Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Dağlıq Qarabağ üçün yeni şans

 

Ankara və Moskva ortaq proje içində; iki ölkə münasibətlərinin strateji xarakter almağa başlaması problemin ətrafında unikal vəziyyət yaradıb; uduşda hamı ola bilər – münaqişə tərəfləri də, Rusiya, Türkiyə, ABŞ, Avropa da... 

 

"Xeberinfo.com": Məlumata görə,Putinin Türkiyə səfəri Qərbin rəsmi Ankaranın ünvanına tənqid selinə səbəb oldu. Əslində bu qıcıq heç də qardaş ölkənin Rusiyaya “nəfəslik” açması ilə bağlı deyildi, - belə nəfəslik olsa da, olmasa da, sanksiyalar Rusiya iqtisadiyyatını ağır duruma salmaqdadır, - onunla ilgili idi ki, Türkiyə regionda Qərbdən asılı olmayan, müstəqil oyunçu kimi özünü növbəti dəfə təsdiqlədi; eyni zamanda Avropaya qarşı yeni təzyiq rıçağı qazanmış oldu.
Bu rıçağın nədən ibarət olduğunu "Qazprom"un rəhbəri Aleksey Millerin səfər çərçivəsində “Cənub axını” qaz layihəsinin istiqamətinin Türkiyəyə dəyişdirilməsinə verdiyi şərhdən görmək olar. Sitat: “Avropa Birliyi, Avrokomissiya layihəyə mane olmaqla, sadəcə olaraq, Türkiyəyə yeni qaz ventili bağışladı. Düşünürəm ki, Ankara bundan Avropa ilə dialoqda istifadə edə bilər. Biz isə yeni strateji tərəfdaş qazandıq. Türkiyə çox dinamik inkişaf edən qaz bazarıdır və iri tranzit ölkəyə çevrilir. Onun ərazisi vasitəsilə 50 milyard kubmetrdən çox Rusiya qazı nəql ediləcək. Bu, şübhəsiz ki, Türkiyənin regionda geosiyasi statusunun güclənməsi deməkdir. Türkiyə faktiki surətdə Almaniyanın Avropada oynadığı rola - paylayıcı mərkəzə çevrilir”.
Şübhə yox ki, qardaş ölkənin bölgədə geosiyasi statusunun güclənməsi, özü də Rusiyaya təsir imkanlarının artması fonunda güclənməsi bölgənin əsas problemi olan Qarabağ məsələsi ətrafında yeni, unikal və pozitiv ab-hava yaradır. İş də ondadır ki, Ankara-Moskva münasibətlərinin strateji xarakter almağa başlaması Türkiyəyə Rusiyanın düşdüyü durumdan da yararlanmaqla ciddi sülh təşəbbüsündə bulunmaq şansı verir. Durumun özəlliyi həm də ondadır ki, bu təşəbbüskarlıq münaqişə tərəflərini də, Rusiya və Qərbi də qane edə, onların optimal maraqlarına cavab verə bilər. İzah edək.
Aydındır ki, Türkiyə Ermənistanla sərhədlərin qeyd-şərtsiz açılmasına heç vaxt razı olmayacaq, ən azı o səbəbə ki, bu, indiyədək sərhədlərlə bağlı aparılmış diplomatiyanın uğursuzluğunun etirafı olar, üstəgəl, qardaş ölkəyə aşağılıq gətirər. Belə çıxar ki, Türkiyəni zəif ölkə kimi buna məcbur elədilər. Digər yandan da, təbii ki, Azərbaycanın narazılığı.
Burdaca xatırladaq ki, Ankara diplomatik və qeyri-diplomatik kanallarla indiyədək dəfələrlə İrəvana mesaj çatdırıb ki, Azərbaycan rayonlarının bir neçəsinin boşaldılması əvəzində bölgədə kommunikasiyaların açılmasına təminat verməyə hazırdır. Bu barədə Türkiyə hökumətinə yaxın media qurumları da zaman-zaman yazıb. Ancaq təkliflər havada qaldı. Lakin indi fürsət var ki, məhz Rusiyanın aktiv müdaxiləsi ilə Azərbaycanın işğal altındakı 4-5 rayonunun boşaldılması qarşılığında sərhədlərin, ardınca isə kommunikasiyaların açılması reallaşsın. 
O halda Rusiyanın özü də, sözsüz ki, uduşda olacaq. Çünki, Kreml çoxdandır ki, Avrasiya və Gömrük ittifaqlarına qoşduğu satellit Ermənistana quru yolla etibarlı əlaqə axtarır, onu iqtisadi blokadadan çıxarmağa çalışır. Buna onu Ermənistanda daxili sosial narazılığın ifrat həddə çatıb Moskva əleyhinə yönələ biləcəyindən dolayı narahatlıq da vadar edir. Kreml, sözsüz, onu da nəzərə alır ki, yeni Qarabağ savaşı başlayacağı halda ilk öncə Türkiyə ilə üz-üzə gəlməli olacaq. Qardaş ölkənin şimal qonşumuz üçün artmaqda olan strateji önəmi isə belə perspektivi mümkünsüz edir. Müharibədən qaçmağın yolu da ki, konfliktin həllində tezliklə irəliləyişə nail olmaqdan keçir.
 
