. Müalicə almağını Şənlikdən gizlətmişdi. İndi deyə bilməzdi ona. Düzdür, müalicə almasaydı belə, daha ora gedəsi deyildi. Buna birdəfəlik qərar vermişdi. Təklif etsə də, dəqiq bilirdi ki, artıq getməyəcək ora. Amma atalar deyib, yeməkdən ümid yaxşıdı. Amma Şənliyin təklifini rədd etməyin də, yolunu yolağını tapmalıydı. Təbiətində yox idi kobudluq. Sadəcə getmirəm desəydi sevgili ərini incitmiş, qəlbini yaralamış olacaqdı. Sən get əzizim, mən işdən çıxa bilməyəcəm dedi. Axır vaxtlar işim çoxalıb. Yaxın bir ay, bəlkə də para ay mənim işlərim lap çox olacaq. Düşünülmədən deyilmiş və deyən də, dinləyən də bunun həqiqət olmadığını bildiyindən, hər ikisi pərt görünürdü. Fəqət, başqa yolu yox idi. Ən azı müqəddəs bir yalan, az qala tükdən asılı qalan münasibətlərin qırılmaması naminə özünə də, ərinə də yalan söyləmək məcburiyyətində idi. Ürək ağrısı ilə qoşduğu duzsuz yalan heç yapışmadı, sinmədi canına. Özün bilərsən dedi. Amma getsəydin pis olmazdı. Son qüvvəsinə qədər, ala gözlü, sevimli arvadını müdafiə etmək, anasının ağzına söz etmək istəmirdi. Bilirdi yenə də, gəlinin gəlmədiyini görəndə ağına –bozuna baxmadan onu danlayacaqdı. Nərminin qarasına o ki, var, danışacaqdı. Heç dözmürdü Nərminin qarasınca danışılanlara. Onda ki, anası ola. Çox haqsızlıq

edirdi Nərminə. Ürəyi sızıldayırdı. Nəşəli olması, ərinin ona göstərdiyi bəzən hətta kobud münasibətə, rəğmən yumşaqlığı onu daha da, əzirdi. Bilirdi ki, düz demir arvadı. Onu da bilirdi ki, elə yaxşısı budur. Gəlinin Niyaldan son qayıdışını yaxşı xatırlayırdı. Bacısı Zərif onu ayıltmışdı. Bəlkə də, bacısı ona gündüz olanları danışmasaydı, münasibətlər indi necə olardı arvadı ilə. Allah bilir. İndi hər ikisi bu ailənin dağılmaması üçün ayrılıqda çabalayırdılar. Hələ ümidini itirməmişdi gəlin. Xüsusilə bu həkimin müalicəsi onu yaman ümidləndirmişdi. Hər gün bir irəliləyiş yaxşılığa doğru bir xəbər verirdi həkim ona. Sevinirdi. Hər xırda sözün başına ip salmırdı. Deyib gülür, şənlənir, ərini də güldürməyə çalışırdı.

Narahat idi. Burulğanının içində yelkənsiz qayıq kimi idi. Dalğaların onu hansı qayalığa çırpacağını bilmirdi. Ürəyi sıxılırdı. Bundan sonrası nədir. Hara aparır hadisələr bizi-deyə düşünürdü. Bilmirdi ki, vulkan püskürüb ətrafı iflic edib. Anası gəlinə hər üzünü izah etmişdi. Dediyini demiş, ona yol da göstərmişdi. İndi sular lal axırdı.

Sabah Şənlik Niyala gedəcəkdi. Axşamdan ərinin paltarlarını səliqəylə yol çantasına yığmışdı. Səhər tezdən duracaqsan demişdi. Yat dincəl. Sonra da, qonaq otağına çəkilib əlində işlədiyi layihəni vərəqləməyə başlamışdı. Qonaq otağının qapısında dayanıb diqqətlə Nərminin hərəkətlərini izləyirdi. Elə bil heç o qız deyildi. Əvvəllər Niyala gedəndə axşamdan- sənin üçün darıxacam deyirdi. Bir yerdə gedirik də, necə yəni darıxacam deyə soruşanda - Nərmin- səni heç kimlə bölüşmək istəmirəm, anlayırsanmı? - deyə boynuna sarılıb üz-gözündən öpər nazlanardı. Başı işə qarışmışdı Nərminin. Ərinin qapı ağzında dayanıb onu seyr etdiyindən xəbər tutmadı.

Xeyli dayanıb, sevgili arvadını süzdü, dərindən köksünü ötürüb yataq otağına tərəf getdi. Adyalı yavaşca qaldırıb yatağa girdi. Nə vaxt yuxuya getdiyini heç özü də hiss etmədi.

Səhər tezdən durub Şənliyə çay-çörək verib yola salmışdı.

Üstündən on gün keçmişdi. Müalicələri bitmişdi. Həkim ona: sən ana olacaqsan demişdi. Ən azı mən belə düşünürəm ki, artıq sənin elə bir problemin qalmadı inşallah.

Evdə idi. Şənliyi düşünürdü. Niyala gedəndən sonra bircə dəfə danışa bilmişdilər. Gedib çatdığı gün zəng vurub Nərminlə danışmışdı. Xeyli söhbət etmişdi. Amma sonrakı günlər daha zəng vurmamışdı. Hər an onun zəngini gözləyirdi. Öz-özünə, bu gün də zəng vurmasa özüm onu yığacam deyə düşünürdü. Amma yenə ümidlə gözləyirdi ki, Şənlik onu özü yığacaq, onun üçün darıxdığını, tezliklə evə gələcəyini deyəcəkdi. Fəqət onun telefonu susurdu. Xəbər yox idi. Düşüncələri bir-birinə qarışmışdı.

Səhər tezdən durub işə hazırlaşırdı. Əl-üzünü yuyub əynini geyindi. Şənliyin evdə olduğu vaxtlarda olduğu kimi mətbəxə keçib çaydanı qaz peçinin üstünə qoydu. Qaz sobasının düyməsini burub qazı açdı. Qaz fışıltı ilə açılanda əlindəki elektrik soba yandıranın sıxıb qazı alışdırdı. Sonra dünən mağazadan alıb gətirdiyi təndir çörəyini doğrayıb çörək qabına düzdü. Soyuducunu açıb ağ rəngli yağ -pendir qoyduğu ikili dəsti stola qoydu. Ləmədə qoyulmuş, güllü çay dəstini, fincan-nəlbəkini götürüb çay süzmək üçün süfrəyə düzdü. Çaydan qaynamışdı. Çayı dəmlədi. Stolu diqqətlə süzüb, yenidən soyuducunu açıb süfrəyə bal-qaymaq, yağ -pendir düzdü. Çayniki götürüb stəkanlara çay süzdü. Əl dəsmallarını stola qoydu. Stulu çəkib əyləşmək istəyəndə kimisə gözləyirmiş kimi, boylandı. Elə bil indi ayıldı. Tək idi. Amma iki adamlıq süfrə açmışdı. Bir anlıqa fikrə getdi. Axı bu günə qədər nə üçün Şənliyi axtarıb aramamışdı. Deyək o gedib, başı qarışıqdı. Çoxdan görmədiyi valideynləri, bacısı, qardaşı, qonum-qonşu, gəlib gedən. Başı açılmır çox güman. Qoşa fincanın birini qarşısına çəkdi. Çayını şirin elədi. Çörəkdən bir dilim götürüb üzərinə yağ çəkdi. Ağ Gəncə pendirindən bir dilim götürüb yağ çəkilmiş çörəyin üstünə qoydu. Yeməyə başladı. Dişlədiyi tikəni bayaqdan çeynəyirdi. Çox fikirli idi.

(Ardı var)

 

Natavan Niyal


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam