Redaktor seçimi
Vəzifə piramıdasında Əhmədzadələr şəbəkəsi-
Sumqayıt Bələdiyyəsindən əcaib addım-
 “Föqəlnazir”in sonuncu kadrları da “çamadanını hazırlayıb”?-
Əhməd Əhmədzadə vəzifəsindən alınır(?)
Kəbirə Məmmədovaya 32 000 manatlıq iddia-
Kolxozdan gələn gömrük generalının müəmmalı keçmişi:
ELMİN AZƏRBAYCAN “BAZARI”… –
43 saylı Notariat Kontorundan şikayət:
Günün xəbəri

Topçubaşovla Ziya Gökalp nəyi müzakirə ediblər? -Paris, 1924

 

Topçubaşovla Ziya Gökalp nəyi müzakirə ediblər? - Paris, 1924

Türk dünyasının tanınmış fikir adamı Ziya Gökalpla Azərbaycanın ictimai-siyasi xadimlərinin yaxın münasibəti olub. Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Məhəmmədəmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşı kimi şəxsiyyətlər onunla həm yaxın əlaqədə olublar, bəzən də eyni taleni yaşayıblar. Məsələn, Əhməd bəylə Ziya bəy Malta adasında sürgündə olublar.

Yenixeber.org: Ziya Gökalp 1924-cü ildə vəfat etdiyi zaman dəfnində nitq söyləyənlər arasında Rəsulzadə də var idi. Məhəmmədəmin bəy “Yeni Kafkasya” jurnalında onun haqqında məqalə də yazıb. Rəsulzadə qeyd edib ki, Ziya bəyi ilk dəfə Nurosmaniyədəki “Türk yurdu” jurnalının redaksiyasında görüb: “Mərhumun “Türk yurdu”nda nəşr olunan “türkləşmək, islamlaşmaq, müasirləşmək” məqalələri məni vəcdə gətirmişdi. Bakıya qayıtdım. Mətbuat, dil məsələləri ilə məşğul idim. Bu məsələdə Ziyanın nəzəriyyəsinin müdafiəçisi oldum”.

Rəsulzadə Müsavat Partiyasının proqramında Gökalpın fikirlərindən də istifadə etdiyini yazıb.

“Yeni Kafkasya” jurnalında Rəsulzadənin Ziya bəyin dəfnində söylədiyi nitqin mətni təqdim edilib.

Bu jurnalın 30-cu sayında isə Parisdə yaşayan Azərbaycan nümayəndə heyətinin sədri Əlimərdan bəy Topçubaşının Ziya Gökalp haqqında bir məqaləsi var. Rəsulzadənin məqaləsindən və çıxışından fərqli olaraq Əlimərdan bəyin yazısı geniş oxucu kütləsinə bəlli olmadığına görə onu tam şəkildə təqdim edirik:


                                            Ziya Gökalpa aid bir xatirə

Amansız qədərin insafsız bir əsiri olan üzücü hadisəni, Ziyanın canımızı sıxan ölüm xəbərini eşidərkən duyduğum acılar içində İstanbulun Türk tarixində keçirdiyi o ən məşum günləri xatırladım.

Mərhumla o günlərdə, o qaranlıq və qorxunc mütarəkə (Türkiyə tarixindəki Mudros müqaviləsindən Mudanya müqaviləsinədək olan dönəm. Yəni İstanbulun işğal altındakı zamanı – D.Ə.) zamanlarında görüşmüşdüm.

Bu, çox acınacaqlı bir dövr idi. Bu dövr bütün vəhşəti və dəhşəti ilə mütləq türklərin xatirəsində üzüntülü bir iz buraxacaq, hafizələrdən silinməyəcəkdir. Min illərə malik Türk tarixində bundan daha acınacaqlı bir səhifə bəlkə də yoxdur. Bu üzüntü Türkiyənin məğlubiyyətindən daha çox ona qarşı tətbiq olunan təhqir və aşağılama sistemindən gəlirdi. Xüsusilə, işğalın ilk günlərində İstanbulda türkün məruz qaldığı təcavüz və şəxsiyyətin təhqiri milləti çox mənfur bir surətdə yaralayırdı. Zənn edirəm ki, bu mövzuda misallara və hadisənin izahına indi ehtiyac yoxdur. Türkiyə qara günlər yaşayırdı. O, bir qocaman dövlətin hər gün bir az daha çökən xarabalığını, dərin bir uçuruma yuvarlandığını görürdü.

Türkiyə həyatının bir mərhələsi qaranlığa bürünür, məmləkət ixtilal və çöküşə doğru gedirdi... Zahiri görünüş belə idi. Fəqət dəqiq bir nəzər üçün keçmiş Türkiyənin bu çöküşü ilə bərabər yeni bir Türkiyənin də doğulmaq üzrə olduğu aşkar idi...

Bu gələcəyin nə olacağını anlamaq, baş verməsinə mümkün olduğu qədər fayda vermək bir əməl idi. O vaxtlar İstanbulun elm və irfan sahiblərindən məhdud bir kəsimlə görüşür, hadisələr və baş verənlər ətrafında söhbət edərdik. Bu söhbətlər əksərən bu gözlənilən bir neçə məsələlər ətrafında olurdu. Söhbətlərdə mərhum Ziya bəy də vardı. Bu söhbətlərdən biri hətta onun mənzilində baş tutmuşdu.

Söhbətlərimizdə görüşülən məsələləri gərək Türkiyə, gərək sair Türk millətlərinin gələcək həyatlarına dair əsaslı mövzular təşkil edirdi. İslamiyyət və xilafət kimi mübahisədən başlayaraq İstanbulun düşünülmüş gələcək idarəçiliyinə qədər uzanırdı. Bu söhbətlərdən bir qismi: 1. İslamiyyət həqiqətənmi tərəqqiyə manedir? 2. Deyilsə, müsəlmanların bugünkü geriliyinin əsl səbəbi nədir? 3. Müsəlman millətlərin ictimai, iqtisadi maraqlar ətrafında birləşməsi mümkündürmü? 4. İslamiyyət əsası ilə cümhuriyyət idarəsi mümkündürmü? Və s.

Mərhum Ziya bəy bu söhbətlərdə ən fəal şəkildə iştirak edərdi. Mərhumun açıq çöhrəsi hələ gözümüzün önündədir. O, böyük bir məharət və imanla Türk milli məfkurəsi ilə İslamiyyət məfkurəsini uzlaşdırır və bu iki məfkurənin Cümhuriyyət idarəçiliyi ilə uzlaşdığını böyük bir həyəcanla isbat edirdi. Mərhumun iddiasını isbat üçün ortaya qoyduğu dəlillər müsahiblərin zehnində necə dərin təsir oyadır, necə sabit izlər buraxırdı!...

Ziya bəy Türkiyənin düşdüyü dərin fəlakətdən bir an əvvəl qurtulacağına əmin idi. İndi, heyhat, əbədiyyən susmuş nitqindən qeyrətli Anadolu əhalisində var olan həyat və istiqlal qüvvətinin əzəmət və ülviyyəti haqqında eşidilən bəyanat o qədər səmimi və o qədər həyəcanlı idi ki, onu dinləyərkən bütün ümidsizliklər yox olurdu...

İstanbulda Vilsonun adına açıq məktub şəklində verilən protestonaməni imzalayacaq yetəri qədər şəxs tapılmadığını xəbər aldığı zaman mərhum “onları indi burada tapa bilməzsiniz, fəqət orada (Anadoluda) onlar çoxdur!” dedi.

Bu sözü o, 1919-cu ilin martında Maltaya sürgün edildiyi ərəfələrdə söyləmişdi. Ziya bəyin Anadolunun qəhrəmanlığı haqqında söylədiyi müjdəli sözlər tamamilə həyata keçdi.

Şübhsizdir ki, böyük Ziyanın bu qədər ülvi bir diqqət və həyəcanla sevdiyi Anadolunun bugünkü rəhbərləri ilə bütün yeni Türkiyə vətəndaşları ona qarşı vəzifələrini yerinə yetirməli, vətənin ən fədakar xadimlərindən olan mərhumun adının ucaldılması üçün lazım gələn təşəbbüsləri həyata keçirməli və təkcə ailəsinin həyatının təmini deyil, onun məşğul olduğu elm sahəsini genişlətmək üçün də Ziya Gökalpın adına ictimaiyyət cəmiyyəti təşkil etməlidirlər.

Bu cəmiyyət mərhumun əsərlərini toplayıb, seçib və nəşr eləyəcəyi kimi Türkiyyat və ictimaiyyət vadisində mərhumun tutduğu yolu təqib edərək Türk millətinin əhvali-ictimaiyyəsini tədqiq edər. Bu mərhum Ziya Gökalpın maddi və mənəvi qüvvətlərinə güvənərək parlaq istiqballarına iman gətirdiyi Türk millətlərinin müstəqbəl vəzifələrini icra etmələrinə kömək üçün ən böyük vəsilələrdən biri, həm də duyduğumuz acı təsirlərin yeganə təsəllisi olur və mərhumun böyük ruhuna xitabla deyə bilərik ki: “Ey millətinin yılmaz və namuskar xadimi, sən indi əbədi yerində rahat yata bilərsən, saçdığın fikir toxumları cücərdi, özlədiyin əziz Türk torpaqlarında çiçəklər açmaq ümidini verir!(publika)

Əlimərdan

Paris, 20 noyabr, 1924

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?