Rusiya-Türkiyə tandemi buna indi asanca nail ola bilər. Ehtimalımızı güclü edən daha bir amil var. Bu da odur ki, əgər öncələr Moskva Ermənistanla sərhədin açılmasına Qərbin Türkiyənin əli ilə reallaşdırmaq istədiyi bir proje kimi baxırdısa və buna israrla mane olurdusa, artıq qeyd edildiyi kimi, situasiya dəyişib - Ankara müstəqil siyasət yürütdüyünü isbatlayıb və paralel surətdə Rusiyanın etimadını qazanıb. Demək, layihə bu dəfə Moskva-Kreml tandeminin özü tərəfindən asanca həyata vəsiqə qazana bilər.
Şübhə yox ki, ABŞ və Avropa da belə layihədən uduşda olacaq. Nədən ki, Qərb Ermənistanla sərhədlərin açılmasını çoxdan arzu edir, gözləyir, hətta Ankaraya vaxtaşırı təzyiq edir. Qarabağ münaqişəsi ətrafında pozitiv dinamikanın özünü göstərməsi isə istər-istəməz Türkiyəyə qarşı Qərbdəki qəzəbli yanaşmanı gündəmdən çıxaracaq; qardaş ölkə həmçinin, qondarma erməni soyqırımı iddialarının yaxınlaşan 100 illiyi ilə bağlı böyük pressinqdən sığortalanmış olacaq.
Beləliklə, Türkiyə bölgədə uzunmüddətli sülhə, sabitliyə və inkişafa gətirə biləcək bənzərsiz təşəbbüskarlıq imkanına sahibdir. Sıra indi onda. Onu da unutmayaq ki, Qarabağ nizamlanmasında ən uğurlu dönəm Türkiyənin vasitəçilikdə birbaşa iştirak etdiyi dövrə təsadüf edir. Proseslərin gedişi də göstərir ki, nə qədər tez uğursuz Minsk Qrupundan imtina edilib Rusiya-ABŞ-Türkiyə formatına qayıdılsa, problemin həlli də bir o qədər sürətlənər.    
   
Ən əsası odur ki, bu gün Rusiyanı Qarabağ məsələsində konstruktiv mövqeyə kökləmək üçün imkan var - bu da müstəsna olaraq Türkiyəyə bağlıdır. Rusiyaya təsir isə avtomatik surətdə Ermənistana təsir deməkdir. Və belə görünür, Kremldə də Qarabağ ətrafında yeni atmosferin yaranmasının fərqindədirlər. Buna sübut kimi, ATƏT xarici işlər nazirlərinin illik toplantısında çıxış edən Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana ünvanlı, reverans sayıla biləcək fikirlərini göstərmək olar. 
Bəllidir ki, Lavrov öz çıxışında erməni işğalçı qüvvələri tərəfindən girov götürülən kəlbəcərlilər Dilqəm Əsgərov və Şahbaz Quliyevi tezliklə azad eləməyə çağırıb. Bu da hamısı deyil. Rusiya xarici siyasət idarəsinin başçısı həm də “bu məsələyə ciddi yanaşılmalı olduğunu” vurğulayıb. Konkret olaraq Rusiya vətəndaşı Dilqəm Əsgərovla bağlı Moskvanın hansı mövqedə olması ilə bağlı suala cavabında isə o qeyd edib ki, Moskva girovların ya qaytarılması və ya da mübadiləsinin tərəfdarıdır.
Girovlarla bağlı Kremldən belə qəfil və qəti mövqe sərgilənməsi, ritorikanın dəyişməsi maralıdır deyilmi? Axı qondarma məhkəmə dünən başlamayıb, ayyarımdır gedir. İstənilən halda, bu mövqe erməni işğalçı rejiminin girovlarla bağlı aylardır apardığı təbliğatı, əlbəttə, puç edir. Düşmən ölkəni Azərbaycan qarşısında uğursuz və pis vəziyyətə qoyur. Çünki faktiki tələb xarakterli belə bir çağırış Azərbaycanın yox, əsas həmsədr ölkələrindən biri, Ermənistanın 1 nömrəli strateji müttəfiqi, onun varlığına əsas qarant ölkənin XİN rəhbərinin dilindən səslənir. 
Diqqətçəkici həm də odur ki, Rusiyanın Azərbaycana bu reveransı Ankara-Moskva münasibətlərinin inkişafda olduğu dövrə, Putinin Türkiyəyə səfərindən isə cəmi bir neçə gün sonraya təsadüf eləməsidir. Reverensların hansı formada davamının olub-olmadığını söyləmək çətindir, ancaq fakt bundan ibarətdir ki, Qarabağ məsələsində Kreml də hansısa məqbul yol axtarışındadır. Bu yol Türkiyə ilə birgə daha tez və daha asan reallaşa bilər.  
Qeyd edilənlər, əlbəttə ki, regionumuzda, münaqişə ətrafında özünü göstərən təzə gerçəkliklər üzərində qurulmuş mülahizələr, gözləntilərdir. Bu gözləntilər Moskva və Ankaranın Güney Qafqaza yönəlik yeni bir proje içində olması təəssüratını da yaradır. Bəzi analitiklər hətta bu qənaətə köklüdürlər. Ancaq dəqiqini, sözsüz ki, əlahəzrət zaman göstərəcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam