Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

2018-ci ilin sosial-iqtisadi mənzərəsi -İcmal

 

Yola salmağa hazırlaşdığımız 2018-ci il bir sıra sosial-iqtisadi yeniliklərlə zəngin oldu. Azərbaycanda demək olar ki, bütün sahələrdə vəzifə təyinatları baş verdi, mühüm qərarlar qəbul edildi, açılış mərasimləri keçirildi. Dünyada da maraqlı hadisələr az olmadı.

Yenixeber.org: Sosial-iqtisadi mənzərəsini təqdim edirik:

Energetika

 

Neft-qaz sektoru 2018-ci ildə də Azərbaycan iqtisadiyyatının hərəkətverici qüvvəsi oldu. Bu il Səngəçalda Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsinin, Türkiyənin Əskişəhər bölgəsində isə bu layihənin əsas seqmentlərindən olan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin I hissəsinin açılış mərasimi keçirildi, TANAP-la Türkiyəyə “Şahdəniz-2”dən kommersiya qazının nəqlinə başlanıldı. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində inşa etdiyi, illik gücü 10 mln. ton olan STAR Neft Emalı Zavodu da işə düşdü. Bakıda isə Heydər Əliyev adına Neft Emalı Zavodunda yeni bitum qurğusu və maye qazdoldurma məntəqəsi istismara verildi, zavodun modernizasiya layihəsinin ilkin mərhələsi tamamlandı.

 

Bundan başqa, Böyük Britaniyanın paytaxtı Londonda SOCAR-la BP arasında Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında saziş, eləcə də SOCAR-la Norveçin "Equinor" şirkəti arasında “Xəzər dənizinin Azərbaycan sektorundakı “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti” və “Əşrəfi-Dan Ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” haqqında sazişlər imzalandı.

Bu il ölkənin elektrik enerjisi istehsalçısı – “Azərenerji” ASC-nin sədri dəyişdi. 17 ildir ki, bu vəzifəni tutan Etibar Pirverdiyevi “Azərişıq” ASC-nin sədri Balababa Rzayev əvəz etdi. Kadr dəyişikliyi ölkədəki enerji qəzası fonunda baş verdi. Amma yeniliklər bununla yekunlaşmadı. 2018-ci ildə “Azərnerji”nin yenidən qurulmuş Mingəçevir Su Elektrik Stansiyası və Lerik rayonundakı elektrik stansiyası istismara verildi. “Azərişıq” isə Bakı Paylayıcı Şəbəkəsinin yeni inzibati binasını və yarımstansiyalarını, Mingəçevir və İmişlidəki Avtomatik İdarəetmə və Nəzarət Mərkəzlərini, Goranboy və İsmayıllıdakı yarımstansiyalarını istifadəyə verdi. Bundan başqa, Xızı rayonunda “Yeni Yaşma” Külək Elektrik Parkının da açılışı oldu.

Kənd Təsərrüfatı

Azərbaycan hökumətinin ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı xüsusi diqqət yetirdiyi aqrar sektorda da 2018-ci ildə maraqlı yeniliklər oldu. İndiyə qədər kənd təsərrüfatı naziri olan Heydər Əsədovu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyi üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədri İnam Kərimov əvəz etdi. Yeni nazir düzgün və səmərəli idarəçilik (şəffaflıq, səmərəlilik, hesabatlılıq), kəndli və fermerlərə yaxınlıq, innovasiyaların tətbiqi kimi prinsiplərlə işləyəcəyini bəyan etdi, bir sıra kadr dəyişiklikləri həyata keçirdi, o cümlədən zərərlə işləyən “Aqrolizinq” ASC-nin sədrini dəyişdi. 

Bundan başqa, Azərbaycanın regionlarında Dövlət Aqrar İnkişaf Mərkəzlərinin yaradılmasına başlanıldı, yerli fermerlərin istehsal etdikləri məhsulların “Kənddən Şəhərə” brendi altında satışı məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Dövlət Aqrar Ticarət Şirkəti” MMC yaradıldı. Bundan başqa, qurumun tabeliyində “Aqrar Tədarük və Təzhizat” ASC-nin yaradılmasına qərar verildi. Bunun üçün indiyə qədər müstəqil qurum olan “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC ləğv edildi. 

Aqrar sektorun bir sıra sahələrinə yeni güzəştlər tətbiq edildi, pambıqçılığın inkişafını stimullaşdırmaq üçün hazır məhsulun alış qiymətləri artırıldı, arıçılara, toxum və ting istehsalçılarına subsidiyaların verilməsinə başlanıldı. Kənd Təsərrüfarı Nazirliyinin yenidən qurulmuş Qax Damazlıq İpəkçilik Stansiyası istifadəyə verildi, eləcə də nazirliyin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyindəki “Qarabağ Atçılıq Təsərrüfatı” MMC-nin Qarabağ Atçılıq Kompleksinin açılışı oldu.

 

 

Sənaye

2018-ci ildə Azərbaycanda kənd təsərrüfatı ilə yanaşı, sənaye də diqqətdən kənarda qalmadı. Sumqayıtda “SOCAR Polymer” layihəsinin Polipropilen zavodunun açılış mərasimi keçirildi, Azərbaycan ilk dəfə polipropilen ixracına başladı. Bundan başqa, Kimya Sənaye Parkında inşaat kimyəviləri, əlvan metallar və ferroərintilər zavodları, tütün məmulatları istehsalı fabriki istifadəyə verildi.

Bundan başqa, Masallı Sənaye Məhəlləsi açıldı. Bundan əvvəl açılmış Neftçala Sənaye Məhəlləsində isə İranın iş adamları ilə əməkdaşlıq çərçivəsində “Khazar” minik avtomobillərinin yığılmasına başlanıldı. İl ərzində ağır sənaye ilə birlikdə yüngül sənaye də inkişaf etdirildi. Xalça istehsalı ilə məşğul olan “Azərxalça” ASC-nin Xaçmaz, İsmayıllı, Lənkəran və Ağdam rayonlarında filialları açıldı, Mingəçevir Sənaye Parkının ərazisində 2 növdə (“Ring” və “Open End” üsulu ilə) ipliklərin istehsalı üzrə müəssisə istifadəyə verildi.

Turizm

2018-ci ildə Azərbaycanda turizm sektorunun inkişafına cavabdeh olan ayrıca dövlət qurumu - Dövlət Turizm Agentliyi yaradıldı. Bunun üçün Mədəniyyət və Turizm Nazirliyi ləğv edildi və indiyə qədər Milli Turizm Təbliğat Bürosuna rəhbəri olan Fuad Nağıyev yeni agentliyə sədr təyin olundu. Onun rəhbərliyi ilə Agentlik 6 ölkədə nümayəndəliyini açmağa qərar verdi, Azərbaycanın “Take another look" başlıqlı yeni milli turizm brendini ictimaiyyətə təqdim etdi, zərərlə işləyən “Şahdağ Turizm Mərkəzi” QSC-nin idarəçiliyini Almaniya vətəndaşı Rodderix Mark Lefflerə həvalə etdi. Bundan başqa, qurumun tərkibində Qoruqları İdarəetmə Mərkəzi yaradıldı.

İKT

2018-ci ildə Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları (İKT) ilə bağlı ən mühüm yenilik ölkənin 2-ci süni (telekommunikasiya) peyki olan “Azerspace-2”nin orbitə buraxılması oldu. Bununla da, “Azərkosmos” ASC-nin peyklərinin sayı “Azersky”la birlikdə 3-ə çatdı. Bu il Azərbaycan həm də Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına yenidən üzv seçildi. İKT sahəsində beynəlxalq fəaliyyət bununla yekunlaşmadı. Bakıda ilk dəfə Beynəlxalq Elektron Ticarət Forumu və Xəzər İnnovasiya Konfransı keçirildi. İnnovasiya demişkən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və “Yüksək Texnologiyalar Parkı” MMC birləşdirildi və İnnovasiyalar Agentliyi yaradıldı. Bundan başqa, Azərbaycanda mobil cihazların yeni qeydiyyat rüsumu üzrə informasiya sistemi istifadəyə verildi, yeni nəsil şəxsiyyət vəsiqələrində “Elektron imza” sertifikatları yerləşdirildi, “Elektron imza”nın mobil versiyası ictimaiyyətə təqdim olundu.

Biznes

2018-ci ölkəmiz üçün biznesin inkişafı baxımından yaddaqalan oldu. Azərbaycan Dünya Bankı (DB) Qrupunun açıqladığı “Doing Business-2019” hesabatında 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşdı, ən çox islahat aparmış 10 ölkədən biri oldu. İl ərzində hökumət sahibkarlığın inkişafı istiqamətində bir sıra addımlar atdı, o cümlədən İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yaradıldı. Orxan Məmmədovun icraçı direktor təyin edildiyi Agentlik Azərbaycanda kiçik və orta biznes (KOB) evləri yaratmağa qərar verdi. Bundan başqa, Azərbaycandan qeyri-neft məhsullarının ixracının sürətləndirilməsi ilə bağlı tədbirlər davam etdirildi, müxtəlif ölkələrə ixrac missiyaları təşkil olundu, Azəbaycan Urumçi və Şanxay şəhərlərində (Çin) şərab evləri, Həştərxan (Rusiya), Kiyev (Ukrayna), Minsk (Belorus), Riqa (Latviya), Varşava (Polşa) və Lucou (Çin) şəhərlərində isə ticarət evləri açdı.

Bu il Azərbaycanın vergi sistemində ciddi dəyişikliklər oldu. Vergilər Nazirliyində struktur islahatları həyata keçirildi, yeni departamentlər, o cümlədən Dövlət Gömrük Komitəsi ilə birgə fəaliyyət göstərmək üçün İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamenti yaradıldı, elektron qaimənin tətbiqinə başlanıldı, qurum sahibkarlara müraciət edərək onları şəffaf fəaliyyət göstərməyə çağırdı, ən vacibi Vergi Məcəlləsinə 250-dən artıq dəyişiklik edildi. Bu dəyişikliklərlə Bakıda sadələşdirilmiş verginin dərəcəsi 4%-dən 2%-ə endirilərək regionlarla eyni səviyyəyə çatdırıldı, bu verginin ödəyicilərinin əhatə dairəsi məhdudlaşdırıldı, ölkəyə idxal olunan avtomobillər üçün aksiz vergisi artırıldı, neft-qaz sahəsindən kənardakı qeyri-dövlət sektorunda çalışaraq 8 min manata qədər əmək haqqı alanlar gəlir vergisindən azad edildi. Əvəzində sahibkarların və vətəndaşların sosial sığorta yükü artırıldı, bu sahədə vergilərin yığılmasına nəzarət səlahiyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən alınaraq Vergilər Nazirliyinə verildi.

2018-ci ildə gömrük sistemində də yeniliklər baş verdi. İndiyə qədər Dövlət Gömrük Komitəsinə sədrlik edən Aydın Əliyevi onun müavini Səfər Mehdiyev əvəz etdi. Onun rəhbərliyi ilə Komitədə kadr və struktur islahatları həyata keçirildi, müxtəlif rayonlardakı gömrük idarələri ləğv edilərək Qərb, Cənub və Şimal Ərazi Baş Gömrük İdarələri, yeni Baş İdarələr yaradıldı. Gömrük-sərhəd buraxılış məntəqələrinin fəaliyyəti yeni tələblərə uyğun qurularaq "bir pəncərə" prinsipi üzrə işlər bir neçə əməkdaşdan bir əməkdaşa həvalə edildi, “Yaşıl Dəhliz” buraxılış sistemindən istifadə genişləndirildi.

Maliyyə

 

2018-ci il Azərbaycanın maliyyə sektorunda sabitliyin yaranması baxımından düşərli oldu. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurası ləğv edildi və 2 ildən çoxdur ki, Şuraya sədrlik edən Rüfət Aslanlı vəzifəsini itirdi. Quruma rəhbərlik isə İdarə Heyətinin sədr əvəzi qismində İbrahim Alışova həvalə olundu.

Palata bu il heç bir bankın və bank olmayan kredit təşkilatının lisensiyasını ləğv etməsə də, 15 kredit ittifaqını mikromaliyə bazarından kənarlaşdırdı, 3 sığorta şirkətinin təkrarsığorta lisenziyasını, 34 fiziki şəxsin sığorta agenti lisenziyasını geri aldı, 76 fiziki və 1 hüquqi şəxsə sığorta agenti lisenziyası verdi, 1 investisiya şirkətinin qiymətli kağızlar bazarına daxil olmasını rəsmiləşdirdi. 

Bu il Azərbaycanda həm də Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri istifadəyə verildi, eləcə də 8 bankın iştirakı ilə ölkənin ilk özəl kredit bürosu – “Azərbaycan Kredit Bürosu” MMC yaradılaraq fəaliyyətə başladı. Büroya rəhbərlik MBNP yanında Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin rəisi Elçin Həbibova həvalə olundu.

Bu il Maliyyə Sabitliyi Şurasının sədri də dəyişdi. Şuraya sədrlik edən baş nazir Novruz Məmmədovu Prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov əvəz etdi.

2018-ci ildə Azərbaycan Mərkəzi Bankı manatın məzənnəsini sabitləşdirə bildi və 1 dollar 1,7 manatdan baha olmadı. Qurum il ərzində uçot dərəcəsini 4 mərhələdə azaldaraq 15%-dən 9,75%-ə, faiz dəhlizinin aşağı və yuxarı hədlərini isə 10-18%-dən 7,75-11,75%-ə endirdi. Bundan başqa, Azərbaycanda dövriyyəyə 200 manatlıq əskinas buraxıldı.

İnfrastruktur

 

2018-ci ildə də Azərbaycanda bir sıra infrastuktur layihələri həyata keçirildi. Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk “Sosial ev” layihəsi olan Yasamal Yaşayış Kompleksi istifadəyə verildi, buradakı mənzillərin əksəriyyəti satıldı, yeni kompeksin təməli qoyuldu. MİDA-nın rəhbəri isə dəyişdi. İndiyə qədər bu vəzifəni turan Samir Nuriyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sədr təyin edildi, onu isə müavini Sadiq Sadıqov əvəz etdi. Bu dəyişikliklə Komitənin də fəaliyyətində canlanma yarandı, qurum Bakının Baş Planını yenidən hazırlamağa başladı.

Bu il paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin və bu komplek daxilindəki Ro-Ro terminalının açılış oldu, köhnə Bakı Limanının isə köçürülməsinə başlanıldı. Bu arada, Xəzər dənizində yeganə bərə operatoru olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC rebrendinq edərək adını ASCO-ya (“Azerbaijan Shipping Company”) dəyişdi, Xəzər Dəniz Neft Donanmasının balansına “Mərdəkan”, “Şüvəlan” “Zirə” və s təchizat-yedək gəmiləri əlavə olundu, Azov, Qara və Aralıq dənizlərində üzən Azərbaycan gəmilərinin sayı 14-ə çatdırıldı.

Ölkənin su və kanalizasiya xidməti ilə təchizatı sahəsində də yeniliklər oldu. Xaçmaz və Xızı şəhərlərinə, Altıağac qəsəbəsində içməli su verildi, Mingəçevir şəhərinin su təchizatı sistemi yenidən quruldu, “Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin I mərhələsinin, “Astara şəhərinin içməli su təchizatı sistemləri” və “Lerik şəhərinin içməli su təchizatı sisteminin yenidən qurulması və ilk dəfə olaraq kanalizasiya şəbəkəsinin yaradılması” layihələrinin icrası başa çatdırıldı, Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksi istifədəyə verildi.

Bundan başqa, İmişlidə Araz çayının yeni qol-kanalının, Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının İpək yolu ilə kəsişmə qurğusunun və 5 km-lik hissəsinin açılışı oldu.

Bu il Bakı Nəqliyyat Agentliyinin səlahiyyətləri artırıldı. Paytaxtda sərnişindaşıma ilə məşğul olan “BakuBus” MMC Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindən çıxarılaraq Agentliyin balansına verildi. Qurum paytaxtda ilk dəfə olaraq sarı kəsişmə toru nişanlanması tətbiq etdi, panduslar, qoruyucu tumbalar quraşdırdı, avtobus parkını yenilədi, bir sıra marşrut xətləri üzrə daşıyıcıları dəyişdi, Nəqliyyat Mübadilə Mərkəzləri konsepsiyasının növbəti mərhələsinə start verdi. 

"Azərbaycan Dəmir Yolları" QSC Bakı-Gəncə marşrutu üzrə sürət qatarını işə saldı. 

Yol tikintisində də yeniliklər oldu. Paytaxtdakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçidlərin və müxtəlif səviyyəli yol qovşağının, Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən yeni yolun, Qaradağ rayonunda yenidən qurulan Lökbatan-Qobu avtomobil yolunun, Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun, Mingəçevir-Bəhramtəpə yolunun 26 kilometrlik hissəsinin, Xaçmaz-Xudat və Şəki-Kiş avtomobil yollarını açılışı oldu.

Dünya

 

2018-ci ildə dünyanın da iqtisadi mənzərəsi sabit olmadı, əmtəə, fond və valyuta birjalarında gərginlik yaşandı. Qeyri-sabitliyin yaranmasında əsas rolu ABŞ-ın atdığı addımlar oynadı. Bu ölkənin Çin və Avropa İttifaqı ölkələri ilə apardığı ticarət müharibələri, həmin ölkələrdən idxal olunan mallara qarşı tətbiq etdiyi gömrük rüsumları cavabsız qalmadı. ABŞ Rusiya və İrana qarşı da siyasətini sərtləşdirdi, Ukraynanın işğal edilmiş Krım bölgəsində fəaliyyət göstərən Rusiya şirkətlərinə və sahibkarlarına qarşı sanksiyalar tətbiq etdi, İranı isə nüvə proqramı ilə bağlı fəaliyyətinə görə iki mərhələdə sanksiyalarla “cəzalandırdı”. Bütün bunlar hər iki ölkənin milli valyutasının ABŞ dolları qarşısında kəskin dəyərdən düşməsi ilə nəticələndi. Rusiya və İranla yanaşı Türkiyədə də “dollar böhranı” yaşandı. Buna səbəb ABŞ-dan olan keşiş Endryu Bransonun qonşu ölkədə bir müddət həbsdə saxlanılması oldu. Bu, rəsmi Ankara ilə Vaşinqton arasında bir neçə ay davam edən siyasi gərginlik yaratdı və Türkiyənin milli valyutası – lirənin təxminən 2 dəfə ucuzlaşması ilə nəticələndi. Amerika valyutası bütün dünyada həm də Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini 4 mərhələdə artıraraq 1,25-1,5%-dən 2,25-2,5%-ə çatdırması hesabına bahalaşdı.

2018-ci ildə Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) üzvü və üzvü olmayan neft istehsalçıları dünya bazarında neftin qiymətinin aşağı düşməməsinə, ucuzlaşmanın qarşısını hasilatın həcminin azaldılması yolu ilə almağa çalışdılar. Bu prosesdən Azərbaycan da kənarda qalmadı və OPEC+ çərçivəsində qəbul edilmiş bütün qərarları dəstəklədi. İl ərzində əmtəə birjalasında “Brent” markalı neftin qiyməti 50-87 dollar/barel arasında, WTI markalı neftin qiyməti isə 42-77 dollar/barel arasında dəyişdi.(report) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam